Nida.az
Leyla Əliyeva Britaniyanın Lordlar Palatasında çıxış edib
Britaniya parlamentinin Lordlar Palatasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın İDEA beynəlxalq ətraf mühit kampaniyasını təqdim etməsinin şərəfinə Lordlar Palatasının üzvü Məhəmməd Şeyx tərəfindən rəsmi ziyafət təşkil olunub. APA-nın məlumatına görə, İDEA kampaniyasının təqdimatının keçirildiyi tədbiri Britaniyanın EcoMuslim ekoloji təşkilatının icraçı direktoru Ömər Faruk giriş sözü ilə açıb. Müasir Azərbaycanın inkişafının mühüm istiqamətlərini və son illərdə ölkədə həyata keçirilən ətraf mühit təşəbbüslərini diqqətə çatdıran Ömər Faruk, İDEA kampaniyasının əsas fəaliyyət istiqamətləri və bu təşəbbüsün Cənubi Qafqaz ölkələri üçün aktuallığını vurğulayıb. Sonra lord Məhəmməd Şeyx çıxış edib, təqdimatın əhəmiyyətini vurğulayıb, son illərdə Azərbaycanın regional və qlobal siyasətdə rolunun artdığını və yerinin möhkəmləndiyini bildirib. Ölkənin ən yeni tarixinə toxunan lord Məhəmməd Şeyx, Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən geoiqtisadi, nəqliyyat və enerji layihələri haqqında geniş məlumat verib. Sonra lord Azərbaycanın müasir inkişafı, ölkədə son illərdə reallaşdırılan iqtisadi və siyasi təşəbbüslər barədə danışıb. Ətraf mühitin qorunması ilə bağlı problemlərdən və Lordlar Palatasında dəstəklənən təşəbbüslərdən danışan Məhəmməd Şeyx İDEA kampaniyası çərçivəsində həyata keçirilən tədbirləri də qeyd edib.
Daha sonra İDEA kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyeva
çıxış edib. Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən ətraf mühit layihələri haqqında ətraflı məlumat verib. O,
həmçinin kampaniya çərçivəsində planlaşdırılan yeni layihələr və
Azərbaycan gənclərini "Rio+20" konfransına səfərbər etmək üçün
BMT-nin İnkişaf Proqramı ilə birgə aparılan əməkdaşlıq barədə
danışıb. Heydər Əliyev Fondunun vitse-prezidenti İDEA-nın orta
məktəblərdəki könüllülərinin fəaliyyətinə də toxunaraq deyib: "Biz
inanırıq ki, ekoloji maarifləndirmə uşaqlıq illərindən izah və
tədris edilməlidir. Təbiətə sevgi və onun mühafizəsinin əhəmiyyəti
ibtidai və orta məktəblərin siniflərində mənimsənilməlidir. Gənclər
ekoloji harmoniyanın önəmini anlamalı, təbiətin həyatı necə
mühafizə etdiyini öyrənməli və öz gündəlik fəaliyyətlərinin ətraf
mühit üzərindəki təsirini uşaq yaşlarından dərk etməlidirlər.
Müəllimlər uşaqlara davamlı yaşam üçün önəmli olan bilik, bacarıq
və dəyərləri bütün yaş çağlarında aşılaya bilmək imkanına
malikdirlər. Mənim kampaniyamın da əsas fəaliyyət istiqaməti
insanların ətraf mühitlə iç-içə yaşam üçün düzgün davranış və
hərəkətlərini təmin etməkdə erkən təhsilin rolunu önə
çəkməkdir".
Leyla Əliyeva deyib ki, Cənubi Qafqaz dünyanın bioloji və aqro
müxtəlifliklərlə zəngin regionlarından biridir: "Bu regionda
subtropik meşələrə, Böyük Qafqazın buzlaq və qarla örtülmüş
zirvələrinə, aran zonasında çöl və yarımsəhralara rast gəlmək
mümkündür. Cənubi Qafqazda demək olar ki, hər növ iqlim qurşağı
mövcuddur. Məsələn, 11 iqlim qurşağından Azərbaycanda 9-na rast
gəlmək mümkündür. Qafqaz regionu iqlim dəyişikliyinin təsirlərinə
çox həssasdır və bu da istənilən iqtisadi fəaliyyətin
planlaşdırılması zamanı nəzərə alınmalıdır. İqlim dəyişikliyinin
mənfi nəticələri kənd təsərrüfatından tutmuş turizmə qədər bütün
sahələrə, xüsusilə də su sektoruna öz təsirini göstərə bilər. Sovet
İttifaqının süqutundan sonra Cənubi Qafqazda kəskin ekoloji,
səhiyyə və iqtisadi təhlükələr yarada biləcək bir sıra ətraf mühit
problemləri üzə çıxıb. Qeyri-qanuni ovçuluq, otlaq sahələrinin və
meşələrin məhvi və nəzarətsiz urbanizasiya nəticəsində regionun
bioloji müxtəlifliyi təhlükə altında qalıb. Regionun bütün
dövlətləri Bioloji Müxtəliflik haqda Konvensiyanı və digər müvafiq
beynəlxalq müqavilələri ratifikasiya edib, bununla da, təbiətin
qorunması üçün müəyyən öhdəliklər götürüblər. Lakin regiondakı
mövcud dondurulmuş və fəal münaqişələr ekosistemə çox mənfi təsir
etmişdir. Azərbaycanın işğal olunmuş rayonlarında meşələrin qəsdən
yandırılması vəhşi flora və faunanı təhlükə altında qoyub. Qafqaz
bəbiri kimi nadir heyvanlar tükənmə riski ilə üzləşib. Cənubi
Qafqazın hər üç ölkəsində bir sıra ekoloji təhlükələr ciddi ekoloji
tənəzzülün müşahidə olunduğu ərazilərdə öz əksini tapır. İnsanlara
qarşı ekoloji təhlükələrin mənbələri təkcə meşə qırılmaları, təbii
sərvətlərin düzgün istifadə edilməməsi, su çirklənməsi və təbii
fəlakətlərdə deyil, həmçinin sənaye istehsalı, nüvə və radioaktiv
tullantılarda da özünü büruzə verir. Ermənistanın Metsamor şəhəri
yaxınlığında Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə
blokunun tikilməsi regionun ətraf mühit təhlükəsizliyinə zərbədir.
Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında UNECE-nin
(BMT-nin Avropa üzrə İqtisadi Komissiyası) Su Konvensiyasını
ratifikasiya etmiş yeganə dövlətdir. Transsərhəd su ehtiyatları ilə
bağlı problemlərin həllində əməkdaşlıq istəyinin olmaması yeraltı
və yerüstü sərvətlərin çirklənməsinə, çay sularının azalmasına və
su çatışmazlığına səbəb olub. Regionun üzləşdiyi bütün bu ekoloji
təhlükələrin fonunda, cəmiyyətin gənc üzvləri arasında əməkdaşlıq
ətraf mühitin qorunmasının mühüm elementinə çevrilir. Bu təhlükələr
bir daha sübut edir ki, ətraf mühit çağırışları beynəlxalq ekoloji
idarəetmənin daha da möhkəmləndirilməsi yolu ilə həll
edilməlidir".
Ölkəmiz barədə geniş məlumat verən Leyla Əliyeva Azərbaycanın
tarixinə də nəzər salaraq deyib: "Mən Şərqdə ilk parlamentli
demokratiya qurmuş, 1918-ci ildə qadınlara kişilərlə bərabər siyasi
hüquqlar verən və qabaqcıl Qərb dəyərlərini mənimsəmiş ilk müsəlman
ölkəsində doğulmaqdan çox qürur duyuram. Azərbaycan Şərq dünyasında
ilk operanın, ilk musiqili komediyanın, ilk Qərb üslublu teatrın və
ilk baletin vətənidir. Burada həm də müsəlman dünyasında ilk dəfə
olaraq qadınlar üçün orta məktəb tikilib. Mənim vətənim "ilklər"
diyarıdır və hər zaman dözümlülüyü, dini və mədəni müxtəlifliyi,
adət ənənələri ilə tanınmışdır. Azərbaycan kəsişmələr məkanıdır:
Avropa və Asiya, Şərq və Qərb".
Rəsmi ziyafətin sonunda Leyla Əliyeva Azərbaycan nümayəndə heyəti
adından lord Məhəmməd Şeyxə ölkəmizi təcəssüm etdirən xatirə
hədiyyələri təqdim edib.
Tədbirdə Britaniya parlamentinin üzvləri, bu ölkədə akkreditə
olunmuş diplomatik korpusların nümayəndələri, müxtəlif ekoloji
təşkilatların təmsilçiləri, eləcə də Azərbaycan Respublikası
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident
Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanov, Dövlət Neft Şirkətinin ekoloji məsələlər üzrə
vitse-prezidenti Rəfiqə Hüseynzadə də iştirak edib.
Publika.Az
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?