Yeliseyin “göz yaşları”: Olland 24 apreldən sonra nədən Bakıya gəlir? – TƏHLİL
Bizi izləyin

Nida.az

Yeliseyin “göz yaşları”: Olland 24 apreldən sonra nədən Bakıya gəlir? – TƏHLİL

Fransa prezidenti Fransua Olland aprelin 25-də Bakıya gələcək. Ondan bir gün öncə məlum 24 apreldə isə Paris təmsilçisi İrəvanda “soyqırımın” 100 illiyinə həsr olunacaq tədbirə qatılacaq.

İrəvan “fransalı bacısının” pişvazına hazırlaşır. Dağlıq Qarabağ münaqişəsinin həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın bu addımı təəssüf doğurur, lakin təəccüb doğurmur. Azərbaycan torpaqlarının işğalına və “soyqırımına” hazırlaşan ermənilərin Xocalıda Hollivud səviyyəli ssenari əsasında gerçəkləşdirdikləri “soyqırım”a “fransız qalan” fransızlar məsələ kiçik bacıları ermənilər olanda (xüsusilə bu, Türkiyəyə qarşıdırsa) çox canfəşanlıq edirlər. Ollandın dünyanın əksər liderinin imtina etdiyi İrəvan səfərinə çıxmasını bu baxımdan anlamaq olar.

Ümumiyyətlə, dünya mədəniyyətinin mərkəzi sayılan Paris zaman-zaman erməniləri öz ağuşuna alıb. 1987-ci ildə Avropa Parlamentinin qondarma “erməni soyqırımı” haqda ilk dəfə qətnamə qəbul etməsini də məhz bu ölkə reallaşdırmışdı. Ollandan sələfi Sarkozinin “erməni soyqırımını” inkar etməyə görə cəza tətbiqi haqda təşəbbüsləri çox uzaq tarixdə baş verməyib. Bu günlərdə Avroparlamentin anti-Türkiyə qərarını çıxarmağında da fransalı deputatlar əsas paya sahib oldular. Yelisey öz şagirdi Qriqorinin oğullarına sahib çıxır.

İrəvanda Ollandla birgə yunan Kiprin rəhbərinin də iştirakı gözlənilir. Yunanlar gecələri hələ də “Konstantinopol sevdası” ilə yatırlar.

Və nəhayət, dünən Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də İrəvana gedəcəyi rəsmən təsdiqləndi. Halbuki son günlərin əsas manşeti “Putin İrəvana gedəcəkmi?” deyə atılırdı. Qərbin təzyiqi qarşısında Türkiyənin timsalında özünə yeni tərəfdaş, daha doğrusu, dayaq tapan Putinin öz “əyalətinə” səfər edəcəyi ehtimalı az idi. Hər halda Ankaranı qəzəbləndirəcək gediş indiki vəziyyətdə Putinin əlini zəiflədərdi. Bu baxımdan, ya Narışkin, ya da Medvedyevin üzərində çox düşünülürdü. Lakin son anda Kremlin sahibi “əyalət səfərinə” çıxmaq qərarını verdi. Bunun özü də Ankaranın “qara siyahısında” yer almaq deməkdir. Görünür, Moskvanın Ankaranın dəstəyi ilə reallaşdırmaq istədiyi “Türk axını” layihəsində kartlar qarışıb. Bu haqda konkret nəsə demək mümkün olmasa da, ən azından, ümumi ab-hava əvvəlki qədər pozitiv görünmür. Digər tərəfdən, Putinin İrəvan səfərinə son anda qərar verməsi dolayısı ilə Ollandın səfərindən də irəli gələ bilər.

Beləliklə, aprelin 24-də iki “bütöv”, bir “yarım” liderin iştirakı ilə Sərkisyan İrəvanda “konsert” verəcək.

Bu, “konsertdə” baş verəcəklər Türkiyə ilə yanaşı, Azərbaycana da toxunur. Lakin Ollandın İrəvanda “erməniləri ağladıqdan” bir gün sonra Bakıya gəlməsi ümumi prosesin əsas xəttini təşkil edir. Təbii ki, Yelisey sarayının rəhbərinin bu tarixdən sonra Bakıya üz tutması təsadüfi deyil.

Fransanın Dağlıq Qarabağ danışıqlarında Parisdən başlatdığı təşəbbüsü ələ almaq cəhdləri davam edir.

Ollandın Bakı səfərini əsasən bu kontekstdən dəyərləndirmək olar. Lakin İrəvan səfərinin ardından Bakı marşrutunu seçmək Ollandın heç də Qarabağ münaqişəsinə verdiyi önəmdən irəli gəlmir. Burda Fransanın – Qərbin öz maraqları var.

Aprelin 24-dən sonra Fransa Türkiyənin, eləcə də Azərbaycanın haqlı narazılığı ilə üzləşəcəyini yaxşı anlayır. Məhz bu baxımdan, Bakı marşrutu ilə Olland ermənilər üçün tökdüyü “göz yaşlarını” bir qədər arxa plana keçirmək niyyətindədir. Yəni yaranacaq narazılığı bununla səngitmək istəyir. Lakin onun İrəvandan sonra Ankara deyil, Bakını seçməsi diqqət çəkir. Bununla Fransa öz “neytral imicini” qorumağa çalışır. Çünki 24 apreldən sonra Ankara onu çətin qarşılaya. Olland Bakıya gəlməklə Türkiyəyə “sənin qardaşını da ziyarət etdik” mesajını verir. Beləliklə, Yelisey öz şagirdi Qriqorinin oğullarını tək qoymadan özünün də hədəf olmasını qarşını almağı düşünür.

Səfərin ümumi “karkası” belədir. Əsas məğzində isə Fransanın Qarabağ məsələsində əsas təşəbbüskar rolunu ələ almaq cəhdləri dayanır. Hansı ki, ötən ilin 27 oktyabrında prezidentlərin Paris görüşündə Olland belə bir başlanğıcın təməlini atdığını düşünürdü. Lakin bu görüşün ardından ermənilərin genişmiqyaslı təxribatları təməlin uğursuzluğunu sübut etdi. Ollandın “ikinci cəhd” gedişi son vaxtlar Avropa Birliyində gizli, lakin əsas rəqibi olan Almaniyanın münaqişəyə diqqəti artırmasından da irəli gəlir. Prezident İlham Əliyevin Berlin səfərində Angela Merkel bunu açıq şəkildə dilə gətirdi. Almaniya Birliyin lokomotivi olaraq Fransanı geridə qoymaq istəyir. Rəsmi Berlinin əsas mövqeyi Bakıya daha çox yaxındır. Çünki almanlar Azərbaycana “fransız deyil” və regionda Bakının önəmini yaxşı anlayır.

Belə demək mümkünsə, Berlinlə Paris arasında Bakı üçün gizli mübarizə gedir. Bu kontekstdə Ollandın Bakıya gəlişi və münaqişə istiqamətində “ikinci cəhd” gedişi etməsinin səbəbləri aydın olur.

Olland rəhbəri olduğu ölkə ilə yanaşı, Bakıya Qərbin də təmsilçisi kimi gəlir. Söhbət regionda Rusiya faktoru fonunda Qərbin Azərbaycana dəstək mesajıdır.

Məhz bu baxımdan, Vladimir Putinin son anda İrəvana getmək qərarı təsadüfi deyil. Moskva Ollandın İrəvan-Bakı marşrutunu özünə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsində əsas söz sahibi olmaq mövqeyinə qarşı təhlükə hesab edir. İrəvana getməklə Putin bir növ Ollandın “tuzuna” qarşı “kozır” çıxarmaq niyyətindədir.

Bakıda Olland necə qarşılanacaq?

Yəqin ki, İrəvanda tökdüyü “göz yaşlarından” sonra Bakı Ollandı o qədər də səmimi qarşılamayacaq, lakin diplomatik etiketdən də çıxılmayacaq. Bakı Ollandı qarşılamaqdan imtina da edə bilərdi. Halbuki Fransa böyük ölkədir. Buna rəğmən, təcrübə göstərir ki, rəsmi Bakı üçün milli maraqlar gücün nisbətindən asılı olmayaraq, güzəştə gedilməyəcək məsələdir.

Lakin ortada bir siyasi oyun var və emosiyalarla hərəkət etmək oyundan kənarda qalmaq demək olar. Göründüyü kimi, rəsmi Bakı praqmatik addımlarla oyunu ələ almaq niyyətindədir. Güman ki, Azərbaycan lideri Ollandı səhv yoldan çəkinməyə çağıracaq və ona Azərbaycan və Türkiyənin qəti mövqeyini çatdıracaq.

Lakin 24 apreldən sonra gündəmə gələcək yeni mənzərə olduqca təhlükəlidir. Bu tarix Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlara zərbə vuracaq. Eyni zamanda, ruhlanan İrəvan Azərbaycana qarşı təxribat xarakterli addımlarını genişləndirəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm