• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bələdiyyə qulluqçularının etik davranış qaydaları - QANUN

  • Nida.az
  • 10 İyun 2015 16:49
  • 312 Baxış
Bələdiyyə qulluqçularının etik davranış qaydaları - QANUN

Azərbaycan Prezidenti İlham Əliyev "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Bu qanun bələdiyyə qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, habelə həmin qayda və prinsiplərə əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun əhatə dairəsi

1.1. Bu Qanun bələdiyyə qulluqçusu statusu olan bütün şəxslərə şamil edilir.

1.2. Hər bir bələdiyyə qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur.

Maddə 2. Qanunun məqsədləri

2.0. Bu Qanunun məqsədləri aşağıdakılardan ibarətdir:

2.0.1. yerli özünüidarə orqanlarının və bələdiyyə qulluğunun nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə qulluqçularına etimadının yüksəldilməsi;

2.0.2. yerli özünüidarə orqanlarının və bələdiyyə qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

2.0.3. yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması;

2.0.4. bələdiyyə qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;

2.0.5. bələdiyyə qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;

2.0.6. yerli özünüidarə orqanlarının və bələdiyyə qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi.

Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi

3.1. Bələdiyyə qulluqçusunun xidməti davranışı onun qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Bələdiyyə qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.

3.2. Bələdiyyə qulluqçusunun xidməti davranışı bu Qanuna, digər normativ hüquqi aktlara və müvafiq yerli özünüidarəetmə orqanının qəbul etdiyi qərarlara uyğun olaraq tənzimlənir.

2-ci fəsil

ETİK DAVRANIŞ QAYDALARI

Maddə 4. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

4.1. Şəxsin, cəmiyyətin, bələdiyyənin və dövlətin maraqları naminə bələdiyyə qulluqçusu öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur.

4.2. Bələdiyyə qulluqçusu öz fəaliyyətini qanunla müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıqla yerinə yetirməyə borcludur.

4.3. Bələdiyyə qulluqçusu etik davranışı və peşəkar fəaliyyəti ilə yerli özünüidarə orqanlarına inamı artırmalı və möhkəmləndirməlidir.

Maddə 5. Loyallıq

5.1. Bələdiyyə qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, yerli özünüidarə orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu, bələdiyyə qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil edilmir.

5.2. Bələdiyyə qulluqçusu bələdiyyə qulluğu ilə bağlı vəzifələrin icrasına uyğun olmayan və onun adına xələl gətirə biləcək, habelə yerli özünüidarə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

5.3. Bələdiyyə qulluqçusu bələdiyyə qulluğu ilə bağlı qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.

Maddə 6. İnsanların hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət

6.1. Bələdiyyə qulluqçularının fəaliyyəti insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin olunmasına (qorunmasına) xidmət etməlidir.

6.2. Bələdiyyə qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

6.3. Bələdiyyə qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər bələdiyyə qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

6.4. Bələdiyyə qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Maddə 7. Mədəni davranış

Bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.

Maddə 8. Əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi

8.1. Bələdiyyə qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanunlara uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

8.2. Bələdiyyə qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, bələdiyyə qulluqçusu onların normativ hüquqi akta zidd olduğuna inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

8.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

Maddə 9. Qərəzsizlik

9.1. Bələdiyyə qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verməməlidir.

9.2. Bələdiyyə qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

9.3. Bələdiyyə qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsir göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır.

Maddə 10. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

10.1. Bələdiyyə qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

10.2. Bələdiyyə qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

Maddə 11. Korrupsiyanın qarşısının alınması

11.1. Bələdiyyə qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, bələdiyyə qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər bələdiyyə qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməlidir və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər bələdiyyə qulluqçusunun qulluq keçdiyi bələdiyyə orqanına akt üzrə təhvil verilməlidir.

11.2. Tərəflərindən biri bələdiyyə qulluqçusunun qulluq keçdiyi bələdiyyə orqanı olan əqdlərdə həmin bələdiyyə qulluqçusu digər tərəf ola bilməz.

Maddə 12. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

12.1. Bələdiyyə qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya belə təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya belə mükafat təəssüratı yaradan hədiyyələri özü və digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

12.2. Bələdiyyə qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Maddə 13. Maraqlar toqquşmasının qarşısının alınması

13.1. Bələdiyyə qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

13.2. Bələdiyyə qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda o, bələdiyyə qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.

13.3. Bələdiyyə qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə bələdiyyə orqanının rəhbərinə məlumat verməlidir.

13.4. Bələdiyyə qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Həmin aktlara əməl edilməsi ilə bağlı bələdiyyə qulluqçusunda hər hansı sual yarandıqda, bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

Maddə 14. Əmlakdan istifadə

14.1. Bələdiyyə qulluqçusu istifadəsində olan bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından qənaətlə və səmərəli istifadə etməlidir.

14.2. Bələdiyyə qulluqçusuna bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etmək qadağandır.

Maddə 15. Məlumatlardan istifadə

15.1. Bələdiyyə qulluqçusu xidmət etdiyi yerli özünüidarə orqanının sərəncamında olan məlumatların qanunla müəyyən olunmuş qaydada əldə olunmasının və yayılmasının mümkünlüyünü təmin etməlidir.

15.2. Bələdiyyə qulluqçusu yerli özünüidarə orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

15.3. Bələdiyyə qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə edə bilməz.

Maddə 16. İctimai və ya siyasi fəaliyyət

16.1. Bələdiyyə qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

16.2. Bələdiyyə qulluqçusu qulluq mövqeyindən istifadə edərək, digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

16.3. Bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

16.4. Bələdiyyə qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

3-cü fəsil

ETİK DAVRANIŞ QAYDALARININ HƏYATA KEÇİRİLMƏSİNİN TƏMİN EDİLMƏSİ

Maddə 17. Təminatlar sistemi

17.0. Bələdiyyə qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunmasını təmin etmək üçün:

17.0.1. bələdiyyə qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir;

17.0.2. onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.

Maddə 18. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

18.1. Etik davranış qaydalarına əməl olunmasına bələdiyyənin sədri nəzarət edir.

18.2. Bələdiyyənin sədri:

18.2.1. öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə göstərməlidir;

18.2.2. tabeliyində olan bələdiyyə qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;

18.2.3. tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;

18.2.4. rəhbərlik etdiyi yerli özünüidarə orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir;

18.2.5. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir;

18.2.6. tabeliyində olan bələdiyyə qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir;

18.2.7. etik davranış qaydalarını pozan bələdiyyə qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;

18.2.8. vətəndaşları və təşkilatları etik davranış qaydaları, eləcə də bələdiyyə qulluqçularının həmin qaydalara əməl etməsini tələb etmək hüququna malik olduqları barədə məlumatlandırmaq üçün tədbirlər görməlidir;

18.2.9. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və bələdiyyə orqanlarını məlumatlandırmalıdır;

18.2.10. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə bələdiyyə orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.

Maddə 19. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

19.1. Etik davranış qaydalarının pozulması bələdiyyə qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

19.2. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

19.2.1. bu Qanunun müddəalarının bələdiyyə qulluqçusu tərəfindən pozulduğu barədə hüquqi və ya fiziki şəxslərdən şikayət və ya digər məlumatın daxil olması;

19.2.2. kütləvi informasiya vasitələrində bələdiyyə qulluqçusu tərəfindən bu Qanunun müddəalarının pozulduğu və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi.

19.3. İntizam icraatı zamanı bələdiyyə qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş bələdiyyə orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

Maddə 20. İntizam məsuliyyətinin növləri

20.1. Etik davranış qaydalarının pozulmasına görə aşağıdakı intizam məsuliyyəti tədbirlərindən biri tətbiq edilə bilər:

20.1.1. töhmət vermək;

20.1.2. sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

20.1.3. aşağı vəzifəyə keçirmək;

20.1.4. bələdiyyə qulluğundan azad etmək.

20.2. İntizam tənbehi tətbiq edilərkən bələdiyyə qulluqçusunun şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Bu maddənin 20.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan bələdiyyə qulluqçusuna yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər.

20.3. Etik davranış qaydalarını pozmuş bələdiyyə qulluqçusu barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR