Qüdrət Həsənquliyev kuluarlarda gizli müzakirələri açıqladı
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev kuluarlarda gizli müzakirələri açıqladı

Fevralın 9-da BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupunun üzvləri – Niyaməddin Orduxanlı, Azər Həsrət, Mayis Əliyev, Məhluqə Qaramanlı, Çingiz Bayramov, Mehriban Abdullayeva və Xanım Əhmədzadə ilə görüş keçirib.


Bu barədə Publika.az-a BAXCP-nin mətbuat xidmətindən məlumat verilib.

İşçi Qrup BMT Təhlükəsizlik Şurasına müraciət üçün “Sarkisyanın hərbi cinayətkar kimi tanınması” və 20 Yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi məqsədilə petisiya yaradıb. Qrupun rəhbəri Şahin İsmayılovdur.


İşçi qrupunun üzvü Niyaməddin Orduxanlı bildirib ki, bu məqsədlərə çatılması üçün petisiyaya 100000 imza toplamaq lazımdır. Onun sözlərinə görə, İşçi Qrupunun tərkibində ölkənin tanınmış 17 QHT sədri fəaliyyət göstərir.


“Yanvarın 28-dən start verilən kampaniyada 35 mindən artıq imza toplanıb. Bu isə işçi qrupunun səyinin nəticəsidir. Sizinlə görüşməkdə məqsəd də BAXCP sədri, millət vəkili olaraq sizdən, eləcə də digər partiya rəhbərlərindən dəstək almaqdır. İlk olaraq sizinlə görüşürük və bilirik ki, Dağlıq Qarabağla bağlı hər zaman nəinki ölkəmizdə, eləcə də xarici səfərlərinizdə xalqın sözünü demisiniz, dövlətin maraqlarından çıxış etmisiniz”, - deyə o bildirib.


BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev QHT rəhbərlərini salamlayıb və başladıqları işin əhəmiyyətini bildirib: “Siz bizim partiyanın Dağlıq Qarabağ məsələsində olan mövqeyini bilirsiniz. Təşəbbüsünüzü çox yüksək qiymətləndirirəm. Bu işin hansısa nəticəsi olacağını mənim kimi sizlər də gözləmirsiniz. Çünki əvvəllər də belə təşəbbüslər olub. Ancaq buna baxmayaraq, hər birimiz əlimizdən nələr gəlirsə, onu ortaya qoymalıyıq”.

Qüdrət Həsənquliyev bildirib ki,10 ildir NATO Parlament Assambleyasında Azərbaycanı təmsil edir: “Assambleyanın iclaslarından kənarda - kuluarlarda həm Amerikanın, həm Avropanın parlamentarilərilə söhbət etmişik. Onlar fasilələrdə daha səmimi olurlar. Çünki yanlarında jurnalist olmur və dedikləri rəsmi stenoqrama düşmür. Həmin görüşlərdə parlamentarilər dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır. Deyiblər ki, problemi Rusiya ilə danışıb həll edin. Bəziləri hətta açıq formada vurğulayıblar ki, onların ermənilərlə kultral yaxınlığı var”.


BAXCP sədri qeyd edib ki, Avropa heç vaxt Ermənistana müsəlman ölkəsinə görə təzyiqlər göstərməyəcək: “Bəlkə də, iki xristian ölkəsi arasında dava olsa - Gürcüstanla Rusiya və Rusiyayla Ukrayna kimi - o zaman kimin haqlı, kimin haqsız olduğunu deyərlər. Dağlıq Qarabağ məsələsində isə tərəfin biri müsəlman ölkəsidir. Güman ki, Vatikan muzeyində olanlarınız var. Həmin muzeydə ermənilərə xristianlığı qəbul edən xalq kimi abidə qoyulub. Belə faktorlar çox önəmlidir. Bizdə bunu bəzən qəbul etmirlər. Ancaq bu çox ciddi faktordur. Başqa bir misal çəkim. Sonuncu dəfə Vilnüsdə NATO Parlament Assambleyasının iclasında rusların tədbirə dəvət olunmamasının səbəbini soruşdum. Düz etmədiklərini bildirdim. Çünki Rusiya işğalçı dövlətdir və Ukraynanın ərazilərini zəbt edib.

Eyni zamanda, BMT Baş Məclisində, Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edən və NATO Parlament Assambleyasının Assosiativ üzvü olan Ermənistanın yeganə ölkə olaraq, başqa bir Assosiativ üzvün ərazi bütövlüyünə səs vermədiyini dedim. Siz isə sanki heç nə baş verməmiş kimi bu fakta etinasız yanaşırsınız. Bildirdim ki, bu qədər haqsızlıq, ədalətsizlik olmaz. Ən dəhşətlisi o idi ki, mənim çıxışımdan sonra Ukraynadan olan nümayəndələr özlərində cəsarət tapıb fikrimi təsdiqləmədilər ki, Azərbaycan nümayəndə heyəti düz deyir, ermənilər bizim ərazi bütövlüyümüzə səs verməyiblər. Çünki bilirdilər ki, ümumi vəziyyət ermənilərin xeyrinədir. Əsas aparıcı dövlətlər Ermənistanın belə addımının hansısa formada pislənilməsində maraqlı deyillər.

Qərbdə açıq-açığına bizə qarşı ədalətsiz münasibət var. Bəzən olur ki, Qərb və Avropa mətbuatında tək-tük halda yazılar verilir. Bunu da ədalətli olduqlarına görə deyil, təmənna güddükləri üçün edirlər. Ancaq buna baxmayaraq, o fikirdəyəm ki, hər zaman biz onları vicdanları ilə üz-üzə qoymalıyıq. Eyni zamanda, öz ictimaiyyətlərinə siyasətçilərinin ədalətinin, prinsipiallığının nə olduğunu göstərməliyik”.

Qüdrət Həsənquliyev partiya olaraq bu məsələdə dəstəklərini əsirgəməyəcəklərini vurğulayıb.


“Özüm başda olmaqla bütün partiya strukturunda olan şəxslərin, partiyanın rayon şöbələrinin üzvlərinin imza vermələrini təşkil edəcəyik”, - deyə o bildirib.

Görüşdə iştirak edən QHT sədrləri - Məhluqə Qaramanlı, Mais Əliyev, Azər Həsrət, Mehriban Abdullayeva, Çingiz Bayramov və Xanım Əhmədzadə bunun ümummilli məsələ olduğunu bildiriblər. Onlar BAXCP sədrinin dəstəyini alqışlayıblar. Həmçinin hədəfə çatacaqlarına inandıqlarını qeyd ediblər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm