• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakını “İŞİD koalisiyasına” qoşmaq cəhdi: Azərbaycanda radikalizmi ABŞ dəstəkləyir?

  • Nida.az
  • 5 Mart 2015 10:24
  • 902 Baxış
Bakını “İŞİD koalisiyasına” qoşmaq cəhdi: Azərbaycanda radikalizmi ABŞ dəstəkləyir?

Rusiyanın məşhur politoloqu, Problemli Analiz Mərkəzinin baş analitiki Sergey Balmasov Azərbaycanda radikal dini qrupların fəaliyyəti haqda maraqlı araşdırma aparıb.


Publika.az xəbər verir ki, “ABŞ Azərbaycanda İslam radikallarına “stavka” edir?” başlıqla məqalədə müəllif İŞİD təhlükəsinin Rusiyaya sərhəd olan qonşu ölkələr üçün də aktuallaşdığını yazıb: “Azərbaycandan İŞİD tərkibində döyüşənlərin sayı yüzdən artıqdır. Bu, rəsmi Bakını narahat etməyə bilməz”.


Ölkədə radikal islamın yayılma səbəbləri


S. Balmasov qeyd edir ki, bu proses 1990-cı illərdən başlayıb: “Bu prosesdə əsas rolu Səudiyyə Ərəbistanı oynadı. Oradan Xəzəryanı ölkələrə vaizlər gəlir, pulun köməyi ilə vəhhabiliyi yayırdı. Sovet cəmiyyətində ateizmin yayılması İslam dəyərləri haqda informasiyasızlıq mühitini yaratmışdı. Buna görə də dərin dini biliyə malik olmayan insanlar tez aldanırdı. Şiə icmasının çoxluq təşkil etdiyi Azərbaycanda vəhhabiliyin yaranması da burdan qaynaqlandı. Hazırda Azərbaycanda iqtisadi vəziyyət xeyli yaxşılaşıb, ölkə qonşuları ilə müqayisədə kifayət qədər inkişaf edib. Məhz bu amildən radikal qruplar, dolayısı ilə İŞİD istifadə edir. Belə ki, ortaya atılan ideyaya görə, Azərbaycanda şiələr rahat yaşayır, sünnilərsə yox. Halbuki bu ölkənin tolerantlığı dünyaya nümunə olaraq göstərilir. Sadəcə olaraq, bir qrup beyni yuyulmuşlar bu tip təbliğatlara uyur və “ədalətli islam dövləti” xülyalarına qapılır. Digər tərəfdən, Azərbaycanın bərəkətli torpaqları İŞİD üçün cəlbedicidir”.


Müəllif iddia edir ki, Azərbaycana qarşı islam radikalizminin formalaşmasında ABŞ fəal iştirak edir: “Təsadüfi deyil ki, bir çox hallarda Vaşinqtonda “Azərbaycanın dini azlıqları sıxışdırması” iddiaları səslənir. ABŞ-ın dini azlıqlarla bağlı hesabatlarına hər il Azərbaycanın da adı salınır. Daha sonra ənənəvi qaydada bundan istifadə edərək Azərbaycan iqtidarını tənqid edirlər. Misal üçün, ötənilki hesabatda Əfqanıstanla eyni siyahıya Azərbaycan da daxil edilmişdi. Bu arada Bakıdakı ABŞ səfirliyinin dini spektrlə sıx əlaqəyə malik olması da diqqətdən yayınmır. ABŞ tərəfindən Bakıya qarşı təzyiqlər fonunda yerli radikalların güclənməsi də xüsusi diqqət çəkir. Misal üçün, ötən il “Meşə qardaşları” və “Ceyşullah” savaş elan etdi”.


S. Balmasov Azərbaycana İŞİD təhlükəsinin nə qədər real olduğunu da şərh edib.


“Hələlik hökumət vəziyyətə ciddi nəzarət edə bilir. Lakin bir sıra Qərb ekspertləri təhlükənin o qədər də sadə olmadığına inandırmağa çalışırlar. Problem daha çox Azərbaycanın Şimal regionunda özünü göstərir. Sünni əhali daha çox burda yaşayır və Dağıstandan bu bölgəyə radikalizmin ixracı zaman-zaman nəzərə çarpır. Sumqayıt şəhərində də mənzərə ürəkaçan deyil. Azərbaycanın yerləşdiyi coğrafiya da çox mürəkkəbdir. Xüsusilə çeçen mücahidlərinin Şimali Qafqazda aktivliyi bu ölkənin şimal regionuna da təsirsiz ötüşmür. Lakin dövlətin bu məsələdə sərt mövqeyi xüsusilə seçilir və hər hansı kiçik təhlükə belə uğurla zərərsizləşdirilir. İŞİD-in bu ölkəyə təhlükə yaradacağı uzaq üfüqlərdə də görünmür”, - deyə o qeyd edib.


Müəllif daha sonra bir sıra ciddi iddialarla çıxış edib. Onun iddiasına görə, Vaşinqton Bakıdan İŞİD-ə qarşı koalisiyaya qoşulmağı istəyə və rədd cavabı aldıqdan sonra radikallara dəstək verə bilər: “Məhz bu baxımdan, İŞİD tərəfindən Azərbaycana təhlükə olduğu fikri zaman-zaman aşılanır. Okeanın o tayında düşünürlər ki, bununla Azərbaycanı koalisiyaya qoşmaq olar. Burda Rusiya faktoru da var. Ukrayna böhranından sonra Vaşinqton Bakının Moskvaya qarşı sərt mövqe tutacağını hesab edirdi. Lakin bu baş vermədi. Hərçənd rəsmi Bakı Qərblə öz münasibətlərini xeyli yaxşılaşdırıb və Avropanın enerji təminatında əsas rola malikdir. Görünür, Azərbaycanda radikal partlayışın olması haqda təbliğat həm də Rusiyaya qarşı kampaniya ola bilər. Hansı ki, Şimali Qafqazda İŞİD üçün bir növ ilkin baza yaradılır. Bütün hallarda baş verən proseslərin səhnəarxası planları aydın nəzərə çarpır”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR