Səyyad Aran: “Azərbaycan Avropa Oyunları ilə tarix yazacaq”
Bizi izləyin

Nida.az

Səyyad Aran: “Azərbaycan Avropa Oyunları ilə tarix yazacaq”

“İlk Avropa Oyunları Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir”.

Bunu Publika.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, “Bakı 2015” Avropa Oyunları Təşkilat Komitəsinin üzvü Səyyad Aran bildirib.

Onun sözlərinə görə, “Bakı 2015” Avropa Oyunları zamanı Azərbaycanın bütün regionları, tarixi, mədəniyyəti geniş təbliğ olunacaq. S.Aran deyib ki, Azərbaycan haqqında məlumatları az olan adamlar Avropa Oyunları vasitəsilə geniş məlumata malik olacaqlar: “Bir neçə il əvvəl Bakıda keçirilmiş “Eurovision” yarışması zamanı Azərbaycan dünyada kifayət qədər tanındı. Ancaq “Eurovision” 3-4 gün ərzində keçirilən tədbirdir, “Bakı 2015” isə 17 gün keçiriləcək tədbir olacaq. Yəni, Azərbaycan ən azı 17 gün ərzində dünyada hərtərəfli təbliğ olunacaq. Bu oyunlar vasitəsilə Azərbaycan dünyada yüksək səviyyədə tanınacaq. Əvvəla, “Bakı 2015” Avropa Oyunlarına çox yaxşı hazırlaşan idmançılarımız buna səbəb olacaq. Əminəm ki, bir çox idmançılarımız Avropa Oyunlarında qızıl medallar qazanacaqlar, bununla onlar həm özlərini, həm də Azərbaycanı tanıdacaqlar. Eyni zamanda, 17 gün ərzində Azərbaycan bütün dünyaya geniş formada açılacaq. Artıq dünyanın bütün qitələrində Azərbaycan haqqında geniş təsəvvür yaranmaqdadır. Bu gün paytaxt Bakımız və regionlarımız sürətlə gözəlləşir, inkişaf edir. Bakını Dubayla, Parislə və digər inkişaf etmiş şəhərlərlə müqayisə edirlər. Bütün bunları Azərbaycana gələn qonaqlar söyləyirlər. Avropa Oyunları zamanı Bakıya yüzlərlə turist gələcək və onlar bir daha Azərbaycanın inkişafına şahid olacaqlar”.

S.Aran qeyd edib ki, hər bir ölkə bu cür mötəbər tədbirləri keçirməkdən böyük fəxr və qürur hissi duyur: “Azərbaycan xalqı da haqlı olaraq həmin fəxr hissini duymaqdadır. İnşallah Avropa Oyunları başlayanda və dünya mediasında işıqlandırılanda biz o xoşbəxtliyi daha aydın müşahidə edəcəyik. Görəcəyik ki, bütün dünyada Azərbaycandan, onun mədəniyyətindən, tarixindən, mətbəxindən, xalqından və regionlarından danışılır. Özüm də “Bakı Avropa Oyunları 2015” Təşkilat Komitəsinin üzvüyəm, bu oyunlara hər kəs kimi mən də hazırlaşıram, proseslərdə yaxından iştirak edirəm və özümü hədsiz dərəcədə xoşbəxt hiss edirəm ki, ilk dəfə Bakıda keçiriləcək bu oyunlar məhz mənim Vətənimdə təşkil olunur. Hesab edirəm ki, Avropa Oyunları ilə həm Azərbaycan, həm idmançılar, həm də ölkə vətəndaşları tarixə düşəcəklər. Bundan xoşbəxt hadisə axı nə ola bilər?”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm