Fazil Mustafa: “Bu, Azərbaycanın xeyrinə olan ciddi siyasi qərardır”
Bizi izləyin

Nida.az

Fazil Mustafa: “Bu, Azərbaycanın xeyrinə olan ciddi siyasi qərardır”

“Bu qərar təkcə hər hansı mülkiyyətə dəymiş ziyana görə kompensasiyası ödənilməsi məsələsi deyil. Bu, həm də Azərbaycanın xeyrinə olan ciddi siyasi qərardır”.

Bu sözləri Publika.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa ötən gün Avropa Məhkəməsinin azərbaycanlı məcburi köçkünlərin işi üzrə Ermənistana qarşı qərar çıxarmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən qərarda Dağlıq Qarabağdakı işğalçı qoşunların törətdiyi bütün fəaliyyətlərin mərkəzində Ermənistanın olduğu bilavasitə göstərilir. F.Mustafa deyib ki, Ermənistanın işğalçı ölkə kimi tanınması ciddi siyasi qərardır: “Yəni, əgər biz bundan doğru istifadə edə bilsək, o zamanın Ermənistanın işğalçı dövlət olduğunu dünyaya daha bariz şəkildə çatdıra bilərik. Ona görə də hesab edirəm ki, Avropa Məhkəməsinin bu qərarına təkcə hüquqi prizmadan yanaşılmamalıdır.

Bu istiqamətdə Avropa Məhkəməsinə şikayətlərin daha kütləvi edilməsi yaxşı olardı. Avropada nə qədər ermənipərəstlik olsa da, ancaq ortaya konkret faktlar qoyulanda və israrla çalışanda, o zaman onlar da hüququn tətbiqinə ədalətli yanaşmada tərəfsiz olmağa məcbur olurlar. Bunun nəticəsində də Azərbaycanın haqq səsi ilə bağlı müsbət qərarlar qəbul oluna bilir. Hesab edirəm ki, bu qərar da Azərbaycan üçün çox faydalıdır və bundan gələcəkdə siyasi məqam kimi də istifadə etmək olar”.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası (AİHM) “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxarıb.

Məhkəmə prosesinə AİHM sədri Din Şpilman sədrlik edib. Azərbaycandan Xanlar Hacıyev, Ermənistandan isə Alvina Gülümyanın da qatıldığı məhkəmədə 17 hakim iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm