“Ermənistana Avropa İttifaqında etimadsızlıq yaranıb” - Fuad Muradov
Bizi izləyin

Nida.az

“Ermənistana Avropa İttifaqında etimadsızlıq yaranıb” - Fuad Muradov

“Ermənistana qarşı Avropa İttifaqında etimadsızlıq yaranıb”.

“Ermənistana qarşı Avropa İttifaqında etimadsızlıq yaranıb”. Publika.Az hakim partiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasının enerji təhlukəsizliyi komitəsinin həmsədri Fuad Muradov fevralın 11-də Brüsseldə keçirilən Avronest Parlament Assambleyasının üç komitəsinin iclası barədə danışarkən deyib.

Onun sözlərinə görə, ermənilər bu iclasda da həmişə olduğu kimi sübut etməyə çalışdılar ki, guya Avropanın yanındadılar: “Amma Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi onlara dedi ki, “Ermənistanın seçimi ortadadır”. O qeyd etdi ki, sənədlərin hazırlanmasına 200 gün itiriblər. Amma qəfildən Ermənistan Gömrük İttifaqına daxil olmaqla, Avropa İttifaqını fakt qarşısında qoydu. Ermənilər də iddia etdilər ki, onlara ciddi təzyiqlər olub. Amma bu inandırıcı olmadı”.

F. Muradov qeyd edib ki, Avronestin kürsüsündən biz ölkəmizin üzləşdiyi işğal faktı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq imkanı qazanırıq. Onun sözlərinə görə, Azərbaycan həmişə bütün beynəlxalq təsisatlardakı toplantılarda Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərərfindən işğalı məsələsini qaldırır: “Avronest PA-da bizim üçün bu baxımdan həqiqətləri paylaşmaq üçün yaxşı tribunadır. Biz müzakirələr zamanı Xocalı soyqırımı ilə bağlı məsələni qaldırdıq və gələcəkdə bu cür halların bir daha baş verməməsi üçün yeni nəsillərin məlumatlandırılmasının vacibliyini vurğuladıq”.

F. Muradov diqqət çatdırıb ki, beynəlxalq təşkilatlarda ölkəmizə qarşı işləyən qruplar mövcuddur.
“Bu, danılmaz faktdır. Ermənistan özünün diaspor şəbəkəsindən istifadə edərək buna əl atır. Öz havadarlarının dəstəyi ilə diaspor bəzən müəyyən antiazərbaycan işlərini apara bilirlər. Amma biz onların cavablarını da layiqincə veririk. Biz bunu nəzərə almaqla bərabər işimizi də davam etdirməliyik”-deyə millət vəkili bildirib.
Danışıqlar prosesinə də toxunan F. Muradov bildirib ki, sülh danışıqları prosesində Ermənistan bütün öhdəliklərininin yerinə yetirilməsindən boyun qaçırır.

Onun sözlərinə görə, bu, Ermənistanın gerçək siyasətidir.Millət vəkili qeyd edib ki bu ölkənin hakimiyyəti bütün danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədir: “Atəşkəs rejiminin pozulması isə hər dəfə ya xarici işlər nazirlərinin görüşü, ya da ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı müşahidə olunur. İşğalçı dövlət rəhbərliyinin əsas məqsədi öz hakimiyyətini qorumaqdır. Bu danılmaz faktdır ki, Ermənistan separatizm üzərinə qurulan dövlətdir. Dövlətin mahiyyəti isə parçalamaq, öz insanlarını diaspor təşkilatları vasitəsi müxtəlif ölkələrdə yerləşdirməkdir. Amma belə siyasət uzun müddət davam edə bilməz. Beynəlxalq birlik işğalçı dövlətə qarşı ciddi addımlar atmalıdır. Biz də öz tərəfimizdən iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti haqqında ətraflı məlumat veririk. Çalışırıq ki, dünya ictimaiyyəti Dağlıq Qarabağ problemi ilə bağlı əsl həqiqətləri bilsin və erməni tərəfinin işğalçılıq siyasətinin mahiyyəti ilə tanış olsun”.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasının ölkəmizə marağı daha gücləndirdiyini deyən F. Muradov hesab edir ki, bu əməkdaşlıq çərçivəsində Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə də ciddi diqqət yetirməlidir. Onun fikrincə, problemin həllinə bu təşkilatın təsir etmək imkanları böyükdür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm