“Türk axını” tarixə qovuşur: “qaz müharibəsində” üstünlük kimə keçir?
Bizi izləyin

Nida.az

“Türk axını” tarixə qovuşur: “qaz müharibəsində” üstünlük kimə keçir?

“Türkiyə “Türk axını” qaz kəmərinin tikintisində iştirak etməyəcək”.


Publika.az xəbər verir ki, bu barədə Türkiyənin energetika nazirliyi Taner Yıldız deyib.


Onun sözlərinə görə, Rusiya və Türkiyə Ədirnə vilayətində qazın saxlanılması üçün birgə anbar yaradacaq.


“Türkiyə öz coğrafi mövqeyinin bütün imkanlarından istifadə edir. Hökumət iki enerji layihəsində iştirak etmək niyyətindədir. “Türk axını” və TANAP. Türkmənistan da gələcəkdə TANAP-a qoşula bilər. Lakin bu layihələr rəqib deyil”, - deyə o bildirib.


Türkiyəli nazirin bu açıqlaması enerji xəritəsində qarışmış daşları yenidən oynadır.


“Türk axını”: Rusiyanın “Cənub axını” layihəsini əvəzləyən bu layihə daha çox Moskvanın “əzələ nümayişi” kimi qəbul olunur. Halbuki, rusların özü də bu layihənin perspektivinin şübhəli olduğunu anlayırlar. Çünki Avropa Ukraynadan sonra faktiki qandal olan rus qazından imtina etdi. Digər tərəfdən, qərblilər öz enerji ehtiyaclarını təmin etmək üçün alternativlər seçdilər ki, Azərbaycan da burda əsas alternativ rolunu oynayır. Rəsmi olaraq təsdiq olunmasa belə, Rusiya Avropaya Azərbaycandan daha tez çıxmaq niyyətindədir. Hətta bu günlərdə “Kommersant” nəşri “Qazprom”un Türkiyədən xəbərsiz olaraq layihənin gerçəkləşdirilməsi istiqamətində işə başladığı haqda xəbər yaydı. Moskva TANAP-ın gerçəkləşəcəyi 2018-ci il tarixini də qabaqlamaq niyyətindədir.


Rusiya nə düşünür?


Moskvanın davranışı “satıcının öz malını alıcıya məcbur satmağına” bənzəyir. Alıcı Avropa birmənalı olaraq rus qazını istəmir, amma ruslar israrlıdır. Səbəb nədir?


Rusiya artıq anlayır ki, Avropa bazarına əvvəlki qədər qaz çıxara bilməyəcək. Bu, iqtisadi itki deməkdir, lakin Moskvanı daha çox düşündürən digər məsələ var: siyasi təsir imkanlarının itirilməsi. Əslində bütün bu “qaz müharibələrində” siyasi amil qabarıq görünür. Avropa Rusiyadan asılılığını qurtarmaq istəyir, Moskva “Köhnə Qitəni” caynağında saxlamağın ən yaxşı yolunu itirmək istəmir.


Rusiyanın hər şeyə rəğmən, “Türk axını” layihəsində israr etməsi bu baxımdan təəccüblü deyil. Halbuki əvvəl “Cənub axını” var idi, lakin onun əsas “nəfəsliyi” olan Bolqarıstan Brüsselin istəyi ilə oyundan çıxdı. Moskva mahiyyətcə eyni, formaca fərqli olaraq yenidən oyuna qayıtdı və bu dəfə “nəfəslik” bir qədər genişləndirildi: Yunanıstan, Makedoniya, Serbiya və bunların ardında bütün Avropa bazarı.


Qərb də öz revanşını unutmur, Yunanıstana ciddi təzyiqlər var, Makedoniyada “rəngli inqilabın” cücərtiləri görünür.

Qərb - Rusiya qarşıdurması Ukraynadan sonra Balkanlara keçib. “Qazprom”un Türkiyədən xəbərsiz layihənin tikintisinə başlaması Moskvanın bu mübarizədə yenilmək istəmədiyini göstərir. Yəni qazını heç kim almasa belə, o, bu yolda israrlıdır. Digər formada yanaşsaq, Rusiya iqtisadi itkilər hesabına olsa belə, Avropa ilə öz içində müharibə aparmaqda qərarlıdır.


Çavuşoğlunun Vaşinqton səfərinin nəticələri görünür


Bütün baş verənlər fonunda Türkiyənin layihənin tikintisinə pul xərcləmək istəməməsi diqqət çəkdi. Ankara artıq bunu rəsmi şəkildə dilə gətirdi. Təbii ki, bu “Türk axını”ndan imtinanın diplomatik mesajıdır. Lakin lap əvvəldən Türkiyənin bu layihə üzərindən Qərb-Rusiya arasında siyasi manevr etdiyi məlum idi və bir gün imtina edəcəyi ehtimalı böyük idi. Sadəcə olaraq, bunun üçün fürsət yaranmalı və Türkiyə qazanclı çıxmalı idi.


1. Rusiya Prezidenti Vladimir Putinin aprelin 24-də Ermənistana getməsi və “soyqırımı” ifadəsini işlətməsi fürsəti yetişdirdi.

2. Həmin ərəfədə dünyanın bütün erməni lobbi dairələri Türkiyənin üzərinə gəlir, ard-arda “soyqırımı” ifadələri işlədirdi. Gözlər okeanın o tayına dikilmişdi: Ağ Ev nə deyəcəkdi?

ABŞ Prezidenti Barak Obamanın məlum ifadəni işlətməsi ermənilər üçün böyük divident olacaqdı. Lakin qəfil Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtona getdi. Ankara Obamadan “soyqırımı” ifadəsini işlətməməsini istəyirdi və o, bu istəyi gerçəkləşdirdi. Görünür, Ağ Evin sahibi bunun əvəzində Türkiyənin Rusiyanın yanında olmamasını, konkret olaraq “Türk axını” layihəsindən imtina etməsini istəyib. Və bu hazırda baş verir, amma daha nəzakətlə.

Türkiyə Rusiya ilə münasibətləri pozmaqda maraqlı deyil. Məhz buna görə də “Türk axını” layihəsindən imtina forması kimi boru kəmərinin tikintisinə pul xərcləmək istəmədiyini açıqladı.


İndi söz Rusiyanındır. Moskva iqtisadi çətinliyin altında təkbaşına boru kəməri çəkmək iqtidarında deyil. Lakin bundan imtina rusların Avropa üzərində təsir imkanlarına əlvida deməkdir. Yəqin ki, veriləcək qərar yaxın günlərdə məlum olacaq. Lakin “Türk axını” layihəsinin ümumiyyətlə arxivə göndərilməsi açıq şəkildə görünür.

Baş verənlər Azərbaycanın bu oyundan qazanclı çıxacağını göstərir.


Asif Nərimanlı








Oxumağa davam et
Reklam
Reklam

Gündəm