• USD 1,7000 0,00% EUR 1,9906 +0,01%
    • GBP 2,2728 +0,01% RUB 0,0276 -0,36%

Qarabağ münaqişəsi üçün ƏSAS ŞƏRT, 19 gün sonra KABUS... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ münaqişəsi üçün ƏSAS ŞƏRT, 19 gün sonra KABUS... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-ın “The Washington Post” nəşri tərəfindən irəli sürülmüş iddialara münasibət bildirib. Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyin Ərdoğan bu ayın sonuna qədər Bakıya gələcək. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan ölkəsinin nüvə silahına malik olduğunu söyləyib. Koreya böhranı ətrafında vəziyyət gərgin olaraq qalır.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-ın “The Washington Post” nəşri tərəfindən irəli sürülmüş iddialara münasibət bildirib.

“Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktyoru kimi aparır. O elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib”.

Bunu Feysbukdakı səhifəsində Azərbaycan Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Novruz Məmmədov yazıb.

"Ermənistanın xarici işləri naziri Edvard Nalbandyanla görüş razılaşdırılsa da, hələlik konkret tarix və yer bəlli deyil. Çox güman ki, bu yaxınlarda bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən təklif alacağam". Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısından sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, böyük ehtimal görüş BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək:

“Bizim hansı sazişi müzakirə edəcəyimiz hamıya məlumdur. Yeganə lazım olan şey siyasi qərarın olmasıdır. Bu siyasi qərarın əsasında bizim həmişə vurğuladığımız kimi əsas şərt Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasıdır”.

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı keçirilib. Toplantı çərçivəsində “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanıb. Nazirlər görüşün yekununa dair birgə Bəyannamə qəbul ediblər.

NATO-nun Gürcüstanda növbəti təlimləri başlayıb. “Agile Spirit 2017” adlanan təlimlər 3-11 sentyabr tarixlərini əhatə edəcək. Təlimlə bağlı diqqət çəkən məqam isə Şimal Alyansının Rusiya sərhədlərinin dibində “at oynatmasından” daha çox, Ermənistanın təlimdə iştirakdan imtinasının müzakirə edilməsidir.

Bundan öncə, NATO-nun Gürcüstanda iyulun 20-dən başlayaraq, avqustun 13-nə qədər davam edən “Noble Partner 2017” adlı təlimlərində erməni hərbiçilər iştirak edirdi və bu həm Qərbdə, həm də Ermənistanın özündə “İrəvan Rusiya boyunduruğundan xilas olur” ajiotajını yaratmışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyin Ərdoğan bu ayın sonuna qədər Bakıya gələcək. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşü çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüş zamanı deyib.

Nazir qeyd edib ki, səfərin Nyu-York BMT Baş Assambleyasının iclasından (19-25 sentyabr) sonra baş tutacağı gözlənilir.

Gürcüstanda NATO-nun keçirdiyi “Çevik ruh 2017” təlimi alyansın bundan öncə Qafqazda keçirdiyi digər təlimlərə bənzəyir. Bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

“Gürcüstana “Abrams” tankları gətirilib. Bunun məqsədi Gürcüstana tank desantının çıxarılacağı təqdirdə onun yerli şəraitə uyğunluğunun yoxlanılmasıdır. Üstəlik, NATO üçün önəmli olan gələcəkdə döyüş fəaliyyətlərinin olacağı bölgələrdə mövcudluğudur. Hərbçilər və zabitlər döyüş fəaliyyətlərinin olacağı bölgənin landşaftı, iqlimi, relyefini tanımalıdırlar. Avropada böyük müharibə ehtimalı son dövrlər artıb. Rusiya ilə Gürcüstan arasında müharibənin olması ehtimalını istisna etmək olmaz. Bu, ümumi Avropa müharibəsinə hazırlıq məqsədi daşıyır. Rusiya Baş Qərargahının hesabatına görə, bu müharibə 2025-ci ildə başlamalıdır”, – deyə o bildirib.

ABŞ və Rusiya arasında başlanan “soyuq müharibə”nin alovu Ermənistanı vurur. Gürcüstanda keçirilən NATO təlimlərindən Putinin göstərişi ilə son anda imtina edən işğalçı ölkə çətin vəziyyətdədir.

ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında “Bizim istəyimiz Ermənistanın suveren qərarlar qəbul edə bilib-bilmədiyindən arxayın olmaq, hansı iqtisadi və siyasi modeli seçdiyini görməkdir” sözləri Vaşinqtonun İrəvan qarşısında son şərtini irəli sürdüyünü göstərir.

Ermənistan nüvə silahına malikdir. Bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan söyləyib. Onun sözlərinə görə, Ermənistana nüvə silahı SSRİ zamanından qalıb. Jurnalistin “belə bəyanatdan sonra siz Ermənistanın Şimali Koreya kimi sanksiyalara məruz qalacağından qorxmursunuz?” sualına Baqratyan “Ermənistan hansısa vasitə ilə özünü Azərbaycandan qorumalıdır” deyə cavab verib.

Qeyd edək ki, o, bundan öncə dəfələrlə eyni bəyanatla çıxış edib. O iddia edirdi ki, İrəvana bu silah 70-ci illərdə verilib.

Bəşər Əsəd Xan Şeyhun qətliamında zarin qazından istifadə edib, 38 nəfərin öldüyü məscid hücumunu isə ABŞ təşkil edib. Bu barədə Suriyada baş verən hadisələri araşdıran BMT Tədqiqat Qrupunun hesabatında yazılıb.

Suriyadakı döyüş təyyarələrini araşdıran tədqiqat qrupu indiyə qədər Suriyada 33 fərqli kimyəvi silahdan istifadə edildiyini, bunlardan 7-nin Əsəd rejimi tərəfindən kütləvi qırğın törətmək məqsədi ilə həyata keçirildiyi bildirilib. BMT-nin Suriyanı Araşdırna Komisiyası isə Cinə kəndində 38 dinc sakinin ölümü ilə nəticələnən hava hücumunun ABŞ tərəfindən təşkil edildiyini açıqlayıb.

Şimali İraq regional kürd rəhbərliyinin referendum və seçkiləri üzrə komissiyası müstəqillik referendumu üçün çap olunan bülletenin nümunəsini təqdim edib.

“Siz İraq Kürdüstanı və kürd ərazilərin müstəqil dövlət olmasını istəyirsinizmi?” - bülletendə yazılıb.

Qeyd edək ki, muxtariyyət müstəqillik referendumunu sentyabrın 25-nə təyin edib. Ərbilin bu qərarını Bağdad, həmçinin Tehran, Ankara və Vaşinqton tənqid edib. Türkiyə və İranın mövqeyi bundan ibarətdir ki, referendumun keçirilməsi gərginliyin artmasına səbəb ola bilər.

Muxtariyyətin başçısı Məsud Bərzani bildirib ki, referendumu təxirə salmaq niyyətində deyillər.

Kürd muxtariyyətinin nümayəndələrinin fikrincə, seçicilərin mütləq əksəriyyəti, yəni 2,5 milyondan çoxu müstəqilliyə səs verərsə, onda Suriya, İraq, Türkiyə və İranın kürd ərazilərinin ayrılması prosesi dönməz xarakter alacaq.

Yaponiya Müdafiə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi hidrogen bombasının nüvə yükünün gücü haqqında məlumatları dəyişdirib. Bu haqda Yaponiyanın müdafiə naziri İsunori Onodera NHK televiziya şirkətinə bildirib.

Emosiyalara qapılıb Şimali Koreyanı küncə sıxışdırmağa ehtiyac yoxdur. Bu barədə Rusiya Prezidenti Vladimir Putin cənubi koreyalı həmkarı Mun Çje ilə görüşü zamanı danışıb.

“Şimali Koreya problemini yalnız sanksiyalarla həll etmək mümkün deyil. Soyuqqanlı olmaq və gərginliyin artmasına səbəb olan addımlardan qaçmaq lazımdır. Rusiya Pxenyanın nüvə statusunu tanımır. Müttəfiqlərimizi Moskvanın iştirakı ilə yaradılan münaqişənin həll yolu xəritəsinə diqqət yetirməyə çağırırıq”, - Vladimir Putin bildirib.

Əgər Şimali Koreyaya qarşı sanksiyalar bu dövlətin məhvinə yönəlsə, Moskva bunu dəstəkləməyəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini İqor Morqulov söyləyib.

“Biz anlamalıyıq ki, nüvə silahı və raket proqramı Şimali Koreyanın imtina edəcəyi sonuncu şey olacaq. Biz buna görə də Şimali Koreyaya qarşı sanksiya təzyiqinin məqsədlərini anlamalıyıq. Əgər hədəf bu ölkəni boğmaqdırsa, Rusiya bunda iştirak etməyəcək”, – deyə o bildirib.

Son vaxtlar dünya KİV-inin gündəmində olan mövzulardan biri də Koreya böhranıdır. Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-ı dəfərlərlə nüvə zərbəsi ilə hədələməsi vəziyyətin ciddiliyindən xəbər verir.

Pxenyan nüvə silahını işə salarsa, ABŞ-ın buna cavabı necə olacaq?

“The National Interest” nəşrinin hərbi məsələlər üzrə redaktoru Deyv Macumdar bu suala cavab olaraq yekdil fikrin olmadığını yazıb. Amma onun sözlərinə görə, əksəriyyət hesab edir ki, belə hərəkətə yeganə mümkün cavab nüvə zərbəsi olacaq.

Tokio ümid edir ki, Rusiya ilə münasibətlərdə etibarın gücləndirilməsi sonda sülh müqaviləsinin imzalanmasına səbəb olacaq. Bunu Rossiya-1 televiziyasına müsahibəsində Yaponiya Baş naziri Sindzo Abe söyləyib.

Qeyd edək ki, Rusiya ilə Yaponiya arasında əsas problem Kuril adalarıdır. Tokio bu adaların ona məxsus olduğunu iddia edir, Moskva isə adaları geri qaytarmayacağında israr edir.

“Rusiya prezidenti Vladimir Putinin Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi barədə ideyası göstərir ki, Moskva münaqişənin dondurulması xəttini yürütməyə hazırdır". Bu haqda Rusiya politoloqu və publisisti Andrey Piontkovski bildirib.

Politoloq qeyd edir ki, ABŞ-ın Ukrayna böhranı ilə əlaqədar bugünkü mövqeyini nəzərə alaraq BMT Təhlükəsizlik Şurasının Moskvanın təklifi ilə raşılaşacağı qeyri-real görünür.

Eyni zamanda, Piontkovski bildirir ki, Putin Donbasda münaqişənin eskalasiyasına gedə bilər.

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdacağı tarixi növbəti dəfə açıqlayıb. Saakaşvili sentyabrın 10-u saat 12-də Ukrayna-Polşa sərhədində yerləşən “Krakov” sərhəd-keçid məntəqəsində olacağını bildirib.

Saakaşvili həmçinin əlavə edib ki, hakimiyyət onun gəlişinə hazırlaşır.

“Ağlını itirmişlər hərbi kəşfiyyatın bir hissəsini şərq cəbhəsindən geri çəkərək qərb sərhədinə göndərib. Milli Qvardiya və “Azov” alayının bir hissəsi də Polşa sərhədinə yerləşdirilib”, - Saakaşvili deyib.

Gürcüstanın keçmiş prezidenti əmindir ki, Ukrayna hakimiyyəti şərqdəki düşmənindən (Rusiya nəzərdə tutulur- red.) daha çox ondan qorxur. Bütün çətinliklərə baxmayaraq, Saakaşvili Ukraynaya qayıtmaq niyyətindədir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>