Tural Abbaslıdan İsa Qəmbərə “şah” ittihamı
Bizi izləyin

Nida.az

Tural Abbaslıdan İsa Qəmbərə “şah” ittihamı

“Nizamnaməyə görə Vurğun Əyyub Müsavat Məclisinin üzvüdür”.

Bunu Publika.az-a açıqlamasında Müsavat Divanının keçmiş üzvü Tural Abbaslı deyib. Onun sözlərinə görə, Vurğun Əyyubun Məclis sıralarından xaric edilməsi, yaxud bu barədə diskusiyalar partiya nüfuzuna daha çox zərər vurur:

“Partiya rəhbərliyinin bu məsələnin üstünə bu qədər getməsini siyasi baxımdan doğru addım saymıram. Bunu qurultaya qədərki yarışın hələ də lazımsız davamı kimi qiymətləndirirəm. Vurğun Əyyubu texniki baxımdan Məclis üzvlüyündən xaric olunmuş kimi qəbul etmirəm. Çünki partiya Nizamnaməsində bu məsələlər çox aydın şəkildə öz əksini tapıb. Kimsə Məclis üzvlüyündən ancaq və ancaq gizli səsvermə ilə xaric oluna bilər. Bülleten hazırlanmalı, Vurğun Əyyubun adı oraya salınmalı, lehinə, əleyhinə qrafalar təyin olunmalı, Məclisin ümumi sayının 50+1 nəfəri Vurğun Əyyubun xaric olunmasının lehinə səs verəcəyi halda çıxarılmalı idi. İsa Qəmbər çıxış edərək deyib ki, bunu səsə qoymağa ehtiyac yoxdur, çünki Vurğun bəy özünü Məclis üzvü hesab etmir və bu məsələ bitmiş hesab olunur. Ona görə də səsə qoyulmadan xaric olunub. Bu isə başdan ayağa Nizamnaməyə uğun olmayan mövqedir”.

“Müsavatda heç vaxt şah qanun olmayıb”

T. Abbaslı qeyd edib ki, Nizamnaməyə görə kimsə hansısa postdan istefa verirsə, bu, yazılı şəkildə ərizə ilə təqdim olunmalı və səsvermə keçirilməlidir.

“Odur ki, kimin nə deməyindən asılı olmayaraq Nizamnaməyə görə Vurğun Əyyub Müsavat Məclisinin üzvüdür. Müsavatda heç vaxt şah qanun olmayıb, qanun şah olub. Bunu kimsə dəyişmək istəyirsə, çox uğursuz cəhddir”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm