Avronestdən İrəvanda siyasi şou – Azərbaycan adekvat addımlar atacaq
Bizi izləyin

Nida.az

Avronestdən İrəvanda siyasi şou – Azərbaycan adekvat addımlar atacaq

Avronest PA-nın İrəvanda keçirilən plenar iclasında qondarma erməni “soyqırımı” haqqında qətnamə qəbul edilib.

Publika.az xəbər verir ki, qətnamə Ermənistan və Avropa Parlamenti ilə birgə hazırlanıb. Qətnamə 33 səs “lehinə”, 4 səs “əleyhinə” olmaqla qəbul edilib.

Sənəddə 1915-ci ildə Osmanlı dövləti ərazisində ermənilərə qarşı soyqırım cinayəti həyata keçirildiyi iddia olunur və Türkiyənin onu tanıması barədə çağırış edilir.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Avronestin iclasına qatılmaqdan imtina edib.

Azərbaycan nümayəndə heyəti Avropaya xəbərdarlıq etmişdi

Milli Məclisin deputatı, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Azərbaycan nümayəndə heyəti Avronest PA-nın sessiyasının İrəvanda keçirilməsinə öz etirazını bildirərkən, Ermənistan tərəfinin bu beynəlxalq tədbirdən “erməni soyqırımı”nın 100 illiyinin təbliğatı üçün istifadə edəcəyini qeyd etmişdi.

“Sessiyanın ilk günü göstərdi ki, biz öz proqnozlarımızda yanılmamışıq. Ermənistan tərəfi özlərinin təxribat xarakterli tarixi “ənənələrinə” sadiqlik nümayiş etdirərək qondarma erməni soyqırımının 100 illiyinə dair qətnamə layihəsi irəli sürüb. Qətnamə layihəsində 1915-ci ildə Osmanlı dövləti ərazisində ermənilərə qarşı soyqırım cinayəti həyata keçirildiyi iddia edilir və Türkiyəyə öz tarixi ilə barışması barədə çağırış edilir. Prosedur qaydalarına əsasən bu qətnamə layihəsi sessiya ərzində müzakirə edilməlidir və onun qəbul olunmasını istisna etmək olmaz. Beləliklə, Avronest PA öz sessiyasını İrəvanda keçirməklə özünü Ermənistanın sərsəm soyqırımı iddialarının təbliğatı maşınına çevirməsi təsdiqini tapdı. Düşünürəm ki, sessiya zamanı Ermənistan tərəfinin yeni təxribatlarının şahidi olacağıq”, - deyə Azərbaycan nümayəndə heyətinin rəhbəri hələ dünən bu barədə proqnoz verib.

“Bu, qətnamə yox, mətndir, lakin...”

Bu gün yayılan məlumatlar Ermənistanın beynəlxalq iclası özünün təbliğat maşını üçün istifadə etməyə cəhd etdiyini göstərir.

Nümayəndə heyətinin üzvü, millət vəkili Fuad Muradov Publika.az-a açıqlamasında bunun qətnamə yox, təcili qəbul olunan mətn olduğunu bildirib: “Yəni gələcəkdə qətnamə olarsa, bu mətn orda istifadə oluna bilər. Biz iclasın İrəvanda keçiriləcəyi təqdirdə bunu siyasi şouya çevirəcəklərini əvvəldən bilirdik. Bu haqda qərar qəbul olunanda avropalı siyasətçilərə dedik ki, ermənilər sizi oyuna salır. Sabah sizin vasitənizlə siyasi oyunlar oynayacaqlar və bu Avropa üçün problemlər yaradacaq. Çünki Avropa bir tərəfdən separatçı rejimlərə qarşı mübarizə aparır, Avropanın mərkəzində müharibə başlayacağı təhlükəsindən danışır. Digər tərəfdən, irqçilik, dözümsüzlük nümayiş etdirən Ermənistana belə bir dəstək verilir”.

“Ciddi bir təşkilatı siyasi şou arenasına çeviriblər”

F. Muradov qeyd edib ki, sənəddən ermənilərin istədiyi kəskin ifadələr çıxarılıb: “Çünki Avropada da normal, ağıllı düşünən insanlar var. Lakin bütün hallarda mətndə 2015-ci ilin “soyqırımın”100 illik yubiley olduğu qeyd olunur, Türkiyə bunu müzakirəsiz qəbul etməyə çağırılır. Belə bir mətnin qəbulu Avropa ilə Türkiyənin münasibətlərinə xələl gətirəcək. Ümumiyyətlə, Avropanın Ermənistana verdiyi dəstək özü üçün başağrısına çevriləcək”.

Nümayəndə heyətinin üzvü Türkiyə ilə yanaşı, Azərbaycanın da buna kəskin reaksiya verəcəyini deyib.

“Bu haqda katibliyə öz etirazımızı bildirəcəyik. Növbəti büro iclasında bu məsələni qaldırmağı, adekvat addımlar atmağı düşünürük. Çünki ciddi bir təşkilatı siyasi şou arenasına çeviriblər və bunun Avropaya heç bir xeyri olmayacaq”, - deyə F. Muradov qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm