“Pijamalı kral”ın Azərbaycan üçün mafiya şüarı: “Fransa ölsün, İtaliya rahatlansın” - TƏHLİL
Bizi izləyin

Nida.az

“Pijamalı kral”ın Azərbaycan üçün mafiya şüarı: “Fransa ölsün, İtaliya rahatlansın” - TƏHLİL

Türkiyənin mafioz xislətli iş adamı Aydın Doğan Azərbaycan oxucusu üçün yad deyil. Onun imperatorluq yolunda hansı hiylələrə əl atdığı, adının hansı qətllərdə hallandırıldığı da məlumdur. Türklərin təbirincə desək, Doğan imperiyasının təməli qanla yoğrulub.

Azərbaycan üçün əsas məqam qanla imperatorluq quran bu şəxsin bizə qarşı tutduğu cəbhə və bunun səbəbləridir.

Mafioz qılıqlı media patronunun sahib olduğu media orqanlarında anti-Azərbaycan təbliğatı sübut olunmuş məsələdir.

“Doğan media qrupu”na “CNN Türk”, “Kanal D”, “Euro D” kanallar, eləcə də Türkiyə ictimai rəyinə təsir gücünə malik olan “Hürriyət”, “Posta”, “Radikal” kimi qəzetlər daxildir. Bu, türk mediasının böyük “səhmi” deməkdir. Lakin Doğanın jurnalistikayla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. O, sadəcə pulunu verib diktə edən patron rolunda çıxış edir. Onunla razılaşmayanları isə “Milliyet”in keçmiş baş redaktoru Abdi İpəkçinin taleyi gözləyir: Qətl.

Qeyd: Aydın Doğanın media sektoruna qədəm basması 1979-cu ildə “Milliyet” qəzetini satın almaqla baş verdi. Həmin dövrdə qəzetin baş redaktoru olan Abdi İpəkçi “Milliyet”in satılmasına qarşı çıxır, var gücü ilə çalışaraq Doğanın qarşısında əngələ çevrilir. Və bir səhər Türkiyə İpəkçinin qətli ilə oyanır. Baş redaktorun müəmmalı ölümü və ardınca Doğanın qəzetə sahib olması bütün nəzərləri ona çevirir. Lakin o, sudan quru çıxmağı bacarır. Nə də olsa iş dünyasına yeni qədəm basan Doğan bunu öz patronlarının istəyi ilə etmişdi.

Daha sonra Türkiyənin böyük media quruluşları bir-bir onun kurasiyasına keçir və o, media patronu olaraq hökumətə təzyiq etmək gücünə sahib olur.

1997-ci ilin Türkiyəsini şoka salan və idarəçilik sisteminin necəliyini açıq şəkildə göstərən hadisə baş verdi. Ölkənin baş naziri Məsut Yılmaz iş adamı Doğanın evinə gedir. Ev sahibi baş naziri pijamada qəbul edir.

“Xaç atası” filmində mafiya liderinin hökumət nümayəndələrini əlində siqar, saymazyana tonda qarşılaması bu mənzərə ilə assosiasiativ şəkildə yada düşür.

O zaman Türkiyə media patronlarının çevriliş edə biləcəyi ölkə idi, o vaxtlar Doğan kimilərin at oynatdığı zamanlar idi.

Lakin zaman keçir və Rəcəb Tayyip Ərdoğanın hökumət başına keçməsindən sonra mənzərə dəyişir, Doğan kimilərin oynatdıqları atların nalı sökülür...

Bu gün Doğanın Azərbaycana qarşı tutduğu cəbhənin alt qatında da məhz onu taxtdan salan Ərdoğana Bakının verdiyi dəstək, həmçinin “Bir millət iki dövlət” prinsipinin güclənməsi səbəbləri də görünür. Və təbii ki, bu, nüanslardan yalnız biridir.

“Doğan media qrupu”nda Azərbaycana münasibət mafiya şüarını xatırladır: “Fransa ölsün, İtaliya rahatlansın”. (Mafiya sözünün mənası - red).

Zaman-zaman bu media qrupuna bağlı orqanlarda Türkiyə-Ermənistan münasibətlərində Azərbaycan əsas əngəl göstərilir və Ankaranın Bakını gözdən çıxararaq İrəvanla sərhədləri açması məsələsi gündəmə gətirilir. Doğançılara görə, Azərbaycan Türkiyənin inkişafı qarşısında maneədir.

“Kanal D”: bu telekanalın “Ana Xəbər” proqramının ən sevimli aparıcısı, “Posta” qəzetinin köşə yazarı Məmmədəli Birand 2009-cu ildə “Surix protokolları” – Türkiyə - Ermənistan sərhədlərinin açılması gündəmə gələndə Azərbaycanı hədəfə almış, sərhədlərin açılması fikrini sona qədər dəstəkləmişdi. Bu şəxs zaman-zaman anti-Azərbaycan xarakterli təbliğatı ilə eyni zamanda patronunun mövqeyini ifadə edirdi.

“Radikal” qəzeti: Türkiyədə ermənilərin ən çox istifadə və istinad etdiyi ikinci KİV-dir. 2013-cü ildə qəzetin köşə yazarı Baskın Oran yazırdı:
“Qardaş, soydaş deyə başımıza qoyduğumuz Azərbaycan, şübhəsiz ki, Türkiyənin xarici siyasətinə ən çox zərər verən ölkədir”. Onun fikrincə, “Türkiyə Azərbaycanın nazını çəkməməlidir”. Yəni Ermənistanla sərhədləri açmalıdır.

Ötən ilin oktyabrın 25-də qəzetin Arıs Nalçı adlı erməni yazarı “Kobaniyi Qarabağdan anlamaq” başlıqlı yazı yazdı. Məqalədə erməni müəllif Qarabağın işğalına haqq qazandırır, işğalı “milli-azadlıq mübarizəsi” olaraq təqdim edirdi.

“CNN Türk” kanalı: Ötən il işğal olunmuş Dağlıq Qarabağda 40 minlik ordu ilə qeyri-qanuni hərbi təlimlər keçirən Ermənistanın iki helikopteri Azərbaycanın hava məkanını pozdu. Azərbaycan Ordusu düşmən helkopterlərindən birini məhv etdi və “CNN Türk” kanalı bu xəbəri belə yayımladı: “Azərbaycan Dağlıq Qarabağa aid savaş helikopterini düşürdü”. Bu, açıq-aşkar Dağlıq Qarabağda Ermənistanın qurduğu qondarma rejimə legitimlik qazandırmaq cəhdi idi.

Belə nümunələri sadalamaqla bitməz və göründüyü kimi, bu mafioz qrup Azərbaycan üçün mafiya şüarını əldə bayraq edib. Onlar üçün “Azərbaycan ölsün, Türkiyə rahatlansın” demək o qədər də çətin deyil. Təki, Ermənistanla sərhədlər açılsın və bu ölkə uçurumdan çıxsın. Bütün bunlar bizə tərəddüd etmədən “Doğan media qrupu” ilə erməni KİV-nin eyni yanaşma sərgilədiyini deməyə əsas verir. Güman ki, bəzi məqamlarda informasiya istehsalı eyni mərkəzdən edilir. Aydın Doğanın xarici havadarları sırasında erməni lobbisinin olması da bu gümanlardan biridir.

Doğanın Azərbaycan düşmənçiliyinin pərdəarxası səbəbləri də maraqlıdır və qısa araşdırma bizə bir neçə ehtimalın üzərində dayanmağa imkan verir.

Klassik ehtimal: Doğan vaxtilə türk ailəsində böyüyən erməni kökənlidir. Türkiyədə belə şəxslər çoxdur. 1915-ci ildə Osmanlıya xəyanət edərək rusların yanında yer alan Türkiyə erməniləri daha sonra iç üzlərini pərdələmək üçün ad və soyadlarını, hətta dinlərini belə dəyişdi. Türkiyədə onlara həmşinlər deyilir. Bu gün Türkiyənin bir çox tanınmış şəxsi həmşindir. Misal üçün, Sezen Aksu. Bu baxımdan, Doğanın da damarlarındakı qanın ermənilərə məxsus olduğunu iddia etmək mümkündür. Hərçənd türk mediasında onun həmşin olduğuna dair iddialar kifayət qədər olsa da, özü bunu inkar edir.

Lakin Doğanın anti-Azərbaycan mövqeyində bunu detallardan biri hesab etmək olar. Siyasi və şəxsi maraqlar olmasaydı, mafioz iş adamı bu qədər boyunu aşmazdı da.

1) Asan yolla qazanılan qanlı pullar hesabına özünə taxt-tac quran Doğan “Petrol Ofisi” adlı neft şirkətinə malik olan bir iş adamı kimi zəngin Azərbaycan bazarında həmişə gözü olub. Qılıncının dalı da, qabağı da kəsdiyi 1990-cı illərin sonlarında o, Azərbaycan neftinə payçı olmaq istəyirdi. Lakin rəsmi Bakı öz haqqı olan “yox” cavabını verdi. Azərbaycana görə bu, səmərəli olmayan müştərini nəzakətlə geri çevirmək idi. Doğan isə qisasını qiyamətə saxlamaq istəmədi və onun apardığı anti-Azərbaycan təbliğatının tarixi onilliklərə dayanır.

Bu arada Türkiyə bazarında uğurla irəliləyən SOCAR onun gözünə iynə kimi batmaqdadır. Doğana görə, Türkiyə onun “çiftliyidir” və onun bazarına heç kim girə bilməz. Lakin zaman bu qanlı imperatoru taxtdan saldı.

Məhz Azərbaycan şirkətinin Türkiyədə uğurlu biznesi onu qıcıqlandıran məqamlardan biridir. Təbii ki, Azərbaycana sahib olduğu media üzərindən qara yaxmaqla məğlubiyyətdən əziyyət çəkən öz qoca qüruruna “sığal verir”.

2) Türkiyə mediasının yazdığına görə, Aydın Doğanın xarici bağlantıları onu imperator etmək qarşılığında qarşısına qoyduğu şərtlərdən biri Türk Birliyi perspektivlərinə qarşı çıxış etməkdir.

Nəzərə alsaq ki, Türk dünyasının birliyi üçün hazırda əsas lokomotivi Türkiyə və Azərbaycan, xüsusilə Ərdoğan və İlham Əliyev oynayır, Doğan qrupunun anti-Azərbaycan fəaliyyəti, həmçinin Türkiyənin daxilində “5-ci kolon” rolunda çıxışı aydın olur.

Azərbaycan lideri İlham Əliyevin məşhur “XXI əsr Türk dünyası əsri olmalıdır” ifadəsi Doğanın xaricdəki patronları üçün arzuolunmaz gələcək vəd edir.

Türk dünyasının perspektivlərini məhv etməyin yolu Türkiyə-Azərbaycan münasibətlərinin pozulmasından keçir ki, görünür, Doğan və patronları bunun üçün əlindən gələni edirlər. Bu ittifaqın pozulmasının əsas yolu da Türkiyə - Ermənistan sərhədlərinin açılması, beləliklə, Azərbaycan torpaqlarının işğalının davam etdirilməsidir.

3) Doğan qrupunun əsas orqanlarından olan “Hürriyet” qəzetində bir neçə gün öncə Azərbaycanla bağlı məqalə dərc olundu. “Hatice için” başlıqlı məqalədə Xədicə İsmayıl müdafiə olunur, Azərbaycan haqda qondarma ittihamlar irəli sürülür. Bu, Aydın Doğanın anti-Azərbaycan şüurunun növbəti məhsulu idi. Lakin məqalənin müəllifinin kimliyi, eləcə də Doğanın xarici bağlantıları yolların daha uzaqlara apardığını göstərir.

Məqalənin müəllifi Tolga Tanış Azərbaycan üçün uzaq tanışdır. O, güman ki, bir dəfə də olsun Azərbaycanda olmayıb, lakin köşə yazarlığı dövründə dəfələrlə anti-Azərbaycan yazıları ilə çıxış edib. Türkiyədə onu “Pensilvaniya bülbülü” deyə çağıranlar da var. Beləliklə, anti-Azərbaycan şəbəkəsindəki ilmələr bir-bir çözülür. Hesab etmək olar ki, Azərbaycana qarşı bu kampaniyada, Doğan-Gülən ittifaqı, ümumi fonda isə ABŞ, Aydın Doğanın böyük qardaş hesab etdiyi Qərb dayanır.

Məntiqi ardıcıllıq burada şübhələrə yer qoymur. Ərdoğan hakimiyyətə gələnə qədər Doğan Türkiyənin toxunulmaz şəxsi, bir növ Don Karleonesi idi. Lakin gözlənilmədən onun karyerası uçuruma doğru yuvarlanmağa başladı. “Uzun Adam” idarəçilik sistemini dəyişdi və Türkiyə “media patron”larının çevriliş etdiyi ölkədən güclü dövlətə çevrildi. Doğana qarşı qaldırılan 2,5 milyardlıq vergidən yayınma ittihamı “pijamalı kralı”n toxunulmazlıq məbədini dağıtdı.

O isə qisas üçün fürsət gözləyirdi və nəhayət, 2013-cü ildə baş verən “17 aralıq” prosesində müttəfiqini tapdı: ümumi düşmənə qarşı ittifaq.

Azərbaycan Türkiyənin əsas probleminə çevrilən nurçu məsələsində qardaşının yanında oldu. Bu, eyni zamanda, Azərbaycan dövlətçiliyinin təhdid altına düşməsinin qarşısını almaq kimi taleyüklü məsələ idi. Beləliklə, İlham Əliyev – Ərdoğan birliyi qarşısında maneə tanımayan gücə çevrildi. Doğanın yer aldığı ittifaq bu gücə qarşı revanşa başladı.

Göründüyü kimi, “Doğan media qrupu”nda Azərbaycanla bağlı irili-xırdalı materiallar romantik jurnalistikadan çox uzaq şəkildə, Doğan – Gülən – erməni lobbisi – Qərb mətbəxində hazırlanır.

Parçala və hökmranlıq et”, onlar üçün əsas prinsip nə demokratiya, nə insanların haqları, yaxud söz azadlığı deyil, məhz budur. Mafiozların klassik üslubu...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm