Nida.az
Əli Həsənov: ”Xarici qüvvələrin ölkənin daxili işlərinə qarışmaq cəhdlərinə layiqli cavab veririk”
Publika.az Azərbaycan Respublikası
Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənovun 2014-cü ilin yekunları ilə bağlı AzərTAc-a
müsahibəsini təqdim edir.
- Əli müəllim, başa çatmaqda olan 2014-cü ili Azərbaycan
üçün uğurlu il kimi qiymətləndirmək olarmı?
- Şübhəsiz. Hesab edirəm ki, 2014-cü il də Azərbaycanın
müstəqillik tarixində uğur və nailiyyətlərlə zəngin növbəti il kimi
öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu
əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizin dinamik
sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da
yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli
dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin
olunmasına xidmət edib.
2014-cü ildə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və
qeyri-neft sektorunun daha da gücləndirilməsi dövlət siyasətinin
prioritet istiqamətlərindən biri olub. Bu məqsədlə istehsal
obyektlərinin və iş yerlərinin yaradılması, iqtisadi və sosial
infrastrukturun qabaqcıl standartlara uyğun yenidən qurulması,
regional inkişaf, şəhər, qəsəbə və kəndlərin simasının
müasirləşdirilməsi prosesi davam etdirilib və artıq demək olar ki,
yekun mərhələyə qədəm qoyub.
Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də sosial yönümlü
siyasət həyata keçirilib, əhalinin məşğulluq səviyyəsinin
yüksəldilməsi, vətəndaşları narahat edən problemlərin həlli,
onların istək və arzularının qarşılanması daim dövlətin diqqət
mərkəzində olub, bu sahədə ardıcıl tədbirlər görülüb.
Başa çatmaqda olan bu il eyni zamanda enerji strategiyasının
yeni konturlarının müəyyənləşdirilməsi və həyata keçirilməsi, həm
regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində Azərbaycanın rolunun yüksəlməsi baxımından mühüm il
olub.
Azərbaycan regionda və dünyada humanitar mərkəz statusunu daha
da möhkəmləndirib, multikulturalizm ideyasının təşviqinə,
dinlərarası və millətlərarası dialoqun inkişaf etdirilməsinə öz
dəyərli töhfəsini verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün
dünyada milli və dini tolerantlıq məkanı kimi tanınır.
Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında
həyata keçirilib və dövlətin suveren hüquqlarının, milli
maraqlarının təmin edilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə,
habelə ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf
etdirilməsinə yönəlib. Birmənalı demək olar ki, Azərbaycan öz
müstəqil, balanslı siyasəti, beynəlxalq təşkilatlarda fəal iştirakı
ilə seçilib, xarici aləmlə əməkdaşlıq əlaqələrini inkişaf etdirib
və nüfuzunu artırıb.
Ümumilikdə, 2014-cü ildə Azərbaycan müstəqil, güclü və dinamik
inkişaf edən ölkə statusunu daha da möhkəmləndirib.
- 2014-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafını necə
qiymətləndirərdiniz və sizcə, bu sahədə hansı uğurları xüsusi qeyd
etmək olar?
- Artıq 10 ildir ki, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə
görə dünyada lider ölkələr sırasındadır. Təqdirəlayiq haldır ki, bu
dinamika 2014-cü ildə də qorunub saxlanıb, üstəlik bəzi
istiqamətlərdə daha ciddi artım müşahidə olunub.
İlk növbədə qeyd edilməlidir ki, bu il Azərbaycanın dövlət
büdcəsi təxminən 25 milyard dollar səviyyəsində olub və Cənubi
Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edib. Cari ilin 10 ayı
ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı 2,8 faiz, qeyri-neft
sektoru isə 6,6 faiz artıb. Son illər qeyri-neft sektorunda
müşahidə olunan sürətli artım əyani şəkildə təsdiq edir ki,
iqtisadi sahədə qarşıya qoyulmuş strateji vəzifələr tam həcmdə
yerinə yetirilir. Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollar
səviyyəsinədək yüksəlib. Bu gün Azərbaycanın xarici borclarının
ÜDM-ə nisbəti cəmi 8,5 faiz səviyyəsindədir ki, bu da dünyada ən
yaxşı göstəricilərdən biri hesab edilir.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, həyata keçirilən siyasətin, görülən bütün işlərin başlıca məqsədi Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsidir. Bu ilin ötən dövrü ərzində işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə düşüb ki, bu göstəricilərə görə Azərbaycan dünyanın inkişaf etmiş bir çox ölkəsini belə geridə qoyub. Statistikaya əsasən, son 10 ayda əhalinin gəlirləri 4,7 faiz artaraq 33,6 milyard manat olub. Əhalinin hər bir nəfərinə düşən gəlir 3,4 faiz çoxalaraq 3 600 manata, orta aylıq əmək haqqı isə 5,5 faiz yüksələrək 450 manata çatıb. İnflyasiya cəmi 1,5 faiz təşkil etməklə əhalinin gəlirlərindən bir neçə dəfə aşağı olub. Bu isə bilavasitə göstərir ki, makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər çox yaxşı nəticə verir.
Bildiyiniz kimi, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan
edilib. Bundan əsas məqsəd sənayenin modernləşdirilməsi və
qeyri-neft sənayesinin inkişaf etdirilməsi, o cümlədən mövcud təbii
və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb olunması,
ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal
sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye
potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında
inkişafının təmin edilməsidir. Cari ildə sənaye potensialının
gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr
potensialının inkişaf etdirilməsi, müvafiq normativ hüquqi bazanın
təkmilləşdirilməsi ilə bağlı işlər həyata keçirilib, 200-dək, o
cümlədən 40-dan çox orta və iri sənaye müəssisəsi açılıb.
Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə artıb.
Azərbaycanda mövcud olan əlverişli sərmayə mühiti dinamik
iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biridir. Bu ilin 9
ayında ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub,
nəticədə yüzlərlə yeni istehsal obyekti yaradılıb, nəhəng
infrastruktur layihələri davam etdirilib, bir çox mühüm layihələr
isə başa çatdırılıb. Onların arasında Heydər Əliyev adına
Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksini, Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin bərə terminalını,
“Arpaçay-1” və “Arpaçay-2” su elektrik stansiyalarını, Taxtakörpü
və Şəmkirçay su anbarları və digər bu kimi böyük obyektləri xüsusi
qeyd etmək olar. Həmçinin hazırda Böyükşor gölünün və ətraf
ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası, “Ağ Şəhər” və s.
nəhəng layihələrin icrası davam etdirilir. Cari ildə Prezident
İlham Əliyev çoxsaylı istehsal, emal, təhsil, səhiyyə, mədəniyyət,
istirahət, yol-nəqliyyat və digər obyektlərin açılışında iştirak
edib.
Bütün bu layihələrin arasında illik yükaşırma imkanı 25 milyon
ton yük və bir milyon konteyner olan Yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı layihəsinin strateji əhəmiyyəti də xüsusi qeyd
olunmalıdır. Çünki Azərbaycan hökumətinin qarşıya qoyduğu əsas
vəzifələrdən biri əlverişli coğrafi mövqeyə malik olan ölkəmizin
tranzit potensialının inkişaf etdirilməsidir. Hesab edirəm ki, ötən
ilin sentyabrında istifadəyə verilmiş Gəmiqayırma zavodu, gələn il
başa çatdırılması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu və
Beynəlxalq Dəniz Ticarət Limanı Asiya ilə Avropa arasında yükdaşıma
sahəsində Azərbaycanın tranzit imkanlarını tam realizə etməyə imkan
yaradacaq.
Cari ildə regionların, Bakı və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar
tədbirlər davam etdirilib, bölgələrdə yüzlərlə iqtisadi, sosial,
mədəniyyət və infrastruktur obyektləri istifadəyə verilib, aparılan
quruculuq və abadlıq işləri nəticəsində şəhər və rayonların siması
müasirləşib. Qarşıdan gələn növbəti 2-3 il ərzində bu proqramlar
çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur layihələrinin
başa çatdırılması nəzərdə tutulur. Regionlarda 82 mini daimi
olmaqla 100 mindən artıq yeni iş yeri yaradılıb. Ümumilikdə, son 10
ildə açılan iş yerlərinin sayı 1,3 milyona çatıb.
2014-cü ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin
həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində
həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilib. Ağdam
rayonu ərazisində 632 ailəlik, Hacıqabulda 101 ailəlik, həmçinin
Gəncədə və Beyləqanda yeni və müasir qəsəbələrin məskunlaşdırılması
prosesi yekunlaşıb. Ümumiyyətlə, 2001-2014-cü illər ərzində bütün
sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə salınıb, 220
min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti
yaxşılaşdırılıb.
2014-cü ildə Azərbaycanda informasiya-kommunikasiya
texnologiyaları, kosmik sənaye uğurla inkişaf edib. Dekabrın
əvvəlində “Bakutel 2014” telekommunikasiya və informasiya
texnologiyaları sərgisi çərçivəsində "Azersky" müşahidə peyki
"Azərkosmos" ASC-yə təhvil verilib. Bu, artıq Azərbaycanın orbitə
çıxarılmış ikinci peykidir. "Azersky" peykinin müdafiə,
təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi və
digər geniş tətbiq sahələri var.
Təsadüfi deyil ki, "Standard & Poor's", "Fitch Ratings",
“Moody’s” kimi dünyanın aparıcı beynəlxalq reytinq agentlikləri
ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqlərini bir
daha təsdiqləyiblər. Dünya İqtisadi Forumunun qlobal rəqabətlik
indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yerə yüksəlib və
ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birinciliyi əldə
saxlayır.
- 2014-cü ili həm də Azərbaycanın enerji strategiyasının
həyata keçirilməsi baxımından uğurlu il adlandırmaq
olarmı?
- Bu il sentyabrın 20-də 1994-cü ildə imzalanmış “Əsrin
müqaviləsi”nin 20 ili tamam oldu. Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş Azərbaycanın milli inkişaf
strategiyasının mühüm tərkib hissəsi kimi “Əsrin müqaviləsi” ilə
başlanan enerji siyasəti dövlət müstəqilliyinin təmin olunması,
gələcək inkişafın əsaslarının formalaşdırılması baxımından müstəsna
əhəmiyyətə malikdir. İmzalanmış sazişlər həmin dövrdə mürəkkəb
ictimai-siyasi proseslərin cərəyan etdiyi Azərbaycanda sabitliyin
bərqərar edilməsi, cəmiyyətin potensialının vahid məqsəd uğrunda
səfərbər olunması üçün ciddi zəmin yaratdı. Dünyanın aparıcı
şirkətləri Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen
ehtiyatlarının istismarına cəlb edildi, neftin dünya bazarlarına
çıxarılması üçün marşrutlar müəyyənləşdirildi və qısa müddətdə
Azərbaycanın inkişafını təmin edəcək mühüm işlər görüldü. Əminliklə
demək olar ki, “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın bugünkü
uğurlarının təməlində duran qlobal miqyaslı iqtisadi və siyasi
hadisə olub.
Əlamətdar hadisədir ki, 2014-cü il sentyabrın 20-də “Əsrin
müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət və hökumət
başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin
iştirakı ilə digər nəhəng transmilli layihənin - “Cənub” qaz
dəhlizinin təməlqoyma mərasimi keçirildi. Məlumdur ki, 2011-ci ildə
Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji
əməkdaşlığına dair memorandum imzalandı. Bundan sonra 2012-ci ildə
Türkiyə ilə Trans-Anadolu (TANAP) qaz layihəsinə dair saziş
bağlandı, 2013-cü ildə isə Trans-Adriatik (TAP) layihəsi əsas ixrac
marşrutu kimi müəyyən edildi. Bütün bunlar 2013-cü il dekabrın
17-də “XXl əsrin layihəsi” adlandırılan “Şahdəniz-2” layihəsinə
dair yekun investisiya qərarının qəbul edilməsinə şərait
yaratdı.
“Şahdəniz-2” və “Cənub” qaz dəhlizi layihələri Azərbaycanın neft
strategiyasına yeni nəfəs verməklə yanaşı, həm də dünyanın enerji
xəritəsini dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında yeni bir vəziyyətin yaranmasına səbəb olacaq.
- Ekspertlər dünyada neftin qiymətinin sürətlə
ucuzlaşmasının bəzi enerji resursları hasilatçısı və ixracatçısı
olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcəyini
proqnozlaşdırırlar. Bu vəziyyət Azərbaycan iqtisadiyyatına necə
təsir edəcək?
- Neftin qiymətinin kəskin aşağı düşməsi və bu tendensiyanın bir
neçə ili əhatə etməklə davamlı xarakter daşıması iqtisadiyyatı
tamamilə enerji amilindən asılı olan ölkələrin iqtisadiyyatına çox
ciddi mənfi təsir göstərə bilər. Təbii ki, enerji ixracatçısı kimi
Azərbaycanın da bundan ziyan çəkməsi istisna edilməməlidir. Çünki
Azərbaycan iqtisadiyyatında enerji amili hələ də böyük rol oynayır
və neftin qiymətinin ucuzlaşması əldə olunan milli gəlirin
səviyyəsinə təsir edir. Bununla yanaşı, bir çox digər enerji
ixracatçısı olan ölkələrlə müqayisədə, Azərbaycanın nəzərəçarpacaq
üstünlükləri də var ki, ölkə iqtisadiyyatını ciddi neqativ təsirdən
sığortalayır.
İlk növbədə qeyd edilməlidir ki, son 10 ildə həyata keçirilən
məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı
şaxələndirilib və qeyri-neft sektorunun sürətli inkişafı təmin
edilib. Artıq bir neçə ildir ki, ÜDM istehsalında qeyri-neft
sektorunun çəkisi 50 faizdən çoxdur və 2014-cü ildə bu nisbət 59
faizə çatıb.
Digər tərəfdən, Azərbaycan kifayət qədər böyük valyuta
ehtiyatlarına malikdir və buna görə də iqtisadiyyatda və büdcə
təminatında hər hansı fors-major vəziyyət yarana bilməz.
Təcrübə də göstərir ki, Azərbaycanın unikal iqtisadi modeli ən
mürəkkəb hallarda belə makroiqtisadi sabitliyin və stabil iqtisadi
artım templərinin qorunub saxlanmasını təmin edir. 2008-ci ildə
başlanmış və bir neçə il davam edən ümumdünya iqtisadi böhranı
zamanı Azərbaycan iqtisadiyyatında müşahidə olunan artım da bunu
təsdiqləyir. Yeri gəlmişkən, həmin dövrdə də neftin qiyməti kəskin
aşağı düşmüş və bir barelinə görə 30-40 dollar təşkil
etmişdi.
Əksər ekspertlərin rəyinə əsasən hazırda neftin qiymətinin
enməsi bir tərəfdən dünyanın aparıcı ölkələrində iqtisadi artım
səviyyəsinin aşağı düşməsi və enerjiyə olan tələbatın azalması ilə
izah edilirsə, digər tərəfdən də bu halın süni xarakter daşıdığı və
müəyyən siyasi məqsədlərə hesablandığı vurğulanır. Onların
qənaətinə görə, bu proses davamlı xarakter daşıya bilməz və bir
müddət sonra neft bazarında qiymətlərin stabilləşməsi müşahidə
olunacaq.
Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki,
hazırda dünya iqtisadiyyatında və enerji bazarında müşahidə olunan
meyillər Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə,
əhalinin sosial durumuna mənfi təsir göstərməyəcək. Əksinə,
Azərbaycan hökuməti qarşıdan gələn dövrdə də iqtisadi artımın təmin
edilməsi üçün müvafiq tədbirlər görmək əzmindədir.
- Başa çatmaqda olan ildə ölkəmiz xarici siyasət
sahəsində hansı uğurlara nail oldu?
- Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata
keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunub, region və
dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa
əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub. Həmin dövrdə
əsası qoyulmuş təməl üzərində yaradılan bugünkü böyük iqtisadi
potensial, toplanmış maliyyə resursları, cəmiyyətin həyatının bütün
sahələrinin dinamik inkişafı, enerji, ərzaq təhlükəsizliyi kimi
məsələlərin uğurla həll edilməsi bu gün Azərbaycana imkan verir ki,
tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütsün.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin məntiqi
nəticəsidir ki, dünyada Azərbaycanın tərəfdaşlarının, bizə dost
ölkələrin sayı getdikcə artır. Azərbaycan regionun aparıcı ölkəsi
olmaqla yanaşı, dünyada sözü eşidilən, mövqeyi nəzərə alınan güc
amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur. Bu mənada
Azərbaycan 2014-cü ildə də beynəlxalq aləmdə öz mövqelərini
əhəmiyyətli dərəcədə gücləndirib, üzv və tərəfdaş olduğu beynəlxalq
təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlıq əlaqələrini
dərinləşdirib.
Bu ilin may ayından başlayaraq Azərbaycan Avropa Şurası Nazirlər
Komitəsinə sədrlik edib. Azərbaycan bu müddətdə korrupsiya ilə
mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti seçib,
demokratiya, təhlükəsizlik, dinlərarası dialoq məsələlərinə geniş
diqqət ayırıb, bir sıra səmərəli təşəbbüslərlə çıxış edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin
təyin olunması, Azərbaycanın haqq səsinin Avropa ictimaiyyətinə
çatdırılması, Avropada rolunun, nüfuzunun artması və digər
məsələlər ölkəmizin 6 ay müddətində bu nüfuzlu qurumun ali orqanına
rəhbərliyi dövründə əldə etdiyi uğurlardır.
Bu ilin iyununda Bakıda 300-dən artıq deputatın iştirakı ilə
ATƏT Parlament Assambleyasının sessiyası keçirilib. Sessiyada qəbul
olunmuş Bakı Bəyannaməsində ölkələrin sərhədlərinin toxunulmazlığı,
ərazi bütövlüyü prinsipi bir daha vurğulanıb.
Qeyd edilməlidir ki, son illər Azərbaycan tam müstəqil siyasət
yürüdən dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz və hörmət
qazanıb. 2011-2012-ci illərdə ölkəmizin BMT Təhlükəsizlik Şurasında
təmsil olunması və ümumilikdə iki ay müddətində həmin ali quruma
sədrlik etməsi, bu il isə Avropa Şurası Nazirlər Komitəsinə
rəhbərlik etməsi bu nüfuzun əyani göstəriciləridir. Təsadüfi deyil
ki, Azərbaycan 2015-ci ildə Türkiyədə keçiriləcək “Böyük 20-lik”
(G20) ölkələrinin toplantısına dəvət alıb.
Eyni zamanda, müstəqil siyasət Azərbaycana imkan verir ki, öz
milli maraqlarını daha effektiv müdafiə etsin, müxtəlif xarici
qüvvələrin ölkənin daxili işlərinə qarışmaq, öz iradəsini diqtə
etmək cəhdlərinə tutarlı və layiqli cavab versin.
- Əli müəllim, bu kontekstdə ayrı-ayrı dövlətlərin,
xarici təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarının
vəziyyəti ilə bağlı iddialarını necə qiymətləndirmək
olar?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə
bəyan edib ki, biz beynəlxalq təşkilatlarla və dünya ölkələri ilə
münasibətlərimizi qarşılıqlı hörmət, etimad, səmərəli əməkdaşlıq
prinsipləri üzərində qururuq və xarici siyasətimizdə bu
prinsiplərin yerinə yetirilməsinə çalışırıq. Bir-birinin daxili
işlərinə müdaxilə etməmək ayrı-ayrı ölkələrlə əməkdaşlığımızın
başlıca şərtləri sırasına daxildir.
Azərbaycan qanunun aliliyinin təmin olunduğu, hüquqi və
demokratik ölkədir. Azərbaycanda hər kəsin fikir, söz və məlumat
azadlığı təmin edilib, vətəndaş cəmiyyəti institutlarının, müstəqil
medianın fəaliyyəti üçün zəruri şərait yaradılıb. Hazırda
Azərbaycanda yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, tam
sərbəst şəkildə fəaliyyət göstərir.
Azərbaycan hökumətinin əsas tələbi ondan ibarətdir ki, inkişaf
etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da QHT-lərin və
medianın fəaliyyətində demokratik azadlıqlardan sui-istifadə
hallarına yol verilməsin və bu sahədə qanunların aliliyi təmin
olunsun. Nə Azərbaycan qanunlarında, nə də beynəlxalq
qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə
sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Hər bir
demokratik ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr qərar
çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu
və istəklərini deyil, qanunun aliliyini əsas götürürlər.
Buna görə də hesab edirik ki, son zamanlar ABŞ və Avropa
İttifaqının müəyyən dairələrinin, bəzi beynəlxalq təşkilatların
Azərbaycana qarşı yürütdüyü qərəzli, ikili standartlar siyasəti
artıq bütün etik çərçivəni aşıb və tərəfdaşlıq münasibətlərinə
sığmayan, qarşılıqlı əməkdaşlıq prinsipinin ruhuna zidd, dözülməz
hal alıb. Bəzi ölkələrin rəsmi şəxsləri, bir sıra media orqanları
və vətəndaş cəmiyyəti institutları sanki mikroskop altında
Azərbaycanda problemlər axtarır, öz fəaliyyətlərini büsbütün
ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil etməyə yönəldirlər.
Halbuki, həmin ölkələrin özlərində insan hüquq və azadlıqlarının
kobud şəkildə pozulması, dini və irqi ayrı-seçkilik və digər
məsələlərlə bağlı ciddi problemlər var. Məsələn, ABŞ-ın Ferqyuson
şəhərində qaradərili gəncin polis tərəfindən qətlə yetirilməsindən
sonra başlanan gərginlik özünü “demokratiyanın beşiyi” kimi qələmə
verən bu ölkədə insan haqları sahəsində çox ciddi çatışmazlıqların
olduğunu üzə çıxardı. Dinc etiraz aksiyalarının zor tətbiq etməklə
dağıdılması, peşə borcunu yerinə yetirən jurnalistlərin döyülməsi
və həbsi, hüquq müdafiəçilərinin təzyiqlərə məruz qalması və digər
bu kimi hallar ABŞ-da insan hüquqlarına necə “hörmətlə”
yanaşıldığını əyani şəkildə göstərdi. Analoji hallar həm də
Avropanın bir çox inkişaf etmiş ölkələrində özünü büruzə verir.
Ksenofobiya, dini və irqi ayrı-seçkilik, islamofobiya bir çox
Avropa ölkəsi üçün səciyyəvi hallardır. Buna görə də hesab edirik
ki, öz ölkələrində ciddi problemləri “görməyənlər”in Azərbaycana
barmaq uzatmağa və yeri gəldi gəlmədi bizi tənqid etməyə haqları
yoxdur.
Biz üzv olduğumuz beynəlxalq təşkilatların haqlı iradlarını
həmişə nəzərə alırıq, göstərilən nöqsanları aradan qaldırmağa
çalışırıq. Harada tənqidlər qərəzli xarakter daşıyır və
Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdürsə, həmin
tənqidlərin qəbul olunmazlığı açıq şəkildə ifadə edilir. Azərbaycan
heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı
beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban
vermək niyyətində deyil. Onlar anlamalıdırlar ki, Azərbaycan
müstəqil dövlətdir, öz siyasətini xalqın iradəsinə, milli maraqlara
uyğun şəkildə həyata keçirir və bundan sonra da bütün təzyiq və
təhdid cəhdləri, qeyri-diplomatik ritorika heç bir nəticə
verməyəcək və bütün əsassız iddialar adekvat şəkildə
cavablandırılacaq.
- 2014-cü ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli baxımından necə qiymətləndirirsiniz? Bu il bir
tərəfdən yüksək səviyyədə danışıqlar prosesi davam etdirildi, digər
tərəfdən isə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi
müşahidə olundu.
- Təəssüf ki, 2014-cü ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı konkret irəliləyiş müşahidə olunmadı.
Bunun da başlıca səbəbi odur ki, Ermənistan rəhbərliyi öz ənənəsinə
uyğun şəkildə qeyri-konstruktiv mövqeyini davam etdirərək bütün
səylərini mövcud status-kvonu qoruyub saxlamağa yönəldir. Hesab
edirəm ki, Ermənistan rəhbərliyi qoşunların təmas xəttində
təxribatlar təşkil etməklə beynəlxalq ictimaiyyətin diqqətini
məsələnin mahiyyətindən yayındırmağa və onu münaqişənin müxtəlif
neqativ təzahürləri üzərində fokuslaşdırmağa cəhd göstərir.
Avqust ayında erməni təxribatçı qrupların basqın cəhdləri
qabaqcadan planlaşdırılmış aksiya olsa da, onlar qarşılarına
qoyduqları məqsədə nail olmamış və ciddi itkilər verərək geri
çəkilmişlər. Şübhəsiz, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı
qondarma rejim daxildə ictimai narazılığın artacağını və cəmiyyətin
ciddi təzyiqlərinə məruz qalacaqlarını bildiklərindən, öz
itkilərinin miqyası barədə obyektiv informasiya verməkdən
çəkindilər. Bununla yanaşı, erməni işğalçıları bir daha Azərbaycan
Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini gördülər
və əmin oldular ki, onların qarşısında peşəkar, ən müasir
silahlarla təchiz olunmuş döyüşkən nizami ordu dayanıb. Azərbaycan
Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş
istənilən vəzifəni icra etmək qüdrətindədir.
Məlumdur ki, məhz bu gərginlikdən sonra avqustun 9-10-da Rusiya
Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan
və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Doqquz
aydan sonra ölkə rəhbərləri səviyyəsində birbaşa təmasların bərpa
olunması, habelə digər formatlarda keçirilən görüşlər
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma
prosesinə öz müsbət təsirini göstərəcəyi ilə bağlı ümidləri
artırdı. Bundan başqa, oktyabrın 27-də Fransa Prezidenti Fransua
Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri
növbəti dəfə görüşdülər. Cənab Olland da hazırkı status-kvonun
qəbuledilməz olduğunu qeyd etməklə tərəfləri böyük sülh sazişinə
dəvət etdi.
Ancaq danışıqlardan dərhal sonra Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərində, qoşunların təmas xəttinin
yaxınlığında hərbi təlimlərə başlaması, bu təlimlərə 40 mindən
artıq hərbçinin, ağır texnikanın cəlb edilməsi bir daha əyani
şəkildə göstərdi ki, Ermənistan rəhbərliyi danışıqlar prosesinin
konstruktiv məcrada davam etdirilməsində maraqlı deyil və sülhə
aparan istənilən addımı, təşəbbüsü əngəlləmək niyyətindədir.
Üstəlik, təlimlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin
bölmələrini təxribata çəkmək cəhdləri də müşahidə olundu ki, bu da
Ermənistan ordusuna məxsus hərbi vertolyotun vurulması ilə
nəticələndi.
Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi
həll olunmamasının başlıca səbəblərindən biri də beynəlxalq birlik
tərəfindən işğalçı Ermənistana qarşı ciddi sanksiyaların tətbiq
edilməməsidir. Bu gün Ukrayna hadisələri fonunda bu ölkənin
separatçı bölgələrinə, Krıma və Rusiyaya qarşı tətbiq olunan
sanksiyalar ilk növbədə 1992-ci ildən BMT-nin qəbul etdiyi dörd
qətnamənin icrasını qulaqardına vuran işğalçı Ermənistana və
separatçı Dağlıq Qarabağ rejiminə şamil edilməli idi. Ermənistana
qarşı təzyiqlər və sanksiyalar həm də bütün regionda
təhlükəsizliyin təmin olunması üçün vacibdir. Üstəlik, dünyada
analoji halların təhlili təsdiq edir ki, təcavüzkarı dayandırmağın
ən effektli yolu ona qarşı təsirli praktiki tədbirlərin
görülməsindən keçir. Beynəlxalq aləm, ATƏT-in Minsk qrupuna daxil
olan dövlətlər, BMT Təhlükəsizlik Şurası başda olmaqla bütün
aparıcı beynəlxalq təşkilatlar mövcud vəziyyətə diqqəti artırmalı
və regionda qarşıdurmanın yenidən alovlanmaması üçün Ermənistanı
destruktiv fəaliyyətdən çəkindirəcək real tədbirlər
görməlidirlər.
- Həmin insidentlər eyni zamanda Azərbaycanda
informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsini
aktuallaşdırdı və Azərbaycan Prezidenti müvafiq Sərəncam da
imzaladı. Bu sahədə görülən işlərlə bağlı nə deyə
bilərsiniz?
- Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti Ermənistanın vəziyyəti
gərginləşdirmək cəhdlərinə birmənalı olaraq düzgün yanaşma nümayiş
etdirdi. Bu da cəmiyyətimizdə həmrəyliyin, müxtəlif xarici təzyiq,
təhdid və təxribatlara qarşı vahid mövqeyin olduğunu göstərdi. Bir
daha sübut olundu ki, heç bir problem Azərbaycanda mövcud milli
birliyi sarsıtmaq gücündə deyil.
Eyni zamanda, etiraf olunmalıdır ki, avqustda qoşunların təmas
xəttində yaranmış gərginliklə bağlı bir çox internet media
resursları qeyri-adekvat, anlaşılmaz mövqe tutdular. Məhz bu
resurslar yanlış, qeyri-obyektiv informasiyaların mənbəyinə
çevrildilər, bəzi hallarda isə bilərəkdən və ya bilməyərəkdən
erməni mediasının təxribat xarakterli məlumatlarını Azərbaycan
ictimai rəyinə daşıyaraq cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü
yaratmağa xidmət etdilər. Bununla yanaşı, bəzi siyasi qruplar,
onların nəzarətində olan azsaylı QHT-lər və media öz ənənələrinə
sadiq qalaraq, anti-milli mövqe tutdular, erməni təbliğatının
ruporu qismində çıxış etdilər, əsas hədəf kimi düşmən ölkəni deyil,
Azərbaycan hakimiyyətini seçdilər.
Mövcud vəziyyət cəmiyyətin informasiya təhlükəsizliyi məsələsini
bir daha aktuallaşdırdı və bu sahədə təxirəsalınmaz tədbirlərin
həyata keçirilməsini zəruri etdi. Avqustun 29-da Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin sədrliyi ilə dövlət orqanlarının mətbuat xidmətlərinin
və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi
keçirildi. Həmin tədbirdə informasiya təhlükəsizliyi ilə bağlı
hazırkı durum hərtərəfli təhlil edildi, mövcud problemlər və
onlardan çıxış yolları göstərildi.
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan
Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi
təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzaladı və cəmiyyətin
informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşıda
duran vəzifələr, həyata keçiriləcək tədbirlər müəyyənləşdirildi.
Sərəncamdan dərhal sonra müvafiq dövlət orqanları tədbirlər planı
hazırlayaraq həyata keçirməyə başlayıblar. Lazımi vəsaitlər və
təlimatlar hazırlanır, maarifləndirmə işləri və müzakirələr
aparılır. Hesab edirik ki, Azərbaycan Respublikası Prezidentinin
Sərəncamında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi
nəticəsində informasiya təhlükəsizliyi sahəsində mövcud
çatışmazlıqlar aradan qaldırılacaq.
- Əli müəllim, 2014-ci il Azərbaycan cəmiyyəti və
ölkəmizin ictimai-siyasi həyatında daha hansı əlamətdar hadisələrlə
yadda qaldı?
- Cəmiyyət həyatında mühüm hadisələrdən biri kimi bu il keçirilmiş
bələdiyyə seçkilərini göstərmək olar. Seçkilər demokratik, şəffaf,
beynəlxalq standartlara uyğun, seçicilərin fəallığı şəraitində baş
tutdu. Səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən
axıradək izlənilməsi məqsədilə respublika ərazisini tam əhatə
etməklə, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı.
Seçki prosesinin müxtəlif mərhələlərinin qanunauyğun şəkildə
keçirilməsi üçün zəruri şərait təmin edilmişdi. Seçkilərdə 8 siyasi
partiya iştirak etmiş, üzvləri seçkilərdə iştirak edən siyasi
partiyaların sayı isə 30 olmuşdur. Ümumilikdə ölkə üzrə 1607
bələdiyyədə 15035 yerə 37077 nəfər namizədliyini irəli sürmüşdür
ki, bu da həm əhali arasında bələdiyyələrə böyük maraq olduğunun,
həm də rəqabətin yüksək olduğunun göstəricisidir. İlkin məlumata
görə, seçici fəallığının 38,9 faiz olması da deyilənləri təsdiq
edir.
Yerli və xarici müşahidəçilər seçki komissiyalarının
fəaliyyətini, səsvermə prosesini, səslərin hesablanmasını müsbət
qiymətləndirib və seçkilərin nəticələrinə təsir göstərə biləcək
qanun pozuntularının müşahidə olunmadığını bəyan ediblər.
Keçirilmiş exit-poll da seçkilərin nəticəsi ilə üst-üstə
düşüb.
Bu il noyabrın 1-2-də müxtəlif ölkələri təmsil edən nüfuzlu
dövlət xadimlərinin, dünya elminin parlaq simalarının, tanınmış
şəxslərin iştirakı ilə keçirilmiş lV Bakı Beynəlxalq Humanitar
Forumu həm regionda, həm də dünyada böyük maraqla qarşılanıb. Bu da
bir daha təsdiq edir ki, Azərbaycan artıq dövrün aktual
məsələlərinin müzakirə edildiyi ümumdünya səviyyəli humanitar
mərkəz kimi qəbul olunur.
İl ərzində keçirilmiş XXl Azərbaycan Beynəlxalq
Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı
, XlV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi, XlV
Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi, XXll Beynəlxalq
Xəzər Neft və Qaz Sərgisi, l Azərbaycan Beynəlxalq müdafiə sənayesi
(“ADEX-2014”) sərgisi və dünyanın aparıcı şirkətlərinin iştirakı
ilə keçirilmiş digər çoxsaylı tədbirlər həm müxtəlif sahələrdə
Azərbaycanın zəngin potensialını nümayiş etdirməyə şərait yaradıb,
həm də ölkəmizə böyük marağın olduğunu bir daha göstərib.
l Avropa Oyunlarına hazırlıq uğurla həyata keçirilir, Bakıda
yeni, müasir idman arenaları tikilib istifadəyə verilir. Tədbirlə
bağlı Azərbaycana gələcək idmançıların, turistlərin yerləşdirilməsi
üçün müvafiq işlər görülür, təhlükəsizlik, nəqliyyat və digər vacib
məsələlər kompleks şəkildə həll edilir. Əminliklə demək olar ki, l
Avropa Oyunları müstəqil Azərbaycanın tarixində ən mühüm
hadisələrdən biri olacaq və ölkəmizi dünyaya dinamik inkişaf edən,
müasir dövlət kimi təqdim edəcək.
2014-cü ildə diqqətəlayiq hadisələrdən biri kimi Azərbaycanda
iqtidar-müxalifət dialoqunun bərpa edilməsi və siyasi partiyaların
rəhbərləri ilə görüşün keçirilməsi qeyd olunmalıdır. Bundan əvvəlki
dövrdə vətəndaş cəmiyyəti institutları və media rəhbərləri ilə də
görüşlər keçirilib, irəli sürülən təkliflər öyrənilib,
ümumiləşdirilmiş və həlli mümkün olan məsələlərlə bağlı müvafiq
tədbirlər görülüb. Azərbaycan hakimiyyəti siyasi opponentləri,
qeyri-hökumət təşkilatları və media ilə konstruktiv dialoqa həmişə
açıq olub və bundan sonra da bu siyasət davam etdiriləcək.
Hesab edirəm ki, 2014-cü ilin yekunları qarşıdan gələn 2015-ci ilə nikbinliklə baxmağa tam əsas yaradır. Azərbaycan iqtidarı xalqın dəstəyinə arxalanaraq gələcəkdə də üzərinə düşən vəzifələri ən yüksək səviyyədə həll etməyə, Azərbaycanı yeni, möhtəşəm uğurlara doğru aparmağa hazırdır.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi