• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Dövlət Xidmətinin yaranması günü qeyd olundu

  • Nida.az
  • 13 Fevral 2014 14:10
  • 1 759 Baxış
Dövlət Xidmətinin yaranması günü qeyd olundu

Fevralın 13-ü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd olundu. Bu münasibətlə Dövlət Xidmətinin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin, oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət etdilər.

Daha sonra Dövlət Xidmətinin binasında tədbir keçirildi. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çıxış etdi. A. Rəhimov əsas məqsədin çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması olduğunu bildirdi: “Dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə 2013-cü ildə də ciddi nailiyyətlər əldə edib, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atıb. Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verməkdədir.

Son on ildə Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artmış, silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer alır.

Ötən müddətdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi Azərbaycanda çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılması ilə də ortaya qoyulub. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş, onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Xidmət yaradılan gündən ötən 2 il müddətində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsaslı işlər görülmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xidməti fəaliyyətini Prezidentin fərman və sərəncamlarını, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”ni və Xidmətin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktları rəhbər tutmaqla qurmuşdur.

Səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir. Sözügedən prosesi həyata keçirən qurum bir növ ordu ilə cəmiyyət arasında körpü rolunu oynayır. Cəmiyyətin ordu haqqında rəyinin formalaşmasına vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesi mühüm təsir göstərir. Məhz bu baxımdan Xidmətin qarşısında qoyulan ən mühüm vəzifə həqiqi hərbi xidmətə çağırışın qanunlara müvafiq qaydada təşkil edilməsidir. Müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması, ilk növbədə, vətəndaşların ilkin hərbi qeydiyyata alınması ilə başlanır. Azərbaycan Respublikasının 16 yaşı tamam olmuş bütün kişi cinsli vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən tibbi şəhadətləndirilərək qeydiyyata alınırlar. İlkin qeydiyyata alınma zamanı qeydiyyata alınan çağırışçıların sayının müəyyən edilməsi, onların hərbi xidmətə yararlılıq dərəcəsinin, təhsil, ixtisas (peşə) və fiziki hazırlıq səviyyəsinin öyrənilməsi başlıca vəzifələrdəndir.

Qoşun növləri üzrə ilkin təyinat verilərkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən sağlam və fiziki cəhətdən hazırlıqlı çağırışçılar seçilirlər. Bununla belə, Xidmət tərəfindən hərbi həkim komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.

Arzu Rəhimovun sözlərinə görə, vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi məqsədilə Xidmət tərəfindən mütəmadi təhlillər aparılır: “Çağırış sistemində çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına, yoxlamaların keçirilməsinə nəzarət artırılıb ki, bu da Xidmətin yerli idarə, şöbə, bölmələrinin və aidiyyəti dövlət orqanlarının həmin sahəyə məsuliyyətlə yanaşmasına və çağırış sistemində şəffaflığın təmin olunmasına zəmin yaradır. Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq, Xidmət tərəfindən mərkəzləşdirilmiş uçot sistemlərinin təşkil edilməsi, o cümlədən hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması sahəsində işlər aparılır. Vahid elektron informasiya sistemi vasitəsilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı və uçotu aparılacaqr. Bu isə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaqr”.

General-leytenantın sözlərinə görə, Prezidentin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamına və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən Silahlı Qüvvələrin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi məqsədilə 2013-cü il ərzində də çağırış yaşına çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və təyin olunduqları hərbi hissələrə göndərilməsi təmin olunub: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölmələri tərəfindən çağırışçıların təyin olunduqları hərbi hissələrə təntənəli yolasalınma mərasimləri təşkil olunub, yerli özünüidarəetmə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edib, tədbirlər telekanallar tərəfindən işıqlandırılıb.

Müharibə şəraitində olan ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili Xidmətin üzərinə əlavə məsuliyyətlər qoyur. Dövlətin silahlı hücumdan müdafiəsinin təmin edilməsi və müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların hazırlanması, Silahlı Qüvvələrin, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin hazırlığı qarşımızda dayanan mühüm vəzifələrdəndir.

Ötən müddətdə Xidmət tərəfindən səfərbərlik hazırlığı və səfərbərlik işinin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, səfərbərliyin idarə olunması, hərbi vəzifəlilərin xəbərdar edilərək toplanmasının yoxlanılması məqsədilə Xidmətin yerli şöbə və bölmələrində praktiki məşğələlər keçirilib və plana əsasən cari ildə də bu sahədə işlər davam etdiriləcək. Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi qaydaları, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların sifarişlərinə əsasən ehtiyatda olan zabitlərin səfərbərlik zamanı çağırılmasına dair naryadlar işlənilib, ehtiyatda olan zabitlərin mövcudluğu, sərfi və qalığı haqqında məlumatlar toplanılıb. 2013-cü il üçün mülki müdafiə tədbirləri tədbirləri planı hazırlanıb və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanlığı ilə razılaşdırılıb. Eyni zamanda, Xidmətin yerli idarə, şöbə və bölmələrinin mülki müdafiə tədbirləri planı Mülki Müdafiə Qoşunlarının regional və rayon Fövqəladə Hallar Mülki Müdafiə şöbələri ilə razılaşdırılıb. Bununla yanaşı, Müdafiə Nazirliyindən alınmış sifarişlərə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilmiş gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunun dəyişən heyətlə komplektləşdirilməsi məqsədi ilə namizədlərin göndərilməsi təmin olunub.

Ötən müddət ərzində mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxs statusunda olan müəssisə, idarə, təşkilat, təhsil müəssisələrində hərbi vəzifəlilərin uçotunun aparılması işinin yoxlanılması nəzarətdə saxlanılıb, bu sahədə mövcud olan qanunvericilik təkmilləşdirilib.

Son illərdə Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılması və bu istiqamətdə dövlət siyasəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısında da təxirəsalınmaz tədbirlər görülməsi zərurətini ortaya qoyub.

Qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilib. Bu işlər Azərbaycan Respublikasında vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, habelə korrupsiyaya qarşı mübarizə ilə bağlı hüquqi təbliğatın gücləndirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə tədbirlər planına əsasən həyata keçirilib. Eyni zamanda, ölkə başçısının “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na dair müvafiq Sərəncamının icrasını təmin etmək məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2013-cü ildə yerinə yetiriləcək tədbirlərin planı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inkişafına dair 2013-2018-ci illər üçün Tədbirlər Planı hazırlanaraq təsdiq olunmuş, icrası təmin edilib”.

Arzu Rəhimovun sözlərinə görə, yarandığı gündən Xidmət ictimaiyyət qarşısında hesabatlılığı fəaliyyətində əsas prinsip götürdüyündən KİV-lə əlaqələrə də üstünlük verib, medianın sorğu və müraciətlərinə diqqətlə yanaşıb: “Ötən il həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə KİV rəhbərləri ilə görüşü keçirilib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin media ilə əlaqələri mövzusunda müzakirələr aparılıb”.

General-leytenantın sözlərinə görə, Xidmətin fəaliyyətinin digər mühüm bir istiqaməti hərbi təhsilə marağın daha da yüksəldilməsidir: “Buna isə, ilk növbədə, orta təhsil müəssisələrindən başlamaq lazımdır. Orta məktəblərdə hərbi hazırlıq dərslərinin təkmilləşdirilməsi üçün Xidmət tərəfindən müvafiq işlər görülür, fənn müəllimləri ixtisaslı kadrların sırasından seçilir və onların təkmilləşdirilməsi daim diqqətdə saxlanılır. Azərbaycan ordusunun sıralarında xidmət edənlərin fiziki sağlamlığı ilə yanaşı, onların yüksək intellektləri ilə fərqlənməsi də fəaliyyətimizin mühüm tərkib hissəsidir”.

Qeyd edək ki, prezident İlham Əliyev 2012-ci il fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycanın Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublika Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Elmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR