Xələf Xələfov Avropa institutlarını qınadı
Bizi izləyin

Nida.az

Xələf Xələfov Avropa institutlarını qınadı

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İndoneziyanın Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya üzrə direktoru Listyovati ilə görüşüb.

Publika.az-ın məlumatına görə, görüş zamanı X.Xələfov Azərbaycan və İndoneziya arasında mədəni, dini və adət-ənənənə bağlılıqlarının iki ölkə arasında dost münasibətlərin formalaşmasında mühüm amillərdən biri olduğunu vurğulayıb.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə inkişafının həm ikitərəfli, həm də çoxtərəfli platformada əlaqələrin xarakterini müəyyənləşdirdiyini qeyd edən X.Xələfov iqtisadi, humanitar, mədəniyyət sahələrində də əməkdaşlıq üçün potensial olduğunu bildirib.

Cənubi Qafqaz regionunda hərtərəfli inkişaf və inteqrasiya proseslərinə əsas əngəl olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonağı məlumatlandıran X.Xələfov, münaqişənin həllinin Ermənistanla yanaşı bir çox kənar faktorlardan da asılı olduğunu söyləyib.

X.Xələfov münaqişənin yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasından sonra öz həllini tapa biləcəyini vurğulayaraq, beynəlxalq təşkilatların, xüsusilə də Avropa institutlarının bu istiqamətdə səmərəli fəaliyyət göstərmədiyini, bu təşkilatların işğal etdiyi ərazilərdən çıxması üçün Ermənistana təzyiq etmələrinin vacibliyini bəyan edib.

Nazir müavini ən böyük müsəlman dövləti və İslam Əməkdaşlıq Təşkilatının xüsusi çəkiyə malik aparıcı üzvlərindən olan İndoneziyanın Azərbaycanın ədalətli mövqeyinə dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edərək, ümumiyyətlə strateji məsələlərlə bağlı mövqelərimizin yaxın olduğunu bildirib.

Listyovati iki dövlət arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirərək, əlaqələrin dərinləşməsində qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmli rol oynadığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin İndoneziyaya səfərini həyata keçməsini arzu etdiklərini bildirən Listyovati iki ölkə arasında müxtəlif səviyyədə mütəmadi dialoqun əhəmiyyətini vurğulayıb. O, Azərbaycan və İndoneziya arasında birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının iqtisadi sahədə əməkdaşlığın inkişafına və diversifikasiyasına töhfə verəcəyini söyləyib.

İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünün birmənalı olaraq tanıdığını və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bu dəstəyi ifadə etdiklərini, bu ədalətli yanaşmaya hər zaman sadiq qalacaqlarını qeyd edən Listyovati Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda sülh yolu ilə nizamlanacağına ümidvar olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm