Şəmsəddin Hacıyev: “Türkçülüklə bağlı səsləndirilən fikirləri ciddi qəbul etmirəm ” - – MÜSAHİBƏ
Bizi izləyin

Nida Təhlil

Şəmsəddin Hacıyev: “Türkçülüklə bağlı səsləndirilən fikirləri ciddi qəbul etmirəm ” - – MÜSAHİBƏ

"Hökumət rəsmilərinə qarşı edilən hörmətsizliklər bizi həm təəccübləndirir, həm də düşünməyə vadar edir".

Milli Məclisinin deputatı, professor, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevin Publika.az-a müsahibəsi:

- Bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Mehriban xanım sizin partiya təşkilatında qeydiyyatdadır. Bu təyinat sizin üçün gözlənilən idimi?

- Azərbaycanın Birinci xanımı, partiyamızın sədr müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti təyin edilməsi tamamilə gözlənilən idi və bu xalqımızın böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılandı. Hesab edirəm ki, bu təyinat Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqımızın rifahının yüksəldilməsinə əhəmiyyətli töhfələr verəcək və dövlətçilik tariximizə yeni mərhələ kimi daxil olacaqdır.

Bu təyinat bizim üçün ikiqat fərəhlidir. Çünki Mehriban xanım Əliyeva həm Yeni Azərbaycan Partiyasının sədr müavinidir, həm də YAP Səbail rayonunda qeydiyyatdadır. Ötən müddət ərzində Mehriban xanım Əliyeva özünü təcrübəli siyasətçi, yüksək idarəetmə və təşkilatçılıq məharətinə malik olan səriştəli idarəedici kimi tamamilə doğrultmuşdur. Bu gün Mehriban xanım Əliyeva nəinki Azərbaycanda və yaxın coğrafiyada, eləcə də dünyada böyük nüfuza malik olan dövlət xadimidir. Bu da təsadüfi deyil, çünki onun gördüyü genişmiqyaslı və çoxşaxəli işlər bütün insanlar tərəfindən böyük rəğbətlə qarşılanır və nümunə kimi göstərilir. İndiyədək Mehriban xanım Əliyeva son dərəcə həssas, problemli məsələlərlə məşğul olub, bu sahələrdə müstəsna uğurlar və nəticələr əldə edib. Yüzlərlə misallar göstərmək olar. Təbii ki, bütün bunları Azərbaycan vətəndaşları və bütövlükdə dünya ictimaiyyəti də lazımınca qiymətləndirir.

Şəxsən mən referendumdan sonra düşünürdüm ki, Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə kimlər təyin oluna bilər? Tam səmimi deyirəm, mən burada Mehriban xanıma alternativ görmürdüm. Bu təkcə mənim yox, 700 minə qədər sayı olan YAP üzvlərinin və Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin fikiri idi. Cənab Prezidentin bu müdrük təyinatı ilk növbədə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyimizin qorunmasına və Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin təmin edilməsinə xidmət edir. Mehriban xanım olan yerdə haqq-ədalət, mərhəmət, humanizim, həssaslıq, şəffaflıq, insanlara diqqət, qayğı və digər bu kimi yüksək dəyərlər bərqərar olunur və milli-mənəvi dəyərlərə, adət və ənənələrimizə, müstəqilliyimizə, dövlətçiliyimizə sədaqət nümunəsi göstərilir. Bütün bu məsələlər daha çox ideoloji, humanitar, sosial və mədəni sferaları əhatə edir. Ötən həftə Mehriban xanım Əliyeva öz çıxışında əsasən sosial məsələlərlə məşğul olacağını bildirdi. Sosial məsələlər deyəndə, birinci növbədə məşğulluq, əmək haqqları, pensiya və digər sosial təminatlar, qaçqın və məcburi köçkünlərin problemləri, elm və təhsil, səhiyyə, mədəniyyət, idman, gənclər siyasəti, ailə və digər bu kimi mühüm əhəmiyyət kəsb edən məsələlər nəzərdə tutulur ki, bütün bunlar da ölkəmizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edən sahələrdir. Biz əminik ki, Mehriban xanım Əliyevanın fəaliyyəti ilə yaxın gələcəkdə bu sahələrdə əsaslı dönüş yaranacaqdır.

- Azərbaycan hökumətinin bir çox rəsmi şəxsləri, imkanlı adamlar sizin partiya təşkilatında qeydiyyatdadır. Onlar tərəfindən partiyaya ianələr ödənilirmi?

- Üzvlük haqqı ilə əlaqədar partiya üzvləri arasında heç bir fərq qoyulmur. Partiyamıza üzv olan insanlar isə üzvlük haqlarını çox səliqəli şəkildə ödəyirlər. Partiyamıza könüllü olaraq ianələr də ödənilir. Ancaq biz onların kimliyini bilmirik. Çünki həmin vəsaitlər partiyanın rəsmi bank hesabına ödənilir.

- Son vaxtlar Azərbaycanın tarixi şəxsiyyətləri və türkçülüklə bağlı ayrı-ayrı tanımış şəxslər, ziyalılar tərəfindən aşağılayacı fikirlər səsləndirilir. Bu cür fikirlərə münasibətiniz necədir?

- Bu məsələlərlə bağlı səsləndirilən fikirləri ciddi qəbul etmirəm. Belə fikirləri bilərəkdən gündəmə gətirənlər bunu ya millətimizin və xalqımızın tarixini, etno-genezisini lazımınca bilmədiklərindən, ya da cəmiyyətdə süni gərginlik yaratmaq məqsədi ilə edirlər. Mən burada xarici qüvvələrin də fəaliyyətini istisna etmirəm. Milli mənşəimizlə bağli aşağılayıcı fikirlər, ifadələr yolverilməzdir. Bizim mənsub olduğumuz millət türkdür. Bu haqda ulu öndər Heydər Əliyevin aforizmə çevrilən çox düzgün və müdrük kəlamını yada salmaq kifayətdir: “Biz bir millət, iki dövlətik”. Azərbaycan coğrafi addır və o, cox qədim zamanlardan mövcud olub, millət olaraq biz türkük - Azərbaycan türkü. Şəxsən mən türkəm və bununla qürur duyuram. Amma Azərbaycan tamamilə multikultural dəyərlərə malik olan çoxmillətli, müxtəlif dinlərin mövcud olduğu, çoxkonfenssiyalı cəmiyyətdir. Bu gün türk, rus, ləzgi, talış, kürd, yəhudi, tat, avar, lahıc və digər millətlər Azərbaycanda qardaş və dost kimi, çox tolerant bir mühitdə yaşayırlar. Biz bir ailə kimi yaşayırıq, Azərbaycan bizim birgə Vətənimizdir, hamımız üçün eynidir və əzizdir. Azərbaycanda yaşayan heç bir millətin nümayəndəsi deyə bilməz ki, ona qarşı milli zəmində hər hansı bir ayrı-seçkiliyə yol verilir. Əksinə, Azərbaycanda digər millətlərdən olan şəxslər iş karyerasında daha tez irəliləyirlər. Sadəcə biz türklər say baxımından dominantlıq təşkil edirik. Azərbaycan bu gün dünyada nadir ölkələrdən biridir ki, burada bütün millətlərin nümayəndələri bir ailə kimi yaşayır, inkişaf edir və dünyaya nümunə kimi göstərilir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası əsasında ölkəmizdə yaşayan bütün millətlər vahid bir xalq - Azərbaycan xalqı kimi elə möhkəm platformada birləşiblər ki, onu nəinki gündəmə gətirmək, heç az da olsa, zəiflətmək qeyri-mümkündür. Məhz, Azərbaycançılıq konsepsiyasınun uğurla reallaşması sayəsində bu gün ölkəmizdə dözümlülük, tolerantlıq, multikulturalizm sözün əsl mənasında həyat tərzinə çevrilib ki, bu da müstəqillik dövründə Azərbaycanın ümummilli inkişaf modelinin mühüm səciyyəvi cəhətlərindən biri kimi özünü tam doğrultmuşdur. Bütün bunlar partiyamızın rəhbəri, Möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş müdrük siyasətinin nəticəsi kimi əldə etdiyimiz ən mühüm dəyərlərimizdir və onları qorumaq, daha da inkişaf etdirmək hər bir vətəndaşımızın müqəddəs borcudur.

- Türkiyənin iki naziri Niderland hökuməti tərəfindən ölkəyə buraxılmayıb. Hollandiyanın Türkiyəyə qarşı bu cür addımlarını necə qiymətləndirirsiz?

- Son vaxtlar Avropanın bəzi ölkələri ilə Türkiyə arasında yaranan gərginliklər, beynəlxalq hüquqa, demokratiya və insan hüquqlarına zidd olan münasibətlər, diplomatik normalara, hətta dövlətlərarası etik davranış qaydalarına belə sığmayan hərəkətlər – hökumət rəsmilərinə qarşı edilən hörmətsizliklər bizi həm təəccübləndirir, həm də düşünməyə vadar edir.

Hesab edirik ki, baş vermiş bu hadisələr özünü demokratiya və insan hüquqlarının paytaxtlarından biri hesab edən Hollandiyada beynəlxalq hüququn, Diplomatik və Konsulluq əlaqələrinin Vyana konvensiyalarının əsas prinsiplərinin, demokratik dəyərlərin, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi demokratiyanın əsas prinsiplərinin kobud şəkildə pozulması və tapdanılmasının əyani sübutudur, islamafobiyanın, eləcə də ksenofobiya, ikili standartlar, ayrı-seçkilik kimi neqativ meyllərin bariz nümunəsidir.

Təbii ki, hər bir ölkənin, cəmiyyətin inkşafını və tərəqqisini təmin edən əsas fundamental prinsip onun milli təhlükəsizliyi və ictimai-siyasi sabitliyinin təmin edilməsidir. Referendum keçirməklə Türkiyə bu məqsədlərə nail olmaq, daha güclü dövlət idarəçiliyi sistemi yaratmaq, ölkənin iqtisadi və sosial inkişafını əhəmiyyətli dərəcədə yüksəltmək və onu xarici təhdidlərdən və destruktiv təsirlərdən qorumaq kimi qarşıya böyük vəzifələr qoyub. Türkiyə yaxın gələcəkdə dünyanın ən güclü on iqtisadiyyatından biri olacaq, hərbi qüdrətinə görə dünyanın ilk beşliyində mövqeyini daha da möhkəmləndirəcək. Referendumda səsverməyə təqdim olunan yeni idarəçilik sistemi Türkiyə Respublikasını son on illiklərdə baş vermiş dövlət çevrilişlərinə, xarici qüvvələrin dəstəyi ilə törədilən üsyan cəhdlərinə son qoymağa, dövlətin demokratik əsaslarının qorunmasına və onun daha da möhkəmlənməsinə hədəflənib. Bu səbəblə, qüdrətli, güclü, öz iqtisadi və hərbi potensialına görə dünyanın aparıcı dövlətləri sırasına daxil olan Türkiyəni bir sıra Avropa dövlətləri açıq-aşkar qəbul etmək istəmir, ona qarşı qısqanclıq, qorxu sindromu yaratmağa çalışırlar. Avropanın bütün səyləri, həmlələri Türkiyənin beynəlxalq nüfuzuna xələl gətirmək və ölkəni daxildən zəiflətməyə yönəlmişdir.

Türkiyə demokratik dövlətdir. Ümumxalq səsverməsi – Referendumla əlaqədar rəsmi təşviqat kampaniyası çərçivəsində Avropada yaşayan türk əsilli vətəndaşlarla görüşlərin keçirilməsindən bu dərəcədə narahat olmaq, məsələni bu şəkildə şişirtmək, nazirlərin görüşlərinə əngəllər yaratmaq, insanları təhqir etmək, təbii ki, pərdəarxası başqa məqamların mövcudluğundan xəbər verir. Avropanı narahat edən məqamlar sırasında müsəlman dövləti olan Türkiyənin güclənməsi, Türkiyənin Rusiya və İranla yaxınlaşması, PKK-ya və digər terrorçu təşkilatlara və qruplara qarşı barışmaz mövqeyi və mübarizəsi, dünyada və yaxın coğrafiyada baş verən proseslərə öz milli maraqları çərçivəsində sərbəst mövqe sərgiləməsi də istisna olunmamalıdır. Bu münasibətlər, eləcə də Türkiyə-Rusiya-Azərbaycan münasibətləri və digər geosiyasi formatlarda da nəzərdən keçirilməlidir.

Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan xalqı olaraq biz, hər zaman Türkiyənin, türk qardaşlarımızın yanındayıq. Azərbaycan Prezidenti İlham Əliyevin Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı səsləndirdiyi “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” sözləri Azərbaycan xalqının Türkiyəyə olan qardaş münasibətinin ən bariz təzahürüdür.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm