• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Amnesty International”: Şərhsiz və yalnız faktlar! - TƏHLİL

  • Nida.az
  • 13 İyun 2015 11:09
  • 313 Baxış
“Amnesty International”: Şərhsiz və yalnız faktlar! - TƏHLİL

Avropa Oyunları kimi qitə miqyaslı yarışlar ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasını yürüdən “Amnesty İnternational” ikili standartlar institutu olduğunu öz fəaliyyəti ilə daim isbatlayıb.

İnsan haqlarının müdafiəsi pərdəsi altında gizlənən təşkilat hər zaman insan haqlarından siyasi təzyiq aləti kimi istifadə edib. Bu, “Amnesty İnternational”ın insan haqlarının deyil, kapitalın, sərmayənin, transmilli korporasiyaların və fövqəldövlətlərin maraqlarını müdafiə etdiyini göstərir. Təşkilatın fəaliyyətini bir də faktların gözü ilə izləmək bu fikirləri bir daha isbatlamış olur.

Birinci fakt. Vicdan azadlığından məhrum olan insanların azad edilməsini qarşısına əsas hədəf qoyan “Amnesty İnternational”ın soyuq müharibənin başa çatması, Sovet İttifaqı və aparteid rejimlərinin iflasından sonra heç vaxt nüfuzlu olmayan rolu daha da azalıb. Hal-hazırda özünü universal insan hüquqları bəyannaməsində nəzərdə tutulan bütün müddəaların müdafiəçisi kimi təqdim edən “Amnesty İnternational” real iş görmək əvəzinə bəlli olmayan meyarlar və prinsiplər üzrə bəzi ölkələr və regionları prioritetləşdirir və diqqəti onlara yönəltməklə özünün hələ də lazımlı və faydalı təşkilat olduğunu sübut etməyə çalışır. “Amnesty İnternational”ın sifarişli siyasət aparması nəticəsində Soyuq müharibə dövrü ilə müqayisədə onun üzvləri və donor mənbələrinin sayı əsaslı dərəcədə azalıb. Əsas tənqid məqamlarından biri “Amnesty İnternational”ın öz fəaliyyətində Qərb dövlətlərindəki vəziyyətə toxunmamasıdır.

İkinci fakt. “Amnesty İnternational” korporasiya və ya hökumət orqanı kimi kifayət dərəcədə bürokratik təşkilatdır. Tam mərkəzləşdirilmiş struktura malik olan “Amnesty İnternational”ın idarəçiliyi sovet inzibati amirlik sistemi ilə müqayisə edilir.

Üçüncü fakt. “Amnesty İnternational” özünü üzvlük prinsipinə əsaslanan təşkilat kimi təqdim etməyə çalışır. “Amnesty İnternational” iddia edir ki, onun sıralarında 3 milyon dəstəkləyici, üzv və fəal birləşir. Amma həqiqətdə bu, tamamilə başqa cürdür, həqiqətə zərrə qədər uyğun deyil. “Amnesty İnternational” ABŞ bürosu elektron poçt paylaşımına abunə olan, “Facebook” səhifəsini bəyənən hər bir şəxsi üzv kimi təqdim edir. Bu vasitəsilə “Amnesty İnternational” beynəlxalq ictimai rəyi adlandıraraq, özünü qlobal kütləvi təşkilat kimi təqdim etmək siyasətini yürüdür.

Dördüncü fakt. Əsas hədəf kimi vicdan azadlığından məhrum olan insanların azad edilməsini qarşıya qoyan “Amnesty İnternational” vaxtilə Nelson Mandelaya onun adından kampaniya aparmağa qadağa qoymuşdu.

Beşinci fakt. Beynəlxalq təzyiqlərdən sonra “Amnesty İnternational” 2013-cu ildə etiraf etməli oldu ki, “Al-Qaida”nı maliyyələşdirməkdə ittiham olunan İsveçrə mənşəli qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edib. ABŞ maliyyə departamentinin araşdırmaları zamanı məlum olub ki, “Amnesty İnternational” ilə dolayısı əməkdaşlıq edən Qatar mənşəli Əbdül Bin Umayir Suriya, İraq, Somali və Yəməndə “Al-Qaida” strukturlarının maliyyələşdirilməsində iştirak edib.

Altıncı fakt. 2011-ci ilin fevralında Böyük Britaniya qəzetləri tərəfindən “Amnesty İnternational”ın əməkdaşı İren Xanın maaşı 132.00 funt sterlinq olduğu halda, ona 533.103 min funt-sterlinq məbləğində ödəniş verildiyi müəyyən edilib. 2009-cu ildə istefa verən sabiq baş katibin müavini Keyt Gilmora isə əlavə ödəniş formasında 320.000 funt sterlinq verilib. Bu ifşadan sonra bəyanat verən “Amnesty İnternational” bu halın unikal olduğunu bildirib, lakin özünə bəraət qazandıra biləcək heç bir dəlil təqdim etməyib.

Yeddinci fakt. Beynəlxalq hüquq üzrə İllionoys Universitetinin professoru və uzun müddət “Amnesty İnternational”ın ABŞ bürosunun İdarə Heyətinin üzvü olan Francis Böyle iddia edir ki, “Amnesty İnternational” ABŞ və Böyük Britaniyanın xarici siyasət maraqlarına uyğun fəaliyyət göstərir. Yəni ABŞ və Böyük Britaniya tərəfindən hansı ölkəyə qarşı kampaniya aparmaq lazım gələn zaman, “Amnesty İnternational” aləti işə salınır. Onun sözlərinə görə, “Amnesty İnternational”ın büdcəsinin 20 faizindən artığı müxtəlif kanallar vasitəsilə ABŞ tərəfindən ödənilir. Böyük Britaniyanın da ödəmələrdə payının çox olması barəsində məlumatlar var.

Səkkizinci fakt. Bu faktı da Frensis Böylenin dilində dinləyək. O əlavə edir ki, insan hüquqlarının müdafiəsindən çox “Amnesty İnternational” öz mövcudluğunu saxlamaq və lazımlı olduğunu sübut etməklə məşğuldur: “Amnesty İnternational”ın qayəsi insan hüquqlarını müdafiə deyil, özünüreklamdır. İkinci əsas qayəsi pul, üçüncü qayəsi isə daha çox üzv əldə etməkdir...”

Doqquzuncu fakt. 1991-ci ildə Körfəz müharibəsi baş verən zaman ABŞ-ın xarici və hərbi siyasətini dəstəkləyən alət kimi “Amnesty İnternational” yalan bəyanatla çıxış edərək iddia etmişdi ki, guya iraqlı əsgərlər tibbi müayinə və dəstək altında olan mülki şəxsləri, o cümlədən yeni doğulan uşaqları bundan məhrum etməklə onların ölümünə səbəb olublar. ABŞ prezidenti Corc Buş televiziyada əsas xəbər vaxtı “Amnesty İnternational”ın bəyanatından müharibəyə başlamaq üçün əsas kimi istifadə etmişdi. Sonradan bu faktın saxta olduğu meydana çıxmışdı.

Onuncu fakt. 2011-ci ilin sentyabrında “Amnesty İnternational”ın məlumatına görə, guya Əsəd rejiminə qarşı çıxan Zeynəb Əl-Hüsninin cəsədi Suriya Silahlı Qüvvələri tərəfindən təhqirə və işgəncələrə məruz qalıb. Amma sonradan televiziya ekranlarına çıxan Zeynəb əl-Hüsni ümumiyyətlə onun ölümü haqqında xəbərlərin yalan olduğunu demişdi.

On birinci fakt. “Amnesty İnternational” insan hüquqlarının müdafiəsi roluna iddia etsə də, xüsusən Avropa ölkələrində özünü qabarıq şəkildə büruzə verən antisemitizm hallarını lazımınca araşdırmayıb. İsrail dövləti real faktlar əsasında “Amnesty İnternational”ın antiseminist siyasət apardığı bəyan edib. 2010-cu ildə “Amnesty İnternational”ın Finlandiya bürosunun rəhbəri Frank Johansson İsraili təhqiramiz formada əldəqayırma dövlət adlandırıb. Təşkilat bu şəxsin işlətdiyi ifadəyə görə nəinki üzrə istəməyib, əksinə onu müdafiə edib.

On ikinci fakt. Əsasən ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən maliyyələşən “Amnesty İnternational”ın maliyyə mənbəyi tamamilə qeyri-şəffafdır. Təşkilat fərdi ianələrlə yanaşı, transmilli korporasiyalardan da ianələr qəbul edir. Nəticə etibarilə, dövlətlərə təsir etmək və onların təbii sərvətlərinə çıxış əldə etmək üçün “Amnesty İnternational” transmilli şirkətlər tərəfindən konkret ölkələrə qarşı məqsədyönlü şəkildə istifadə olunur.

Bu faktların yalnız biri belə “Amnesty İnternational”ın gerçək simasını üzə çıxarmağa kifayət edir. Sadalanan faktlar göstərir ki, “Amnesty İnternational” hüquqları müdafiə edən qurum deyil, insan haqları ilə alver edən, bu hüquqları transmilli korporasiyaların maraqları üçün interpretasiya edən bir institutdur. İnsan haqlarını siyasi alətə çevirən “Amnesty İnternational” özü dünyaya hökm etmək niyyətində olan dövlətlərin, korporasiyaların əlində bir alətə çevrilib. Bu təşkilatın hər hansı ölkəyə qarşı fəaliyyəti yaxın və orta perspektivdə iqtisadi maraqları təmin etməyə hesablanır. Qeyd olunan faktlar “Amnesty İnternational”ın gerçək portretini cızmağa imkan verən ştrixlərdir. Bu ştrixlər birlikdə təşkilat barədə əsl həqiqəti ortaya qoymağa imkan verir. Gerçək “Amnesty İnternational” budur!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR