Hər kəsə divident gətirəcək layihə: Bakı “Köhnə Qitə”ni necə xilas edir? - TƏHLİL
Bizi izləyin

Nida.az

Hər kəsə divident gətirəcək layihə: Bakı “Köhnə Qitə”ni necə xilas edir? - TƏHLİL

“Köhnə Qitə”nin ağır günlərində Azərbaycanın önəmi xüsusilə seçilir. Rəsmi Bakının əsas təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün xilas yolu hesab olunur. Təsadüfi deyil ki, Cənub Qaz Dəhlizi layihəsi üzrə Məşvərət Şurasının Bakıda keçirilən ilk iclasında da iştirakçılar bu məqamı xüsusi vurğuladı.


Publika.az Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan və Avropa üçün gətirəcəyi iqtisadi-siyasi dividentləri araşdırıb.


Cənub Qaz Dəhlizi layihəsi və Azərbaycan liderinin siyasi iradəsi


Layihə 4 hissədən ibarətdir: “Şahdəniz - 2”, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Təbii Qaz Kəməri (TANAP) və Trans Adriatik Boru kəməri (TAP).


Azərbaycanın ən böyük təbii qaz yatağı hesab olunan “Şahdəniz”in ehtiyatları 1,4 trilyon kubmetr hesab olunur. Yatağın ilkin fazası “Şahdəniz -1” 2006-cı ildə istifadəyə verilib və ildə 9 milyard kubmetr təbii qaz istehsal edir. “Şahdəniz - 2” isə yatağın əsası hissəsini təşkil edir və bu hissənin istismarı Cənub Qaz Dəhlizi vasitəsilə 2018-ci ildə reallaşacaq. İlkin istismar 16 milyard kubmetr nəzərdə tutulur. Bunun 6 milyard kubmetri Türkiyənin daxili istehsalına sərf olunacaq, yerdə qalanı isə Avropaya ötürüləcək.


Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tiflis-Ərzurum) inşası 2006-cı ildə yekunlaşdırılıb. 691 kilometr uzunluğu olan kəmərin 443 kilometri Azərbaycan, 248 kilometri isə Gürcüstanın payına düşür. Səngəçal terminalından başlanğıcını götürən kəmər Türkiyə-Gürcüstan sərhədində tamamlanır. 2007-ci ildən etibarən “Şahdəniz” qazının birinci hissəsi kəmərə vurulur. Bu kəmər Cənub Qaz Dəhlizi layihəsinin ikinci hissəsidir.


“Nabucco” tarixə qovuşandan sonra Avropanın enerji təminində suallar ortaya çıxdı. Belə bir məqamda Azərbaycan qazının Avropaya çıxaran mövcud kəmərlərin istifadəsi gündəmə gəldi. 2011-ci ildə Avropa Birliyi ilə Azərbaycan hökuməti arasında Xəzər qazının birbaşa Avropaya çıxarılması haqda birgə bəyanat imzalandı və TANAP-TAP layihələri ortaya çıxdı. 2012-ci ildə Azərbaycan və Türkiyə hökumətləri bu layihə üzrə razılıq əldə etdi.


TANAP Türkiyənin 20 şəhərindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatacaq. Azərbaycan tərəfinin məlumatına görə, Dövlət Neft Şirkətinin, BOTAŞ və TPAO-nun ortaqlığı ilə yaradılan TANAP layihəsi 7 milyard dollar sərmayə ilə 6 ildə həyata keçiriləcək. İlk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.


TAP Cənub Qaz Dəhlizi layihəsində yekun mərhələdir. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Adriatik dənizinin dibi ilə qazı daşıyacaq kəmər Albaniya ərazisindən keçərək İtaliyaya qədər uzanacaq. 20 milyard kubmetr həcmində nəzərdə tutulan kəmərin yükgötürmə qabiliyyəti sonrakı illərdə artırıla bilər.


Cənub Qaz Dəhlizi layihəsinin arxasında siyasi iradə Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Bunu yerli və xarici analitiklər də dilə gətirir. 2011-ci ildə Brüssellə birgə bəyanata imza atan İlham Əliyev 2014-cü ilin 20 sentyabrında, Avropanın əsas neft arteriyası hesab olunan “Əsrin müqaviləsi”nin 20 illik yubileyində layihənin təməlini atdı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alan layihə təkcə Azərbaycana yox, Avropanın ən azı 7 ölkəsinə iqtisadi və siyasi dividentlər gətirəcək.


Bəzi iddialar, yaxud Cənub Qaz Dəhlizi nədən uzunömürlüdür?


Azərbaycan qazının Avropanı tam təmin etmək gücündə olmadığı haqda bəzi iddialar səsləndirilir. Lakin buna baxmayaraq, Cənub Qaz Dəhlizi Avropanın əsas təminat alternativi olaraq qalır.

Birincisi, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trilyon kubmetrdir. Bundan əlavə, proqnozlaşdırılan qaz ehtiyatları 5 trilyona qədərdir. TANAP və TAP-ın ötürücü qabiliyyəti ilkin mərhələdə daşınacaq 16 milyard kubmetrlə yekunlaşmır. Boru kəmərləri əlavə güc götürmə qabiliyyətinə malikdir və perspektivdə əlavə enerjinin ötürülməsinə uyğun şəkildə inşa olunub.


Digər tərəfdən, Cənub Qaz Dəhlizi layihəsinə əlavə mənbələrin tapılması da gündəmdədir. Yaxın perspektiv üçün Türkmənistan, uzaq perspektivdə isə İran əlavə mənbə olaraq düşünülür. Türkmən qaz Transxəzərə boru kəməri, yaxud mayeləşdirilmiş formada dənizin üzərindən Bakıya çatdırıla bilər. Hazırda Brüssel-Ankara-Bakı üçbucağı bu istiqamətdə Aşqabadla danışıqlar aparır. Öz qaz ehtiyatlarını daha çox Asiya bazarına çıxan Aşqabad isə Avropa bazarları üçün 10 milyard kubmetr qaz ehtiyatı saxlayır. Sonrakı mərhələlərdə bu rəqəm daha da arta bilər.

İran qazının Avropaya çıxarılması üçün da ən unikal variant Cənub Qaz Dəhlizidir. Hazırda İran və “altılıq” ölkələri arasında danışıqlar mütəmadi olaraq davam edir. Qərblə siyasi problemlər həllini tapacağı təqdirdə İran qazı da Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropaya çıxarıla bilər.


Beləliklə, bu layihənin uzun ömürlüyü üçün üç mənbə - Azərbaycanın qaz ehtiyatları, Türkmənistan və İran mənbələri var.


Bununla yanaşı, proqnozlara görə, son vaxtlar Avropada mavi yanacağa olan ehtiyac aşağı düşür. Misal üçün, Ukraynanın “Zerkalo Nedeli” nəşri yazır ki, 2011-ci ildən başlayaraq Avropanın qaza olan tələbatı azalır.
Nüvə energetikası proqramlarına yenidən başlamağın əvəzinə Yaponiya Avropaya mayeləşdirilmiş qaz verəcək. Bu qazın həcmi kifayət qədərdir. Həmçinin, ABŞ-dan şist qazı yaxın günlərdə Avropa bazarlarına çıxarılacaq. Digər tərəfdən, İraqdan da əlavə qaz gətiriləcək. Belə olan təqdirdə, Cənub Qaz Dəhlizi layihəsinin Avropaya gətirəcəyi mavi qaz kifayət edəcək.


Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün nə deməkdir?


Rusiya - Ukrayna böhranından sonra Avropada bir məsələ aktuallığını getdikcə artırdı: enerji istehlakı bir mənbədən asılı olmamalıdır. Təbii ki, bu səbəbsiz deyildi. İlk növbədə Rusiya qaz istehsalından istədiyi vaxt siyasi təzyiq kimi istifadə edirdi. Misal üçün, 2006-2009-cu illərdə Ukrayna ilə qaz alqı-satqısında qiymətlərdə razılaşa bilməyən Rusiya Avropanın qazını kəsmişdi. Bu böhrandan ən çox əziyyət çəkən isə Cənub-Şərqi Avropa ölkələri idi. Enerji təchizatının şaxələndirilməsi deyiləndə Avropa üçün əsasən bu regionun qazla təminatı önə çıxır.


Bu region Avropanın ən zəif nöqtəsi hesab olunur. Çünki söhbət təkcə region ölkələrinin bir enerji mənbəsindən asılılığından getmir, eyni zamanda, istehsalçının tələb etdiyi istənilən qiymətə razılaşmaq məcburiyyəti də problem olaraq qalır. Misal üçün, Makedoniya, Bosniya və Hersoqovina, Serbiya, Yunanıstan, Bolqarıstan Rusiyadan mavi yanacağı 500 dollar civarında alırdı. Bu onsuz da iqtisadi vəziyyəti yaxşı olmayan ölkələr üçün fantastik məbləğdir. Lakin bütün çətinliklərə baxmayaraq, region ölkələri eyni mənbədən asılılığı davam edir.


Məhz bu baxımdan, Cənub Qaz Dəhlizi Avropanın “zəif nöqtəsini” gücləndirmək, iqtisadi baxımdan yanaşsaq, bazarda rəqabət yaratmaq üçün önəmlidir. Azərbaycan qazının Avropa bazarına çıxışı avtomatik olaraq qiymətlərin daha münasib olmasına da təsir edəcək.


Cənub Qaz Dəhlizi layihəsinin əsas özəlliklərindən biri də kəmərlərin keçəcəyi ölkələrin bu və ya digər formada dividentlər əldə etməsidir. Misal üçün, Makedoniya və Serbiya kimi ölkələr kəmərin təhlükəsizliyini təmin etməklə gəlir əldə edəcəksə, Yunanıstan milyardlarla dollar və milyonlarla yeni iş yeri qazanacaq. Eyni vəziyyət Bolqarıstana və digər ölkələrə də aiddir. Həmçinin, layihənin reallaşmasında iştirak edən 11 şirkətin mənsub olduğu ölkələr də əlavə gəlir əldə edəcəklər.


Azərbaycanın gələcəyinə yatırılan kapital: Bakın qazanacağı iqtisadi və siyasi dividentlər


Bakının müəllifi olduğu Cənub Qaz Dəhlizi bir sıra Avropa ölkəsinə qazanc gətirməklə yanaşı, Azərbaycan üçün də iqtisadi və siyasi divident baxımından önəmlidir.


Azərbaycan öz qaz ehtiyatlarının Avropa bazarlarına çıxarmaqla kifayət qədər gəlir əldə edəcək. Bu ölkənin gələcək iqtisadi həyatına ən unikal yatırımdır. Digər tərəfdən, layihəyə əlavə mənbələr qoşulacağı təqdirdə tranzit haqqından gəlir götürüləcək. Layihədə ARDNŞ-nin iştirakçı şirkət kimi payı var.


Layihədən əldə olunacaq siyasi dividentlər də xüsusi diqqət çəkir. İlk növbədə, Avropanın enerji təminatındakı rolu Azərbaycanın imicini xeyli yaxşılaşdıracaq. Digər tərəfdən, Cənubi Qafqazda liderliyini möhkəmləndirən Bakının Avropa üçün əvəzolunmaz olduğu bir daha özünü göstərəcək. Layihədə iştirak edən ölkələrdən tutmuş bütün Avropa regionunda Azərbaycanla hesablaşmaq artıq istəklə yox, məcburi olacaq. Azərbaycan rəhbərliyi bu siyasi dividentlərdən yaxın gələcəkdə ərazi bütövlüyünün bərpası üçün lazımınca istifadə edəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm