Avropa dağılacaq, türklər və ruslar... – YENİ SİVİLİZASİYA YARANIR
Bizi izləyin

Nida Təhlil

Avropa dağılacaq, türklər və ruslar... – YENİ SİVİLİZASİYA YARANIR

Avropa və dünya siyasətində söz sahibi olmaq üçün Yaxın Şərqdə Rusiyanın varlığı xüsusi əhəmiyyət daşıyır.

“Rusiyanın Yaxın Şərq üzrə siyasəti bir neçə aspektlərdə formalaşır. Rusiya regionda olan digər Avropa və dünyanın aparıcı dövlətləri kimi Yaxın Şərqin sərvətlərindən bəhrələnmək və bu proseslərdə iştirak etmək istəyir. Keçmiş SSRİ-nin nüfuz sahəsində, ənənəvi strateji tərəfdaşları ilə regionun aparıcı oyunçusuna çevrilməyə çalışır”.

Bu barədə Publika.az-a açıqlamasında Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov Rusiya-Türkiyə yaxınlaşması fonunda Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib.

Moskva və Ankranı birləşdirən ortaq nöqtə: Qoca Avropaya nəzarət


A.Məmmədov qeyd edib ki, Avropa və dünya siyasətində söz sahibi olmaq üçün Yaxın Şərqdə Rusiyanın varlığı xüsusi əhəmiyyət daşıyır.

“Moskva qoca Avropanın daxili siyasətinə təsir göstərmək üçün onun iqtisadiyyatını formalaşdıran enerji dəhlizlərinə nəzarət etmək istəyindədir. Rusiyanın xüsusilə, Suriyadakı mövcudluğu onun Yaxın Şərqdə və Aralıq dənizində söz sahiblərindən birinə çevirərək, Avropaya uzanacaq alternativ dəhlizlərə nəzarət etmək imkanını yarada bilər. Rusiya İraq, Qətər, Səudiyyə Ərəbistan və Küveytin neft və qazı Avropaya daha yaxın olan Suriya üzərindən ixracatının qarşısını alaraq, Avropanı bir çox hallarda daha ucuz başa gələn öz enerji resurslarına bağlı edir. Rusiyanın bu strateji məqsədləri kontekstində onun ciddi şəkildə Türkiyə ilə yaxınlaşmasını müşahidə edirik. Türkiyənin özü də maraqlı deyil ki, Yaxın Şərqin enerji resursları Suriya üzərindən Avropaya çatdırılsın. Ona görə də yarana biləcək Suriya tranzit xətti ilə Avropa və ABŞ-ın yaratmağa çalışdığı “kürd dəhlizi”nin qarşısını almağa çalışır”, - deyə o bildirib.

Rusiya Yaxın Şərqdə əslində nə istəyir?

Politoloq hesab edir ki, əslində, Ankaranın bu siyasəti strateji məqsədlər baxımından həm Rusiyanı, həm Türkiyəni, həm də İranı birləşdirir:

“Yəni bu üç ölkə Yaxın Şərqin enerji resurslarının Suriya üzərindən və ya formalaşdırıla biləcək “kürd dəhlizi” üzərindən ixracatında maraqlı deyillər. Hətta Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir vaxtda belə türklərə təzyiq göstərmək üçün Moskvanın kürdlərlə oynaması stiuativ xarakter daşıyırdı. Moskvanın mövcud şəraitdə kürdlərlə tərəfdaşlığı Rusiyanın strateji məqsədlərinə ziddir. Ona görə də regionda söz sahibi olmaq üçün Rusiya, Türkiyə və İranın yaxınlaşması mövcud strateji məqsədlər baxımından vacibdir. Bunun vacibliyini siyasi liderlər deyil, mövcud geopolitika diktə edir. Əslində, Moskvanın Şərq siyasətində Avropanı enerji dəhlizləri üzərindən izolyasiya etmək istəyi müəyyən dövr üçün hesablanmış bir taktikadır. Bu keçmişdən gələn coğrafiyamızdakı böyük oyunların bir elementidir. Əsl strateji xətt isə Rusiya siyasi elitasının dünyada yeni formalaşan islami dirçəlişə meyllənməsidir”.

Avropanın sonu çatır: onu kimlər əvəzləyəcək?

A.Məmmədovun fikrincə, Avropa sivilizasiyası çox sürətlə öz sonuna yaxınlaşır.

“Artıq dünyada bəşəri dəyərlər sistemini formalaşdıran yeni sivilizasiyalar Avropa sivilizasiyasını əvəzləyəcəkdir. Yeni formalaşa biləcək sivilizasiyalar Çin, Hind və Rusiya sivilizasiyaları ola bilər. Ancaq Rusiya sivilizasiyası yuxarıdakı sivilizasiyalardan fərqli olaraq, Slavyan, Türk, Ari və bu kontekstdə İslam sivilizasiyasını öz sərhədləri daxilinə alaraq, inkişaf etdirəcək. Məhz bununla bağlı olaraq, son illər Rusiyada müsəlman məbədlərinin tikintisinə göstərilən diqqət, İslam alimlərinə və dini mərkəzlərə xüsusi yaxınlaşmanın şahidi oluruq. Rusiya SSRİ dönəmindəki “kommunist cihadından” imtina etdikdən sonra Kreml keçmiş post-sovet məkanında ultra radikal islamçılarla qarşı-qarşıya gəldi. Bunlarında başında sələfilik və ona yaxın dini xətlər gəlirdi. Bu da Rusiya və onun regiondakı maraqlarında böyük zərər vururdu, yəni keçmiş Sovet məkanındakı İslam dininə etiqad edənlərin bir hissəsi kommunist ideologiyasından imtina etdikdən sonra yaranan boşluqda zərərli dini xətlərin təsiri altına düşürdü. Rusiya bu zərərli xətlərlə həm Şimali Qafqazda, həm də Mərkəzi Asiyada qarşı-qarşıya gəldi. Bu zərərli xətlərin əksəriyyəti Yaxın Şərqdən gəlirdi. Bu vəziyyət Rusiyanı Yaxın Şərqdə aparıcı bir oyunçu olmaq məcburiyyətini yaradırdı. Bu gün Yaxın Şərqdə aktiv olan Rusiya Səudiyyə Ərəbistanını, Fars körfəzi ölkələrini, Məqrib (Əlcəzair, Tunis və Mərakeş-red) dövlətlərini onunla hesablaşmağa məcbur etdi. Səudiyyə kralları dünənə qədər ideoloji düşmən saydığı Rusiya ilə Atom Elektrik Stansiyasının tikilməyi barədə razılığa gəlirlər. Fars körfəzi ölkələri isə neftin ixracatının azaldılması barədə birgə bəyanatlarla çıxış edirdilər”.

Moskva üçün yeni islami sivilizasiya modeli

A.Məmmədov bu gün Rusiyanın Yaxın Şərqdə bir-birinə zidd olan ölkələrin hamısı ilə işlədiyinə diqqət çəkib: “Məsələn, ərəb ölkələri ilə münasibətləri gərgin olan İsraildə Rusiyanın siyasiləşmiş böyük rusdilli diasporu var. Bu siyasiləşmiş rusdilli diaspor Rusiyanın maraqları baxımından İsrailin həm daxili, həm də xarici siyasətinə təsir göstərir. Yaxud da ABŞ və Avropa dövlətləri ilə münasibəti gərginləşmiş Misirin yeni siyasi hakimiyyəti ilə çox milyardlılıq hərbi müqavilə bağlayır. Eyni zamanda, Səudiyyə Ərəbistanı ilə gərgin münasibəti olan İranla strateji əməkdaşlıq kontekstində bölgənin həm hərbi, həm də siyasi mühitinə təsir edən bərabər siyasət həyata keçirilir. Yəni Rusiya Yaxın Şərqin hər yanında, hər tərəfində, hər bucağında var. Bu da Moskvaya imkan verir ki, yeni sivilizasiya quruculuğunda Rusiya xalqlarının mənəvi dəyərləri ilə simbioz təşkil edə biləcək yeni islami sivilizasiyanın Moskva üçün modelini formalaşdırsın, yəni Yaxın Şərqdə olmaqla zərərli radikal xətlərin post-sovet və Avrasiya coğrafiyasına girişinin qarşısını alaraq özünəməxsus ənənəvi sivilizasiyasını formalaşdıra bilsin. Bu müdafiə və özünü qoruma instinktindən irəli gələn yeni strategiya xalqların retrospektiv yaddaşını müasir dövrümüzə induksiyasi kimi özünü biruzə verməyə başladı. Bu, XXI əsrdə yeni avrasiyaçılıq hərəkatı adını aldı. Özülü hələ XIX əsrdə qoyulmuş, istər rus düşüncəli insanların, istərsə də türk-fars düşüncəli insanların fikirləri əsasında yeni bir ideoloji geopolitik konstruksiya formalaşmağa başlandı”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm