Nazir müavini: “Avropa Oyunları ərəfəsində kiber hücum riskləri nəzərə alınıb” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Nazir müavini: “Avropa Oyunları ərəfəsində kiber hücum riskləri nəzərə alınıb” – MÜSAHİBƏ

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin Publika.az-a müsahibəsi:

– Elmir müəllim, Azərbaycanda keçiriləcək “Bakı 2015” İlk Avropa Oyunlarına artıq sayılı günlər qalır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu tədbirə necə hazırlaşır?

– Bildiyiniz kimi, mötəbər və nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyəli ev sahibliyi təcrübəsi qazanan Azərbaycan daha bir əlamətdar tarixin astanasındadır. Çünki Avropa xalqları ailəsi üçün tam yeni idman erasının təməlini qoyacaq I Avropa Oyunlarını keçirmək hüququ məhz Azərbaycana verilib.

10-11 gündən sonra baş tutacaq I Avropa Oyunlarının layiqincə keçirilməsini təmin etmək məqsədi ilə digər qurumlarla yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) üzərinə də mühüm vəzifələr düşür.

Bu vəzifələrin icrası Rabitə və Yüksək Texnologiyalar Nazirinin rəhbərliyi və nəzarəti ilə yerinə yetirilir.

Həmçinin, “Bakı 2015” İlk Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BAOƏK) dövlət orqanları ilə yüksək səviyyədə səmərəli əməkdaşlığın qurulması və tərəflərin birgə fəaliyyət prosesinə uyğunlaşdırılması məqsədilə yaradılmış İnteqrasiya Qrupunun iclaslarında iştirak edilir. İclaslarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq kabellərin mühafizəsi, RYTN-ə aid işlərin təşkili səviyyəsi və digər əlaqədar məsələlər müzakirə edilir.

İnteqrasiya Qrupunun “Oyunlar əməliyyatları həyatında bir gün” adlı “dəyirmi masa” təlimlərində oyunların bir günündə bir sıra ehtimal oluna bilən hadisələr simulyasiya edilir və oyunlara nəzarət edən əməliyyat qruplarının bu hadisələrə reaksiyası və tədbirləri müşahidə edilərək qrupların oyunlar zamanı öz funksiyalarının icrasına hazırlıqları yoxlanılır.

– İlk Avropa Oyunlarında insanlara hansı rabitə xidmətləri göstəriləcək?

– Rabitə xidmətlərinə olan tələbatlar İlk Avropa Oyunları Əməliyyat Komitəsi ilə RYTN-də mütəmadi müzakirələr nəticəsində müəyyənləşdirilib.

İlk Avropa oyunlarının keçiriləcəyi oyun məkanlarının və təşkilati binaların BAOƏK-in tələbatına uyğun dayanıqlı və alternativ optik kabellərlə təchiz edilməsinə dair layihələr əsasında və tələbata müvafiq olaraq, ümumilikdə 288 km optik kabelin çəkilişi, montaj və ölçü işləri başa çatdırılıb.

Mingəçevir şəhərində keçiriləcək kanoe-sprint idman yarışının yayımının və digər telekommunikasiya xidmətlərinin təşkili üçün əsas və alternativ yollarla “Kür” idman mərkəzindən BAOƏK-in data mərkəzlərinə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və “Azərenerji” ASC-nin optik resurslarından da istifadə etməklə rabitə təşkil edilib.

Oyunların keçiriləcəyi dövr ərzində TV yayımın təşkili üçün yüksək parametrlərə malik optik kabellər ayrılıb.

Eyni zamanda, Bakı telefon şəbəkəsində çəkilmiş optik kabellərin monitorinqi üzrə yeni sistem alınıb quraşdırılıb.

Oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet rabitəsi ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Həmçinin Radio Rabitə Xidmətlərinin təşkili təmin edilib.

İlk Avropa Oyunlarının təşkili üçün rabitə sahəsində görüləcək digər işlərə gəlincə, oyun və təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsi daxildir.

“AzercellTelekom” MMC tərəfindən Milli Gimnastika Arenası və Olimpiya Stadionunda, “Bakcell” MMC (Azərkonnekt) tərəfindən Su İdmanı Mərkəzi və Heydər Əliyev adına İdman Arenasında yeni binadaxili mobil rabitə sistemi quraşdırılaraq məkanlar mobil rabitə xidmətləri ilə təchiz edilib. Quraşdırılan daxili mobil rabitə sisteminlərindən hər üç operatorun istifadəsi nəzərdə tutulub. Digər oyun və təşkilati məkanlarda mobil rabitə sistemlərinin fəaliyyəti təşkil edilib.

Həmçinin sosial layihələrdə yaxından iştirak edən “Nar” ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi çıxış edir.

Nazirliyin vəzifələri sırasına oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də daxildir. İlk Avropa Oyunlarının keçiriləcəyi məkanlar və təşkilati binalarda istifadəsi üçün tələb olunan radiotezliklər artıq müəyyən edilib.

Tələb olunan radiotezliklərin Radiotezliklər üzrə Dövlət Komissiyası və Dövlət Radiotezliklər İdarəsi tərəfindən inventarizasiya olunaraq, boş radiotezliklərin ayrılması və zərurət yaranarsa, istifadədə olan radiotezliklərin qısa müddətə müvəqqəti boşaldılaraq oyunların keçiriləcəyi vaxt ərzində ayrılması da nəzərdə tutulur.

Radiotezliklərin monitorinqinin təşkili üçün avadanlıqlar da vacibdir. Radiotezliklərin müdafiəsinin təşkili ilə bağlı mobil sistemlər üçün xüsusi təchiz edilmiş 5 xüsusi avadanlıqla təchiz edilmiş avtomobil alınıb. Buraya həmçinin, mobil sistem üçün yüksək radiotezlikli qəbuledici və analizatorlar, müxtəlif tip antenfider dəstləri, analizatorların yüksək tezlikli antenlərlə uzlaşmasını təmin edən modullar, portativ analizatorlar daxildir.

Qeyd olunan nəqliyyat vasitələri və texniki avadanlıqların istifadəsində işləyəcək qruplara treninqlər keçirilib.

Oyunlar zamanı məkanlara və eləcə də məkanlardan TV yayımının etibarlı şəkildə təşkili üçün optik kabellərlə təminat RYTN-nin üzərinə düşən vacib məsələlərdəndir. Bu məqsədlə oyun və təşkilati məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkənin qurulması işləri başa çatdırılıb. Eyni zamanda oyun məkanlarındakı yarışların yayımının Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və “Azərspace-1” peyki vasitəsilə yayımının təşkili də təmin ediləcək.

– Avropa Oyunları ərəfəsində internetdə kiber hücum riskləri nə dərəcədə nəzərə alınıb?

Oyunlardan öncə və oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi İdarəetmə Qrupu yaradılıb və Qrupun iclaslarında RYTN-in nümayəndələri də iştirak edir. Məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, oyunların keçirildiyi dövrdə dövlət əhəmiyyətli saytların müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir.

Müvafiq saytlar nəzarətdə saxlanılır, kibertəhlükəsizlik riskləri və hər hansı hazırkı yaxud gələcək təhlükələr üzrə qabaqlayıcı tədbirlərin görülməsi də nəzərdə tutulub.

Oyunlara həsr edilmiş poçt markasının hazırlanması və istifadəsidə qarşıda duran mühüm məsələlərdən biridir. Bu məqsədlə, “Azərmarka” tərəfindən “Bakı2015” I Avropa Oyunlarının rəsmi loqosundan istifadə etməklə markaların hazırlanmasında istifadəyə dair BEGOC-la razılaşma əldə olunmuş və artıq markaların I və II blokları təqdim edilib. Bundan əlavə, müxtəlif açıqca, buklet və oyunlarla bağlı kitabçalar da hazırlanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm