• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

ABŞ-la dostluq, yoxsa 100 milyard dollar: Putin nəyi qurban verəcək?

ABŞ-la dostluq, yoxsa 100 milyard dollar: Putin nəyi qurban verəcək?

ABŞ prezidenti Donald Tramp administrasiyasının bəzi addımlarından belə fərz etmək olar ki, ABŞ Rusiya ilə barışığa hazırdır. Amma Moskva bunun üçün İranla münasibətləri qurban verməli olacaq. Moskva buna gedəcəkmi?

Publika.az xəbər verir ki, 365info.kz saytında gedən məqalənin müəllifi, siyasi müşahidəçi Akkaz Derbisov bu suala “yox” cavabı verir.

Onun sözlərinə görə, Moskva Tehranı ABŞ-a qurban etməyəcək.

"İran Rusiya üçün çox əhəmiyyətlidir. Son 25 ildə İran və Rusiya qarşılıqlı hərbi-texniki, siyasi və iqtisadi münasibətlər qurub. Bu ölkələr - əvvəl İran, daha sonra isə Rusiyanın özü beynəlxalq təzyiq və təcridlə üzləşib”, - müəllif yazıb.

Derbisov Rusiya prezidenti Vladimir Putinin 2005-ci ildə keçirilən Münxen Təhlükəsizlik Konfransında çıxışını xatırladıb:

“Putin SSRİ-nin dağılmasını iyirminci əsrin ən böyük geosiyasi faciəsi kimi qiymətləndirdi. Rusiya bundan sonra bir çox təşkilatda – Şanxay Əməkdaşlıq Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqında iştirakını aktivləşdirərək regional və qlobal təsirin aktiv bərpasına başladı. Həmin aktivləşməyə Rusiyanın Abxaziya, Cənubi Osetiya və Krım kampaniyalarını da əlavə etmək lazımdır”.

İranın müasir Rusiya üçün mühüm rol oynadığı, gücün və təsirin ən cazibədar mərkəzlərindən biri olduğunu deyən müəllif qeyd edir ki, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin (Kremlin hazırkı siyasətinin ideoloqu kimi tanınır – red.) 1997-ci ildə “Geosiyasətin əsasları” əsərində Rusiya və İranı strateji ittifaq yaratmağa çağırıb.

Duqinin fikrincə, Yaxın Şərqdə İranın strateji vəziyyəti, iki ölkənin tarixi münasibətləri və Rusiyanın qlobal təsirini genişləndirmək istəyi İranı Rusiya üçün ən istənilən və doğru partnyor edir.

“Rusiyanın İrana olan xüsusi münasibətin göstəricisidir ki, Moskva Pekinin müqavimətinə baxmayaraq, Şanxay Əməkdaşlıq Təşkilatında İranın statusunu sadə müşahidəçidən üzvlüyə qədər qaldırmağa çalışır. Həmçinin, Rusiyanın susqun razılığı olmadan İran biznesi Mərkəzi Asiyada yəqin ki, belə müvəffəqiyyətlə inkişaf etməzdi. Rusiya üçün İranın iqtisadi qiyməti də artır. Dünya maliyyə böhranının nəticələri, həmçinin neftin qiymətinin düşməsi və Qərbin sanksiyalarının Rusiya üçün nəticələri yaxşı məlumdur. “Rosbizneskonsaltinq”in məlumatına görə, Rusiya hər ay Suriya müharibəsinə 150 milyon dollar ayırır. İrana gəlincə, Vyana sazişi nəticəsində beynəlxalq təcridin aradan qaldırılması ilə İrana 100 milyard dolları qaytardılar. Bu pul əlbəttə, Rusiyanın keçmiş böyüklüyünün qaytarılmasını dəstəkləmək üçün kifayət etməyəcək. Amma bu pul Rusiyanın strateji – elmi və müdafiə şirkətlərini işlə təmin etmək üçün kifayət edər. Həmin şirkətlər Qərbin sanksiyaları altındadır. Yalnız son bir neçə ay ərzində Tehran və Moskva Rusiya silahlarının çatdırılması üzrə ən azı 10 milyard dollarlıq müqavilələr imzalayıb. 2016-cı ilin sentyabrında Rusiyanın köməyi ilə İranda yeni Atom Elektrik Sstansiyasının tikintisi üçün 10 milyard dollarlıq müqavilə bağlanıb. Rusiya İranın Atom Elektrik Stansiyası üçün az zənginləşdirilmiş uran yanacağı istehsal etməyə kömək etmək niyyətindədir”, - məqalədə qeyd olunub.

Akkaz Derbisov qeyd edir ki, əməkdaşlığın belə imkanını nəzərə alaraq, çətin ki, Rusiya ABŞ-la münasibətlərinin normallaşmasına əvəz olaraq İranla əməkdaşlıqdan imtina edəcək:

“Yaxın Şərq regionunda güc mərkəzi kimi İranın olması Rusiyaya lazımdır. İran və Rusiya Suriya müharibəsində əsas rolları oynayırlar. Suriyada müharibənin son nəticəsi İranın bütövlükdə olmasa da, qismən İranın xeyrinə olacaq. Rusiya gələcəkdə Suriyada öz hərbi kontingentini genişləndirməyi lazım hesab edərsə, İranda dostluq münasibətlərini saxlamaq üçün çox şey edəcək. Rusiya və İranın ittifaqı artıq çox sınaqlardan keçib və yeni çağırışlara açıq-aydın hazırdır. Ağlasığmazdır ki, bu ölkələrdən hansısa ani qısamüddətli xeyrə görə münasibətləri qurban verməyə hazırdır.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>