Rusiya Ermənistanı yeni müharibəyə sürükləyir - FƏLAKƏT SSENARİSİ
Bizi izləyin

Nida Xəbər

Rusiya Ermənistanı yeni müharibəyə sürükləyir - FƏLAKƏT SSENARİSİ

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın dünən “Habertük” telekanalına açıqlamasında Rusiya ilə Qazaxıstan və Qırğızıstan hərbiçilərinin Suriyada hərbi əməliyyatlara cəlb edilməsi haqda müzakirələrin aparıldığını bildirib.

Publika.az
xəbər verir ki, Kalının bu açıqlaması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Suriyadakı əməliyyatlarda iştirakı məsələsini yenidən gündəmə gətirib. Hansı ki, Moskva bir müddət öncə belə planının olduğunu açıqlamışdı.

Lakin Qazaxıstan Xarici İşlər Nazirliyi qazax ordusunun Suriyaya yeridilməsi haqda xəbəri təkzib etdi. Eyni təkzib Qırğızıstandan da gəldi. Amma Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Vladimir Şamanov bu məsələ ilə bağlı Astana və Bişkeklə danışıqlar apardıqlarını bildirdi.

KTMT-nin baş katibinin müavini Valeri Semerikov isə dünən qeyd etdi ki, təşkilatın sülhməramlı qoşunları BMT-nin icazəsi ilə münaqişə bölgələrinə yerləşdirilə bilər. Ehtimal edilir ki, Rusiya-Türkiyə-İran razılaşması çərçivəsində qazax və qırğız hərbiçiləri də Suriyaya yerləşdiriləcək. Hələlik bu məsələ açıq olaraq qalır.

KTMT-nin Suriya əməliyyatlarında iştirakından ən çox narahat olan ölkə isə Ermənistandır.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ay bildirmişdi ki, “Gümrüdəki hərbi bazadan Suriya əməliyyatlarında istifadə oluna bilər”. Rəsmi İrəvan bu haqda sussa da, erməni cəmiyyətində “Rusiya bizi yeni müharibəyə soxur, bu, Ermənistanın fəlakəti olacaq” etirazları səsləndi. Hərçənd, Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bir müddət öncə Rusiya mediasına müsahibəsində “Erməni silahlı qüvvələri Suriya xalqına kömək edə bilər” deyə bildirmişdi.

Erməni jurnalist Sarkis Artsruni yazır ki, Rusiya Ermənistanı Suriya müharibəsinə salacaq: “Bunun üçün hazırlıq gedir”.

Onun sözlərinə görə, bunun baş verməsi Ermənistanı zərbə altına qoyacaq.

“Suriya müharibəsinə girmək Ermənistanı terrorizmin yeni hədəfi halına salacaq. Digər tərəfdən, bu, Suriya məsələsində birtərəfliliyin pozulması və Qərbdə narazılıq yaradacaq. Hansı ki, bu, Qərbin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasını dəyişə və danışıqlar prosesində Ermənistan üçün neqativ nəticələrə səbəb ola bilər”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm