Müsavatda Məclis sədri İsa Qəmbər olacaq?
Bizi izləyin

Nida.az

Müsavatda Məclis sədri İsa Qəmbər olacaq?

“Müsavat Məclisinin sədri İsa Qəmbər olmalıdır”.


Bunu Publika.az-a açıqlamasında Müsavat üzvü, keçmiş başqan müşaviri Hüseyn Məlik deyib.


Onun sözlərinə görə, İsa Qəmbər özü istəsə, Məclis sədri ola bilər: “Fikrimcə, onun Məclis sədri olması partiyada baş verən problemlərin həllində müsbət rol oynaya bilər. Bu post partiya rəhbərliyində ikinci şəxs deməkdir. İsa Qəmbər hazırda kənarda qalıb, lakin müəyyən mənada baş verənlərlə əlaqəsi var. Onun konkret olaraq rəhbərlikdə təmsil olunması yeni rəhbərliyin əl-qolunu bir qədər kəsəcək”.


Keçmiş başqan müşaviri hesab edir ki, Arif Hacılı İsa Qəmbərin rəhbərlikdə təmsil olunmasının qarşısını ala bilməz: “Çünki İsa bəy əsas söz sahibidir. İstədiyini edə bilər. Sadəcə olaraq, bunu istəməlidir. Onun Məclis sədri olması indiki situasiyada hamımızın xeyrinə olar”.


Müsavatdan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy isə Publika.az-a açıqlamasında Məclis sədrinin Arif Hacılıya yaxın şəxs olacağını bildirib: “Arif Hacılı öz adamını Məclis sədri edəcək. Çünki bu çox mühüm postdur. Belə bir posta başqasının gətirməyin onun ziyanına olacağını düşünür. Ona görə də hər vəchlə bu postu öz təsiri altına alacaq”.


S. Əlisoy Arif Hacılıya təklif edib ki, Məclis sədrliyinə qardaşı Mustafa Hacıbəylini gətirsin: “Bununla da hər şey tamamlansın. Əgər o, belə cəsarətli addım atsa və qardaşı Mustafanı Məclis sədrliyinə gətirsə, ona hər şeyi etiraf etdiyi üçün təşəkkür edərəm”.


Qeyd edək ki, Müsavatda Məclis sədrliyinə seçkilər dekabrın 27-də baş tutacaq. Hazırkı sədr Arzu Səmədbəyli namizədliyini vermək niyyətində olmadığını açıqlayıb. Bu posta iddialılar arasında Gülağa Aslanlı, Osman Kazımov, Tural Abbaslı, Mustafa Hacıbəyli və bir neçə şəxsin adı çəkilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm