• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Türkləri Avropadan qovmaq planı – TƏHLİL

Türkləri Avropadan qovmaq planı – TƏHLİL

Türkiyədə keçiriləcək referendumda “bəli” - “xeyr” antonimi qardaş ölkənin sərhədlərini aşdı. Bir çox Avropa ölkəsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) “Köhnə Qitə”dəki türklər arasında seçki kampaniyası aparmaq üçün göndərdiyi nazirlərə qadağalar qoyur. Lakin məsələnin Türkiyədəki referendumla bağlı təbliğat kampaniyasının aparılmasının yox, məhz “bəli” tərəfdarlarının qarşısını almaq olduğu görünür.

Hər şey casus imamlarla başladı: Fevralın 2-də Angela Merkel Ankara səfərində Almaniyadakı türk imamları casusluqda ittiham etdi. Daha sonra 6 türk imamına casusluq ittihamı irəli sürüldü. Ankara buna adekvat addım olaraq, “Die Welt” nəşrinin Türkiyə üzrə müxbiri Dəniz Yuceli casusluqda ittiham edərək, həbs etdi. Bundan sonra Ankara-Berlin xəttində əsəblər tarıma çəkildi. Rəsmi Berlin Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın Almaniyada yaşayan türklər arasında “bəli” kampaniyası aparmasını qadağan etdi. Merkel bununla “qərarları yerli idarəçilər”, yəni bələdiyyələr verdiyi bəhanəsini irəli sürdü. Lakin eyni yanaşmanı “xeyir” kampaniyasına sərgilənmədi. Almaniya HDP-nin “xeyir” kampaniyasından sonra CHP-nin da eyni təbliğat kampaniyasına icazə verdi.

Almaniya ilə başlanan hücum Hollandiyada pik nöqtəyə çatdı. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin bu ölkəyə enişinə icazə verilmədi. Ardınca ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın ölkəyə girişinə qadağa qoyuldu. Türkiyəli nazir isə avtomobil yolu ilə Hollandiyaya daxil olmaq istəyəndə saxlanıldı. Hollandiyadakı türklər ayağa qalxaraq etiraz etdi, holland polislər itlərlə onlara hücum edərək, aksiyanı dağıtdı. İki ölkə rəsmiləri arasında siyasi ritorika sərt müstəviyə keçdi. Türkiyə-Hollandiya münasibətləri uçurumun kandarına qədər gəldi. Hollandiyanın fonunda bir sıra Avropa İttifaqına üzv ölkələr də Türkiyəyə qarşı cəbhədə yer aldılar. Danimarka bu ölkəyə səfər edəcək Türkiyə Baş naziri Binəli Yıldırıma səfəri təxirə salmağı tövsiyə etdi. Avstriyada da “bəli” kampaniyasına qarşı çıxdı. Və ümumi mənzərədə Avropa İttifaqı ilə Türkiyə arasında ciddi böhran yarandı.

Baş verənlərin ümumi mənzərəsində ilk görünən hədəflər belədir:

- Prosesin Almaniyadan başlayaraq, “domino effekti” yaratması təsadüfi deyil. Berlin Avropa İttifaqının əsas aparıcı ölkəsi kimi, təsir edə biləcəyi ölkələrin Türkiyəyə qarşı cəbhədə yer almasını təmin etdi.

- Kulminasiya nöqtəsi Hollandiya oldu. Bu qarşıdurmada Hollandiya hökuməti maraqlı görünür. Çünki martın 15-də bu ölkədə parlament seçkiləridir və baş nazir Mark Rutter türklərə qarşı hücumla millətçi elektoratın səsini almaq, beləliklə, səs itkisini sığortalamaq niyyətindədir. Hollandiyanı idarə edən koalisiyanın – liberal VVD və sosial-demokrat PvdA – nüfuzu son dövrlər xeyli zəifləyib, əvəzində millətçi Azadlıq Partiyası (PVV) sürətlə yüksəlir. Rutter məhz millətçilərin kartından istifadə etdi.

Bu amil birbaşa Hollandiyanın daxili siyasətinə bağlıdır və ümumi mənzərədə detallardan biri hesab oluna bilər. Lakin bütövlükdə Almaniyanın rəhbərliyi ilə Avropada başlanan anti-türk hücumun kökündə bir-biri ilə üzvü şəkildə bağlı olan iki amil dayanır.

Birinci: Türkiyə aprelin 16-da referenduma gedir və xalq ölkədə prezident üsul-idarəsinə keçid məsələsini həll edəcək. Türkiyə daxilində konstitusiya islahatlarına qarşı çıxan səslərin olması normal qarşılana bilər. Çünki bu ölkə həm də onlarındır və “xeyir” cəbhəsində yer alanlar ölkələrinin gələcəyini “bəli”də görmürlər. Amma Avropanın “bəli”yə qarşı çıxaraq, “xeyir” cəbhəsinə açıq dəstək verməsi referendumda müsbət nəticənin olacağı təqdirdə Türkiyənin güclənməsini istəməyən qüvvələrin olduğunu açıq şəkildə göstərdi.
“Bəli” cəbhəsi qalib gələrsə: Türkiyədə əsas söz sahibi prezident olacaq; bu, ölkənin taleyüklü məsələlərində fikir ayrılığının aradan qalxmasına səbəb olacaq; Türkiyənin daxili işlərinə müdaxilə çətinləşəcək; yeni dünya nizamında daha güclü Türkiyə mübarizədə öz maraqlarını müdafiə edə biləcək. Qərbin “xeyir” cəbhəsinə dəstəyinin kökündə bu nüanslar dayanır.

İkinci: məhz “xeyir” cəbhəsinin güclənməsi üçün “bəli” cəbhəsinin nümayəndələri Avropaya buraxılmır. Almaniya və Hollandiya yaşayan türklərin ümumi sayı 3 milyondan çoxdur. Avropa İttifaqı “bəli”çilərin qarşısını almaqla, “xeyir”çilərin qələbəsinə çalışır. Məsələ məhz 3 milyondan çox türkün səsi uğrunda mübarizədən gedir.

Lakin burada açıq qalan suallar var:

a) “Bəli”yə qarşı hücumlar Ərdoğanın arqumentlərini gücləndirdiyi halda, Avropa niyə buna gedir?

Ərdoğan referendumla bağlı əsas arqumenti belədir: “Bəli” güclü Türkiyə deməkdir, buna qarşı çıxanlar Türkiyənin güclənməsini istəməyənlərdir. Türkiyə lideri bununla həm daxildəki, həm də xaricdəki “xeyir”çilərə işarə edir. Avropada baş verənlər faktiki olaraq, bu arqumenti gücləndirir. Və mümkündür ki, bu hadisələrdən sonra Türkiyədə “bəli”çilərin sayı sürətlə artacaq. Avropa bunu istəyirmi? Xeyr. Bəs, nədən bu arqumentlərin güclənməsinə səbəb olacaq addımlar atır?

Burada açıq görünən cavab belədir: türk qorxusu. Tarix boyu Avropa türkləri özü üçün təhlükə hesab edib və eyni düşüncə indi də davam edir. Hesab etmək olar ki, Qərb Türkiyənin Avropadakı türklərlə daha yaxın təmas qurmasını və onları siyasi cəbhədə təşkilatlandırmasını istəmir.

b) Gərginlik niyə bu həddə çatdırıldı və bu kimlərə sərf edə bilər, yaxud görünməyən məqsəd nə ola bilər?

Hollandiyada pik həddə çatan gərginliyin qeyd etdiyimiz kimi, bu ölkədəki seçkilərlə bağlılığı aydındır. Lakin hücumun demək olar ki, bütün Avropa boyunca aparılması hədəfdə türklərin Avropada sıxışdırılması olduğu ehtimalı ön plana çıxarır.

Avropa hökumətlərinin qərarlarına etiraz olaraq türklər ayağa qalxır; etiraz aksiyalarına polis müdaxilə edir və qarşıdurmalar yaranır; Avropa cəmiyyətində anti-türk əhval-ruhiyyəsi güclənir; türklər Avropadan tədricən sıxışdırılıb çıxarılır.

Hollandiya bu prosesin başlanğıcı ola bilər.

Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>