Azərbaycandan hansı qüvvənin təsiri altına keçməsi istənilir?
Bizi izləyin

Nida.az

Azərbaycandan hansı qüvvənin təsiri altına keçməsi istənilir?

Dövlət Dumasının beynəlxalq əlaqələr komissiyasının sədri Aleksey Puşkov bu günlərdə maraqlı açıqlama ilə çıxış edib.


Publika.az xəbər verir ki, Duma üzvü AŞPA-nın Rusiya, Türkiyə və Azərbaycanı eyni siyahıya daxil etdiyini bildirib.


Onun sözlərinə görə, AŞPA-da iki kateqoriyaya daxil olan ölkələr var: “Birincisi, toxunulmazlardır. İkincisi isə daim diqqət və müşahidə altında olanlardır. Elə Qərbi və Mərkəzi Avropa ölkələri var ki, özlərini monitorinqlərdən kənarlaşdırmağa çalışırlar. Lakin 1990-cı illərin ortalarında Avropa Şurasına daxil olan Rusiya, Türkiyə və Azərbaycan kimi ölkələrdə vəziyyətin araşdırılması işi ilə məmnuniyyətlə məşğul olurlar. Beləliklə, iki qrup dövlət yaranıb. Bir qrup ölkələr istəyir ki, onlardakı vəziyyətə heç kim nəzarət etməsin. Çünki onlar monitorinq prosedura altında olan dövlətlərdəki vəziyyəti müşahidə edirlər. Heç kim AŞ PA daxilində belə qeyri-formal bərabərsizliyin olduğunu heç vaxt təsdiq etməyib”.


Məsələni şərh edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycana qarşı kifayət qədər təzyiq olduğunun sirr olmadığını bildirib: “Bu adətən, siyasi məhbuslar, yaxud insan haqları kimi məsələlər üzərində qurulur. Bu cür təzyiqlər, ədalətsiz yanaşmalar uzun müddət əvvəl başlayıb və zaman-zaman davam edir. Ən maraqlısı isə Azərbaycana qarşı tətbiq edilən qaydalar, yaxud irəli sürülən iddialar AŞPA-nın digər üzvlərinə qarşı edilmir. Bu isə qərəzli yanaşmanı açıq şəkildə göstərir. Misal üçün, AŞPA repressiyaların baş alıb getdiyi Ermənistanla bağlı bir dəfə də olsun tənqidi fikir səsləndirməyib. Amma onlar Azərbaycanı tənqid etmək üçün sanki hər an məqam gözləyirlər”.


Türkiyədə Strateji Tədqiqatlar Mərkəzinin eksperti Orxan Qafarlı isə Avropada lap əvvəldən iki anlayışın mövcud olduğunu bildirib: “Köhnə və Yeni Avropa: bu avroatlantik – İngiltərə və avrointeqrasiya – Almaniya və Fransa olaraq da qəbul olunur. Azərbaycana, Türkiyəyə, yaxud AŞPA-ya daxil olan digər ölkələrə qarşı təzyiqlərin arxasında mütləq maraqlar var. Bu gün İngiltərədə Azərbaycan və Türkiyəyə daha yaxşı münasibət var. Almaniya, yaxud Fransa haqda bunu demək çətindir. Hazırda Azərbaycan və Türkiyədən daha çox problemi olan ölkələr var. Lakin məhz onların üzərinə hücum edilməsinin sadə səbəbi mövcuddur: bu ölkələr Almaniya və Fransanın təsiri altında olsunlar. Halbuki, Azərbaycan bu iki ölkə ilə yaxşı münasibətlər qura bilib”.


Ekspertin sözlərinə görə, Bakı və Ankaranın təsir altında düşməkdən boyun qaçırması və müstəqil siyasət yürütməsi bir çox Avropa ölkəsində müsbət qarşılanmır.


“Azərbaycan və Türkiyənin müstəqil siyasətində Rusiya ilə əməkdaşlıq da xüsusi yer tutur. Son zamanlar, artan təzyiqin bir səbəbi də bu ölkələrin məhz Rusiyadan uzaqlaşdırılmasına hesablanıb”, - deyə O. Qafarlı bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm