GÜCLÜ AZƏRBAYCANIN QURUCUSU - XİDMƏTDƏ BİRİNCİ
Bizi izləyin

Nida.az

GÜCLÜ AZƏRBAYCANIN QURUCUSU - XİDMƏTDƏ BİRİNCİ

O bəyanatın verilməsindən bir həftədən çox keçir.

Bu bir həftədə Azərbaycanın istər ənənəvi, istərsə də yeni mediasının gündəmində çox xəbər yer alıb.

Təbii ki, paytaxtımızın son dərəcə müasir üslubda tikilmiş bir sarayında- Heydər Əliyev Mərkəzində keçirilən və “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunan konfransı da kütləvi informasiya vasitələrimiz yetərincə işıqlandırıb.

Ancaq həmin konfransda Prezident İlham Əliyevin söylədiyi, həm də birinci dəfə söyləmədiyi, hər zaman dilə gətirdiyi bir cümlə informasiyanın ümumi axınından çıxarılıb xüsusi müzakirə mövzusuna çevrilmədi.
Halbuki həmin cümlə, həm də dəfələrlə söylənmiş həmin cümlə qətiyyən sözgəlişi deyilməmişdi və Azərbaycanın bütün ciddi köşə yazarlarının, siyasi partiyalarının, analitik mərkəzlərin, düşüncə emalatxanalarının (think tank), o cümlədən peşəkar politoloq, sosioloq, psixoloqlarının müzakirə predmeti olmalı idi.

Amma çox təəssüf ki, Azərbaycanda intellektsiz, uğursuz, möhtəkir xislətli adamların bir qismi də bizim media sektorunda cəmləşib. Üstəlik, qurumuş və çürümüş beyinlərə xitab edən saytlarda, içgüdülərlə hərəkət edən siyasilərin cari yanaşmaları fonunda belə dərin, belə ciddi müzakirələr aparmaq çox zaman mümkün olmur.
Halbuki cənab Prezidentin çıxışındakı o məqam Azərbaycanın 2003-cü ildən bəri qazandığı və bundan sonra qazanacağı bütün uğurlara, həllini hələ tapmamış problemlərə, o cümlədən yaxın tarixin və gələcəyin siyasi tablosuna baxmaq üçün açar səciyyəsi daşıyır.

İlham Əliyevdən həmin sitatı gətirməzdən öncə onu deyim ki, bu açıqlaması ilə Azərbaycan prezidenti müsəlman coğrafiyasındakı, Qafqaz regionundakı dövlət başçılarından, o cümlədən bizim toplumun ümumi səviyyəsindən çox-çox irəlidə olduğunu bir daha isbat etdi. O da bir daha gün üzünə çıxdı ki, İlham Əliyevə rəqib olmaq, onunla seçkilərdə yarışmaq istəyənlər ona görə uğur qazana bilmirlər ki, məhz Azərbaycan Prezidentinin siyasi liderlik potensialını və xüsusiyyətlərini dəqiq qiymətləndirməyi bacarmırlar.

Prezident İlham Əliyev həmin çıxışında məhz öz liderlik tipini açıqlamışdı: “Xalqın birinci xidmətçisi mənəm”!
Siyasi nəzəriyyələrdən yanaşdıqda İlham Əliyevə qədər Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəy və Heydər Əliyev xarizmatik şəxsiyyətlər idilər. Elçibəy xalq hərəkatının lideri, kütləvi aksiyaların təsiri və bir ideya çarcısı olaraq hakimiyyətə gəldiyindən öz liderlik göstəricilərinə görə- M. Hermanın bölgüsünə istinad etsək-, BAYRAQDAR idi. Mərhum Heydər Əliyev isə daha mürəkkəb siyasi situasiyada prezident seçilmişdi. Doğrudan da 1993-cü ildə həm cəmiyyət, həm də müxtəlif leqal siyasi mərkəzlər onu qurtarıcı statusunda, politoloji dillə ifadə etsək, YANĞINSÖNDÜRƏN olaraq görür və oda düşmüş Azərbaycanı məhz onun xilas edəcəyinə inanırdılar.

Azərbaycanın növbəti, yəni indiki prezidenti isə hər hansı sosial-siyasi böhranın yetirməsi olmamaqla ölkənin birinci postuna J.Blondelin təsnifatından çıxış etsək, MENECER VƏ İSLAHATÇI kimi yüksəlmişdi. O, sosial-psixoloji baxımdan fəaliyyətinin məzmununa görə İCRAÇI idi. Çünki ölkənin ümumi inkişaf yolunun MÜƏYYƏNLƏŞDİRİCİsi (ingiliscə daha sərrast ifadə olunur: “mastermind”) mərhum Prezident Heydər Əliyevdir və İlham Əliyev siyasi varis olaraq öz üzərinə həmin ideyaların icrasını götürüb. İlham Əliyevin prezident kimi fəaliyyəti onun xarakterinin daha iki özəlliyini vurğulamağa əsas yaradır: o, universal və işgüzardır.

İlham Əliyev həm də o zaman siyasi olimpin zirvəsinə yüksəlmişdi ki, artıq dövlətin referendum yolu ilə qəbul olunmuş Ana Yasası vardı və Azərbaycanda hakimiyyətin qolları institutlaşmışdı. Daha sonrakı dövrlərdə Azərbaycanda keçirilən bəzi seçkilərin “məxməri inqilab”ların, yaxud “ərəb baharı”nın yaratdığı ovqatda baş tutması və nəticədə “küçə təfəkkürü”nün məğlub olması İlham Əliyevin timsalında Azərbaycanın RASİONAL bir liderlik institutunun mövcudluğunu ortaya qoydu.

Əlbəttə, liderlik və sosial sistem bir-birinə sıx bağlıdır. Onlar qarşılıqlı olaraq bir-birini yaradır, dəyişir, inkişaf etdirir. Odur ki, Prezident İlham Əliyevin yuxarıda sadaladığımız və siyasi liderlik nəzəriyyələrinə əsasən diqqət çəkdiyimiz bütün xüsusiyyətlərini Azərbaycanın sosial sistemində pozitiv dəyişikliklərin stimullaşdırıcı qaynağı olaraq görmək mümkündür. Sirr deyil ki, siyasi liderlər sosial sistem və qərarların qəbul olunması mexanizmi arasında kommunikasiyanın əsas təşkilatçısıdırlar. Elə bu səbəbdən dövlət başçısının “Xalqın birinci xidmətçisi mənəm” deyə dəfələrlə cəmiyyətə səslənməsi və öz liderlik obrazını XİDMƏTÇİ olaraq şəkilləndirməsi Azərbaycanın sosial konfiqurasiyasına və dinamikasına birbaşa təsir edəcək açıqlamadır.

Müasir siyasi araşdırmaların hər birində rast gəldiyimiz XİDMƏTÇİ LİDER modelindən ilk dəfə Robert Qrinleaf söz açır. Mövzum bir qəzet səhifəsinə yerləşsin deyə onun “Xidmətçi- lider kimi” adlanan və gerçəkdən liderlik haqqında bütün öncəki yanaşmaların üstündən xətt çəkən o möhtəşəm fəlsəfi-sosioloji məqalədən geniş danışmayacam. İnternet resurslarından ingiliscə “pdf” formatında oxuya biləcəyiniz həmin məqaləni R.Qrinleaf məşhur yazar Herman Hessenin “Şərqə səyahət” hekayəsindən təsirlənərək yazıb. R. Qrinleaf bu hekayəni oxuduqdan sonra “xidmətçi lider” anlayışını yaradır. O qeyd edir ki, bu model xidmət etmək amalının idarə etmək potensialı ilə birləşməsi nəticəsində meydana çıxır.

Çox yaxşı bilirsiniz ki, qloballaşma çağında təşkilatlanma, çalışma və liderlik üsulları dəyişməyə məhkumdur. Bir tərəfdən bütün münasibətlər elektronlaşır, digər yandan isə sadəcə göstəriş verən və verdiyi göstərişlərin yerinə yetirilməsini gözləyən idarəçi tipləri keçmişdə qalır. Çağdaş dünyada öz komandasına və seqmentinə radikal dəyişikliklər zamanı dayaq olan, inkişafı sürətləndirən, vətəndaşa xidmət etməyi qarşısına əsas məqsəd qoyan şəxsiyyət modelləri örnəkləşir.

Şəxsən R. Qrinleaf “Xidmətçi lider” dedikdə “başqa insanların ehtiyacını hiss edən, onları dinləyən, anlayan, dəstəkləyən, mənəvi gücə və problemləri çözəcək resurslara malik şəxsiyyət” nəzərdə tutduğunu vurğulayır.
Türkiyə müəllifi İlhami Fındıkçının “Bir könül səyahəti: Xidmətçi Liderlik” kitabındakı iqtibaslara görə, sonradan başqa araşdırmaçılar bu yozuma “başqalarına ümid verə bilmək”, “insanlara yol göstərmək” müdrikliyinə sahib olmaq özəlliklərini də əlavə ediblər.

L. Spirs adlı müəllif qeyd edir ki, “Xidmətçi Lider” vahid bir yanaşma ilə insanlara xidmət edən, onları çalışmağa və yüksəlməyə həvəsləndirən, ictimai qərarlar çıxarmağa və o qərarların yerinə yetirilməsinə zəmin yaradan şəxsiyyətdir.

Bu yöndəki araşdırma və baxışları 2003-cü ildə sistemləşdirmiş K. Patterson isə xidmətçi liderliyi islahatçılığın məntiqi davamı sayır və bu cür şəxsiyyətlərin fərdi xüsusiyyətlərini, baxış və davranışlarını bir model olaraq fərqləndirir. Onun fikrincə, XİDMƏTÇİ əxlaqlı sevgi sahibi, hədəfləri olan, fədakar, güvən verici, insanları gücləndirən və onlara xidmət edən LİDERdir. O, Xidmətçi Lider modelinin 7 əsas xüsusiyyətin bir şəxsiyyətdə cəmləşməsindən yarandığını düşünür.


• Əxlaqlı sevgi sahibi: Yunanca bir kəlimə olan “agapao” ilə ifadə olunan bu sevgi anlayışı doğru addımları doğru səbəblərlə və doğru zamanda atılmasını ehtiva edir. Bu sevginin təməlində hər bir insanın ehtiyacı, istək və arzuları olan bir varlıq kimi dəyərləndirilməsi dayanır. Lider bu dəyərləndirmə ilə vətəndaşların istək və ehtiyaclarını nəzərə alır, onların bacarıqlarını qiymətləndirir və qurumun, indiki məqamda, dövlətin mənafeləri ilə uzlaşdırır. Bəli, İlham Əliyev əxlaqlı bir sevgi sahibidir və onun əxlaqlı sevgisinin ünvanı insandır, xalqdır, dövlətdir. Onun insanlara, xalqa və dövlətə sevgisinin təzahürü kimi nə qədər desəniz, sonsuz sayda fakt göstərmək olar. Ancaq bu sevgi ən yaxşı onun bir fikrində və həmin yanaşmanın reallıqda öz təsdiqini tapmasında ifadə olunur: “Mən hər bir Azərbaycanlının prezidentiyəm”!

• Təvazökarlıq: şəxsiyyətin digərlərinin, indiki halda, cəmiyyətin, ayrı-ayrı sosial qrupların və vətəndaşların mənafelərinə önəm verməsi, özünü onların fövqündə deyil, əhatəsində görməsidir. Şəxsiyyətin LƏYAQƏT anlayışına bağlı olan bu özəlliyin İlham Əliyevin əsas keyfiyyətlərindən biri olduğu istər xalqla təmaslarında, istərsə bəzi məmurlara xəbərdarlıq edəndə, istərsə də digər müasir dövlətlərin başçıları ilə müqayisədə çox bariz görünür.

• Fədakarlıq: Xidmətçi liderlər hər hansı qarşılıq gözləmədən vətəndaşın mənafelərini qoruyurlar. Bircə məqamı deyəcəm, “Wikileaks”də yayınlanan xarici dövlət nümayəndələrinin Azərbaycan Prezidenti ilə apardıqları danışıqlar ortaya qoydu ki, İlham Əliyev bağlı qapılar arxasında milli maraqlarımızı nə qədər qətiyyətlə qoruyur.

• Hədəflər: Xidmətçi Liderlik uzun vədəli bir baxış açısına sahib olmaq və insanları, cəmiyyəti bu hədəflərə yönəltməkdir. Üç minillik dövlətçilik tarixinə malik Azərbaycanda ilk dəfə Prezident İlham Əliyev Azərbaycanın təbii sərvətlərinin insan kapitalına çevrilməsini bir strategiya olaraq müəyyən edib. Bu, nəhəng bir fəlsəfə olmaqla yanaşı, həm də uzun illər bahasına ərsəyə gələcək bir inkişaf modelidir. Və üçüncü minilliyin modelidir.

• Etimad: Xidmətçi Liderlik qarşılıqlı etimada dayanan bir modeldir. Liderin qətiyyətli və ədalətli davranması ona qarşı inam yaradır. Biz istənilən situasiyada, məsələn, elə Ramil Səfərovun azadlığına qovuşdurulmasında, yaxud ötən ilin ikinci yarısında- atəşkəsin intensiv pozulduğu mərhələdə Azərbaycan Prezidentinin nə qədər qətiyyətli davrandığını gördük. Əsas ixrac məhsulumuz olan neftin qiymətinin dünya bazarında aşağı düşdüyü bu günlərdə İlham Əliyevin məhz vətəndaşların maraqlarından çıxış etməsini gözdən qaçırmadıq. Məhz vətəndaşlarda yaratdığı inamın nəticəsidir ki, Azərbaycan Prezidentinin nüfuzunda heç bir azalma müşahidə edilmir.

• Gücləndirmə: Xidmətçi lider hər zaman insanları, cəmiyyəti, təşkilatı gücləndirməyə çalışır. İlham Əliyevin istər sosial, istər iqtisadi, istərsə də hərbi siyasəti Azərbaycan insanını, cəmiyyətini və dövlətini gücləndirməyə yönəlib. Bu gün Azərbaycan həm vətəndaş, həm cəmiyyət, həm də dövlət səviyyəsində postsovet məkanındakı bütün sabiq müttəfiqlərindən daha zəngin, daha sabit və daha güclüdür.

• Xidmət etmək: Bu amalın təməlində məsuliyyət hissi dayanır. “Məmurların məsuliyyəti artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi! Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır”. Azərbaycan prezidentinin bu sözləri onun məsuliyyət və xidmət anlayışları arasında qurduğu bağın bir göstəricisidir. Bu yanaşma həm də İlham Əliyevin özünün vətəndaşa və dövlətə xidmət etmək amalını təhlil və təqdir etməyə imkan yaradır. Biz onun əsl dövlət başçısına məxsus məsuliyyət sərgilədiyinə çox şahid olmuşuq. Eyni zamanda dövlətin məsuliyyətini öz çiynində daşıyan adam kimi çeşidli avantüralara və populizm nümunələrinə qarşı çıxdığına da şahidik.

Sonluq əvəzi

Hər qədər sekulyar düşüncə adamı olsam da, mən xeyli dərəcədə də M.Veberdən təsirlənərək liderliyin bir ilahi seçim olduğuna inanıram. Liderlər təkcə xalqın yox, həm də haqqın seçdiyi insanlar olur. Yaşadığımız dünyada nə qədər ölkə sadalaya bilərik ki, ya sosial, iqtisadi, siyasi böhran içərisində, ya da qarşısındadırlar. Ancaq yaşadığımız dünyanın ən böyük sorunu insan böhranı, insanlıq krizidir. Dünyanın hansı ölkəsində, hansı dildə yayınlanmasından asılı olmayaraq internet mediasına baxdığımızda qarşımıza özündən, ailəsindən, işindən, toplumundan uzaqlaşan, var olma səbəbini anlamayan, yaxud unudan adamlar çıxır. Belə bir dünyada mənliyini kəşf etmiş, özünü özgələrə həsr etməyi bacaran insan olmaq, sıradan olmayan işlər görmək, xəyallar qurmaq, insanları bəlli bir məqsəd ətrafında toplamaq, koordinasiya etmək və prosesin önündə getmək o qədər də asan iş deyil. Odur ki, dünyanın bütün aparıcı universitetlərində və beyin mərkəzlərində xidmətçi liderlik modeli günümüzdə daha çox araşdırılır və öyülür. Fədakarlığı, ədaləti, dürüstlüyü sözdən əmələ çevirən və bununla nümunə sayılan belə liderlər dünyanın insanlıq böhranından xilas olmasına çarə olaraq görülür. Lideri və dövləti xidmətçi olan xalqlar depressiya və xaosa yuvarlanmış dünya üçün müsbət şansdırlar. Odur ki, prezident İlham Əliyevin bir lider olaraq Azərbaycanın xidmətçisi olması sadəcə bu günümüz üçün yox, həm də GƏLƏCƏYİMİZ ÜÇÜN BÖYÜK ŞANSdır. Və bu şansı bizə yaradan İlham Əliyev öz liderlik modeli ilə həm qəlbi, həm də idrakı ilə GÜCLÜ AZƏRBAYCAN QURUCUDUR!

Taleh Şahsuvarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm