Rövşən Qəmbər: “O torpaqlar Heydər Əliyevin doğum günündə azad edilməlidir” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Rövşən Qəmbər: “O torpaqlar Heydər Əliyevin doğum günündə azad edilməlidir” – MÜSAHİBƏ

Dünya Azərbaycanlıları Məclisinin sədri, hazırda Almaniyada yaşayan Rövşən Qəmbərin Publika.az-a müsahibəsi


- Müsavatın hazırkı rəhbərliyindən nə üçün narazısınız?

- Mən qurultayda 10 dəqiqəlik çıxış istədim. Lakin vaxt ayırmadılar. Halbuki demokratik sistemdə qurultayda hər bir insana heç olmasa bir dəqiqə söz verilməlidir. Mən çıxışımı maksimal sürətdə lentə alıb göndərə bilərdim. Razı olmadılar. Mənim Müsavat üzvü olmadığımı əsas gətirdilər. Lakin Müsavatın 100 illiyində fəaliyyətimə görə mənə fəxri fərman verənlər də özləri idilər. Sadəcə olaraq, Qubad bəyi müdafiə etdiyim üçün mənə qarşı bu addımı atdılar.


- Sizi Siyavuş Novruzovun sözünü deməkdə də ittiham edirlər?


- Mənə qarşı həddən artıq təhqiramiz ifadə işlədiblər. Bu ifadələr insanı infarkt vəziyyətinə salır. Bu sözü Eldəniz Yusupov mənə qarşı işlədib. Bu adam Dünya Azərbaycanlıları Məclisinin təsisçilərindəndir. Vaxtilə məclisin qurulmasında iştirak edib. O zaman təşəbbüs mənim idi, onlar da buna qoşuldu. Bəlkə də, Azərbaycanı düşünərək bu addımı atmışdılar. Lakin mənim İsa Qəmbərin qardaşı olmağım və 70-ci illərdən Almaniyada yaşamağım əsas rol oynadı. Çünki İsa bəylə dostluqlarını saxlamaq üçün mənə yaxınlaşan insanlar da var. Onlar İsa bəyi tənqid etdiyimi gördülər. Ondan sonra məni düşmən elan etdilər. Mənə təhqiramiz sözlər deyirlər. Buna görə də Eldəniz Yusupovu məhkəməyə verirəm və 10 min avro təzminat tələb edirəm. Bu pullar da məclisin Qarabağla bağlı keçiriləcək böyük konfransına sərf olunacaq. Xocalı soyqırımı ərəfəsində Qarabağla bağlı geniş konfrans keçirmək niyyətindəyik.


- Qarşıdan erməni “soyqırımı” gəlir. Sizcə, Avropada yaşayan azərbaycanlılar nə etməlidir?


- Ötən həftə Dotmund şəhərində uydurma “erməni soyqırımı” iddiaları və Xocalı soyqırımı həqiqəti haqqında konfrans keçirildi. Azərbaycanda Mili Məclisin deputatı Musa Qasımlı, eləcə də türklərin Almaniyanın Duisburq şəhərində qurduqları dialoq cəmiyyətinin sədri çıxış etdi. Tədbir yüksək səviyyədə keçdi. Mən də “erməni soyqırımı” qarşısında biz azərbaycanlıların atacağı addımlarla bağlı danışdım. Almaniyada yaşayanlar bu həqiqətlərin gənclərə çatdırılmasını təklif etdilər. Mənim fikrimcə, biz bundan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün istifadə edə bilərik. Ermənilərə başa salmalıyıq ki, “soyqırımı” iddiaları Türkiyə və Azərbaycanla münasibətləri pozur. Bu iddialar sübut olunmayıb, lakin Xocalı soyqırımı yaxın tarixin həqiqətidir. Ermənistan inkişaf etmək istəyirsə, qonşuları ilə normal münasibət saxlamalı, ərazi iddialarından əl çəkməlidir.

Hesab edirəm ki, Prezident İlham Əliyev Rusiyanı bu məsələdə neytrallaşdıra bilər. Məncə, o, bunu bacaracaq. Bizim də vəzifəmiz xalqı, milləti bu amal ətrafında birləşdirməkdir. Bu məsələni birgə müzakirə etməyə ehtiyac var. Hakim partiya da daxil olmaqla bütün partiyaların 5 təmsilçisini Almaniyaya dəvət edirəm. Yaxud virtual olaraq konfrans keçirmək mümkündür. Mən 5 milyard hərbi büdcəmizin hamısının orduya xərclənməsi ilə razı deyiləm. Bu, mədəniyyətə, təhsilə, sosial sahəyə xərclənməlidir.


- Sizin fikrinizcə, gələn il Qarabağı azad edə bilərik?


- 2015-ci il Azərbaycana böyük uğur gətirə bilər. Hamımız bunun üçün işləməliyik. Prezident İlham Əliyevin ən böyük vəzifəsi bu münaqişədə Rusiyanı neytrallaşdırmaqdır. Əslində biz Ukrayna kimi separatçıları bombalaya da bilərdik. Lakin bunu etmədik, çünki sülh istəyirik. Böyük sülh yaratmalıyıq ki, bu Rəsulzadənin, Heydər Əliyevin adına layiq olsun. İlham Əliyevin, Mehriban xanım Əliyeva və bütün qarabağlılar, bütün Azərbaycan sevinsin.

Dostlardan təkliflər gəlir ki, biz də Kiyev hökuməti kimi separatçıları vurmalıyıq. Digər variantlardan biri bu da ola bilər. Hesab edirəm ki, hörmətli İlham Əliyev gələn ilin may ayının 10-da Ağdamı, Füzulini, Cəbrayılı azad etməlidir. Həmin gün Heydər Əliyevin doğum günüdür. Onsuz da bu ərazilərdə bir dənə də olsun adam yaşamır, əsgər yoxdur. Bir növ öz ərazilərimizdə minalardan təmizləmə əməliyyatı həyata keçirməliyik. Dünya da bunu görməlidir. Sonra Azərbaycan vətəndaşı olmaq istəyən hər bir erməniyə 20 illik müddətə 20 min manat faizsiz kredit verməliyik. Qarabağ ermənilərindən sülhpərvər olanlardan bir neçəsinə parlamentdə yer ayırmalıyıq.

İlham Əliyev bunu etsə bütün xalq sevinər. Lakin mən qardaşım İsa bəyə, dostum Qubad bəyə və hazırki başqan Arif Hacılıya demək istəyirəm ki, məni bağışlayın. İqtidar Qarabağ problemini uğurla həll etsə, 2015-ci ildə parlamentə ümid etməyin. İlham Əliyevin siyasəti dəstəklənəcək.


- Sizcə, müxalifətin qüsurları nədədir?

- İsa bəy demişkən, Qarabağ problemini həll etmək istəyiriksə, heç kimdə qüsur axtarmamalıyıq. Azərbaycanın inkişafı göz qabağındadır. “ASAN” xidmət yaradılıb və s. Mən hökuməti çox tərifləmək istəmirəm, çünki müxalifət inciyəcək. Müxalifəti tərifləsəm hökumət inciyəcək. Eyni zamanda, nə hökumətdə, nə də müxalifətdə qüsur axtarmaq istəmirəm. Bütün diqqətimizi gələn ilə yönəltməli və 6 ay içində Qarabağı almalıyıq. Bu baş verərsə hökumət də, müxalifət də sevinər. Mən hər şeyə razıyam, bir şərtlə Qarabağımızı azad edək. Mənim atamın doğma yurdu olan Füzuli Heydər Əliyevin doğum günündə azad olunsun.

Tənqid etməklə problem həll olunmur. Bir-birimizi tərifləyərək güclü olmalıyıq. Qarabağ azad olunmadığı müddətdə biz digər xalqlardan geri qalırıq. Rəsulzadə İslam aləmində demokratik dövlət qurduğu kimi, biz də dünyaya barış gətirən ilk xalq kimi özümüzü göstərək və Nobel Sülh mükafatına layiq olaq. Bunun təşəbbüskarı mən olacağam. Mən iqtidar və müxalifətdəki ləyaqətli adamları işbirliyinə çağırıram.


- Biz Nobel Sülh mükafatını ala bilərikmi?


- Biz hazırki prezidentlə bir il içində Nobel sülh mükafatına layiq ola bilərik. Qarabağ Azərbaycanın daxili məsələsidir. Bu məsələ həll olunsa Rəsulzadənin də, Heydər Əliyevin də ruhu şad olar. İlham Əliyev də, Mehriban xanım Əliyeva da məmnun qalar. Əgər Qarabağ azad olunsa, YAP-ın səsi daha da artacaq. Hesab edirəm ki, bütün sərhədlərimiz boyunca bizim əsgərlər dayanmalıdır. Türk qardaşlarımız da bizə yardım edə bilər. Buna görə də mən Azərbaycanda ümumi barışığa nail olmaq istəyirəm.


- Elçibəy hökuməti barədə nə deyə bilərsiniz?


- Elçibəy hökumətinə bir şeyə görə çox minnətdaram. Bu da test üsulunu ölkəyə gətirməklə rüşvətsiz təhsilin əsasının qoyulmasıdır. Bu gün bu üsulu qoruyan iqtidardakı insanlara da təşəkkür edirəm.

Ola bilsin ki, bu gün də təhsildə rüşvət var. Lakin bunun 5-10 faizdən çox olmadığını düşünürəm. Sovetlərin vaxtında isə rüşvət 90 faiz idi. Məsələn, mən hüquq fakültəsinə daxil olmaq istəyirdim. Atam razı olmadı. Çünki bunun üçün mərkəzi komitədən tapşırıq gəlməli idi.

Bunların kökü 1992-ci ilə dayandırıldı. Bu prosesdə mən, İsa Qəmbər, Elçibəy, Vurğun Əyyub, Firudun Cəlilov, Siracəddin Hacıyev, Rafiq İsmayılov və bir çox insan mühüm rol oynadı. O vaxt ali məktəblərə qəbulla bağlı rüşvətin qarşısı alındı. Hətta bir dəfə Flora Kərimova Elçibəyə dedi ki, bir qohumum var, onun ali məktəbə daxil olmasına kömək edə bilərsinizmi? Elçibəysə ona böyük hörmətinin olduğunu, lakin bunun mümkün olmadığını bildirdi. Elçibəy hökumətinin ən böyük xidməti bu idi. Başqa işlərinə görə öyünmək çətindir. Lakin mən daha qüsur axtarmaq istəmirəm. Qüsur axtarsaq birlikdə işləyə bilməyəcəyik. İsa bəy də bunu deyir. Bu formada yanaşmağa çalışmalıyıq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm