• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avropa Birliyinin yeni “Qarabağ ssenarisi”: Marşal planı qayıdır?

  • Nida.az
  • 10 Mart 2015 18:24
  • 1 976 Baxış
Avropa Birliyinin yeni “Qarabağ ssenarisi”: Marşal planı qayıdır?

Avropa Birliyinin Yaxın Qonşuluq Siyasətinə yenidən baxılması ilə bağlı müzakirələr başlayır.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu müzakirələr bir neçə ay davam edəcək.


Burda diqqətçəkən məqam Avropa Birliyinin post-sovet məkanındakı münasibətlərə, dolayısı yolla, Dağlıq Qarabağ münaqişəsinə dair siyasətini yenidən gözdən keçirməsidir.


Birliyin Yaxın Qonşuluq Siyasəti proqramının icraçıları hesab edirlər ki, yeni yanaşmalar olmalı, xüsusilə dondurulmuş münaqişələrin nizama salınması işi sürətlənməlidir. Bu, Dağlıq Qarabağ münaqişəsinə də şamil edilir.

Rusiyalı ekspertlərə görə, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını prioritet hədəf seçir. Brüssel üçün Qarabağ münaqişəsinin önəmi hər il artır. Bu qəbul olunan müxtəlif qərarlarda da özünü göstərir.


Bu, Almaniyanın Qarabağa dair danışıqlarda önə çıxması fonunda da diqqət çəkir. Çünki Minsk qrupunun həmsədri olaraq Avropanı Fransa təmsil etsə də, özünü birliyin lokomotivi hesab edən rəsmi Berlin arxa planda qalmaq istəmir.


Brüsseldə hesab edirlər ki, Qarabağ danışıqlarında vasitəçi status ala bilməyəcəksə, Avropa Birliyi gələcək geosiyasi oyunlarda da geridə qalacaq.


İddialar var ki, Brüssel Qarabağ danışıqlarında lokomotiv rolunu oynamaqla indiyə qədər münaqişə tərəflərinə qarşı istifadə etdiyi demokratiya rıçaqını bununla əvəz etmək istəyir.

Digər tərəfdən, Ukraynada toqquşan Qərb-Rusiya qarşıdurması dolayı yolla Qarabağ məsələsinə də təsir edir. Tərəflər Cənubi Qafqazda hakim mövqe tutmaq üçün bu münaqişənin həllində əsas rola malik olmaq istəyirlər.

Hazırda Avropa Birliyinin Yaxın Qonşuluq Siyasətinə yenidən baxması bu kontekstdə diqqət çəkir.


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Publika.az-a açıqlamasında Avropa Birliyinin bu addımı arxasında xüsusi planların olduğunu deyib. Onun sözlərinə görə, Yaxın Qonşuluq Siyasəti artıq iflasa uğrayıb: “Bu format proqramda iştirak edən ölkələrə faktiki olaraq fəlakət gətirdi. Hər birimizə bəllidir ki, ötən əsrin 50-ci illərində Marşal planı işlənib hazırlandı. Bu plan dünyada NATO-nun hərbi cəhətdən təşkili ilə yanaşı, soyuq savaşda Sovet təhlükəsinə qarşı Qərb alyansını gücləndirməkdən ibarət idi. Bundan sonra ölkələr SSRİ-yə qarşı kollektiv addımlar atmaq hüququ əldə etdi.

Yaxın Qonşuluq Siyasətini də iqtisadi Marşal planı hesab etmək olardı. Məqsəd bura qoşulan ölkələrin Rusiyanın təsir dairəsindən uzaqlaşdırılması idi. Ukrayna, Gürcüstan, Belarus, Ermənistan və Azərbaycan məhz bu məqsədlə proqramda iştirak haqqı qazanmışdı. Gələcəkdə bu ölkələr iqtisadi cəhətdən Avropanın bir hissəsinə çevriləcək, hərbi və siyasi alyansa üzv ola biləcək və onlardan sipər kimi istifadə olunacaqdı. Azərbaycan və Gürcüstan onsuz da yaralı idi. Daha sonra Abxaziya və Cənubi Osetiyanın müstəqil olması üçün Rusiyanın səylərinə qarşı Avropa heç nə etmədi. Avropa Sarkozinin timsalında Putinin Tiflisə girməsinin qarşısını almaqla kifayətləndi. Bu ölkələrdən cəsarət tələb olunduğu halda, özləri kənarda qaldı. Daha sonra Ukraynanın taleyinə şahid olduq və hazırda faciə davam edir”.


Z. Oruc hesab edir ki, Yaxın Qonşuluq Siyasətinə korrektə etməklə ciddi dəyişikliyə nail olmaq mümkün olmayacaq.


“Bu ölkələr faktiki olaraq Rusiyaya qarşı sanksiya tətbiq etsələr də, hərbi cəhətdən savaş açmaq niyyətində deyillər. Eyni zamanda, münaqişələrə yanaşmaları birmənalı deyil. Axı Avropa Birliyi Gürcüstanı, Ukraynanı, Moldovanı, Azərbaycanı eyni meyarlarla müdafiə etməyib. Məgər diplomatlarımız bundan ötrü birliyin bütün kuluarlarında keçməlidir ki, Qərb parlamentarilərin diqqətini həqiqətlərə yönəltsin? Məgər ukraynalılar dünyaya səpələnib dəridən-qabıqdan çıxırlar ki, bu gün onları müdafiə edirlər? Təbii ki, yox. Avropa Birliyi açıq şəkildə bu regiondakı ölkələrin hər birinin ərazi basqılarına məruz qaldığını açıqlamalı və bu istiqamətdə addımlar atacağını deməlidir. Amma indiyə qədər susub.

Çünki həmin proqramın bir üzvü də Ermənistandır. Rusiyanı daşlayır, Ukraynaya görə onu ittiham edirlər. Bəs nə üçün işğalçı Ermənistan qonşuluq siyasətinə daxil olunur? Belə qonşuluq olar? Əminəm ki, Avropa Birliyi indiki gerçəklikdə belə Ermənistana yardımları kəssə Qarabağda sülhə nail olunar. Amma iki ay əvvəl heç bir geopolitik əsası olmadan gələcək orbitini Avrasiya İqtisadi İttifaqı ilə bağlayan Ermənistana Avropa Birliyi tərəfindən 77,5 milyon dollar yardım edilib”, - deyə komitə üzvü vurğulayıb.


Z. Oruc Avropanın qonşuluq siyasətini dirçəltməklə region ölkələrini Rusiyaya qarşı qaldırmaq istədiyini deyib.


“Toqquşmalar yaradaraq sonda kənarda dayanacaqlar. Məsuliyyət, faciə, dağıntı isə savaşa girən ölkələrin üstündə qalacaq”, - millət vəkili qeyd edib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR