Elmira Süleymanova Milli Məclisə illik hesabat verdi
Bizi izləyin

Nida Xəbər

Elmira Süleymanova Milli Məclisə illik hesabat verdi

Ombudsman Aparatının rəhbəri, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova 2016-cı il üzrə illik məruzəsini Milli Məclisə təqdim edib.

Publika.az xəbər verir ki, ombudsman Milli Məclisin iclasında bu barədə məlumat verib.

O qeyd edib ki, 2017-ci ilin fevralın 28-də illik məruzə Azərbaycan Respublikasının Prezidentinə, Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qurumlarına göndərilib:

“Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2016-cı il üzrə illik məruzədə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb”.

Milli Məclisin deputatı Zahid Oruc isə hesabatı tənqid edib:

“Bir qədər tənqidi fikirlərim var. İnsan haqları üzrə müvəkkilin hansı həddə qədər olduğunu hər birimiz bilirik. Təəssüflər olsun ki, ombudsmanın hesabatı şablon ifadələrdən ibarətdir və sanki sovet zamanındakı çıxışları xatırladır”.

Deputat qeyd edib ki, icra başçılarından gələn şikayətləri araşdırmaq lazımdır:

“Elmira xanım, bu qədər konyukturaçı olmaq lazım deyil. Nəyə lazımdır axı, ancaq tərif dolu hesabat?! Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev dedi ki, 950-dən çox Azərbaycan vətəndaşı İraqda, Suriyada ekstremist təşkilatların tərkibində döyüşür. Bəs nədir onları Azərbaycandan uzaqlaşdıran? Hesabatda niyə bunlardan danışılmır?”

Z.Oruc vurğulayıb ki, hesabatda kredit borcları üzərində məhkəmə çəkişmələri haqqında məsələlərin olmaması xoş deyil:

“Nəyə görə axı bunlar qeyd olunmur? Bununla yanaşı, Azərbaycanın Baş Prokurorluğunda “MTN işi” ilə bağlı istintaq tədbirləri görülür. Amma bunlar hesabatda qeyd olunmayıb. Niyə bunları deməli deyilik?! Narkotik vasitələrin hansı mənbələrdən gəldiyi bəllidir”.

Deputat Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun polislərin plan doldurması ilə bağlı dediklərinə də toxunub:

“Bu, həm də prokurorluq orqanlarına ittihamdır. Bundan başqa, məhkəmələr özü də müstəqil olmalıdır axı. Kimlərəsə qondarma ittihamlar irəli sürülübsə, məhkəmə qərar verib onları azadlığa buraxmalıdır”.

Daha sonra hesabat qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm