Avropa Oyunlarından sonra Qarabağda nə olacaq? – TƏHLİL
Bizi izləyin

Nida.az

Avropa Oyunlarından sonra Qarabağda nə olacaq? – TƏHLİL

Riqa samitində rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı tutduğu sərt mövqe, ardınca xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri və səfər zamanı Kremlin münaqişənin həll olunması haqda müsbət açıqlamaları, daha sonra Qərbin hərəkətə keçməsi yaxın zamanlarda Qarabağın taleyində dəyişikliyin olması ehtimallarını artırır.


Hazırki məqamda münaqişənin açarını əlində saxlayan Rusiyanın mövqeyində az da olsa dəyişiklik hiss olunur. Ola bilsin ki, Moskva Qərblə açıq savaşda Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanı yanına çəkmək üçün bu ritorikadan istifadə edir. Amma mövcud situasiya və baş verən proseslər Rusiyanın siyasi ritorika etmək imkanında olmadığını göstərir.


Hər gün daha da qızışan “qaz müharibələrində” Avropanın Rusiya qazına qarşı əsas alternativi olan Bakının onun yanında olması Moskvaya hava-su kimi lazımdır. Bu baxımdan, Azərbaycanın Avrasiya İttifaqında yer almasını məmnuniyyətlə arzulayır. Lakin Bakı mövqeyini qəti açıqlayıb: işğalçı dövlətlə eyni ittifaqda yer almayacaq.


Yalnız ərazi bütövlüyü bərpa olunandan sonra bu məsələ müzakirə mövzusu ola bilər. Təbii ki, Azərbaycan ərazi bütövlüyü bərpa olunacağı təqdirdə, Avrasiya İttifaqında mütləq yer alacağını qəti şəkildə bildirməməklə, bunun yalnız müzakirə mövzusu ola biləcəyini deməklə siyasi manevr edir.

İndiki məqamda Rusiyanın tərəzinin Azərbaycan gözünə ağırlıq verməkdən başqa yolu qalmır. Çünki Avrasiya İttifaqında yer alan Ermənistan Avropa Birliyi ilə yeni imkanlar axtarışını davam etdirir. Bu Rusiyanı qıcıqlandıran məqamdır. Digər tərəfdən, regionda Rusiya üçün daha çox hərbi baza rolunu oynayan bu ölkənin dəyəri Azərbaycanla müqayisədə çox aşağıdır. Kremlin hərbi baza saxladığı Ermənistana istədiyi əmri vermək və icra etdirmək əzmində olduğu da danılmaz faktdır. Deməli, Rusiyanın siyasi qərarlarda Ermənistanın mövqeyini nəzərə almaq kimi dərdi də yoxdur.


Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı yetişib” – Sergey Lavrovun bir müddət əvvəl verdiyi bu bəyanat Rusiyanın mövqeyindəki dəyişikliyi açıq şəkildə göstərdi. Bu, eyni zamanda İrəvanın icraçı olması fikrini də qətiləşdirir.


Lakin baş verənlər son günlər tez-tez səslənən “Rusiya Qarabağı Azərbaycana qaytarır” fikrinin real olduğu da demək deyil. Güman ki, danışıqlar prosesində yeni və əsaslı elementlər dövriyyəyə girsin.


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir müddət öncə yeni elementlərin anonsunu verdi.



Minsk qrupunun həmsədrləri münaqişənin nizama salınması prosesinə müəyyən yeni elementlər daxil edib. Bu elementlərin qrupun üzv dövlətləri ilə uyğunlaşdırmağa ehtiyac var”, - deyə amerikalı həmsədr bildirdi.


Bir neçə ay öncə həmsədrlər Qarabağ üçün ikinci Minsk konfransının keçirilməsi üçün Belarusla danışıqlar apardı. Rəsmi Minsk konfransı qəbul etməyə hazır olduğunu bildirdi. Bu məsələ reallaşmasa da, hələlik qüvvədə qalır. Görünür, Uorlikin bəhs etdiyi yeni elementlərin razılaşma prosesi gedir. Lakin amerikalı həmsədr hansı elementlərdən bəhs etdiyini açıqlamır, daha doğrusu bu haqda ictimaiyyətə məlumat verilmir.


Yeni proses nə vaxt başlaya bilər?


Bir çox analitiklər Bakıda keçiriləcək I Avropa Oyunlarından sonra Qarabağ üçün yeni mərhələnin başlayacağına dair proqnozlar verir. Bu münaqişənin həlli istiqamətində addımların oyunlara görə saxlanıldığı anlamına gəlməməlidir. Sadəcə olaraq, haqqında bəhs edilən yeni elementlər üzərində iş aparılır və güman ki, sentyabra qədər nəticə əldə olunsun. Digər tərəfdən, Azərbaycan bütün diqqəti böyük məsuliyyət tələb edən beynəlxalq idman yarışına ayırıb, həmçinin, dünyanın da nəzərləri buradadır.


Hansı elementlərdən bəhs olunur?


Siyasi mühitə hakim kəsilən fikirlərdən biri I Avropa Oyunlarından sonra müharibənin başlaya biləcəyidir. Doğrudur, bu ehtimal son günlər bir qədər səngiyib.

Lakin Ukraynadan sonra nə Qərb, nə də Rusiya yeni münaqişə ocağını istəmir. Moskvanı sərhədlərinin dibində müharibənin olması narahat edirsə, Qərb üçün bu, regionda reallaşdırılan beynəlxalq layihələrə təhlükədir. Təbii ki, Azərbaycan müharibə yolunu heç vaxt istisna etmir və Ermənistanın da qorxduğu budur. Amma rəsmi Bakı situasiyaya görə ağıllı davranışı ilə həmişə seçilib. Dövlətin ən üst qatında münaqişənin ədalətli həlli məqamı həmişə diqqətlə izlənilir. Beləliklə, müharibə ehtimalı hələ ki, ən son olaraq qalır.


Amerikalı həmsədrin bəhs etdiyi elementlər ilk növbədə Minsk qrupu formatının dəyişməsi ola bilər. Çünki Rusiyanın münaqişənin həllinə cavabdeh olan bu qrupda tam təşəbbüsü ələ almaq cəhdləri Qərbdə narahatlıqla izlənir. Lakin münaqişənin həllində Rusiyanın hegemonluğuna qarşı olan ABŞ formatın dəyişməsini, ən azından irəli sürülən formada baş verməsinə o qədər də maraqlı deyil. Söhbət, Almaniya və Türkiyənin formata daxil olmasından gedir.


Prezident İlham Əliyevin bu ilin yanvarında Berlin səfəri zamanı Angela Merkel bu istəyini açıq şəkildə dilə gətirdi. Ümumilikdə, bunu Avropa Birliyinin mövqeyi hesab etmək olardı. Belə ki, Brüssel də oyuna girmək və regionda öz maraqlarını təmin etmək istəyir. Daha çox ermənipərəst olan Fransadansa, praqmatik almanların burda olması bizə də sərfəlidir. Digər tərəfdən, təklif olunan Türkiyə də Minsk qrupunda Azərbaycana lazımdır. Hələlik bu məsələ açıq olaraq qalır. Hazırda hesab etmək olar ki, ABŞ Rusiyanın münaqişə üzərindəki nəzarətini zəiflətmək üçün format dəyişikliyinə razılıq verib və yeni elementlərdən biri budur.


Daha bir element uzaq ehtimal olsa belə istisna edilməyən Qarabağın Azərbaycana qaytarılmasıdır.

Burda iki cəbhə və hər cəbhənin öz marağı var.


Rusiya: Yuxarıda qeyd etdiyimiz kimi, Moskva az da olsa münaqişəyə baxışını dəyişdirməyə başlayıb və münaqişənin tezliklə başa çatmasını istəyir. Rusiya uzun illərdir regiona təsir etmə vasitəsi kimi istifadə etdiyi münaqişəni həll edərkən, yəqin ki, daha çox qazanmaq istəyəcək. Yəni, ruslar üçün Ermənistan onsuz da “əyalətdir”, Moskvaya Azərbaycan lazımdır. Azərbaycanın ərazi bütövlüyünü həll olunması isə rəsmi Bakının dediyi kimi, bir çox məsələlərin müzakirəsinə yol aça bilər.

Rusiyanın “həll üslubunda” daha bir detal da diqqət çəkir: Moskva Dağlıq Qarabağdan erməni əsgərlərini çıxarır, yerinə öz “sülhməramlılarını” daxil edir. Bakı haqlı olaraq buna qarşıdır. Çünki bu yenə də işğala bərabərdir.


Qərb: Ukraynadan sonra post-sovet məkanında dondurulmuş münaqişələrin həlli gündəmə gəldi. Qərb daha bir Ukrayna ilə qarşılaşmaq istəmir. Bu münaqişələr arasında Dağlıq Qarabağ ön sıradadır. Təbii ki, Qərb münaqişənin həllində təşəbbüsü Rusiyaya verib, Azərbaycanı itirmək istəmir. Bu baxımdan, Uorlikin bəhs etdiyi yeni elementlərdə Vaşinqtonun Bakının marağını təmin edəcək üsullar təqdim edəcəyi istisna deyil.

Bütün hallarda Qarabağ ətrafında Rusiya-Qərb qarşıdurmasının qızışacağı ehtimalı güclüdür. Hər şey təxminən iki ay sonra – I Avropa Oyunları bitəndən sonra bəlli olacaq. Erməni KİV-nin son dövrlər bu vaxtı xüsusi vurğulaması və Ermənistan üçün arzuolunmaz zamanın yaxınlaşması haqda şərhləri bu fonda diqqət çəkir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm