“Toy gecəsi mənə şərt qoydu ki...”- FOTOLAR
Bizi izləyin

Digər

“Toy gecəsi mənə şərt qoydu ki...”- FOTOLAR

“Toy gecəsi mənə şərt qoydu ki...”-FOTOLAR

“Uşaqlıqdan reportaj”da bu dəfə xatirələrini bizimlə ipə-sapa düzən tanınmış şair İlham Qəhrəmandır. Onu da deyim ki, uşaqlıq xatirələrini bizimlə paylaşan həmsöhbətimin sabah 55 yaşının tamam olduğunu öyrəndim. Bu xoş bir təsadüf idi. Yubilyara bəri başdan “Mübarək olsun!” deyirik. Onu da deyim ki, uşaqlığını hələ də içində gəzdirən şairin xatirələri də yaşa dolmamışdı.

“Dədəm mənə “dədəbalası”, nənəm “dədəm” deyirdi”

“Dədəm (atam) Laçında yol fəhləsi işləyirdi. Böyük külfət idik. Kasıb yaşayırdıq. Amma, dədəm səxavətli kişiydi. Kəndimizdən əsgər gedənlər dədəmlə vidalaşmağa gələndə dədəm heç olmasa, o gəncin cibinə bir qırmızı onluq qoyardı. Laçında hamının müqəddəs bildiyi Sürünən Seyid, Kor Temir, Fığara Kəlbəlayı adlı şəxslər vardı. Anam onlara nəzir deyərdi. Bəzən həmin nəzirləri mən çatdırardım. Nədənsə, bu missiyanı yerinə yetirmək mənə xoş gələrdi.

Balaca vaxtları qaraqabaq, utancaq, başqa yerdə aclığını bildirməyən, kənar adamın uzatdığı hər hansı bir şeyi götürməyən uşaq olmuşam. Ancaq çox qoçaq uşaq idim. Heç kəs qaçmaqda mənə çatmazdı. Dədəm mənə “dədəbalası”, nənəm (anam) isə “dədəm” deyirdi. Necə deyərlər, bir qırıqlığımdan meşədə təkbaşına odun eləyib ulağa yükləyib evə gətirir, kol qırıb yolaq tuturdum. Biz Həkəri çayının sahilində təkevli idik. Qonum-qonşu aralıda olurdu. Bunula belə uşaqlıq həyatımız maraqlı keçirdi. Axşamlar evdə dədəm, nənəm və bacılarım bir yerdə “Motal-motal”, “Həngülümpuç” oynayırdıq. Nənəm ağzında “Dınqıdı” çalırdı, biz qardaş-bacı rəqs edirdik. Uzun qış gecələri dədəmlə nənəm biz balacalara nağıl danışar, söyləmələr deyər, tapmaca satardılar. Gündüzlər isə çöldə-bayırda tay-tuşlarla “Dirədöymə”, “Moza-moza”, “Beşdaş” “Mətəqoruma”, “Çilingağac” oynayırdım. “Dirədöymə” iki komanda arasında olurdu. Komandalara bölünmək anı gələndə uşaqlar hamısı mən tərəfə düşmək istəyirdi, çünki çeviklik və fəndgirlik sevən bu oyunu çox gözəl oynayırdım.

Axşam bizi yuxu tez tutanda nənəmin dediyi bu sözlər sadəlövh uşaq kimi ağlımıza batırdı. “Siz yatandan sonra səhəngdəki qarpızı kəsəcəyik”. Bundan sonra “İlan vuran” yatırdı biz yox! Mürgüləyə-mürgüləyə gözləyirdik. Fikirləşirdik ki, birdən mən yataram, qarpızı kəsərlər”.

“Qarğa dilində eşq elanı”

“Mən özümə şər deyən adam deyiləm. Orta məktəbdə bəlkə də qızların ən çox zəhləsini tökən oğlan mən idim. Dördüncü sinifdə oxuyanda başqa kənddən gəlib kəndimizdə oxuyan gözəl qıza qarğa dilində eşq elan etdim - “Məlfir səlfiri selfir!”. Həmin gün qızın anası bizə gəldi və bu işin üstündə nənəm məni xeyli danladı. Altıncı sinifdə oxuyanda sinifimizdə oxuyan bir qıza bərk vuruldum. Necə deyərlər həmişə nəzərlərim ona baxırdı. Bir gün o qız da məni yaxşı söyüşlərə qonaq eylədi. Bu sevginin də varağası belə qatlandı”.

“Mən qarı yarıb məktəbə gedə bilmirdim”

“Gündə Laçında “Çay” deyilən Bəylik kəndindən 9-10 kilometr yolu piyada Laçın şəhərinə dərsə gedib gəlirdim. Heç vaxt dərsə gecikmirdim. Özüm də tələbkar Laçın müəllimlərindən “5” qiymətlər alırdım. Əlaçı şagird idim. Qışda bəzən elə olurdu ki, gecə yağan qar o qədər qalın olurdu ki, mən qarı yarıb məktəbə gedə bilmirdim. Qayıdıb evdə dərsə gedə bilmədiyim üçün ağlayırdım. Bu vaxt nənəm də mənə qoşulurdu. Yaxşı oxumaqla yanaşı həm də bədən tərbiyəsi dərslərində bütün normativləri ödəyən şagird idim. Qaçışda və uzununa tullanmaqda mənə çatan olmazdı”.

“Mənim birinci arvadım...”

“Təxminən 5 yaşım olardı, yazda kəndimizdəki obaya arandan gələn köç düşdü. Köçün çobanı malotaran idi. O vaxt dədəm və xalamın yoldaşı Sus kəndinin Həkəri çayı sahilində olan kolxoz bağlarını qoruyurdular. Olduğumuz ərazinin böyük örüşü vardı və mal ferması arandan dağa gedərkən yolüstü bir müddət həmin örüşdə qaldı. Çobanın təxminən 8-9 yaşlarında bir qızı vardı. Qız gündüz alaçıqda tək qaldığı üçün hər gün bizə gəlib mənimlə oynayırdı. Oynamaq yerimiz də bağın ortasında olan qoz ağacının altındaydı. Biz ağacın altında olanda heç kəs yerimizi bilmirdi. Bu qız yaman təşər və çoxbilmiş idi. Bir gün mənə dedi ki, bəs biz evlənməliyik. O nə deyirdi mən də razı olurdum. Nəsə bu qızla evləndim, ər-arvad olduq. Evliliyimizin ilk günü dedi ki, gərək bizim uşağımız olsun. O, bir ağac parçasını bələyib qucağına aldı. Beləliklə bizim uşağımız da oldu. Mən artıq odun parçasına ata olmuşdum. Belə demək mümkünsə get-gedə bir ata kimi mənim qayğılarım çoxalırdı. Arvadım məni gah Laçına qəndə-çaya, gah Gorusa bazarlığa göndərirdi. Laçına gedəndə bağda Laçın tərəfdə olan əriyin yanına, Gorusa gedəndə isə Gorus tərəfdə bitən tutun altına gedib tapşırılan şeyləri alıb gəlirdim. Arvadım çox səxavətli idi, bazara gedəndə mənə çoxlu pul verirdi. Qozun balaca yarpağı balaca pul, böyük yarpağı isə böyük pul idi. Arvadım məni un almğa göndərəndə pulun irilərindən bir qom mənə uzadırdı. Hərdən elçi gəlib bizi ər-arvad toya dəvət edirdi. Toya gedəndə arvadımı oynadıb əlinə çoxlu pul verirdim. “Filankəsin pulu xəzəl kimidi” deyimi elə bil mənim 5 yaşımdakı evlilik çağım üçün deyilmişdi. Arvadım bir iş görəndə uşağı mən saxlayırdım. Bir gün uşağı qucağıma alanda dedi, qoy yerə, ta uşaq yekəlib. Bir səhər durdum gördüm qaynatamgil dağa köçüblər. Köç maşınları gecə gəlib-getdiyindən arvadım mənimlə vidalaşmamışdı. Sözün düzü, bir müddət arvadım üçün çox darıxdım”.

“İlk öpüş şaxtalı bir qış gecəsinə təsadüf etdi”

“Doqquzuncu sinifdə oxuyanda sevdiyim qıza çoxlu sevgi məktubları yazmışam. İstədiyim qız xalamoğluyla oxuyurdu. Poçtalyon da o idi. İlk öpüş şaxtalı bir qış gecəsinə təsadüf etdi və öpdüyüm qızın bum-buz üzünü dodaqlarımda hiss etdim. Həmin qızla demək olar ki, bir il ərzində tez-tez görüşürdüm. Burada həmin günləri xatırlayıb yazdığım şeiri deyim qulaq as:

BİR QIZ VARDI

Ağacdan yarpaq düşəndə

Gözüm düşən bir qız vardı.

Axşamacan dərdim-odum -

İşim-peşəm bir qız vardı.

Əda gördüm ədasından,

Can doymazdı qadasından.

İki daşın arasında

Görüşdüyüm bir qız vardı.

Sarvan, yerdən göy üçün çək,-

Mən ah çəkim, sən köçün çək.

Budaq üstə göyərçintək

Öpüşdüyüm bir qız vardı.

Şəkli xəyalımda durub,-

İncə, məsum, boynuburuq...

Əlimi dizimə vurub

Çox demişəm bir qız vardı...

Tərs və inadkar idim. Bunun üstündə nənəm mənə deyirdi ki, “Tükü yatımına darayarlar!” Özümə ziyan etsə də mən inadımdan dönmürdüm”.

“İki saata iki vedrə tut yığırdım”

“Dördüncü sinifdə oxuyanda gecə lampa işığında Mayn Ridin “Başsız atlı” romanını oxuyurdum. Zeb Stampın üfüqdə başsız atlı görməsi səhnəsinin növbəti səhifədə illüstrasiyasına baxandan sonra pəncərəyə baxdım. Kitabda gördüyüm şəkil pəncərədə hərəkətə gəldi. Bərk qorxdum. Durub o biri evə qaçdım. Nənəm qorxduğumu görüb tez mənə su içirtdi.

Səkkiz illik məktəbin altıncı sinfində oxuyanda tarix müəlliməmiz Solmaz xanım mənim qolumdan tutub məktəbin kitabxanasına apardı. İlk dəfə kitabxanaya daxil olub rəflərə səliqə ilə düzülmüş kitablar görürdüm. Sən demə Solmaz müəllim həm də məktəbimizin kitabxanasına baxırmış. Mənə bir kitab verib oxumağımı tapşırdı. Bu gözəl yazıçımız Y.V.Çəmənzəminlinin “Qan içində” romanıydı. Bu kitaba qədər də mən maraqlı kitablar oxumuşdum. Amma müəllimimin mənə qarşı bu hərəkəti mütaliəyə olan marağımı artırdı.

Evə kömək edən uşaq olmuşam. İşdən qorxmazdım. Həkəri çayının sahilində yaşayırdıq. Yazda çay daşırdı. Çay daşanda sel çoxlu odun axıdırdı. Biz də çaydan odun yığırdıq. Birdən beş maşın yükü odun yığırdıq. Çayqırağı Sus kəndinin çoxlu tut və gilas bağları vardı. Külək əsəndə tutun dəymişi dibinə tökülürdü. Qab götürüb tutun dibindən tut dənləyirdim. İki saata iki vedrə tut yığırdım. Anam yaxşı bəhməz bişirirdi. Qışda atam bəkməzi və tut qurusunu aparıb erməni kəndlərində “kartop”a dəyişirdi”.

“Bundan sonra qıza ayrı gözlə baxa bilmədim”

“Ədəbiyyatı çox sevirdim. Ərəb əlifbasında olan ədəbi irsimizi araşdırmaq keçirdi ürəyimdən. Sonradan Bakıda “Bilik” cəmiyyətində kursa gedib ərəb əlifbasını öyrəndim və bunun sayəsində Sarı Aşığın irsini toplaya bildim.

Tələbəlik illərində Respublikanın qərb bölgəsindən qrupumuzda bir gözəl qız oxuyurdu. Onunla təzə isinişmişdik. O vaxt tələbələri pambığa aparırdılar. Biz də pambığıa gedəsi olduq. Bizi aparmaq üçün texnikumun həyətində “İkarus” avtobus dayanmışdı. Mən və həmin qız avtobusda qoşa yerlərin birində əyləşmişdik. Bir azdan qız yanımdan durub aşağıda bir oğlanla görüşdü. Qrupumuzda hərbi xidməti bitirmiş üç-dörd tələbdən biri də mən idim. Həmin oğlan avtobusa qalxdı və mənə salam verdi. Məlum oldu ki, bu oğlan tələbə yoldaşımın qardaşıdı, özü də hüquqşünasdır. Oğlan pambıq yığımı dövründə bacısını gözləməyi mənə həvalə etdi. Bundan sonra qıza ayrı gözlə baxa bilmədim”.

“Daş və çiçək”də Şakanın vurğunu”

“Balaca vaxtlarımda kumirim film qəhrəmanları idi. “Uzaq sahillərdə” Mehdi, Hind filmi “Daş və çiçək”də Şaka obrazını çox sevirdim”.

Bizim dövrümüzdə müğənnilərin səsi yazılmış vallar olardı. Qədir Rüstəmovun “Sona bülbülləri”, Niyaməddin Musayevin “Şahnaz təsnifi” və Zaur Rzayevin “Dilbərim” yazılan vallarını tez-tez oxudardım. Bundan başqa Süleyman Abdullayev, Arif Babayev, Teymur Mustafayev, İslam Rzayev, Sabir Mirzəyevin səs yazıları olan vallara qulaq asardım. Saz aşıqlarının da çoxlu vallarını toplamışdım - Aşıq Pənah, Aşıq Hüseyn Saraclı, Aşıq İmran və başqalarının valı evimizdə varıdı. Eyni zamanda Hind müğənnisi Lata Manqeşkarın da Moskvada çıxan valını əldə etmişdim. Onun çox yanıqlı səsi vardı”.

“Məktəbin direktoru məni döyürdü”

“İnternat məktəbin 2-ci sinfində oxuyanda məktəbin koridorunda qaçdı-tutdu oynayan zaman divardakı lövhəni saldıq, lövhənin şüşəsi sındı. Hadisəni iki nəfər törətsək də nəsə günahkar kimi məni koridorda saxladılar. Məktəbin direktoru və müavini tez-tez yanımdan o yan-bu yana keçir və hər keçəndə də məni döyürdülər. Bunu atama deyən kimi məni internat məktəbdən çıxardı. Direktor şəxsi işimi verəndə qiymətlərimə baxdı, bütün qiymətlərim 5 idi. Direktor atama dedi qoy uşaq qalsın, amma razı olmadıq”.

“Səhərə qədər boğazıma soyuq dəsmal bağladı”

Balaca vaxtlarımda tez-tez xəstələnirdim. Bərk qızdırmam olardı. Nənəm (anama nənə deyərdik) üstümdə əsirdi. Onun məni bankalamağından, canımı tut arağıyla massaj etməyindən, əriştə-umacından sonra tərləyib ayılardım. Xəstəlik mənə güc gələndə nənəmin çarəsiz halda üzünü Allaha tutub – “İlahi, məni qapındakı itə hesab eylə!” deməsi xatirimdən silinməz. Əlimi-ayağımı əzəndə, ya bir yerimi kəsəndə yenə nənəmin – “Nənəni daşa dönsün!” deyib özünü qarğıması yadıma düşəndə ana sevgisi deyilən hissin nə qədər böyük olduğunun fərqinə varıram.

Altıncı sinifdə oxuyanda boğazımda olan artıq ətin kəsilməsi zamanı həyacanlı anlar yaşamışam. Əməliyyat günü bir çox qohumlar xəstəxanaya gəlmişdi. İndi o qohumların əksəriyyəti haqq dünyasındadı. Gecə rəhmətlik Həvva mamam (atamın bacısı) səhərə qədər boğazıma soyuq dəsmal bağladı.

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm