Ankarada Xocalı soyqırımına həsr olunan toplantı
Bizi izləyin

Nida Xəbər

Ankarada Xocalı soyqırımına həsr olunan toplantı

Azərbaycanın Ankaradakı səfirliyi və Yeni Dünya Vəqfi Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirib. Tədbirdə Türkiyə və Azərbaycan parlamentlərinin üzvləri, elm adamları, diaspora fəalları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Ankarada təhsil alan xarici tələbələr iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına müxtəlif ölkələrdən gənclərin dəstəyini əks etdirən film nümayiş olunub. Tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film göstərilib.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin üzvü İsrafil Kışla və başqaları 26 il əvvəl Xocalıda törədilmiş qanlı cinayətə beynəlxalq birliyin biganə qaldığını, Türkiyənin hər zaman olduğunu kimi, Xocalı soyqırımı günlərində də Azərbaycanın yanında olduğunu vurğulayıblar.

Toplantıda Ankara Universitetinin müəllimi Cavid Abdullazadə 26 il əvvəl Xocalıda baş verənlərin soyqırımı olduğunu tarixi faktlar və beynəlxalq hüquq prinsipləri ilə əsaslandırıb. Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov bildirib ki, Xocalıda baş verənlər bəşəriyyətə qarşı törədilmiş cinayətdir, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün soyqırımı törədənlər mütləq cəzalandırılmalıdır. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm