“Qərb Azərbaycanda hakimiyyətə nəzarəti ələ keçirmək istəyir” – Akif Nağıdan ŞOK AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Qərb Azərbaycanda hakimiyyətə nəzarəti ələ keçirmək istəyir” – Akif Nağıdan ŞOK AÇIQLAMA

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Avropa İttifaqında Azərbaycanla bağlı keçirilən “dinləmələrə” münasibət bildirib.

A.Nağı Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan Avropaya münasibətlə bağlı konkret yolunu müəyyənləşdirməlidir. Onun sözlərinə görə, Azərbaycan indiyədək Avropa təşkilatlarının qərəzli addımlarına adekvat cavab verməyib: “Azərbaycan Avropa ilə öz dilində danışmalıdır. İndiyədək Azərbaycan Avropanın iradlarını qəbul etməyə və müəyyən məsələlərdə güzəştə getməyə çalışıb. Ancaq biz birmənalı olaraq anlamalıyıq ki, nə Azərbaycanı, nə də Türkiyəni Qərbin ayrı-ayrı beynəlxalq təşkilatları qətiyyən sevmirlər. Onlar Azərbaycanı və Türkiyəni aşağılamağa çalışırlar. Qərb Azərbaycanda və Türkiyədə siyasi hakimiyyətə nəzarəti ələ keçirmək istəyir. Onlar öz istədikləri adamları hakimiyyətə gətirməyə və bu cür yolla da ölkələri talamağa çalışırlar. Əsas məqsəd də budur. Məqsəd odur ki, Qərb Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən öz istədikləri kimi istifadə etsin. Qərb vaxtilə İraq, Əfqanıstan, Misir, Liviya, Suriya və Ukraynada istədikləri oyunları oynayıb və indi də bu oyunları Azərbaycanda davam etdirmək istəyir.

Onların hər dəfə Azərbaycanla bağlı aksiya və ya dinləmə keçirməsinin də əsl məqsədi məhz budur. Buna görə də Azərbaycan tərəfi öz işini bilməlidir, ayıq-sayıq olmalıdır və Qərbin bu cür məkrli planlarına qarşı Azərbaycan cəmiyyəti ilə dövlət eyni mövqedən çıxış etməlidir”.

A.Nağı əlavə edib ki, bu gün işğalçı Ermənistanda vəziyyət qat-qat pisdir: “Bəs nədən Avropa Ermənistandakı vəziyyəti pisləmir? Nə üçün Ermənistanla bağlı dinləmə keçirmir? Bütün bunlar bir daha onu göstərir ki, Qərbin Azərbaycandan istəyi heç də insan haqları və demokratiya deyil. Əsas istək, Azərbaycanda Ukrayna kimi xaos yaratmaq, ölkəni talamaqdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm