“Soyqırım” deyən yeganə ABŞ prezidenti və Klintonun pionerliyi
Bizi izləyin

Nida.az

“Soyqırım” deyən yeganə ABŞ prezidenti və Klintonun pionerliyi

ABŞ prezidenti Barak Obama gözlənilənlərin əksinə olaraq ənənəvi 24 aprel şərhini bir gün əvvəl verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Barak Obama ermənilərin 1915-ci il hadisələrinin ildönümü olaraq qəbul etdikləri 24 aprel şərhində erməni dilində “Böyük fəlakət” mənasını verən “Meds Yeghern” ifadəsindən istifadə edib.

Amma eyni zamanda Obama yazılı şərhində sərt mesajlara yer verib.

“1915-ci ildən başlayaraq, Osmanlı imperiyasındakı erməni xalqı sürgün edildi, qətl edildi və ölümə sürükləndi. Tarixi ana yurdlarındakı mədəniyyət və mirasları silindi. Qorxunc şiddət nəticəsində 1,5 milyon erməni can verdi. ABŞ səfiri Henri Morgentau ABŞ hökumətində həyəcan zəngi çaldı və Osmanlı liderlərinə qarşı dayandı. Onun kimilərinin səyləri sayəsində Meds Yeghern (Böyük Fəlakət) gerçəyi ortaya çıxdı”, - ABŞ prezidentinin yazılı şərhində deyilir.

Minlərlə erməni mühacirin ABŞ-da yeni həyata başlayaraq güclü və canlı bir cəmiyyət yaratdıqlarını bildirən Obama ermənilərin Amerika cəmiyyətinin sütunları halına gəldiyini qeyd edib. 1915-ci il hadisələrinin 100-cü ildönümünün “əhəmiyyətli bir an” olduğunu ifadə edən Obama sözügedən hadisələrə dair fikirlərini davamlı olaraq ifadə etdiyini və mövqeyinin dəyişmədiyini vurğulayıb.

Obama hadisələrin 100-cü ilində həyatını itirənləri xatırlamaq üçün erməni xalqı ilə birlikdə dayandıqlarını ifadə edib.

ABŞ prezidentinin 24 aprel şərhi erməni diasporu tərəfindən sərt qarşılanıb. Amerika Erməni Milli Komitəsinin direktoru Aram Hamparyan yazılı açıqlamasında Obamanın “soyqırım” ilə söz oyunu oynadığını və “gerçəklər”dən qaçdığını iddia edib: “Obamanın Ankaranı məmnun etmək üçün etdiyi yanıldıcı cəhdi Vaşinqtonu yalnız təcrid edəcək”, - Hamparyan əlavə edib.

Qeyd edək ki, ABŞ prezidentləri 1915-ci il hadisələri ilə bağlı ənənəvi şərhlərinə 1993-cü ildən başlayıb. Bu ənənənin əsasını isə 1993-2001-ci illərdə prezident olan Bill Klinton qoyub. ABŞ prezidentləri 24 aprel çıxışlarında “böyük fəlakət” və “qırğın” kimi ifadələrdən istifadə ediblər.

Klintondan əvvəlki prezidentlər isə bu hadisələrlə bağlı davamlı şərh verməyiblər. ABŞ-da 1977-1981-ci illərdə prezident olan Cimmi Karter 1915-ci il hadisələri ilə bağlı şərh verən ilk ABŞ prezidenti kimi tanınır. Ermənilərin ölkədə 1970-ci illərdən etibarən lobbiçilik fəaliyyətini gücləndirməsi Karteri 16 may 1978-ci ildə Ağ Evdə ABŞ-da yaşayan ermənilərin şərəfinə qəbul təşkil etməyə sövq edib. “Erməni xalqından daha çox acılar çəkən bir cəmiyyətin olduğuna şübhə edirəm”, - Karter deyib.

ABŞ-a 1981-1989-cu illərdə başçılıq edən Ronald Reyqan isə 1915-ci il hadisələri üçün “soyqırım” ifadəsini işlədən yeganə ABŞ prezidenti olub.

Reyqandan sonra prezident olan ata Corc Buş 1915-ci il hadisələri ilə bağlı yalnız bir dəfə şərh verib. O, 20 aprel 1990-cı ildə ermənilərin bir çox faciələrlə qarşı-qarşıya qaldığını ifadə edərək 1988-ci ildə böyük dağıntıların olduğu zəlzələni xatırladıb. Eyni zamanda 1915-1923-cü illərdə Osmanlı imperiyasında da ağrılar çəkdiyini iddia edib.

Prezidentliyi dövründə 7 dəfə şərh verən Klinton şərhlərində “qırğın” sözündən istifadə edib. Klinton 1995-ci ildə etdiyi şərhdə Azərbaycan ilə Ermənistanı Dağlıq Qarabağ mövzusunda siyasi bir həllin tapılması üçün səy göstərməyə çağırması ilə də diqqət çəkib.

ABŞ-ın 43-cü prezidenti oğul Corc Buş sələfi Klintonun ənənəsini davam etdirib. ABŞ-ın hazırkı prezidenti Barak Obama 2008-ci il prezident seçkiləri kampaniyasında ermənilərin 1915-ci il hadisələrinə dair iddialarını tanıyacağına dair söz verib. Obama prezident seçildikdən sonra Klintonun əsasını qoyduğu ənənəni davam etdirsə də, ermənilərə verdiyi sözü yerinə yetirməyib və şərhlərində indiyə qədər erməni dilində “Böyük Fəlakət” mənasını verən "Meds Yeghern” ifadəsindən istifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm