“İran Azərbaycanı qarışdırmağa çalışır“
Bizi izləyin

Nida.az

“İran Azərbaycanı qarışdırmağa çalışır“

"Hazırda dünyanın gündəmində İrana zərbənin mümkünlüyü yox, bu zərbənin nə vaxt endiriləcəyi sualı durur". Bu sözləri Publika.Az-a açıqlamasında “Atlas” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi təhlilçi Elxan Şahinoğlu ABŞ-ın İrana bir ay vaxt verməsi barədə məlumatlara münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, İrana təzyiqlərin hərbi əməliyyatlarla nəticələnməsi tam gözləniləndir: “İran birmənalı olaraq nüvə çalışmalarından geri çəkilmək istəmir. Baxmayaraq ki, Tehran bunun əksini iddia edir, amma nüvə silahı niyyətində olmadığını beynəlxalq birliyə sübut etmək marağında deyil. Odur ki, beynəlxalq güclər də haqlı olaraq İrandan şübhələnirlər. İsrail ABŞ-a təsir etməyə çalışsa da, ABŞ-ın zərbələrdə tələsəcəyini hesab etmirəm”.

O qeyd edib ki, sanksiyalara rəğmən İran nüvə çalışmalarına davam edir: “Deməli, İranın nüvə obyektlərinə zərbə endirmək lazımdır. İsrail bunu tələb etsə də və artıq hazırlaşsa da, Barak Obama noyabrda olacaq prezident seçkiləri ərəfəsində riskə getmək istəmir. ABŞ və İsrail İrana qarşı psixoloji təzyiq göstərir, eyni zamanda sanksiyaları davam etdirirlər. Həmçinin iyundan etibarən İrandan neft almağı da dayandıracaqlar. Bu isə İranı iqtisadi cəhətdən zəiflətmiş olacaq”.

E.Şahinoğlu Rusiyanın bu məsələdə ikibaşlı oyun apardığını söyləyib: “Moskvanın tərəf tutacağı və ya müharibə başladıqda əngəl törətməsi gözlənilən deyil. Rusiya SSRİ deyil, sadəcə qüvvələrini yaxın ərazilərdə toplamaqla, regiondakı mövqeyinin təhlükəsizliyinə nəzarət edə bilər. Putin haqlıdır ki, İrandakı müharibə Azərbaycan və Rusiyaya qaçqın axınına səbəb olacaq”.

Azərbaycandan hər hansı tərəf tutmaq barədə tələblərin yersiz olduğunu deyən politoloq vurğulayıb ki, Azərbaycan dəfələrlə bu məsələdə bitərəf mövqe tutduğunu bəyan edib və torpaqlarından meydança kimi istifadə edilməsinə yol verməyəcək: “Bunu Azərbaycan hökuməti müxtəlif rəsmilərin timsalında da dəfələrlə bildirib, İrana olan səfər və görüşlərdə də bu mesaj çatdırılıb, amma İran tərəfi heç bir vəchlə öz ittihamlarından əl çəkmir və bacardığı qədər Azərbaycanı qarışdırmağa çalışır. MTN-in apardığı son əməliyyat da göstərir ki, Tehran Azərbaycanla münasibətlərində mehriban qonşuluq siyasətindən kənara çıxır”.

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm