İŞİD-in Qafqaz və Orta Asiya döyüşçüləri – ingilis mütəxəssisdən ŞOK XƏBƏRDARLIQ
Bizi izləyin

Nida.az

İŞİD-in Qafqaz və Orta Asiya döyüşçüləri – ingilis mütəxəssisdən ŞOK XƏBƏRDARLIQ

İngiltərənin Exeter Universitetinin doktoru Edvard Lemon Orta Asiya, Qafqaz, ümumiyyətlə, post-sovet məkanından Suriya və İraqa döyüşə gedənlərlə bağlı araşdırma aparıb.

Publika.az xəbər verir ki, Orta Asiyanı Tacikistandan başlayaraq təftiş edən ingilis mütəxəssis bildirir ki, 1990-cı illərin əvvəllərində bu ölkə Xəttab, Əbu Vəlid kimi ərəb döyüşçülərinin savaşdığı yer olub: “İndi isə vəziyyət dəyişib. Tacikistanlı gənclər Orta Asiya dağları boyunca uzanan ölkələrdən keçərək İraq və Suriyaya döyüşməyə gedirlər. Əvvəllər daha çox “Əl-Nusra” cəbhəsinə qatılan tacik gənclər sonradan İŞİD-ə meyilləndi. Tacikistan hökuməti 2009-cu ildə ölkə üçün qeyri-ənənəvi hesab olunan sələfiliyi qadağan etdi. 2011-ci ildə dini tədris verən xarici mədrəsələrə getməyə görə cinayət məsuliyyəti müəyyənləşdirildi. 2012-ci ildən bu günə kimi isə imamlar tədris edəcəyi dini bilikləri öncə hökumətə təqdim etməlidirlər”.

Edvard Lemonun fikrincə, Orta Asiya, Qafqaz ölkələri və Rusiya İŞİD-ə qoşulan döyüşçülərin gələcəkdə təhlükə olduğuna dair ortaq fikirdədirlər: “Rusiyalı mütəxəssislər İŞİD-in post-sovet məkanından olan döyüşçülərinin bölgəyə böyük təhdid olduğunu düşünürlər. Rusiya Yaxın Şərq Araşdırmalar İnstitutunun rəhbəri Yevgeni Satanoviskiyə görə, İŞİD təsir dairəsini Əfqanıstandan sonra Orta Asiyaya qədər genişləndirə bilər. Onun sözlərinə görə, Orta Asiyadan olan 5 minə yaxın döyüşçü Suriya və İraqdadır. Kanadalı terror mütəxəssisi Rafal Rohozyus da Astanada keçirilən konfransda bu ehtimalı irəli sürdü. O, apardığı araşdırmalar nəticəsində Orta Asiyadan İŞİD tərkibində döyüşən 4 mindən yuxarı döyüşçü olduğunu bildirib. Kanadalı araşdırmaçı Qafqazı da unutmayıb. Azərbaycanlıların da İŞİD tərkibində döyüşdüyünü diqqətə çatdıran mütəxəssis bu döyüşçülərin birlikdə MDB məkanına ciddi təhlükə olduğunu qeyd edib”.

E. Lemon post-sovet məkanından İŞİD-ə qoşulanları sayına görə sıralayıb.

“Taciklər, özbəklər, qazaxlar, qırğızlar – onların sayı 5 minə qədərdir. Orta Asiya döyüşçüləri İŞİD tərkibində eyni qruplaşmada yer alır. Qafqaz döyüşçüləri də kifayət qədərdir. Bu bölgədən əsasən Azərbaycan və Şimali Qafqazdan gedənlər var. Azərbaycanlıların sayı yüzlərlədir. Şimali Qafqaz döyüşçüləri isə çoxluq təşkil edir. Suriya və İraqa gedən yol Türkiyədən keçir. Orta Asiya döyüşçüləri əvvəlcə Rusiyaya gedir. Rusiyada çətin iş şəraiti onların radikallaşmasında mühüm rol oynayır. Misal üçün, Rusiyada bir milyondan çox tacik var və onlar çox aşağı maaşa işləyirlər. Belə insanlar arasında dini inamın gücləndirilməsi daha asandır. Onların bir çoxu öz ölkələrində dini inanclarını açıq şəkildə ifadə etmirlər. Misal üçün, İŞİD döyüşçüsü Akhtam Olimovun ötən ilin sentyabr ayında videogörüntüsü yayıldı. Qonşuları Olimovun yetkinlik dövründə dinə meyilli olmadığını deyirlər. Anasının sözlərinə görə, Rusiyaya getməmişdən əvvəl Olimov saqqal da saxlamırdı. Qardaşı isə Olimovun Suriyaya necə getdiyindən təəccüblənir: “O, dindar deyildi, Suriyaya nə üçün getdi axı”. İŞİD-ə qatılanların əksəriyyəti kimi taciklər də islamla bağlı zəif bilgilərə sahibdirlər. 26 yaşlı Bəxtiyar Şerov da Rusiyaya gedəndən sonra radikallara qoşuldu. 2011-ci ildə Rusiyaya gedən Bəxtiyar bir neçə ay ailəsinə pul göndərdi və sonra sorağı Suriyadan gəldi. Əbu Əhməd Taciki olaraq tanınan Bəxtiyar 2014-cü ilin mart ayında öldürüldü.

Eyni misalları Orta Asiyanın digər ölkələrindən gedənlərə, eləcə də Qafqaz döyüşçülərinə aid etmək olar. Onlar da ölkələrini müxtəlif səbəblərdən tərk edir və səsləri Suriyadan gəlir. Qafqaz döyüşçüləri də marşrut olaraq Türkiyəni seçirlər. Bu döyüşçülər əsasən 23-41 yaş arasında olurlar”, - deyə ingiltərəli mütəxəssis deyir.


E. Lemon bu döyüşçülərin post-sovet məkanı üçün ciddi təhlükə olduğunu bildirir. Onun fikrincə, ölkələr bu təhlükəyə qarşı ayrılıqda və birgə olaraq hazır olmalıdır.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm