Nida.az
Əli Əhmədov: “Həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin qüdrətini artırıb”
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədovun partiyanın rəsmi saytına müsahibəsi
- Əli müəllim, öncə cari il ərzində Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Bəlli olduğu kimi, səmərəli iqtisadi strategiya və həyata keçirilən institusional islahatlar nəticəsində 2014-cü ildə də Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi daha da gücləndi, ölkəmizin beynəlxalq iqtisadi nüfuzu əhəmiyyətli dərəcədə artdı. Bütövlükdə, başa vurduğumuz ilin sosial-iqtisadi yekunları nəyi ifadə edir?
- Azərbaycan Respublikasının dinamik iqtisadi inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsini şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində, demək olar ki, 11 il ərzində Azərbaycan, sözün həqiqi mənasında, əzəmətli inkişaf mərhələsi keçmişdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ÜDM-nin üçqat artımında ifadə olunub, yoxsulluq səviyyəsi təxminən 10 dəfə aşağı salınıb, bir milyondan çox yeni iş yerləri açlıb. Məhz bu uğurlu siyasətin və əldə edilmiş nailiyyətlərin fonunda cari il ərzində də Azərbaycanın inkişafı davam edib. Sosial-iqtisadi sahələrdə əldə edilən nailiyyətlər - iqtisadiyyatın inkişafı hər şeydən əvvəl sosial rifahın daha da yaxşılaşmasında ifadə olunub. Azərbaycanın sosial dövlət mahiyyətindən irəli gələrək əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin sosial-iqtisadi inkişaf nöqteyi-nəzərindən əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bütövlükdə, Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizin iqtisadi modelinin bir çox əhəmiyyətli parametrlərini müəyyənləşdirir. Bu parametrlər içərisində Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, rəqabət qabiliyyətinin yüksəlməsi və bu meyara görə Azərbaycanın dünyada əhəmiyyətli yer tutması ilə səciyyələndirilə bilər.
Beləliklə, cari il ərzində həyata keçirilən tədbirlər,
institusional islahatlar və qazanılmış uğurlar Azərbaycan
dövlətinin qüdrətinin artmasında ifadə olunub. Azərbaycan iqtisadi
inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə
etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir
dövlət kimi çıxış etməkdədir. Bu da öz növbəsində Azərbaycanın
beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırıb.
Bütün bunların məntiqi nəticəsi kimi əldə edilən uğurlar milli
qürur hissini daha da artırıb. Azərbaycanda yeni bir cəmiyyət
formalaşmaqdadır. Bu cəmiyyət müasirliyi, daxili birliyi, sabitliyi
və gələcəyə inamlı baxışları ilə fərqlənir.
- Azərbaycanın dinamik inkişafının fonunda ayrı-ayrı sahələrdə, o cümlədən səhiyyə sektorunda fundamental islahatlar həyata keçirilir. Ümumilikdə, bu sahədə yeni sistemə, yəni səhiyyənin maliyyələşməsinin yeni mexanizmi olan icbari tibbi siğortaya keçidin əhəmiyyəti və nəticələri barədə nə düşünürsünüz?
- Əvvəla onu qeyd etmək istəyirəm ki, dövlət tərəfindən müəyyən
olunmuş prioritetlər sırasında səhiyyənin inkişafı xüsusi yer
tutur. Bu sahədə islahatlar aparılır, yeniliklər tətbiq edilir. Bu,
fasiləsiz prosesdir və həmişə davam edəcək. Ümumiyyətlə, səhiyyə
elə bir sahədir ki, orada islahatlar daimidir. Səhiyyə sahəsində
həyata keçirilən islahatlar bütövlükdə Prezident İlham Əliyevin
modernləşmə və yeniləşmə siyasətinin tərkib hissəsi kimi qəbul
edilir. İnsanlar səhiyyə islahatlarının daha ardıcıl surətdə davam
etdiriləcəyinə və müsbət nəticələr verəcəyinə səmimi şəkildə
inanırlar.
Digər tərəfdən, Azərbaycanda bütün sahələrdə ciddi islahatlar
həyata keçirilir, yaşayış standartları dəyişir və bu kontekstdə
səhiyyə xidmətinin keyfiyyətinə də tələbat təbii olaraq yüksəlir.
Məlumat üçün qeyd edim ki, icbari tibbi sığorta sisteminə
keçirilməsinin zəruriliyi “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda təsbit olunmuşdur. Ötən müddət ərzində
yeni sistemin tətbiq edilməsi ilə əlaqədar bir çox ciddi islahatlar
həyata keçirilmişdir. Hər şeydən əvvəl, səhiyyə infrastrukturunun
köklü surətdə yeniləşdirilməsini qeyd etmək yerinə düşər. Bu gün
Azərbaycanda onlarla ən yüksək standartlara cavab verən müalicə
müəssisələri inşa edilib, müasir tibbi avadanlıqlarla təchiz
edilib. Regionlarda müasir diaqnostika mərkəzlərinin yaradılması,
hesab edirəm, ölkəmizdə sosial siyasətin mahiyyətini əks etdirən
bariz nümunədir. Bütövlükdə, dövlət tərəfindən həyata keçirilən
islahatlar, görülən işlər səhiyyə sahəsində yeni sistemə keçidin
etibarlı əsasını yaradır.
Mahiyyət etibarilə icbari tibbi sığortaya keçid səhiyyə
sahəsində ən mühüm islahatdır. Bununla səhiyyədə təkcə
maliyyələşmənin deyil, həm də idarəetmənin yeni metodu tətbiq
edilməyə başlanacaq. Konkret fəaliyyətə gəldikdə isə qeyd etməyi
vacib bilirəm ki, icbari tibbi sığortaya keçilməsi ilə əlaqədar
intensiv dəyərləndirmələr aparılır, ayrı-ayrı ölkələrin təcrübəsi
öyrənilir, zəruri normativ sənədlərin hazırlanması üzərində iş
gedir. Dünya Bankının nümayəndələri ilə birgə layihələr qarşıya
qoyulan vəzifəyə çatmaqda bizə zəruri kömək göstərir. Hesab edirəm
ki, Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə
çox yaxınlaşıb və yaxın zamanlarda biz bunun şahidi olacağımıza
ümid edə bilərik. Ancaq icbari tibbi sığortaya keçidin və xüsusilə
də yeni sistemin tam fəaliyyətə başlamasının asan olacağını, qısa
vaxtda hər şeyin dəyişəcəyini düşünmək düzgün olmazdı. Qarşıda çox
ciddi islahatların dayandığını dərk etməliyik.
Onu da qeyd edim ki, icbari tibbi sığortaya keçid hər şeydən əvvəl,
indi bizdə mövcud olan səhiyyə xidmətinin, necə deyərlər,
fəlsəfəsini dəyişəcək. Əhaliyə səhiyyə xidmətinin təşkili, onun
lazımi səviyyədə maliyyələşdirilməsi hər bir müasir dövlətin
başlıca vəzifəsidir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin təmin
edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin
təməl prinsiplərindəndir. Söhbət xidmətin keyfiyyətinin daha da
artırılmasından, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və
səmərəli xərclənməsinin təmin edilməsindən gedir. İcbari tibbi
sığorta burada ən əlverişli vasitə kimi nəzərdən keçirilir.
- Azərbaycanın inkişafının başlıca strateji əsaslarından birini də ölkəmizdəki ictimai-siyasi sabitlik və təhlükəsizlik mühiti təşkil edir. Bu baxımdan, cari ildə ölkəmizdəki ictimai-siyasi vəziyyəti və prosesləri necə dəyərləndirirsiniz?
- Hər bir ölkənin ictimai-siyasi vəziyyətini müəyyənləşdirən
əsas amil onun iqtisadi durumudur. Qeyd etdiyim kimi, Azərbaycan
iqtisadi cəhətdən sürətlə inkişaf edir və 2014-cü ildə də ölkəmizin
iqtisadi inkişafı yüksək tempini saxlayıbdır. Beləliklə də,
Azərbaycan iqtisadiyyatının yüksəlişi, iqtisadiyyatın inkişafı ilə
əlaqədar cəmiyyətin digər sahələrində baş verən müsbət
dəyişikliklər ölkənin bütövlükdə ictimai-siyasi və mənəvi-psixoloji
durumunu müəyyənləşdirir. Əgər ümumi xarakteristika verməli olsaq,
bütövlükdə, ölkəmizdəki ictimai-siyasi sabitliyi ayrıca vurğulamaq
lazım gələcəkdir. Bu da ondan ibarətdir ki, Azərbaycanın iqtisadi
durumu, iqtisadi durumunun formalaşdırdığı sosial vəziyyət ölkə
vətəndaşlarının mütləq əksəriyyətini öz hökumətindən, dövlətindən
məmnun salacaq gerçəkliyi formalaşdırıbdır. İnsanlar hökumətdən,
hakimiyyətdən razıdırlar, bu da ictimai-siyasi sabitliyin əsasını
təşkil edir. Digər tərəfdən, mən ölkəmizin bütövlükdə
ictimai-siyasi durumunu Azərbaycan dövlətinin siyasi qüdrətinin
artması, nüfuzunun yüksəlməsi ilə izah etmək istərdim. Bu da ondan
ibarətdir ki, cəmi müstəqilliyinin 23-ci ildönümünü bir neçə ay
bundan öncə qeyd etmiş Azərbaycan artıq qüdrətli dövlətə
çevrilibdir. Bu həm də beynəlxalq aləmdə öz təsdiqini tapır.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasına qeyri-daimi üzvlüyü və sədrliyi, həmçinin Avropa Şurasının
Nazirlər Komitəsinə rəhbərliyi uğurla başa vurub. Hesab edirəm ki,
bunlar 23 illik müstəqillik tarixinə malik olan Azərbaycan dövləti
üçün kifayət qədər əhəmiyyətili beynəlxalq nailiyyətlərdir. Bu,
Azərbaycanın beynəlxalq aləmdə güclü, qüdrətli, eyni zamanda,
beynəlxalq münasibətlər sistemində fəal iştirak edən bir dövlətə
çevrildiyini təsdiq edir. Eyni zamanda hesab edirəm ki, Azərbaycan,
xüsusilə də Bakı şəhəri artıq dünyanın mədəni mərkəzlərindən birinə
çevrilib ki, bu da bütövlükdə ölkə vətəndaşlarıının milli iftixar
hissini formalaşdıran gerçəklik kimi ictimai-siyasi və
mənəvi-psixoloji duruma müsbət təsir edən reallıqdır.
Beləliklə, müasir Azərbaycanın ən mühüm gerçəkliyi iqtisadi
yüksəliş üzərində formalaşan möhkəm ictimai-siyasi sabitlikdir.
Başa vurduğumuz ilin hadisələri və reallıqları da bunu təsdiq
edir.
- Yeni Azərbaycan Partiyası hazırda Azərbaycanda siyasi sistemin lokomotiv, avanqard siyasi qüvvəsi kimi çıxış edir və öz sıralarında cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini birləşdirir. Bütövlükdə, partiyanın yüksək nüfuzunun və ciddi sosial dəstəyinin fonunda cari ildəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanın siyasi
sisteminin dinamik inkişafında Yeni Azərbaycan Partiyasının xüsusi
və əhəmiyyətli rolu olmuşdur. Bu, öz növbəsində, Yeni Azərbaycan
Partiyasının mövqeyinin möhkəmlənməsinə, ictimai rolu və
əhəmiyyətinin artmasına səbəb olub. YAP-ın sıralarında hazırda 640
mindən çox Azərbaycan vətəndaşı birləşib. Qeyd etmək istəyirəm ki,
Azərbaycanın siyasi tarixində heç bir siyasi təşkilat öz
sıralarında bu qədər insanı birləşdirməyib.
Yeni Azərbaycan Partiyasının sıralarında 640 mindən çox insanın
birləşməsi hər şeydən öncə Azərbaycan vətəndaşlarının Heydər Əliyev
ideyalarına və Prezident İlham Əliyevin siyasətinə inamından
qaynaqlanır. Bu inam Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasətin uğurlu nəticələrinin fonunda daha da güclənməkdədir. Bunu
Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan üzvlərin sayının
artım dinamikası da aşkar surətdə göstərir. YAP-ın bir özəlliyi də
odur ki, partiya öz sıralarında Azərbaycan cəmiyyətinin ən fəal
üzvlərini, ictimai-siyasi proseslərdə yaxından iştirak etmək
istəyən və edən gəncləri, qadınları, həmçinin ziyalı və
intellektual şəxsləri birləşdirir. Beləliklə, partiyanın
sıralarında cəmiyyətin bütün zümrələrinin nümayəndələri
birləşiblər.
Cari ildə də partiyamızın fəaliyyəti olduqca səmərəli olmuşdur.
YAP-ın sıraları kəmiyyət və keyfiyyət etibarilə genişlənmiş,
partiyamızın sosial-siyasi nüfuzu daha da artmışdır. Həmçinin, YAP
beynəlxalq əlaqələrini uğurla davam etdirmiş, Asiyada fəaliyyət
göstərən nüfuzlu siyasi təşkilatlarla geniş və səmərəli, çoxşaxəli
əməkdaşlığını gücləndirmişdir.
Bütövlükdə, YAP müəyyən olunmuş vəzifələrin öhdəsindən uğurla
gəlir. İstər seçkilərin keçirilməsi, istər partiyanın nüfuzunun
gücləndirilməsi, həyata keçirilən siyasətin insanlar tərəfindən
daha yaxşı qəbul olunması və təşviq edilməsi istiqamətində YAP
bütün vəzifələrini ardıcıl şəkildə uğurla yerinə yetirir.
- Əli müəllim, bəs cari ildəki bələdiyyə seçkiləri kontekstində Yeni Azərbaycan Partiyasının fəaliyyətini necə xarakterizə edə bilərsiniz?
- Seçki kampaniyası ərəfəsində Yeni Azərbaycan Partiyası
bələdiyyə seçkiləri ilə bağlı ciddi hazırlıq işləri gördü. Xüsusilə
də təbliğat-təşviqat mərhələsində rifah və quruculuq naminə
bələdiyyə seçkilərinə qatılan partiyamızın namizədləri –
səlahiyyətli şəxslər seçicilərlə görüşdə platformaları elan edərək
qarşıda duran vəzifələri onların diqqətinə çatdırdılar.
Artıq bələdiyyə seçkiləri başa çatıb. İnanıram ki, səsvermənin
nəticələri partiyamız üçün uğurlu olacaq. Yeni Azərbaycan Partiyası
yenə də bələdiyyələrdə layiqincə təmsil oluna biləcək və növbəti
beş ildə partiyanı təmsil edən nümayəndələr Azərbaycanın müxtəlif
bölgələrində fəaliyyət göstərən bələdiyyələrin işində yaxından
iştirak edəcəklər. Onu da diqqətinizə çatdırım ki, bələdiyyə
seçkilərində namizədlərin irəli sürülməsi kontekstində gənclər və
qadınlara üstünlük verildi. Bu, ölkəmizdə həyata keçirilən gənclər
siyasəti və gender siyasətinin bariz nümunəsi, davamı kimi
səciyyələndirilə bilər. Azərbaycan gəncləri və qadınları öz
potensiallarına uyğun olaraq bələdiyyələrdə təmsil olunmağa
layiqdirlər. Konkret olaraq YAP-ın üzvü olan qadınların və
gənclərin say etibarilə və vətəndaş fəallığı baxımından
bələdiyyələrdə daha çox sayda təmsil olunmağa imkanları var.
Həqiqətən, YAP-ın sıralarında təkcə say etibarilə çoxlu gənclər
birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellekt sahibi
olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş
gənclər cəmləşib ki, bugünkü və daha çox gələcək Azərbaycan
haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına imkan verir.
YAP-ın gəncləri Azərbaycanın ictimai-siyasi həyatında yüksək
fəallıq nümayiş etdirirlər. Bunun ən bariz ifadələrindən biri ötən
ilin oktyabr ayında ölkəmizdə keçirilən prezident seçkilərində
gənclərin seçki kampaniyasında fəal iştirak etməsidir. Ölkə
gənclərinin seçki kampaniyasına qoşulmasında, Prezidentin
dəstəklənməsində, səsvermədə fəal iştirak etməsində partiyamızın
gənclərinin apardığı təşviqat kampaniyası əhəmiyyətli rol oynayıb.
YAP-ın gəncləri, sözün həqiqi mənasında, özündə böyük siyasi və
mənəvi gücü, gənclik enerjisini birləşdirir və bu gün Azərbaycanın
gələcəyinə inamla baxmaq üçün çox etibarlı əsaslar yaradır. Qeyd
etmək istəyirəm ki, Azərbaycan gəncləri onlara gənclik gününü bəxş
etmiş Ulu öndər Heydər Əliyevin ideyalarını heç zaman unutmurlar,
əksinə, fəaliyyətlərində bütünlüklə bu ideyalara istinad edirlər.
Çünki bu ideyalar onların formalaşmasına bilavasitə köməklik
göstərib. Məhz bu inamdan irəli gələrək Yeni Azərbaycan Partiyası
bələdiyyə seçkilərində gənclərə böyük etimad göstərdi.
- Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini davamlı surətdə möhkəmləndirməsi ölkəmizlə tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malik olan ölkələrdə pozitiv təəssürat yaratsa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Xüsusilə də anti-Azərbaycan dairələrin təsirinə məruz qalan mərkəzlər, həmçinin beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili standartlara söykənən subyektiv mövqeyə yol verirlər. Bu məsələyə münasibətiniz necədir?
- Azərbaycan özünün sürətli inkişafı, sahib olduğu zəngin təbii
resursları və əlverişli geopolitik mövqeyi ilə regional miqyasda və
beynəlxalq müstəvidə diqqəti cəlb edən dövlətə çevrilib. Bütün
bunlar Azərbaycana olan marağı artırıb. Beləliklə, ayrı-ayrı
dövlətlər Azərbaycan vasitəsilə ölkəmizin yerləşdiyi bölgədə öz
maraqlarını həyata keçirmək üçün müəyyən cəhdlər edirlər. Bu,
əvvəllər də olubdur, bu gün də müşahidə olunur, şübhəsiz, gələcəkdə
də baş verəcəkdir. Bu, ümumiyyətlə, dünya praktikasında rast
gəlinən bir gerçəklikdir. Amma qəribə məqamlar ondan ibarətdir ki,
bu gün ayrı-ayrı dövlətlərin Azərbaycana yönəlik bu yanaşmaları bir
az daha intensivləşib. Bu intensivləşmənin kökündə dayanan əsas
reallıq ondan ibarətdir ki, Azərbaycan regionun lider dövlətinə, ən
qüdrəli ölkəsinə çevrilibdir. Bu gün cənubi Qafqaz iqtisadiyyatının
əhəmiyyətli bir hissəsi Azərbaycana mənsubdur. Və Azərbaycan
iqtisadiyyatının sürətli inkişafı belə bir fikir söyləməyə imkan
verir ki, yaxın zamanlarda bütövlükdə cənubi Qafqazın iqtisadiyyatı
dedikdə əsas etibarilə Azərbaycan iqtisadiyyatı başa düşüləcək.
Digər tərəfdən, Azərbaycanın demoqrafik inkişafı da, əhalisinin
sürətlə artması da ölkəmizin regionda rolunu və əhəmiyyətini ciddi
şəkildə artırıbdır. Digər tərəfdən, ölkəmizin beynəlxalq
münasibətlər sistemində mövqelərinin möhkəmlənməsi Azərbaycanın həm
regional, həm də regiondankənar proseslərdə rolunu artırıb və
mövqeyini möhkəmləndiribdir. Bu isə öz növbəsində Azərbaycana olan
marağı daha da gücləndiribdir. Beləliklə, qeyd etdiyim kimi,
müxtəlif vasitələrdən istifadə edərək Azərbaycan vasitəsilə
bölgəmizlə bağlı maraqların reallaşdırılması istəkləri
güclənir.
Xüsusilə də, bu sırada ayrı-ayrı beynəlxalq təşkilatların və böyük
dövlətlərin ikili standartlar siyasətini müşahidə edirik. Bu, həm
Azərbaycandakı daxili siyasi proseslərə müdaxilə edərək qərəzli,
subyektiv münasibət göstərməkdə, həm də Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ədalətsiz mövqe tutmaqda özünü göstərir.
Əlbəttə, bu cür cəhdlərlə nə Azərbaycanın müsbət imicinə kölgə
salmaq, nə də ölkəmizdəki ictimai-siyasi sabitlik və təhlükəsizliyə
təsir etmək olar. Azərbaycandakı ictimai-siyasi sabitlik o dərəcədə
möhkəm dayaqlar üzərində qərar tutubdur ki, hansısa qərəzli
qüvvələr, anti-Azərbaycan dairələri buna təsir edə bilməz.
Ölkəmizdə mövcud olmuş bu sabitliyin ən möhkəm qarantı və
təminatçısı isə Azərbaycan vətəndaşları və onların sabitliyə,
əmin-amanlığa olan inam və sədaqətidir.
- Yeri gəlmişkən, Azərbaycan siyasi palitrasının autsayderinə çevrilmiş radikal müxalifət və ölkəmizdəki “beşinci kolon”un nümayəndələri də dağıdıcı – anti-milli fəaliyyətini, anti-Azərbaycan dairələri ilə işbirliyini davam etdirir...
- Qeyd etdiyim kimi, Azərbaycanın dinamik inkişafı, beynəlxalq
mövqeyinin mütəmadi olaraq güclənməsi anti-Azərbaycan dairələrdə
narahatlıq yaradır və həmin qüvvələr dövlətimizə qarşı müxtəlif
vasitələrlə yanaşı, ölkə daxilindəki ünsürlərdən də istifadə
edirlər. Bu sırada radikal müxalifət, “beşinci kolon” kimi
səciyyələndirilən təşkilatlar və “hüquq müdafiəçiləri”
fərqlənirlər. Onlar faktiki və konkret olaraq siyasi alət kimi
çıxış edirlər və məqsəd Azərbaycana müxtəlif məsələlər ətrafında
təzyiqlər etmək, hətta bəzi hallarda ölkə daxilində xaos mühiti
yaratmaqdır.
Əlbəttə, bütün bu neqativ cəhdlərin heç bir nəticəsi olmayacaq,
çünki Azərbaycan dövləti ictimai-siyasi sabitlik və təhlükəsizliyi
etibarlı şəkildə təmin edib, ölkəmizdə xalq-iqtidar birliyi
mövcuddur. Azərbaycan xalqı radikal müxalifəti qəbul etmir,
“beşinci kolon”un dağıdıcı fəaliyyətini narazılıqla qarşılayır.
Azərbaycan ictimaiyyətinin bu zamana qədər radikal müxalifətə
göstərdiyi münasibət dediklərimizin bariz nümunəsi və sübutu
qismində çıxış edir. Bu münasibətin qarşılığında həmin qüvvələr
özlərinə tənqidi münasibət bəsləmək və düzgün nəticələr çıxarmaq
əvəzinə daha radikal mövqe tuturlar. Və radikal addımlar üçün
onlara təklif olunan əsas və yeganə məkan bir sıra xarici ölkələrin
mətbuat səhifələri olur. Bununla da radikal müxalifət
anti-Azərbaycançı qərəzli xarici dairələrin ölkəmizə qarşı həyata
keçirdiyi qarayaxma kampaniyasında ucuz vasitəyə çevrilmiş olurlar.
Beləliklə, onlar Azərbaycanda ictimai-siyasi situasiyaya az da
olsa, təsir etmək gücündə olmadıqlarını özləri də dərk edirlər,
amma düzgün addım atmaq, doğru yol seçmək əvəzinə tamamilə daha
böyük günahlara gətirib çıxaran səhflər etmiş olurlar.
Bütün bunların nəticəsidir ki, son zamanlar radikal müxalifət
partiyalarının sıralarından kütləvi istefalar qeydə alınır.
Əslində, bu partiyaların sıralarında olmuş adamların kütləvi
istefaları Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki
sabitliyi pozmaq istiqamətində fəaliyyətinə cavabıdır. Bu
partiyalar dərk etməlidirlər ki, Azərbaycan xalqı onların bütün
səylərinə nəinki biganəlik göstərir, əksinə, kəskin şəkildə öz
etirazını bildirir. Azərbaycandakı ictimai-siyasi sabitliyi hər bir
Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünki ölkəmizin əldə
etdiyi nailiyyətlər Ümummilli lider Heydər Əliyevin böyük səyləri
nəticəsində qərarlaşmış ictimai-siyasi sabitliyin üzərində
möhkəmlənib. Azərbaycan vətəndaşları ayrı - ayrı şəxslərin öz
maraqları naminə ölkəmizdəki sabitliyi pozmaq səylərini rədd edir.
Güman edirəm ki, bundan sonra da bu münasibəti göstərəcəkdir.
Bütövlükdə, radikal müxalifət öz mövqeyini və ideologiyasını kəskin
surətdə dəyişməyə məhkumdur. Onlar bu reallığı dərk etməsələr, səhv
mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan
cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Azərbaycanda
radikalllığa, aqressivliyə yer yoxdur.
- Əli müəllim, 2015-ci ildə ölkəmiz üçün gözləntiləriniz nədir?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
inkişaf siyasəti sayəsində ötən müddət ərzində əldə edilmiş
nailiyyətlər gələcəyə optimist baxmağa imkan verir. Bu baxımdan,
2015-ci ilin də Azərbaycanın inkişafı nöqteyi-nəzərindən kifayət
qədər uğurlu, səmərəli və məhsuldar olacağını düşünürəm. Əlbəttə,
ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar davam etdiriləcək,
bunun fonunda iqtisadi, siyasi, mədəniyyət, idman müstəvisində
ardıcıl uğurlar əldə ediləcək. Ümumiyyətlə, 2015-ci il Azərbaycan
üçün bir neçə istiqamətdə əlamətdar olacaq.
Gələn il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hesab edirəm
ki, əsaslı ictimai-siyasi sabitliyin və dinamik iqtisadi inkişafın
fonunda Azərbaycan xalqının alternativsiz seçimi olan Yeni
Azərbaycan Partiyası növbəti dəfə möhtəşəm qələbə qazanacaq. Bu
seçkilər Azərbaycanın demokratik inkişaf tarixinin növbəti səhifəsi
olacaq.
Bununla yanaşı, 2015-ci ildə Azərbaycanda I Avropa Olimpiya
Oyunları baş tutacaq. Qeyd edim ki, I Avropa Olimpiya Oyunlarının
Azərbaycanda - Bakı şəhərində keçirilməsi haqqında qərarın qəbul
edilməsi tarixi önəm kəsb edir. Bu, ilk növbədə, Avropa Olimpiya
Oyunları tarixinə düşəcək, çünki bu oyunlar ilk dəfə keçiriləcək və
bu, yeni bir tarixin başlanğıcıdır. Belə bir qərarın qəbul olunması
həm də Avropa idman ictimaiyyətinin Azərbaycana etimadından xəbər
verir. Əgər Azərbaycanda ilk Avropa Olimpiya Oyunlarının
keçirilməsi üçün lazım olan idman infrastrukturu olmasa idi,
ölkəmizin bu məsuliyyətli vəzifəni öz üzərinə götürmək imkanları
yetərincə dəyərləndirilməsə idi, Avropa Olimpiya Komitəsi belə bir
qərar qəbul etməzdi. Həmçinin, Azərbaycanın maliyyə imkanları da
böyük və mötəbər tədbirlərin ən yüksək səviyyədə təşkilinə imkan
verir. 2015-ci ildə keçirilməsi planlaşdırılan Avropa Olimpiya
Oyunları Azərbaycanın özünü dünyada bir daha tanıtması və təbliğ
etməsi baxımından yeni bir şansdır. Bu oyunlar münasibətilə çoxlu
sayda idmançılar, jurnalistlər, idman həvəskarları Bakıya
gələcəklər, onlar Azərbaycanla daha yaxından tanış olacaqlar,
paytaxtımızın gözəlliklərini görəcəklər, müasir cəmiyyətimizin
şahidi olacaqlar, eyni zamanda, bütün dünya bu oyunları televiziya
vasitəsilə yayımlamaqla, əslində, Azərbaycanı təbliğ etmiş olacaq.
İnanıram ki, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları çox yüksək
səviyyədə təşkil ediləcək və həmin dövrədək, yəqin ki,
paytaxtımızda çox böyük yeniliklərin şahidi olacağıq.
2015-ci ildə Azərbaycanın dinamik inkişafının davam edəcəyinə
inandığımı ifadə etmək istəyirəm. Regionların sosial-iqtisadi
inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ayrı-ayrı
sahələrin tərəqqisi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq
münasibətlərinin miqyasının genişləndirilməsi və digər
istiqamətlərdə həyata keçiriləcək tədbirlər inkişafın və
nailiyyətlərin əsası kimi çıxış edəcək. Neftin qiymətinin aşağı
düşməsinə baxmayaraq, şaxələndirmə siyasətinin davam etdirilməsi və
qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi,
bütövlükdə, Azərbaycanın inkişafına mühüm töhfələr verəcək, inkişaf
strategiyası uğurla yerinə yetiriləcək. Doğrudur, müəyyən
layihələrdə gecikmələr ola bilər, lakin mən görülən tədbirlər
sayəsində inkişaf siyasətinin davamlı olacağına optimistcəsinə
yanaşıram.
Mən 2015-ci ilin Azərbaycan üçün uğurlu olacağına dərindən
inanıram. Bu fikri söyləməyə əsas yaradan Prezident İlham Əliyevin
iqtisadi siyasətinin obyektiv reallıqlara söykənməsi, səmərəli
idarəçilik təcrübəsi, siyasi iradəsidir.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO