• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycan qazına təhlükə? – Bakı çətin enerji savaşı ilə üz-üzə – Təhlil

  • Nida.az
  • 15 Yanvar 2015 15:39
  • 1 129 Baxış
Azərbaycan qazına təhlükə? – Bakı çətin enerji savaşı ilə üz-üzə – Təhlil

Rusiya öz qazının Avropaya Türkiyə vasitəsilə çıxaracağına dair qərarını qətiləşdirir.


Publika.az xəbər verir ki, ötən ilin 1 dekabrında Türkiyəyə səfər edən Vladimir Putinin “Cənub axını” layihəsində imtina haqda açıqlaması regionda bütün kartları qarışdırıb. Moskva 63 milyard kubmetrə həcmdəki qazını “Türk axını” vasitəsilə Avropa bazarına çıxarmaq haqda Ərdoğanla razılığa gəldi. Lakin Avropa bu axına qarşıdır.

Avropa Komissiyasının sədr müavini Maroş Şefçoviç Rusiya qazının Türkiyə vasitəsilə ixracının təchizatçı kimi “Qazprom”un imicinə zərbə vuracağına dair açıqlama verərək, dolayısı yolla Qərbin mövqeyini açıqladı.


“Cənab Aleksey Miller (“Qazprom” şirkətinin rəhbəri – Ö.D.) mənə təbii qazın Ukrayna marşrutu əvəzinə Türkiyə vasitəsilə Avropaya çatdırılması barədə məlumat verdi. Düzünü desək, bu təklif məni çox təəccübləndirdi”, - deyə Şefçoviç qeyd edib.


Təbii ki, burada Avropaya göndəriləcək qazın həcmi deyil, hansı yolla çatdırılacağı önəm daşıyır. Qərb Ukraynanı Moskvanın caynağından qurtarmağa çalışarkən, regionda ən böyük müttəfiqi Türkiyəni itirmək istəmir. Məhz buna görə də Ankara-Moskva yaxınlaşması Qərbdə narahatlıqla izlənilir. Qərbli siyasilər əvvəl imtina etdikləri Bolqarıstan marşrutunu yenidən gündəmə gətirmək niyyətindədir. Bolqarıstanın baş naziri Boyko Borisov avrokomissar Şefçoviçə məktubunda Türkiyənin tranzit potensialının olmadığını bildirib. Bolqar baş nazir Rusiya qazının bu ölkədən keçəcəyi təqdirdə Serbiya, Makedoniya, Yunanıstan, Xorvatiya, Sloveniya, Avstriya və Macarıstanın da enerji ilə təmin oluna biləcəyini iddia edib.

Maraqlıdır ki, “Cənub axını” layihəsində əsas tranzit ölkələrindən olan Bolqarıstan Qərbin istəyi ilə bu layihədən geri çəkilmişdi. Avropa bu addımı atarkən Putinin Ankara yolunu seçəcəyini düşünməmişdi. O zaman Putinin geri çəkiləcəyi və Qərbin dediyi şərtlərlə razılaşacağı proqnozlaşdırılırdı. Lakin hər şey 45 gün öncə Ankarada dəyişdi. Putin XXI əsrin enerji xəritəsini dəyişən qərarını açıqladı. Dünən isə “Qazprom”un baş direktoru Aleksey Miller “Türk axını”nı Ukrayna marşrutuna yeganə alternativ olduğunu deyib.


“Blommberg” nəşrinin “Türk axını” haqda iddiası da bu kontekstdə diqqət çəkir.


“Rusiya qazının Türkiyədən keçməsində Moskvadan çox Ankara maraqlıdır. O həm də daha ucuz qiymətə qaz əldə edəcək. Ehtimal var ki, Ankara buna nail olacaq. Rusiyanın üzləşdiyi hazırki situasiyada Moskva da bunda maraqlıdır. Bütün hallarda Rusiya üçün Çin variantından fərqli olaraq, Türkiyə variantı daha effektlidir”, - deyə nəşr iddia edib.

Burda əsas sual Azərbaycan qazının gələcək taleyidir. Ötən ilin sentyabr ayının 20-də Bakıda “Cənub qaz dəhlizi” layihəsinin təməli atıldı. TANAP və TAP-ı özündə birləşdirən bu layihəyə görə Azərbaycan qazı Türkiyəyə, oradan da Cənubi Avropaya çıxarılacaq. Bunun üçün son tarix 2020-ci il nəzərdə tutulur. Lakin Azərbaycan qazının Avropanı tam təmin etmək gücündə olmadığı da faktdır. Ehtimallara görə, Bakı tranzitinə əlavə mənbələr axtarılır. Hazırda iki mənbə üzərində gözləntilər var: Türkmənistan və İran.

Avropa da Rusiyadan fərqli enerji mənbəyi axtarmaq istiqamətində israrlıdır. Maroş Şefçoviç bir neçə ay öncə Avropa Birliyinin enerji məsələləri üzrə nazirlərinin toplantısından sonra özü bu barədə danışmışdı: “Avropa Rusiyadan fərqli qaz almaqda israrlıdır. Bu məsələdə ən uğurlu variant Azərbaycan qazıdır. Buna görə də Azərbaycan qazını Avropaya daşıyacaq layihələrin sürətləndirilməsi qərarına gəldik”.

Putinin sərt manevri Bakı üçün də yeni situasiya yaradıb. Marşrutlar fərqli olsa da, Azərbaycan bundan narahatlıq keçirməyə bilməz. Söhbət onun müttəfiqi və enerjisi üçün əsas tranzit ölkə olan Türkiyənin mövqeyindən gedir. Ankara tranzit potensialını şaxələndirmək məqsədilə “Türk axını”na razılıq vermiş olsa belə, bu, Azərbaycan qazının gələcəyi üçün təhlükələrin olmaması demək deyil. Çünki Qərbin Rusiyaya qarşı böyük “Nabucco” layihəsindən imtina edən Bakı “Cənub qaz dəhlizi”ni öz cibindən reallaşdırır. “Türk axını”nın ortaya çıxması isə Azərbaycanı böyük itkilərlə üz-üzə qoy. Hər halda, belə ehtimallar var.

Lakin digər proqnozlar hər şeyin o qədər də ümidsiz olmadığını göstərir. Birincisi, Avropanın “Türk axını”na qarşı olmasıdır. İndiki situasiyada proseslər qarışıq olsa da, nəticə etibarilə alıcı olan Avropanın da mövqeyi əsas götürüləcək. İkincisi isə Rusiya qazının Türkiyəyə gətirilməsindən sonra “Cənub qaz dəhlizi”nin TAP hissəsinə qoşulması perspektividir.
Burada Ankara və Moskvanın Bakıya yönəlik yanaşması da nəzərə alınmalıdır. Putinin Ankaraya səfəri öncəsi Türkiyə və Rusiya liderlərinin Azərbaycan Prezidentinə telefon açaraq danışması da Bakının mövqeyinin nəzərə alındığını deməyə əsas verir.


“Rusiya qazı Türkiyədən keçsə belə, Azərbaycan qazı əhəmiyyətini itirməyəcək. Çünki Avropa Rusiyadan fərqli enerji mənbələrində daha çox maraqlıdır. Digər tərəfdən, müttəfiq olaraq Türkiyə də son məqamda Azərbaycanın marağını müdafiə edəcək”, - deyə “Blommberg” də məsələni belə şərh edir.

“Kommersant” nəşrinin məlumatına görə, Miller Şevçoviçlə danışıqlarda “Türk axını” layihəsinin reallaşması üçün Moskvanın 3-4 il vaxt nəzərdə tutduğunu deyib. Onun sözlərinə görə, Rusiya günü bu gün layihəyə başlamaq niyyətindədir.

Bu, Rusiyanın “Cənub qaz dəhlizi” layihəsini qabaqlamaq istəyində olduğunu göstərir. Çünki TANAP və TAP kəmərlərinin istifadəyə verilməsi üçün nəzərdə tutulan son tarix 2020-ci ildir. Millerin dediklərinə inansaq, “Türk axını” 2018-ci il, ya da 2019-cu ildə istifadəyə veriləcək. Bu isə Azərbaycanın işlərini sürətləndirməsi üçün bir siqnaldır. İndiki zamanda Bakının təkbaşına buna getməsi çətin məsələdir. Hər şey Avropadan asılıdır.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR