Nida.az
Rəsmi Bakıdan sərt bəyanat
"Azərbaycan hökuməti ATƏT-in Bakıdakı layihə
koordinatorunun fəaliyyətinə daha lüzum görmədiyi üçün
koordinatorun mandatını müəyyən edən ATƏT-lə Azərbaycan arasında
imzalanmış Anlaşma haqqında Memorandumun dayandırılması haqqında
qərar verdi".
Publika.az xəbər verir ki, bunu ATƏT-in Bakıdakı layihə
koordinatoru Bürosunun bağlanması haqqında APA İnformasiya
Agentliyinin sualını cavablandıran Azərbaycan xarici işlər
nazirinin müavini Araz Əzimov deyib.
O qeyd edib ki, buna rəğmən Azərbaycan ATƏT nümayəndələrinin
maraqlarına anlayışla yanaşıb və 2015-ci ilin iyulun 4-də fəaliyyət
müddəti başa çatacaq koordinatorun fəaliyyəti ilə bağlı texniki və
təşkilati məsələlərin həlli üçün bir ay vaxt verib.
"Biz əmin olduq ki, bu müddət bu cür məsələrin həlli üçün kifayət
edəcək. Yuxarıda qeyd edildiyi kimi bu cür qərarın verilməsinə
səbəb koordinatorun fəaliyyətinin davam etdirilməsinə ehtiyacın
olmaması idi. Bu qərarı verərkən Azərbaycan hökuməti öz ərazisində
istənilən beynəlxalq fəaliyyətlə bağlı məsələləri həll etmək üçün
hər bir suveren dövlətin malik olduğu hüquqa əsaslanıb. Qeyd edək
ki, ATƏT Vankuverdən Vladivostokadək olan regionun bərabərhüquqlu
ölkələrini birləşdirən beynəlxalq, hökumətlərarası təşkilatdır. Bu
struktur o baxımdan unikaldır ki, ATƏT məkanında dövlətlərarası
münasibətlərin əsas tənzimləyicisi qismində suverenlik, ərazi
bütövlüyünün və dövlətlərin beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn əsas
prinsiplərini təsbit edir.
A. Əzimov qeyd edib ki, ATƏT həmçinin qurumun hərbi-siyasi
təhlükəsizlik, qarşılıqlı iqtisadi əlaqələr, habelə insan hüquqları
və azadlıqları sahələrində qurumun gündəliyinin tərkib hissəsi olan
3 “səbət”in bərabərliyini qurur.
“Təəssüf ki, biz “kiməsə” xoş olmayan ölkələri davamlı olaraq
tənqid edən müxtəlif qeyri-hökumət təşkilatlarını qurumun fəaliyyət
orbitinə cəlb etməklə, ATƏT çərçivəsindəki dövlətlərarası
münasibətlərin ciddi sistemindən kənarlaşmağa yönələnən və onu
suveren dövlətlərin hüquq, maraq və mövqelərini nəzərə almayan
yumşaq “rezin” struktura çevrilməsi üçün davamlı cəhdləri müşahidə
edirik. Bu prosesin yaradıcılarının məqsədi ATƏT-i təzyiq
mexanizminə və müxtəlif kampaniyaların keçirilməsi üçün meydançaya
çevirməkdir. Bu cür addımların birtərəfli, biristiqamətli xarakter
daşıdığını söyləməyə ehtiyac yoxdur. Halbuki düşünürəm ki, ATƏT
üçün rasizm, hüquq-mühafizə orqanları tərəfindən insan haqlarının
pozulması, qeyri-adekvat güc tətbiqi, elektoral sistemin
gücsüzlüyü, o cümlədən səslərin saxtalaşdırılması, seçkilərdə ATƏT
nümayəndələrini qəbul etməkdən imtina, ölüm hökmünün, maliyyə
fırıldaqları, hakimiyyətin yüksək eşelonunda korrupsiya, habelə
icazəsiz dinləmə və izlənmə, informasiya azadlığına qoyulmuş
məhdudiyyətlər və KİV-dən manipulyasiya, islamofobiyanın
məqsədyönlü şəkildə yayılması, azlıqların hüquqlarının pozulması və
s. addımlar daxil olmaqla, insanların özəl həyata olan hüquqlarının
pozulması kimi halların artdığı “Qərb ictimaiyyəti” ölkələrində
görəcəyi işlər var. Siyahını davam etdirmək də olar. Lakin
xatırlamıram ki, kimsə nə vaxtsa ATƏT-də bu məsələləri qaldırmağa
və məsələn, ABŞ-da mövcud yuxarıda sadalanan problemlərin həlli
üçün bu ölkəyə ATƏT missiyasının göndərilməsi haqqında qərarın
qəbulu ilə bağlı təklif səsləndirməyə “cürət” etsin”.
Nazir müavininin sözlərinə görə, Azərbaycanın bu cür məsələlərə
yanaşması belədir: “Biz bərabərhüquqluluq prinsipinə əsaslanaraq
obyektivlik və tərəfsizliyə tərəfdar çıxış edirik, sifariş
xarakterli və əksəriyyətin susması fonunda kiminsə diktəsi ilə
atılan birtərəfli addımları rədd edirik. Yuxarıda sadalanan
ölkələrdən fərqli olaraq Azərbaycan hansısa problemlərin, yaxud da
çətinliklərin mövcudluğunu inkar etmir və bütün səylərini onların
həlli və səbəblərinin aradan qaldırılmasına yönəldir. Burada
hökumətin yanaşması olduqca vacibdir və bu yanaşma Azərbaycandakı
çoxsaylı naliyyətlər və müsbət dəyişikliklərlə nümayiş olunur.
Bununla yanaşı, hökumət obyektivlik, tərəfsizlik və peşəkar
hazırlığın olduğu halda ölkə vətəndaşlarının həyat səviyyəsinin
yaxşılaşdırılması məqsədilə müxtəlif problemlərin həllində daha
nəzərəçarpacaq rol oynayan qeyri-hökumət təşkilatlarına hörmətlə
yanaşır”.
A. Əzimov qeyd edib ki, Azərbaycan beynəlxalq formatlarda fəal
əməkdaşlıq edir, islahatlarla bağlı məsələlərdə məsləhətləşmələr
keçirir, özgənin təcrübəsini mənimsəyir və öz təcrübəsini təklif
edir: “ATƏT və Avropa Şurasının tamhüquqlu üzvü, habelə Avropa
İttifaqının fəal tərəfdaşı olan Azərbaycan həmişə tərəfdaşlığa açıq
olub və olmaqda davam edir. Lakin qeyd edirəm ki, ATƏT üzvü
olduğumuz üçün konkret bu məsələdə sözügedən qurumla
münasibətlərimizi hansısa kənar tərəflə tərəfdaşlıq kimi nəzərdən
keçirmək lazım deyil. Bu, təşkilatdaxili tərəfdaşlıqdır”.
İslahatlara yardım və təcrübənin tətbiqi məqsədi ilə Azərbaycan
1999-cu ildə ATƏT-in ofisinin açılmasına razılıq verdi. Bir daha
qeyd edim ki, ofis hansısa təşkilatın öz ərazimizdə nümayəndəliyi
deyil, bu, təşkilatın öz üzvünə köməyinin mexanizmidir. Bu cür
məsələlərdə qərarların qəbulu zamanı əsas amil dövlətin özünün
tələbatıdır, bu cür yardımı almaq üçün dəqiq ifadə olunmuş
niyyətdir.
ATƏT-in ofisi Bakıda 12 il fəaliyyət göstərib və bu müddət ərzində
Azərbaycanda çoxlu sayda müsbət dəyişikliklər olub. Ölkə bir çox
sahələrdə inkişaf edir. Və hansısa mərhələdə hökumət ofisin
fəaliyyətinin davam etdirilməsini daha məqbul saymadı. Qeyd etməyə
bilmərik ki, uzunmüddətli fəaliyyət dövründə ofis xeyli sayda
rəhbər dəyişdi, onlardan bəziləri mandatın pozulmasına, təxribatçı
əməllərə, tənqidi bəyanatlara yol verdilər. Demək lazımdır ki,
Azərbaycan hökuməti bu cür “fəaliyyət”ə dözümlü yanaşırdı. Ancaq
ölkə inkişaf etdiyi və nəticə etibarilə həyat səviyyəsi
yaxşılaşdığı üçün hökumət ofisin fəaliyyətinin davam etdirilməsinə
ehtiyacın olmaması barədə əsaslandırılmış nəticəyə gəlib. ATƏT-dəki
tərəfdaşlarımızdan kiməsə bu xoş gəlmədi və Azərbaycanın ünvanına
ittihamlar səsləndirildi. Lakin yuxarıda deyilənlər bu cür
ittihamların yersiz olduğunu göstərir. Bununla belə Azərbaycan
növbəti dəfə kompromisə hazır olduğunu nümayiş etdirdi və ATƏT
nümayəndəsinin dəqiq müəyyən edilmiş mandatla layihə koordinatoru
səviyyəsində ölkədə qalmasına razılıq verdi. İndi isə iki il
keçdikdən sonra Azərbaycana bu cür yardımın tələbatına ehtiyac
olmadığı haqda aydın fikir formalaşdı və müvafiq qərar qəbul
edildi.
ATƏT-də çox ciddi problemlər mövcuddur və onun görəcəyi işlər var.
Bu, ATƏT-in üç "səbəti" arasında mövcud olan bərabərhüquqluluğun və
balansın pozulması cəhdlərinə, ATƏT regionunu bir-birinə qarşı olan
Avrasiya və Avroatlantika strukturlarının təsir dairələrinə bölmək
niyyətinə aiddir. Bununla da, bu strukturların üzvü olmayan
dövlətlərin maraqları inkar olunur. İllər boyu biz yorulmadan
ATƏT-dəki tərəfdaşlarımızın diqqətini bu təşkilata üzv olan
Ermənistan tərəfindən ATƏT-in bir sıra prinsiplərinin, o cümlədən
təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərin pozulmasına
yönəldirik. Lakin məsələ olduğu kimi qalır.
Bu problemlərin həll olunmaması təşkilatın fəaliyyətini sual
altında qoya bilər. O ki qaldı Azərbaycana, o, ATƏT-ə üzv olan
dövlətlərin suverenliyi və bərabərhüquqluluğunun toxunulmazlığından
çıxış edərək, əvvəlki kimi təşkilatın fəaliyyətində fəal iştirak
edəcək. Azərbaycan təzyiqi ünsiyyət vasitəsi kimi qəbul etmir.
Bizimlə güc dili ilə danışmaq olmaz, heç alınmayacaq da”.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO