Rasim Ağayev: “Rusiyanın müqavimət qabiliyyəti lazımınca nəzərə alınmayıb”
Bizi izləyin

Nida.az

Rasim Ağayev: “Rusiyanın müqavimət qabiliyyəti lazımınca nəzərə alınmayıb”

Rasim Ağayev: “Rusiyanın müqavimət qabiliyyəti lazımınca nəzərə alınmayıb”

Ukraynada vəziyyət gərgin olaraq qalır. Krımda Rusiyanın dəstəyi ilə hakimiyyətə gələn Sergey Aksyonov Ukraynanın yeni hökumətini tanımadığını bildirib. Şərqi Ukraynanın bir sıra şəhərlərində isə dövlət binaları üzərində Rusiya bayraqları dalğalanır. Rusiya Ukrayna ilə sərhəddə təlim keçən qoşunlarını geri çəksə də, rus birlikləri Ukraynanın Krımda yerləşən hərbi bazalarına nəzarətini davam etdirir.

Ukraynanı necə bir gələcək gözləyir, Rusiya Ukrayna böhranından güclü, yoxsa zəif çıxacaq, bu ölkədəki vəziyyət postsovet məkanına hansı şəkildə təsir edəcək?Publika.Az-a müsahibəsində politoloq Rasim Ağayev Ukrayna ətrafında yaranan vəziyyəti dəyərləndirib.

-Qərb Rusiyanı sanksiyalarla hədələyir və Polşa prezidenti də Rusiyanın Krıma müdaxiləsinə görə gündəlik zərərin 70 milyard dollar olduğunu bildirib. Sanksiya xəbərdarlıqları öz yerində, onların tətbiq olunması ehtimalı nə qədərdir?

-Sanksiyalar iqtisadi blokadadır və bunu güclü ölkələr vaxtaşırı öz rəqiblərinə qarşı istifadə edir. Vaxtilə Napoleon bunu İngiltərəyə qarşı digər ölkələrlə birlikdə etmişdi və sonda da məğlub oldu. ABŞ 1930-cu illərə qədər iqtisadi blokada ilə SSRİ-ni boğurdu və nəhayət dedi ki, gəlin oturub danışaq. Bir az keçəndən sonra isə Almaniyaya qarşı İngiltərə ilə birlikdə müttəfiq oldular. Qonşumuz İrana qarşı da illərdir ki, sanksiyalar tətbiq olunur, amma ortada nəticə yoxdur. İqtisadi sanksiyalar sözsüz ki, zərər verir, amma məsələni kökündən həll edə bilmir.

Müharibə olanda qalib tərəf öz şərtlərini irəli sürür və müqavilə bağlanılır. İqtisadi sanksiyalarda isə belə bir vəziyyət yaranmır. Putin bildirir ki, iqtisadi sanksiyalar ikitərəfli silahdır və o, bu məsələdə haqlıdır. Avropa və ABŞ-ın özü də böhran içindədir. Avropa ölkələri üçün Rusiyanın əhəmiyyəti çox böyükdür. Sanksiyaların Avropaya da zərəri çox olacaq. Rusiyanın vəziyyəti də çox gərgindir. Oliqarxiya meydan oxuyur və geniş kütlənin vəziyyəti yaxşı deyil. Ukrayna, xüsusilə Krımla bağlı sərt mövqe tutan Moskva ilk növbədə rus xalqını səfərbər edir. Hazırda Rusiyada yeni, milli imperiya ideologiyası formalaşır. Bu ideologiyanın lideri olaraq da Putin qəbul olunur. Şübhə olmasın ki, sanksiyaların tətbiq olunacağı halda Rusiyanın vəziyyəti pisləşəcək. Ruslar heç vaxt yaxşı yaşamayıblar, həmişə yoxsul olublar. Avropalılar isə rahat həyata, bolluğa öyrəşiblər. Sanksiyalara əl atılması ABŞ-ın siyasi acizliyini göstərir. Daha düzgün yol postsovet məkanında bütün münaqişələri müzakirə edərək ümumi dil tapılmasıdır.

-Ukraynanın gələcəyi ilə bağlı müxtəlif variantlar irəli sürülür. Məsələn, ABŞ politoloqu Zbiqnev Bjezinski Finlandiya modelini irəli sürüb. Siz necə bir model proqnozlaşdırırsınız?

-Bjezinskinin Ukrayna ilə bağlı xeyli fikirləri var. O bildirib ki, Ukraynanı Rusiyadan qopartmaq Amerikanın arzusudur. Bununla da Putinin Avrasiya İttifaqı layihəsinə zərbə vurulur və Rusiyanın böyük bir dövlət kimi taleyi sual altına düşür. Əsas məqsəd budur. Hazırda yaranmış vəziyyət göstərir ki, mövqelərdə qeyri-dəqiqlik var. Qeyri-dəqqilik isə ondan ibarətdir ki, Rusiyanın müqavimət göstərmək qabiliyyəti ekspertlər tərəfindən lazımınca nəzərə alınmayıb. Digər tərəfdən, böyük konfliktlərdə hər şeyi hesablamaq olmur. Hesab edirəm ki, proses başqa cür gedəcək və bunu bütün tərəflər yaxşı başa düşür. Ortaya optimal bir model kimi Ukraynanın federallaşması çıxır. Heç Avropanın özü də məmnun olmayıb ki, Maydana faşist qüvvə çıxsın. Mənə çox təəccüblü gəlir ki, Angela Merkel Kliçko və Yaroş kimi nasist ideologiyası ilə hərəkət edən insanları dəstəkləyib.

-Ukrayna hadisələrindən asılı olaraq Rusiyanın postsovet məkanı, o cümlədən Cənubi Qafqaz ilə bağlı siyasətində hansı dəyişiklikləri gözləyirsiniz?

-Rusiya Ukrayna böhranından hansı şəkildə çıxsa da, bu onun yaxın xaricdə yerləşən ölkələrə münasibətinə təsir göstərəcək. Rusiyanın Krım və Ukraynanın şərqini nəzarəti altında saxlaya bilməsi hadisələrin gedişatı ilə bağlı bir variantdır. Ukraynanın federallaşmasını da Rusiyanın qələbəsi hesab etmək olar. Rusiyanın Ukraynadan çəkilərək öz sərhədlərinə qayıtması, reallığı qəbul etməsi başqa bir variantdır və bu, Rusiyanın siyasətində dəyişikliyə gətirib çıxaracaq. Bu halda Rusiyanın siyasətindəki sərtlik, hegemoniyaya meyllik aradan qalxacaq. Vaxtilə ABŞ deyirdi ki, Amerika qitəsi mənim maraqlarım daxilindədir və buraya heç kim girə bilməz. ABŞ-ın iddiasını Karib böhranı da göstərdi. İndi isə ABŞ bəyan edir ki, bütün dünya mənim zonamdır. Rusiya isə yaxın ətrafını özünün hegemoniyasının zonası elan edib.

-Bir müddət əvvəl Bakıda Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığı ilə bağlı keçirilən konfransda gürcü ekspert qeyd etmişdi ki, Ukraynada həm də Azərbaycan və Gürcüstanın taleyi həll edilir...

-Bu məsələdə Türkiyə faktoru da var. Demək olmaz ki, Ukrayna böhranının nəticələri yalnız Azərbaycan və Gürcüstana təsir edəcək. Bu genişmiqyaslı problemdir. Birinci növbədə Rusiyanın taleyi həll olunur. Daha sonra isə söhbət Belarus və Qazaxıstandan gedir. Rusiyanın parçalanacağı halda Orta Asiyanın taleyi məsələsi ortaya çıxır. Vaxtilə deyilirdi ki, ABŞ-ın məqsədi kontinental yenidənqurma aparmaq, Avropa, Yaxın Şərq və postsovet məkanının xəritəsini tamamilə dəyişdirməkdən ibarətdir. Rusiya geri çəkilsə, bu olacaq. Ermənistanın da taleyi həll olunacaq, sərhədlər dəyişəcək.

-Üç gün əvvəl Ukraynadan qayıdan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Krımın Ukraynadan ayrılması postsovet məkanındakı digər münaqişələrin taleyinə də öz təsirini göstərəcək. Belə bir təhlükə varmı?

-Qeyd edək ki, Krımın Ukraynadan ayrılmasını nə Krımın özü, nə də Rusiya istəyir. Söhbət ondan gedir ki, Krım hakimiyyəti Ukraynada hakimiyyətə gələn qeyri-legitim hakimiyyəti tanımır. Ukraynada federallaşma prosesi getsə, postsovet məkanındakı tanınmamış qurumların sayı artacaq. Təbii ki, Azərbaycan Ermənistan və Qarabağ seperatçılarının hansı addımlar atacağını gözləməlidir.

-Qərb politoloqlarından biri söyləyib ki, Rusiya Krıma hərbi müdaxilə etməkdənsə, hakimiyyətə gələn müxalifət liderləri arasındakı münasibətlərin nəticəsini gözləməli idi...

-Ola bilsin ki, bu yaxşı fikirdir. Amma proseslər elə bir məzmunda ortaya çıxdı ki, nəinki Ukrayna, o cümlədən Rusiya əhalisini də sarsıtdı. Gürcüstanda Qamsaxurdiya hakimiyyətə gələndə Qərb onu yaxşı demokrat adlandırdı. Amma orada azərbaycanlıları qırırdılar, Azərbaycanı bir dövlət kimi qəbul etmirdilər. Bu hadisələr öz başımıza gələndə başa düşürük, amma ruslara deyirlər ki, gözləmək lazım idi. Bu iradı Rusiyaya da tutmaq olar, amma birinci növbədə Kliçko və Tyabnikov kimi şəxslərə irad tutulmalı idi. Yanukoviç səlahiyyətlərini artıq təhvil vermişdi. Ukraynada xarici amil ciddi şəkildə özünü göstərdi. Nə Yasenyuk, nə Kliçko, nə də Tyabnikov özbaşına deyildi. Bütün inqilabi hərəkətlərdə xarici qüvvənin olması labüddür. Yalnız Spartak üsyanında xarici amil olmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm