• USD 1,7000 0,00% EUR 2,0024 +0,14%
    • GBP 2,2777 -0,69% RUB 0,0287 0,00%

Saatlı – Muğanın siması

  • Digər
  • 26 May 2016 14:42
  • 989 Baxış
Saatlı – Muğanın siması

Azərbaycan yerləşdiyi coğrafi məkan, sənətkarlıq və mədəniyyət nümunələri, qonaqpərvərliyi baxımından tarix boyu diqqəti cəlb edərək, əcnəbilərin sevə-sevə gəldiyi məkanlardan biri olub. Heç şübhəsiz ki, zəngin tariximiz, misilsiz mədəniyyət nümunələrimiz içərisində özünəməxsus yeri olan yaşayış məkanlarından biri də Saatlı rayonu – Muğan regionudur. Bu ərazilərdə tapılan Enolit dövrünə aid arxeoloji abidələr Muğanda yaşayışın hələ çox qədim dövrlərə aid olduğunu göstərir. Sözügedən region indi olduğu kimi, tarix boyu da Azərbaycanın inkişafında mühüm yer tutaraq, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmini sahəsində müstəsna rol oynayıb. Hazırda da bu funksiyanı yerinə yetirən Muğan Azərbaycanın inkişafında əvəzsiz xidmət göstərir.

Muğan – zənginliklərlə dolu tarixi

Saatlı rayonunun da yerləşdiyi Muğan düzü (Muğan Çölü) - Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Muğan Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir.

Tarixi mənbələrdə Azərbaycan ərazisində Muğan və Muğanniyə adlı iki coğrafi obyektdən bəhs olunur. Orta əsrlərdə Qəbələ ilə həmsərhəd olub, Girdiman və Göyçay çaylarının aşağı axarı boyu ərazi Muğaniyyə adlanırdı. Bəzi tədqiqatçılara görə, Muğan vilayəti və düzünün adı orta əsrlərdə mövcud olmuş Muğan şəhərinin adı ilə bağlıdır. Orta əsr ərəb mənbələrində (IX-X əsrlər) Xəzər dənizi sahilində, Kürün mənbəyindən təqribən 100 kilometr, cənubda Ərdəbilin 50 kilometrliyində yerləşən Muğan şəhəri iki çay arasında təsvir olunub. İbn Xordadbeh (IX əsr) Muğan hakimi Şəklə haqqında, Müqəddəsi (X əsr) başdan-başa bağ-bağatla əhatə olunmuş bu şəhərin gözəlliyi, əhalisinin hörmətcil və səxavətli olması barədə məlumat veriblər. Qərnati, Zəkəriyyə Qəzvini və başqaları ümumiyyətlə, Muğan ölkəsi, onun geniş ərazidə yerləşməsi, iqliminin Azərbaycanın başqa yerlərinə nisbətən isti, heyvandarlıq üçün yararlı otlaqlara malik olması haqqında məlumat verir, yerli əhalini türkmənlər adlandırırlar. Antik müəlliflər (Hekatey, Herodot və başqaları) də tarixi Mukan ərazisində (indiki Muğan düzü) mik/muk tayfası haqqında məlumat veriblər. Ümumiyyətlə, Azərbaycanda Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Tədqiqatçılar bu toponimləri muq etonimi ilə əlaqələndirirlər.

Alman səyyah Adam Oleari yazırdı ki, - “türklər bu səhraya “mindünlük”, yəni “1000 - bacalı yer” adını vermişlər. Qədim iranlılar isə onu “Mokan”, yaxud “Muğan” adlandırmışlar”.

Tədqiqatlara görə, Muğanın adı Muğan ərazisində yaşayan Muğ-Miki tayfalarının adından götürülüb. Bəzi tədqiqatçılar «muğan» sözünü türk sözu kimi qəbul edirlər. Çünki türkçə “muğ”- “düz”, “an” şəkilçisi “yer”, “muğan” isə “düz yer”, “düzənlik” deməkdir.

Heredot öz əsərlərində muqların yaşadığı ərazi, onların atəşpərəstliyin kahinləri olmaları barədə məlumatlar yazıb. Muğan ərazisində aşkarlanmış və Azərbaycan tarixinə “Sabirabad dəfinəsi” kimi daxil olan sikkələr 1-ci Axistana (12-ci əsrin sonu), 2-ci Toğrula (1177-1194), 2-ci Fərubuza məxsus olub.

Muğandan danışan zaman onun xalçasından söz açmamaq ədalətsizlik olar. Muğan xalçaları əvəzsiz gözəlliyi ilə hələ qədimlərdən məşhurdur. Qədim Muğan xalçalarının nümunələri Londonun Viktoriya və Albert, Sankt - Peterburqun Dövlət Ermitaj və Etnoqrafiya, İstanbulun Türk və İslam əsərləri, eləcə digər dünya əhəmiyyətli möhtəşəm muzeylərində qorunub saxlanmaqdadır.

Hazırda da Muğanda xalçaçılığın inkişaf etdirilməsi onun ölkə iqtisadiyyatının və mədəniyyətinin inkişafında mühüm rolunu artırmaqdadır.

Saatlı – Muğan mədəniyyətinin mərkəzində yerləşən rayon

Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı 1943-cü il 25 mayda Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 30/21 nömrəli qərarına əsasən müstəqil rayon kimi təşkil edilib. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvarın 14-də yenidən müstəqil rayon statusu alıb.

“Saatlı” etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranıb. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin – Saadlı tayfasının etnik adıdır.

Saatlının zəngin tarixə malik olmasını rayon ərazisində qədim dövrə aid yaşayış məntəqələrinin mövcudluğu da təsdiqləyir. Rayonun Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində eramızdan əvvəl III-II minilliklərə aid tarixi abidələr və arxeoloqlar tərəfindən tapılmış, hazırda rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan saxsı qablar mövcuddur. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat var. Bu eksponatlardan 55-i nəqqaşlıq, 127-i tətbiqi incəsənət nümunələri, 1890-ı arxeoloji qazıntılar zamanı tapılmış əşyalar, 531-i məişət və etnoqrafiya əşyaları, 2279-u müxtəlif fotoşəkillər, 4077-i isə digər sənədlərdir. Rayon ərazisində Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilən 9 arxeoloji abidə mühafizə olunur.

Saatlının Muğan düzünün mərkəzində, Araz və Kür çaylarının sahilində yerləşməsi əkinçilik, heyvandarlıq və quşçuluqla məşğul olmalar üçün tarix boyu əlverişli şərait yaradıb.

Vətənpərvərlik örnəyi

Böyük Vətən müharibəsində rayondan 1600 nəfər cəbhəyə göndərilib ki, onlar 77-ci, 223-cü, 402-ci, 416-cı diviziyalarda şərəflə döyüşüblər. Onlardan 533 nəfəri həlak olub. Qarabağ savaşında isə Saatlı 116 nəfər şəhid verib. 1995-ci ilin mart hadisələrində igidcəsinə həlak olmuş Hüseynov Elşən İbrahim oğlu qəhrəmanlığına görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onun Saatlı Mərkəzi Xəstəxanasının həyətində qoyulmuş büstü gənc nəsilin vətənpərvərlik, mərdlik simvoluna çevrilib.

Saatlı inkişafın yeni mərhələsində

Azərbaycanın digər bölgələri kimi Saatlı da sosial-iqtisadi və mədəni-siyasi həyatının bütün sahələrində dirçəliş və inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsi 1970-ci ildən sonra başlanıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə 3 dəfə – 1974, 1976 və 1980-ci ildə, müstəqil Azərbaycan Prezidenti olduğu dövrdə isə 1998-ci ildə Saatlıda olaraq, rayonun iqtisadiyyatının dirçəldilməsi, əhalinin həyat səviyyəsinin və rifah halının yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verib.

XX əsrin 70-80-ci illərdə Saatlı rayonu inkişafın yeni mrəhələsini yaşamağa başlayıb desək, hər halda yanlış olmaz. Məhz həmin dövrdə rayonda 19 məktəb binası, 390 çarpayılıq mərkəzi xəstəxana, 450 yerlik mədəniyyət sarayı, 11 kənd həkim məntəqəsi, musiqi məktəbi, 450 yerlik məktəbəqədər müəssisələr, 32 mənzilli beşmərtəbəli 2 yaşayış binası, ikimərtəbəli univermaq, universam, bir sıra idarə və müəssisələr üçün yeni inzibati binalar, pambıq təmizləmə və süd zavodları, çörəkbişirmə kombinatı tikilərək istifadəyə verilib, çoxsaylı sənaye, nəqliyyat və xidmət təşkilatları yaradılıb. Görülən bütün bu işlərdə Heydər Əliyevin böyük əməyi vardı.

Müstəqillik illərində rayonda tikinti-quruculuq, abadlıq işləri daha geniş vüsət aldı. Həmin illərdə Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, 800 yerlik "Came" məscidi, 2030 yerlik 8 yeni məktəb binası, 750 yerlik iki şadlıq sarayı, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər" parkı, "Muğan" və "Fəvvarələr" parkları, 5 yeni həkim məntəqəsi, stadion, idman meydançaları, quşçuluq broyler fabriki, çoxsaylı sosial obyektlər və özəl istehsalat müəssisələri tikilərək əhalinin istifadəsinə verilib.

2004-cü ildə ümummilli liderin adını daşıyan meydanda böyük öndər Heydər Əliyevin əzəmətli büstü qoyularaq abidə kompleksi ucaldılıb.

Prezident İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində ölkənin bütün bölgələri kimi, bu rayon da son illər sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanıb. Görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayon mərkəzinin, kəndlərin siması sürətlə dəyişib, yeni iş yerləri açılıb, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb.

Gündən-günə böyüyən Saatlı

Saatlı rayonunun iqtisadiyyatının əsasını kənd təəsərrüfatı təşkil edir. Araz çayının bol suyu bu ərazidə taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradıb. Hazırda əhali bu imkanlardan istifadə edərək, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verir. 2015-ci ildə rayonun ümumi məhsul istehsalının həcmi 2,8 faiz artıb, ümumi məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 84 faiz təşkil edib. Məhsul buraxılışının həcmində kənd təsərrüfatı 6 faiz, rabitə üzrə 7 faiz, ticarət üzrə 9,2 faiz, nəqliyyat üzrə 4,3 faiz artım qeydə alınıb. Təkcə 2008-ci ildən ötən dövr ərzində 2372 şagird yerlik olmaqla 12 məktəb, 235 yerlik olmaqla 3 uşaq bağçası-körpələr evi üçün yeni binalar inşa edilib, 6114 yerlik 8 məktəb, 112 yerlik və 75 yerlik olan 2 bağça əsaslı təmir olunub.

Prezident İlham Əliyev son 7 ildə 6 dəfə Saatlıya səfər edərək, görülən işlərlə yaxından tanış olub. Dövlət başçısının rayona səfəri hər dəfə yeni obyektlərin, yenidən qurulmuş yol infrastrukturlarının açılışı ilə yaddaşlara həkk olunub.

Prezidenti müxtəlif vaxtlarda Saatlıya səfəri zamanı Heydər Əliyev Mərkəzinin, subasmaya məruz qalmış Novruzlu kənd sakinləri üçün yeni salınmış Novruzlu qəsəbəsinin, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialının, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi, Rəsm Qalereyası və əsaslı şəkildə yenidən qurulan, beynəlxalq standartlara cavab verən Saatlı Mərkəzi Rayon Xəstəxanasının və Olimpiya İdman Kompleksinin açılışlarında iştirak edib.

Açılışında dövlət başçısının da iştirak etdiyi şəhərin giriş hissəsində yerləşən Bayraq Meydanı kompleksi respublikada ən baxımlı guşələrdəndir. Saatlı ölkənin yeganə rayondur ki, bütün kəndlərin yolu müasir tələblər səviyyəsində qurulan asfaltdır. Təəccüblü olsa da, bütün bu işlər son 8 ildə həyata keçirilib.

Rayonda pambıq emal və qəbul edən "CTS Aqro-MMC” Saatlı Pambıq ASC, "Şamo” MMC, "Saatlı Pambıq kiçik müəssisəsi”, illik istehsal gücü 20 min ton olan "Biyan məhsulları” istehsalı zavodu, konserv məhsulları istehsal edən "Miri-Pak” STK, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün 2000 ton tutumu olan soyuducu kamera və digər müəssisələr fəaliyyət göstərir. Rayonda istehsal olunan məhsulların 82,1 faizdən çoxu özəl sektorun payına düşür. Bir sözlə, Saatlıda sahibkarlığın inkişafının dəstəklənməsi və dövlət siyasətinin həyata keçirilməsi üçün məqsədyönlü tədbirlər görülür.

İlhamə Xankişiyeva

Yazı Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin “Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Загрузка...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>