Mehdi Musayev: “Kampaniyalara rəğmən Avropa Oyunları mükəmməl keçiriləcək”
Bizi izləyin

Nida.az

Mehdi Musayev: “Kampaniyalara rəğmən Avropa Oyunları mükəmməl keçiriləcək”

“Bakıda keçiriləcək I Avropa Oyunlarına qarşı genişmiqyaslı anti-reklam kompaniyasının aparılması onu sübut edir ki, Avropada və Qərbdə müstəqil, çiçəklənən Azərbaycanın mövcudluğunu qəbul etmək istəmirlər”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyi (AQTİB) İcraiyyə Komitəsinin sədri Mehdi Musayev deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarına qarşı aparılan qara piar artıq siyasi maraqların və iddiaların çılpaqlığını üzə çıxarır: “Bəzi Qərb siyasi dairələri azğınlaşıblar. Onlar Azərbaycanın uğurlarına qarşı çox aqressiv paxıllıq nümayiş etdirilər. Azərbaycanı Avropada, yaxud ABŞ-da sadə insanlar tanımır. Məsələn, Gürcüstan 2003-cü il “Qızılgül inqilabına” və 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə görə tanınır. Yəni reklam olunub. Sadə ingilis və amerikalı bu ölkə barədə adi informasiyaya malikdir. Ermənistan isə qondarma “erməni soyqırımına” görə tanınır. İndi Azərbaycan üçün Avropada sadə insanlar səviyyəsində tanınmaq şansı yaranıb. Bakıda keçiriləcək Avropa Oyunları Azərbaycanın daha mükəmməl tanınması, reklamı, piarı üçün geniş şərait yaradacaq. Lakin məsələ burasındadır ki, bu oyunların keçirilməsi niyə ABŞ və bəzi Avropa dövlətlərindəki siyasi dairələri narahat edir?”

M. Musayev bildirib ki, Azərbaycana qarşı I Avropa Oyunları üzərindən təşkil edilən qara piara sərf edilən enerjini və resursları Dağlıq Qarabağ işğalının aradan qaldırılmasına sərf etsələr daha effektli olardı.

“Onsuz da Bakıda I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Mən təəssüf edirəm ki, bu tədbirə qarşı sərf edilən vəsait boş yerə havaya sovrulur. Bu vəsaiti Somali və Ruandadakı ac insanlara sərf etsələr daha yaxşı olardı”, - deyə o bildirib.

AQTİB İcraiyyə Komitəsi sədri rəhbərlik etdiyi təşkilatın Avropa oyunlarını dəstəklədiyini diqqətə çatdırıb: “Avropa oyunları Azərbaycan üçün dünyada böyük reklamdır. Rəhbərlik etdiyim təşkilat Azərbaycan Respublikasının dəstəklədiyi bütün beynəlxalq tədbirlərə tərəfdar çıxır və bu istiqamətdə əlindən gələn köməyi əsirgəməyəcək”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm