Hikmət Hacızadə sərt danışdı: “Hamını susdurub cərgələrə qoşmaq olmaz”
Bizi izləyin

Nida.az

Hikmət Hacızadə sərt danışdı: “Hamını susdurub cərgələrə qoşmaq olmaz”

Müsavat Partiyasından istefa verən Hikmət Hacızadə “facebook” səhifəsində tanınmış müsavatçı Mirbaba Babayevin Qubad İbadoğlunun partiyadan çıxarılmasının nizamnaməyə uyğun olduğu barədə fikirlərinə şərh verib.


Publika.az xəbər verir ki, H. Hacızadə Mirbaba Babayevə düzgün məlumat verilmədiyini deyib. Onun fikrincə, hər bir təhlil toplanmış faktlara əsaslanmalıdır: “Amma gətirdiyiniz faktlarda bəzi çatışmazlıqlar gördüm. Bəlkə, biz qarşı tərəfin də faktlarını dinləyək və yenidən təhlil aparaq? Seçkinin “müəyyən nöqsanlarla keçirildiyini” yazırsınız. Qarşı tərəf isə həm səsvermədə, həm seçkiqabağı ciddi nöqsanların olduğunu deyir. Bunu araşdırmaq üçün qarşı tərəf MNTK-ya şikayət edib. Fəqət MNTK bütün şikayətləri rədd edib. Bundan sonra söz-söhbət başlamasın, neyləsin? Deyirsiniz ki, Qubad bəy və tərəfdarları “Seçkilərin nəticələrini tanımaq istəmədi, yalnız bir şərt qoydu ki, yeni qurultay keçirilsin”. Sizə yenə yanlış məlumat veriblər. Qubad bəy barışığa razı idi. O, barışığın forması da bir sənəddə əks olunmuşdu və partiya rəhbərliyinə təqdim edilmişdi. Bəlkə, siz də o sənədi görmüşdünüz, bilmirəm.

Sənəddə təklif olunurdu ki, hər iki tərəf bəzi qüsurları boynuna alsın və bundan sonra münaqişə bitmiş hesab olunsun. Qubad bəy buna razı idi. Bu plan həyata keçsəydi, çoxdan münaqişə qurtarmışdı. Amma partiya rəhbərliyi güc yolunu tutdu. “10-15 nəfər partiyadan kənarlaşdıraq, qalanları sakitləşəcək”. Onu də elədilər. Amma ara sakitləşmədi. Yazırsınız ki, “Arif Hacılı dəfələrlə Qubad bəyi birgə müzakirəyə dəvət etdi, ancaq Qubad İbadoğlu hay vermədi”. Bu təəccüblüdür. Axı qəzetlər belə yazırdı ki, “Arif Hacılı və Qubad İbadoğlu görüşdülər”. Onlar görüşdülər, lakin razılığa gələ bilmədilər – bu isə başqa məsələdir”.


H. Hacızadə M. Babayevə qurultaydan narazı kəsimin Məclisin, Divanın və MNTK-nın legitim olmadığı barədə fikirləri ilə maraqlanmadığı üçün irad tutub.


“Yazırsınız ki, Qubad bəy və tərəfdarları yeri gəldi, gəlmədi partiya başqanının, eləcə də Məclisin, Divanın və MNTK-nın legitim olmadığını bəyan edir. Bəs maraqlanmısınızmı, qarşı tərəf konkret nəyi əsas gətirir? Qarşı tərəf burada deyir ki, qurultayın ikinci günü olmadığına görə yeni Məclis seçilə bilmədi. Növbəti gün köhnə Məclis yeni Məclisi seçib və bu səlahiyyətləri köhnə Məclisə qurultay verməyib. Beləliklə, bu buraxılmış qurum həm yeni Məclis, həm də partiyanın başqa rəhbər qurumlarını seçib. Məhz buna görə “onlar qeyri-legitimdir” deyirlər. Burada böyük bir problem var. Partiyada konsensus olanda belə şeylərə ciddi əhəmiyyət verilmir. “Seçdik, onsuz da bunlar hamısı bizimkilərdir” prinsipi irəli sürülür. Amma partiyada müxtəliflik və ya qarşıdurma olanda belə pozuntuların yanından keçilmir. Bunu bilmək lazım idi. Yeni vəziyyətdə partiyanı idarə eləməyi bacarmadılar”, - deyə o bildirib.


Keçmiş müsavatçı “hamını susdurub cərgələrə qoşmaq lazım deyil” deyə sərt danışıb. Onun sözlərinə görə, Müsavatda XXI əsrdə fərqli düşüncəyə görə insanlar cəzalandırılır: “Bağışlayın, məgər “qurultaya qarşı kampaniya aparmaq” hər bir partiya üzvünün haqqı deyil? İnsanı XXI əsrdə fərqli düşüncəyə görə cəzalandırmaq istəyirsiz? Ya sizi səhv başa düşmüşəm? Bəs Liberal İnternasionalın üzvü idik, o nə oldu? Yalandan üzv olduq? Partiya üzvünün belə çıxışlar eləmək üçün tam haqqı var. Onun partiyaya qarşı konkret addımlar atmağa haqqı yoxdur. Məsələn, prezident seçkisində Müsavatın namizədini deyil, başqa birisini müdafiə etmək haqqı yoxdur. Rəhbərlər haqqında danışmağa isə onun tam haqqı var. Qubad bəyə əvvəl söz verilmişdi ki, o video kameranı da iclasa gətirə bilər. Sonra dedilər ki, “yox”, kameraya icazə vermirik, sən iclası maqnitofona yaz. Qubad bəyin maqnitofonu yox idi və o, belə münasibəti görüb iclası tərk etdi. Buna görə adamı partiyadan xaric edərlərmi?”


H. Hacızadə M. Babayevin “yeni təcrübə qazandıq” fikirlərini də şərh edib.


“Yazırsınız ki, “Biz yeni bir təcrübə qazandıq. “Söz azadlığı” prinsipinə partiyada əsas prinsiplərdən biri kimi riayət olunmalıdır, lakin tək bu prinsipi əsas götürüb nizamnamənin digər bəndlərinin pozulmasına yol vermək olmaz. Bu, anarxiya gətirər”. Hamı ağzına gələni danışsa anarxiya olacağını qeyd edirsiniz. Burada yenə də əzizimiz Əbdürəhman Vəzirovun “Demokratiya anarxiya deyil” sözləri yada düşür. Bəli, bu məsələni qavramaq bizim hamımıza olduqca çətindir. Paradoks buradadır ki, demokratiyanın başı qalda gərək. Onsuz olmur. Belə sistemi idarə etməyi bacarmaq lazımdır. Hamını susdurub cərgələrə qoşmaq lazım deyil. Güc ilə bu məsələ həll olunası şey deyil. Bu ağır şəraitdə demokratik partiyanın əsas gücü onun hakimiyyəti yox, onun keyfiyyətidir, onun mənəvi gücüdür, onun demokratik nümunəsidir. Gəlin, onu itirməyək”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm