• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“YAP-da nurçu ola bilməz” – MÜSAHİBƏ

  • Digər
  • 15 Aprel 2014 18:56
  • 455 Baxış
“YAP-da nurçu ola bilməz” – MÜSAHİBƏ

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının publika.az-a müsahibəsi:

-Mübariz müəllim, Ötən gün Prezident İlham Əliyev keçirdiyi müşavirədə bir sıra sahələrdə mövcud olan nöqsanlara toxundu, ekologiya və nəqliyyat sektorundakı problemlərdən danışdı. Prezidentin dilə gətirdiyi problemlərin həlli istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?

-Cənab Prezidentin ötən gün keçirdiyi müşavirədə ölkəmizin sosial-iqtisadi inkişafı, qarşıda duran vəzifələr, beynəlxalq aləmdə yerimiz, yeridilən siyasət və əldə olunan uğurlar çox dəqiq formada ifadə edilib. Müşavirədə həmçinin vacib olan məsələlər də gündəmə gətirilib, ətraf mühitin qorunması, yeni yaşıllıqların salınması, Bakı şəhərinin abadlaşdırılması, Abşeron yarımdasının ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması və digər məsələlərə toxunulub və müvafiq tapşırıqlar verilib. Bakı şəhərində nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi, vətəndaşlarının istirahətinin təşkili və başqa məsələlər də müşavirədə önəmli yerlərdən birini tutub.

Prezidentimizin çıxışında beynəlxalq vəziyyət, indiki şəraitdə Azərbaycanın yürütdüyü siyasət, xüsusilə də Ermənistanın təcavüzkar siyasətinə qarşı tutduğu haqlı mövqe, beynəlxalq təşkilatların işğalçı Ermənistana hələ də sanksiyalar tətbiq etməməsi məsələsi gündəmə gətirilib və bir daha bildirilib ki, Azərbaycan bu məsələni sürətləndirmək istəyir.

Əslində, Qərb dövlətləri və beynəlxalq təşkilatlar bu məsələdə ikili standartlara yol verməməli idi. İkili standartlara yol verilməsinin nəticəsidir ki, bu gün beynəlxalq münasibətlər sistemində böhran yaşanır. Zamanında təcavüzkar Ermənistana qarşı lazımi sanksiyalar tətbiq edilsəydi, digər bu cür hərəkətlərə yol verən ölkələrə də bunu tətbiq edən zaman normal proses kimi özünü göstərəcəkdi. Lakin biz görürük ki, təcavüzkar Ermənistana qarşı bu cür sanksiyalar tətbiq edilməyib. Dağlıq Qarabağda separatçılığa rəvac verən, quldurluq və terrorla məşğul olan, azərbaycanlılara qarşı soyqırımda iştirak edən şəxslər hələ də xarici ölkələrdən dəvət alır, onlara viza verilir.

Əgər bu gün Rusiyanın iş adamlarına sanksiyalar tətbiq olunursa, bu cür sanksiyalar Ermənistanın siyasi liderlərinə və rəhbərlərinə də tətbiq olunmalıdır. Çünki Ermənistan keçmiş SSRİ ölkələri arasında ilk işğalçı hərəkətlərə yol verən ölkədir. SSRİ məkanında işğala rəvac verən ən birinci ölkə Ermənistan olub. Onların bu mövqeyinə hələ də göz yumulduğu üçün MDB məkanında ərazi iddiaları indi də qalır.

Əgər zamanında SSRİ məkanında xəritənin formasının dəyişməsinin qarşısı alınsaydı, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonların işğalına qarşı ciddi təzyiq göstərilsəydi, təcavüzkara təzyiq olsaydı, bəlkə də, indi bu hadisələr baş verməzdi. İndi Qərb diplomatları Krımla bağlı beynəlxalq təşkilatlarda müzakirələr zamanı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktını yada salaraq Ukraynada baş verən hadisələrin başlanğıcının oradan gəldiyini söyləyirlər. Ona görə də Prezidentimiz haqlı olaraq, öz çıxışında bu məsələyə geniş yer ayırıb, bununla bağlı bizim hücum diplomatiyamızın vəzifələrini müəyyən edib.

Müşavirədə hökumətin bir neçə üzvü də çıxış edib, məsul olduqları sahələrdə gördükləri işləri ictimaiyyətin diqqətinə çatdırıblar.

-Ötən gün Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib. Qərarın mətni mətbuatda birmənalı qarşılanmayıb. Bu qərar ilə Prezident İlham Əliyevin nəqliyyat sektorunu tənqid etməsinin əlaqəsi ola bilərmi?

-Mənə elə gəlir ki, mətbuat həmin qərarı oxuyub, ancaq məsələnin mahiyyətinə varmadan sensasiya axtararaq qəbul edilən qərarın hər hansı qurumun əleyhinə və ya lehinə olması barədə proqnozlar verir. Həmin qərarda yazılıb ki, yeni qurum yaradılıb. Burada kiminsə əlindən nəyinsə alınmasından söhbət getmir. Sadəcə olaraq, nəqliyyatla bağlı yeni qurum yaradılır. Bu qurum hələ yaradılmayıb, yaranandan sonra fəaliyyəti ortada olacaq. Bəlkə də, bu qurumla birlikdə müxtəlif təşkilatlar bu işləri görəcək. Çünki həmin qərarda da yazılmayıb ki, kiməsə nə isə verilsin, nə isə alınsın. Bu barədə qərarda bir cümlə də yoxdur. Qərarda söhbət yalnız nəqliyyatın idarə olunması ilə bağlı yeni qurumun yaradılmasından gedir. “BakuBus” fəaliyyətə başlayandan sonra yəqin ki, digər qurumlar da fəaliyyət göstərəcək.

-İqtidar komandasında təmsil olunan bir neçə şəxsin nurçu olması barədə yazılanlara münasibətiniz necədir?

-İndi hansısa dini təmayül adı altında kimlərsə qadağan olunmuş işlərlə məşğul olursa və bunun qarşısı alınırsa, burada hər hansı sensasiya axtarmaq lazım deyil. Dövlətin qayda-qanunları var və hər şey də bu qanunlar çərçivəsində tənzimlənir.

İndi jurnalistlər bütün günü eyni mövzudan, nurçulardan yazırlar. Ancaq əmin olun ki, bu dövlət və millət Prezident İlham Əliyevin rəhbərliyi ilə güclüdür və inkişaf edir. Azərbaycanda hər hansı qrup və ya dini təmayül ölkənin inkişafını sarsıtmaq imkanına malik deyil. Lakin bu o demək deyil ki, biz ölkənin Konstitusion əsaslarına zidd qurumların fəaliyyətinə göz yummalıyıq. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN), Daxili İşlər Nazirliyi və digər orqanları müvafiq və profilaktik tədbirlər görürlər. Hesab edirəm ki, indi hər hansı bir hadisədən yapışaraq kiminsə nurçu olması barədə fikir yürütmək əlverişli vasitə deyil.

-Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin də adı nurçuluqda hallanır. Partiyanızın təşkilat sədri N.Həmzəyevlə bağlı olan bu məsələyə münasibətiniz necədir?

-Mən bu barədə qəzetlərdə sensasiya xətrinə yayılan yazılara şərh vermək istəmirəm. Əgər ciddi söhbətlər varsa, bu barədə danışmağa hazıram. Bizim partiyanın üzvləri Heydər Əliyev siyasətinə və ideyalarına sadiq olaraq, Yeni Azərbaycan Partiyasına (YAP) daxil olan insanlardır. Partiyamızın rəhbərliyində təmsil olunan şəxslərlə birlikdə Heydər Əliyev siyasətini uğurla həyata keçiririk. Ətrafımızda olan insanlar da Ulu Öndərin yolunun davamçılarıdır. Partiyamızın üzvləri hər hansı qruplarda, o cümlədən, nurçuluq deyilən qrupda təmsil olunmur və olunmamalıdır.

Vasif Həsənli

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR