Nida.az
Bakının regional güc statusu böyüyür: Azərbaycan liderinin son manevrləri – TƏHLİL
Rəsmi Bakı son geosiyasi proseslər fonunda manevrlərini genişləndirir.
Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Avropaya səfərinin ardınca
Türkiyəyə getdi. Böyük enerji layihələrinin gələcəyini sığortalayan
bu səfərlərindən sonra medianın gözlənilməz adlandırdığı Səudiyyə
Ərəbistanı səfərinə çıxdı.
Azərbaycan liderinin uğurlu manevr təcrübəsi, indiyə qədər dəyişən
siyasi kartların qarmaqarışıqlığında ölkənin maraqlarının qorunması
və regional güc amilinin qüvvədə qalması üçün atdığı addımları
yaxşı tanışdır.
Hazırda regionda siyasi kartlar olduqca qarışıq vəziyyətdədir.
Aprelin 2-də 10 illik fasilədən sonra İranla “altılıq” ölkələrinin
nüvə məsələsində razılığa gəlməsi buna ciddi zəmin yaratdı. Dünya
enerji bazarından çıxarılmış İranın yenidən qayıtması ehtimalı
gündəmə gəldi. Bu isə onsuz da uçuruma yuvarlanan neft qiymətlərinə
pis gələcək vəd edir və təbii ki, dünyanı narahat edən məsələ
Bakını da düşündürür. Lakin Qərb-İran savaşının bitməsi, ən azından
arxa plana keçməsi Azərbaycan üçün sərfəlidir. Heç olmasa, Bakı
qonşu ölkələrin mənasız şübhələri olmadan öz siyasətini davam
etdirə biləcək.
Bu arada Yəməndə husilərin mərkəzi hakimiyyətə qarşı çıxması və
vətəndaş müharibəsinə səbəb olan qarşıdurma ümumi proseslərə
təsirsiz ötüşmədi. İranla Körfəz ölkələri, həmçinin Azərbaycanın ən
yaxın müttəfiqi Türkiyə qarşı-qarşıya gəldi. Qonşu ölkə ilə
müttəfiqi arasında qalmaq Bakıya sərf etmir. Digər tərəfdən, Yəmən
qarşıdurmasında Rusiyanın İranın yanında olacağı ehtimalı da ümumi
regionda mənfi ab-havaya yol açır. Hərçənd Qərb-İran
qarşıdurmasından sonra bunun nə qədər real olduğuna şübhələr
yaranıb.
Bütün hallarda bölgədə olduqca qarışıq durum yaranıb və belə bir
vəziyyətdə Prezident İlham Əliyevin Körfəz səfəri diqqət çəkir.
Azərbaycan liderinin manevrləri iki amil daşıya bilərdi: iqtisadi
və siyasi.
Neft qiymətlərinin düşməsi fonunda Azərbaycana ərəb kapitalı
olduqca vacibdir. Siyasi bacarığı qədər iqtisadi düşüncəyə malik
olan İlham Əliyev ölkəyə Qərbdən investisiya axının əvvəlki kimi
olmayacağını yaxşı anlayır. Çünki böhran “Köhnə Qitə”ni onsuz da
çətin vəziyyətə salıb. Belə olanda ən sərfəli yollardan biri
dünyada neftin qiymətinə təsir gücünə malik ərəb ölkələridir. Güman
ki, Azərbaycan Prezidenti Ər-Riyadda bu məsələni gündəmə gətirib və
buna nail olduğunu da demək olar.
Hakim partiya funksioneri Siyavuş Novruzovun “Prezident Azərbaycan və
Səudiyyə Ərəbistanı bankları arasında birgə fəaliyyəti ilə bağlı
müzakirələr aparıb və razılıq əldə olunub. Müştərək banklar olacaq.
Yəqin ki, Səudiyyə Ərəbistanı banklarının Azərbaycanda filialları
açılacaq” sözləri də bunu deməyə əsas verir.
Çox güman ki, yaxın vaxtlarda dövlət başçısının Səudiyyəyə
səfərinin ölkəyə gətirəcəyi iqtisadi dividentlərin şahidi
olacağıq.
Azərbaycan liderinin Ər-Riyada getməsinin arxasında dayanan siyasi
amillər də maraqlıdır.
Qərb-İran razılığından dərhal sonra meydana gələn ilk fikirlərdən
biri belə idi: “İran Qərbin təzyiqlərini üzərindən çəkən
kimi yaxın qonşularına təsir edəcək”.
Bakı Tehranla daim qonşuluq siyasəti aparır və öz müstəqil siyasətini heç nəyə qurban vermir. Bu aksiomadır. Hazırda qonşu İranla yüksək səviyyəli münasibətlər də qurulub. Hərçənd vaxtilə məhz Qərb-İran qarşıdurmasından az əziyyət çəkməmişik. Buna rəğmən, regionda ayrıca güc olmaq hədəfini seçən Tehranın Azərbaycana təzyiq etməsi ehtimalı gündəmə gələ bilər və vaxtilə yaşananlar da belə bir təcrübənin olduğunu göstərir.
Azərbaycan rəhbəri müsəlman dünyasının lider ölkələrindən olan
Səudiyyə Ərəbistanına getməklə Tehrana da mesaj verdi. Bu, daim
qarşı-qarşıya dayanan Tehranla Ər-Riyad arasında manevr gedişi idi.
Yəni, İranın mümkün təzyiqinə qarşı Körfəz antibiotiki. Hansı ki
rəsmi Bakı indiyə qədər Qərb-Rusiya qarşıdurmasından öz ağıllı
gedişləri ilə yayınmaq təcrübəsinə sahibdir.
Bakının Körfəz açılımı İranın Dağlıq Qarabağ münaqişəsində gizli formada Ermənistana verdiyi dəstəyin aradan qalxmasına, ən azından azalmasına səbəb ola bilər.
“Qərb-İran razılaşmasından sonra Azərbaycanın regional
strateji çəkisi azalacaq” fikri də son günlərin
ehtimallarından biridir. Təbii ki, bu bir qədər boşboğazlıq kimi
görünür və daha çox spekulyativ xarakterlidir. Lakin rəsmi Bakının
Ər-Riyadla yaxınlaşması avtomatik olaraq bu ehtimalı da aradan
qaldırır. Çünki bu fikri irəli sürənlərin prizmasından baxsaq,
Azərbaycan ABŞ üçün İrana mümkün müdaxilədə müstəvi olaraq
əhəmiyyətli idi. İndi razılaşma varsa, bu əhəmiyyət aradan qalxır.
Göründüyü kimi, Azərbaycan lideri ən kiçik ehtimalları belə aradan
qaldıraraq öz ölkəsinin əhəmiyyətini daim yüksək səviyyədə
saxlayır. Belə ki, Bakının Ər-Riyadla yaxınlaşması Azərbaycanı
İranın özü üçün əhəmiyyətli ölkəyə çevirir və Tehran vacib bir
oyunçunu öz yanına çəkmək məqsədilə bir çox güzəştlərə gedə bilər.
Eyni yanaşma Səudiyyə Ərəbistanına da aiddir.
Bütün bunların fonunda Bakının daha bir kartı var: İsrail. Təl-Əvivlə münasibətlər yetərincə yüksəkdir. Hazırda İranla razılaşmanı qəbul etməyən İsrail ABŞ-a da “diş” göstərir. Regionda kifayət qədər güc olan İsrailin həm də dünyanın idarəçiliyində böyük təsiri olan yəhudi lobbisi də var. Belə bir dövlətlə strateji müttəfiqlik ABŞ-ın bütün hallarda Azərbaycanı “gözdən çıxarması” ehtimalını sıfıra endirir.
“Azərbaycan siyasəti meydanda topla çox ağıllı oynayan möhtəşəm oyunçunu xatırladır”. Bakının manevrlərinə belə qiymət də vermək olar.
Daha bir versiya: Azərbaycan savaş müstəvisinə keçən Səudiyyə
Ərəbistanı ilə İran arasında birləşdirici rolunu üzərinə götürür.
Güman ki, Prezident İlham Əliyev Ər-Riyadda kralla Yəmən böhranı və
yaranmış situasiyanı müzakirə edib. Və burda söhbət təkcə İrandan
yox, husilərə verilən dəstəkdə onun yanında olan Rusiyadan da
gedir. Bakı Moskva ilə yaxın münasibətlərindən istifadə edərək
problemin həllini masaya daşıya bilər.
Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin qabaqlayıcı
manevrləri Bakının regional vacib oyunçu statusunu gücləndirir.
Asif Nərimanlı
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi