Nida.az
Prezident: “Ən azı yüz il Azərbaycan Avropa bazarında mühüm qaz təchizatçısı olacaq“
Martın 12-də "Hilton Baku" otelində Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin iştirakı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilib.
Dövlətimizin başçısı Xorvatiya Prezidenti İvo Yosipoviçi qarşıladı.
Forum iştirakçıları dövlət başçılarını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham ƏLİYEV biznes forumda çıxış edərək
dedi:
"Bu gün burada olmağımdan çox məmnunam. Böyük məmnunluq hissi ilə
Xorvatiya Prezidentini Azərbaycanda salamlayıram. Prezidentin
səfəri çox uğurla başlayıb. Bu gün səhər-səhər bizim çox yaxşı
müzakirələrimiz baş tutdu. Çox məhsuldar danışıqlarımız oldu.
Nümayəndə heyətləri fəal şəkildə işləyiblər. Ümumiyyətlə, əminəm
ki, bu səfər ölkələrimiz arasındakı münasibətləri möhkəmləndirəcək
və bir-birimizlə daha yaxşı tanış olmağa və daha fəal şəkildə
əməkdaşlıq etməyə imkan yaradacaqdır".
Prezident vurğulayıb ki, onlar bir çox məsələləri geniş müzakirə
ediblər.
"Regional və beynəlxalq məsələləri nəzərdən keçirdik. Təbii ki,
müzakirələrimizin müəyyən bir hissəsi iqtisadi əməkdaşlığa aid idi.
Mən cənab Prezidentə bildirdim və mən çox məmnunam ki, onu bu
səfərdə Xorvatiyanın çoxsaylı biznesmenləri müşayiət edir. Bu gün
keçirilən biznes forumu əslində biznesi birgə aparmaq üçün bir çox
imkanlar açır.
Əminəm ki, bu gün keçirilən sessiyada artıq iqtisadi inkişafımızla
bağlı təqdimatlar edilibdir. Mən iqtisadiyyatın cari təsviri ilə
vaxtınızı almaq istəməzdim. Sadəcə onu qeyd etmək istəyirəm ki,
müstəqilliyimizin 20 ili ərzində biz demək olar ki, ümumi daxili
məhsulun özəl sektordakı payını sıfırdan təxminən 83 faizə
çatdırmağa nail olmuşuq. Əslində biz iqtisadi sahədə fundamental
xarakterli islahatlar aparmışıq. Bu islahatlar sayəsində
iqtisadiyyatımızı şaxələndirmişik" dövlət başçısı çıxışında
deyib.
İlham Əliyev əminliklə bildirib ki, birgə iş aparmaq üçün
qarşımızda bir çox imkanlar vardır.
"Bu sözlər hər iki ölkənin biznes dairələrinə aiddir. Bu gün biz
cənab Prezident ilə Azərbaycanın Xorvatiyada sərmayələri haqqında
danışdıq. Biz bütün bu məsələləri nəzərdən keçirdik və müəyyən
etdik ki, sərmayələrimiz üçün hansı sahələr daha cəlbedici ola
bilər. Təbii ki, bu, Xorvatiya hökuməti ilə əməkdaşlıq şəraitində
aparılmalıdır və biz məqsədləri vaxtında müəyyən etməliyik. Biz,
eyni zamanda, qeyd etdik ki, Xorvatiya şirkətləri də Azərbaycanda
işləməkdə, sərmayə qoymaqda maraqlıdırlar. Bizim çox yaxşı sərmayə
mühitimiz vardır. Azərbaycan hələ Sovet İttifaqı vaxtlarında
iqtisadiyyatını inkişaf etdirmiş, müstəqillikdən sonra məhz
adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə birinci
yeri tutmuşdur" Prezident qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, son bir il ərzində Azərbaycan 20
milyard ABŞ dolları həcmində sərmayə cəlb edib.
"Onun 7 milyard dollarını xarici sərmayələr təşkil edir. Bu, onu
göstərir ki, Azərbaycan sərmayə baxımından hələ də cəlbedici bir
məkandır. Son illər ərzində əsas sərmayələr məhz neft və qaz
sektoruna yatırılmışdır. Bütün bunlar maliyyə vəsaitlərini toplamaq
imkanı yaratdı. İndi isə biz sərmayələri artıq qeyri-neft sektoruna
qoymağı planlaşdırırıq. Bir sözlə, bizim bu şaxələndirmə işimiz
Azərbaycanda davamlı inkişafın təmin edilməsinə yönəlibdir.
Təbii ki, bizim biznes imkanlarımız sosial problemlərin də həllinə
imkan yaradır. Çünki bunun nəticəsində birincisi, maliyyə
vəsaitləri formalaşır və ikincisi isə iş yerləri açılır. Təbii ki,
işsizliyin və yoxsulluğun azaldılması iqtisadi siyasətimizin əsas
hədəflərindən biridir. Biz yoxsulluğu 5 dəfə - 7,6 faizə qədər
azaltmağa nail olmuşuq. Hazırda işsizlik səviyyəsi 5,6 faiz
səviyyəsindədir. Təbii ki, özəl sektorumuza və biznes strukturumuza
gəldikdə, biz onlara imtiyazlı kreditlər ayırırıq. Bütün bunlar
iqtisadiyyatımızın şaxələndirilməsi məqsədini daşıyır.
Qeyd etdiyim kimi, müstəqilliyimizin ilk illərində əsas ümidlərimiz
məhz enerji sektoru ilə, neft və qazla bağlı idi. Azərbaycan neft
və qaz hasil edən ölkə kimi, bu sahədə bir çox səylər göstərdi və
bu, bizə iqtisadiyyatımızı şaxələndirmək imkanı yaratdı. Bir neçə
il bundan öncə biz iqtisadi siyasətimizdə yeni bir istiqaməti -
"qara qızıl"ın insan kapitalına çevrilməsi"ni özümüz üçün
strategiya kimi seçdik və hazırda bu sahədə artıq uğurlar müşahidə
olunur. İndi biz informasiya texnologiyaları sahəsinin inkişafı
üçün sərmayələr qoyuruq. Biz kosmos sənayesi yaradırıq. Ümid edirik
ki, biz cari ilin sonuna qədər ilk telekommunikasiya peykimizi
buraxacağıq. Biz, eyni zamanda, kənd təsərrüfatı sahəsinə
sərmayələrin qoyulmasında maraqlıyıq. Bizim bunun üçün bütün iqlim
şəraitimiz və münbit sərmayə mühitimiz vardır. Xarici və yerli
sərmayələr qorunur ki, bu da sərmayədarları cəlb edir" Prezident
deyib.
İlham Əliyevin sözlərinə görə, bütün bunlar bu dəyişikliklərin ilk
vaxtlarında ona görə edilirdi ki, biz etimad yaratmalı idik. Biz bu
məqsədlə çox çalışmalı idik.
"Bir səhv addım bütün səylərimizi heçə endirə bilərdi. Çünki etimad
səviyyəsi çox əhəmiyyət kəsb edirdi. Mən sizə tam məmnunluq hissi
ilə bildirmək istəyirəm: bizim xarici tərəfdaşlarımız və
sərmayədarlarımız hiss edirlər ki, onların sərmayələri qorunur,
hökumətimizin imzaladığı əsas beynəlxalq müqavilələr parlament
tərəfindən ratifikasiya edilir və qanun qüvvəsini alır. Bu da çox
vacibdir ki, proqnozlaşdırılan sərmayə mühiti mövcud olsun. Biz
belə bir ölkəyik. Həmçinin Azərbaycan hüdudlarından kənarda da
sərmayə qoymağa başlayıb. Əslində bu, mühüm məsələlərdən biridir.
Çünki əvvəllər elə bir mövqedə idik ki, biz sərmayələri qəbul
edirdik. İndi isə biz özümüz sərmayə qoyuruq.
Bu gün biz cənab Prezident və nümayəndə heyəti ilə biznesi necə
təşkil etmək və birgə necə səmərəli şəkildə iş aparmaq məsələlərini
müzakirə etdik. Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət
aparmır. Hesab edirəm ki, onlar bir-birini əvəzləyə, tamamlaya
bilər və beləliklə, bu tərəfdaşlıq xalqlarımız üçün faydalı ola
bilər.
Biz bu gün, həmçinin regional vəziyyəti müzakirə etdik. Balkan
regionu ilə bizim region arasında əməkdaşlıq məhz birgə səylərimiz
sayəsində baş tuta bilər.
İqtisadiyyatımızın mühüm bir hissəsini hələ ki, neft və qaz təşkil
edir və bu, gələn illər ərzində də belə qalacaqdır. Lakin on il
əvvəlki vəziyyətlə müqayisədə indi biz bu sektordan daha az
asılıyıq. İndi biz neftin qiymətlərinə o qədər bağlı deyilik.
İqtisadiyyatımız son 8 il ərzində sürətlə inkişaf edib, 3 dəfədən
çox artıb. Biz artıq 3 dəfə artmış ümumi daxili məhsulumuzu 2023-cü
ilə qədər - bundan sonrakı 10 il ərzində qeyri-neft sektoru
hesabına daha 2 dəfə artırmaq fikrindəyik. Lakin təbii ki, enerji
sektoru maliyyə vəsaitlərinin formalaşdırılmasında bizə yardımçı
oldu və dünyada özümüzü təqdim etməyə imkan yaratdı. Çünki 20 il
bundan öncə çox az sayda insan Azərbaycan haqqında bilirdi və onlar
məlumatlı deyildilər ki, burada hansı imkanlar, hansı biznes
imkanları və sərmayə mühiti vardır. Buna görə, böyük xarici
şirkətlərlə apardığımız əməkdaşlıq bunu nümayiş etdirmək imkanı
yaratdı və göstərdi ki, biz etibarlı tərəfdaşıq" dövlət başçısı
vurğulayıb.
Prezidentin sözlərinə görə, hazırda bizim enerji siyasətimiz yeni
mərhələyə qədəm qoyur.
"Əvvəlki illərdə biz bütün planlaşdırdığımız işlərin icrasına nail
olduq. Biz müasir boru kəmərləri infrastrukturunu qurduq və tikdik.
Əslində, biz öz enerji resurslarımızı dünyanın bütün
istiqamətlərinə çıxarırıq. Bu gün Xorvatiya tərəfi bizə məlumat
verdi ki, onların qəbul etdiyi neftin əksər hissəsi məhz Azərbaycan
neftidir. Təbii ki, bu məsələ bizim müzakirə mövzumuz olaraq
qalacaqdır.
Biz qaz sahəsində də əməkdaşlıq qura bilərik. Hazırda biz yeni
sərmayə proqramları ilə bağlı danışıqlar aparırıq. Burada
milyardlarla dollar həcmində investisiyalar nəzərdə tutulur - 20
milyarddan artıq. Burada qaz yataqlarının işlənilməsi və boru
kəmərlərinin tikintisi nəzərdə tutulur. Belə olan halda biz
tərəfdaşlarımızı qarşıdan gələn beş-altı il ərzində böyük həcmdə
qaz ilə təchiz edə biləcəyik. Bu gün qazın hasilatı və ixracı bizim
üçün kifayət dərəcədə deyildir. Bizim böyük potensialımız vardır.
Qeyd etmək istəyirəm ki, qarşıda yüz il ərzində, ən azı yüz il
ərzində Azərbaycan Avropa bazarında mühüm qaz təchizatçısı
olacaqdır.
Qeyd etmək istəyirəm ki, bizdə qaz hasilatı həcmləri artır. Biz
bilirik ki, Avropanın da qaza ehtiyacı artır. Xorvatiyanın
gələcəkdə Avropa İttifaqına üzv olacağını nəzərə alaraq, hesab
edirik ki, o da bu təşəbbüsün bir hissəsi ola bilər. Bilirik ki,
hazırda Avropa İttifaqı ümumi enerji strategiyası üzərində işləyir.
Bu da bizim həyatımızı daha da asanlaşdırardı. Əslində bütün bunlar
bizi tərəfdaşlarımızla daha sıx işləməyə ruhlandırır. Çox yaxşı
olardı ki, ümumiləşdirilmiş bir strategiya olsun. Bunu nəzərə
alaraq, Azərbaycan gələn illər ərzində enerji təhlükəsizliyinə
mühüm töhfə verəcəkdir. Enerji təhlükəsizliyi ölkələrin milli
təhlükəsizliyinin mühüm amilidir. Bilirik ki, bundan sonra enerjiyə
tələbat artacaqdır. Avropa İttifaqı ölkələrində atom elektrik
stansiyalarının bağlanması ilə bağlı qərarların qəbul edilməsini
nəzərə alaraq, adi enerji mənbələrinə ehtiyac artacaqdır. Təbii ki,
Xəzər dənizi regionunda yerləşən ölkəmiz qazın Avropa
istehlakçılarına etibarlı təchizatçısı ola bilər.
Ötən il biz Avropa İttifaqı ilə "Cənub" qaz dəhlizi haqqında
memorandum imzaladıq. Bu baxımdan Azərbaycan məhz "Cənub" qaz
dəhlizinin mühüm təchizatçısı və başlanğıcı ola bilər.
Biz Qara dəniz, Aralıq dənizi regionları ölkələri ilə əməkdaşlıq
edə və beləliklə, Avropa qaz bazarına çıxış əldə edə bilərik. Bu,
bizim maraqlarımıza uyğundur. Biz bu yaxınlarda bu barədə artıq
danışıqlara başlaya bilərik. Məhz bu sahədəki əməkdaşlığımız
irəliyə doğru aparıla bilər.
Hesab edirik ki, bütün bunlar ikitərəfli əməkdaşlığımıza aid olan
məsələlərdir. Mən sadəcə bu biznes forumda iştirak etdiyinə görə
cənab Prezidentə təşəkkürümü bildirirəm. Biz çox şadıq ki,
Xorvatiyadan bir çox qonaqlarımız buraya gəliblər.
Əminəm ki, bu görüşlərimizin nəticəsi uğurlu olacaqdır. Hesab
edirəm ki, gələcəkdə bizim bütün planlarımızın praktiki surətdə
həyata keçirilməsinin şahidi olacağıq" İlham Əliyev çıxışının
sonunda deyib.
Ölkəmizə səfərindən məmnun qaldığını deyən Xorvatiya Prezidenti İvo
Yosipoviç hazırda Azərbaycan ilə Xorvatiya arasında yaxşı siyasi
münasibətlərin olduğunu dedi. Bu münasibətlərin iqtisadi
əməkdaşlığımıza da şamil olunmasının vacibliyini vurğulayan
Xorvatiya Prezidenti məhz iqtisadi əlaqələrin güclənməsinin bütün
sahələrdəki əlaqələrə müsbət təsir göstərəcəyinə əminliyini ifadə
etdi. Ölkəmizə səfəri çərçivəsində iqtisadi əməkdaşlığa dair üç
sazişin imzalandığını önə çəkən Prezident İvo Yosipoviç
Xorvatiyanın Azərbaycan sərmayəsinə hər zaman açıq olduğunu
bildirərək deyib ki, Xorvatiya Azərbaycanın enerji daşıyıcılarını,
daha doğrusu, neftini böyük bir həcmdə idxal edir.
"Hesab edirəm ki, siz bu baxımdan sərmayələrinizi qoya bilərsiniz.
Bu baxımdan Xorvatiya isə həm Azərbaycanda, həm də digər ölkələrdə
xidmətlər sahəsində çalışır. Qeyd edirəm ki, burada böyük
firmaların təmsilçiləri vardır. Onlar nəinki yerli, hətta
beynəlxalq səviyyədə böyük uğurlar əldə ediblər.
Bu gün səhər biz gəmi tikintisi məsələsini nəzərdən keçirdik. Qeyd
etmək istəyirəm ki, Puladan gəlmiş nümayəndə Azərbaycan ilə bu
sahədə əməkdaşlığı genişləndirmək fikrindədir. Digər bir misal
gətirim. Bu da bizim bütün dünyada tanınmış şirkətdir ki, əczaçılıq
sənayesi sahəsində öz nəticələrini göstərib. Tikinti, ərzaq
məhsulları sahələrində də fəaliyyətlər göstərilir. Lakin istehkam
sahəsi də olduqca vacibdir. Əfsuslar olsun ki, bizim bu sahədə də
keçmişimizdən irəli gələn məsələlər vardır və onlar öz həllini
gözləyir. Bütün adlar xatirimdə deyil, lakin bizim bu sahədə də
mütəxəssislərimiz vardır. Onlar da öz işlərində bir çox uğurlar
qazanmışlar. Hesab edirəm ki, biz sizə öz yardımımızı göstərə
bilərik. Söhbət təkcə mütəxəssislərdən, bunu necə yerinə
yetirməkdən getmir. Bizim, həmçinin elə sənaye obyektlərimiz var
ki, onlar müvafiq avadanlıq da istehsal edir.
Biz Aralıq dənizinə çıxan ölkəyik. Biz çox maraqlı turizm
məkanıyıq. Nəinki Avropadan, Asiyadan, dünyanın bütün ölkələrindən
Xorvatiyaya turistlər gəlir. Nəyə görə məhz sizin ölkədən də bizə
daha çox adam gəlməsin?!" Xorvatiya Prezidenti vurğulayıb.
Azərbaycanda olmaqdan məmnun qaldığını vurğulayan Xorvatiya
Prezidenti İvo Yosipoviç göstərilən qonaqpərvərliyə görə bir daha
minnətdarlığını bildirərək ölkələrimiz arasında bütün sahələrdə
mövcud əməkdaşlığın inkişaf etdiriləcəyinə əmin olduğunu dedi.
Prezident İlham Əliyev biznes foruma yekun vuraraq dedi:
"Ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə çox sağ olun. Mən
artıq bu gün səhərki görüşümüz çərçivəsində bildirdim ki,biz
ölkənizdə sərmayə imkanlarını nəzərdən keçirəcəyik. Qeyd etdiyiniz
kimi, biz ümumi təşəbbüslərlə çıxış edəcəyik. Bizim məqsədimiz çox
aydındır, şəffafdır. Bizim məqsədimiz nəinki biznes əlaqələri
qurmaq, o cümlədən dostluğu da gücləndirməkdir. Bu, yalnız o vaxt
edilir ki, biznes dairələri, həmçinin sosial məsuliyyəti də dərk
edirlər. Bu, əslində bütün razılaşmaları qəbul edən ölkənin
hakimiyyət orqanları ilə əldə olunduğu təqdirdə baş tutur.
Təşkil edilmiş bu tədbirə görə çox sağ olun. Biznes dairələri əmin
ola bilərlər ki, biz onları hər zaman dəstəkləyəcəyik".
Publika.az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR