Nida.az
Prezident: “Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır”
“Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq”.
Bunu Prezident İlham Əliyev Bakıda Azərbaycan xalqının milli
bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı
zamanı deyib.
Prezident deyib ki, bu kampaniya əslində heç vaxt dayanmamışdır:
“Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya
daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl –
2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də
birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya
şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan
antiazərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək,
qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış,
qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün
bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan
xalqı, nə dünya ictimaiyyəti buna inanmır”.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan xalqı hər şeyi öz
gözü ilə görür: “Son illərin inkişafı, şəhərlərimizin
abadlaşdırılması, ölkəmizin iqtisadi, sosial inkişafı, beynəlxalq
nüfuzumuzun artırılması göz qabağındadır. Eyni zamanda, bizim
işlərimiz dünya ictimaiyyəti üçün də artıq sirr deyil. Çoxsaylı
tədbirlər, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici
ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan
haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait
yaradır.
Ancaq buna baxmayaraq, biz görürük ki, dırnaqarası ekspertlər,
politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki
Azərbaycana qarşı soyuq müharibə elan etmişlər. Bir daha demək
istəyirəm ki, bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da
bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə
təsir edə bilsin”.
İlham Əliyev qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar təmin
edilib: “Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır.
Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur,
azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan,
din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin
edilibdir. Ancaq bizi ittiham etmək istəyən dairələrin öz
ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində
yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilibdir. Başqa
yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də
buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət
təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz
səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər?
Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?!
Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar
yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul edilmir? Bax bu
suallara cavab almaq çox çətindir. Mən həm xarici həmkarlarımla,
həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə
bu sualları açıq şəkildə onların üzünə deyərək verirəm. Bəlkə buna
görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar
olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox,
riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik,
islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona
görə, biz buna hazır olmalıyıq və biz hazırıq. Biz ölkəmizi
gücləndiririk, ölkəmizi inkişaf etdiririk. Bir daha demək istəyirəm
ki, Azərbaycanda bütün azadlıqlar mövcuddur – siyasi azadlıqlar,
vicdan azadlıqları, iqtisadi sərbəstlik. Bu gün Azərbaycan istər
iqtisadi inkişaf, istər dinlərarası dialoq baxımından nümunəvi bir
ölkədir”.
Prezident vurğulayıb ki, bu gün hər tərəf alovlanır, Yaxın Şərq,
Avropa, MDB məkanı, ya qanlı toqquşmalar, yaxud da ki, etnik, dini
zəmində qarşıdurmalar, qarşılıqlı ittihamlar: “Baxın, Azərbaycanda
bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Bu, bizim siyasətimizdir, xalqın da sifarişidir. Azərbaycan bu gün
dünya üçün əhəmiyyətli ölkəyə çevrilibdir. Bizi beynəlxalq aləmdə
dəstəkləyən ölkələrin sayı durmadan artır. Dünyanın ən mötəbər
qurumu olan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə
seçilmişik. Qoy bizi ittiham etməyə çalışan ölkələr 155 ölkənin
dəstəyi ilə seçilsinlər, görək necə seçilirlər. Bax budur reallıq.
Ona görə, əlbəttə ki, Azərbaycan xalqını bu ədalətsizlik, ikili
standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik üzür.
Ancaq bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz”.
Dövlət başçısı qeyd edib ki, Avropa Oyunları isə sadəcə olaraq bir bəhanədir: “Sanki bəzi xarici qüvvələr var ki, bunu bizə çox görürlər. Baxmayaraq ki, biz öz üzərimizə böyük məsuliyyət götürmüşük. Yəni, bu Oyunları iki il yarım ərzində hazırlamaq çox çətin məsələdir. Bu Oyunlar Olimpiya Oyunlarının səviyyəsində keçiriləcək. Olimpiya Oyunlarını keçirmək üçün yeddi il vaxt verilir. Biz isə cəmi iki il yarıma bunu edirik və ən aşağı büdcə ilə bunu edirik. Dünən Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdur. Bizim bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır “Transparency International”? Niyə bu işlərdə öz sözünü demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki, tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu barədə yazmırlar? Bu, ritorik suallardır. Ancaq biz bu sualları verməliyik və veririk. Çünki biz ədalətin tərəfdarıyıq. Hər yerdə ədalət olmalıdır - cəmiyyətdə, ailədə, beynəlxalq münasibətlərdə. Ədalət pozulduqda hər şey pozulur, inam pozulur. Sanki dünyada yeni bir dəyərlər sistemi formalaşır. Ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, düzgünlük əvəzinə riyakarlıq, yalan. Bax, biz buna qarşı mübarizə aparırıq. Əlbəttə, Azərbaycan böyük dövlət deyil, amma bizim də kifayət qədər gücümüz var ki, öz sözümüzü deyək, bölgədə və qitədə gedən proseslərə təsir edək”.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı