Digər
Ümummilli Liderlə bağlı BDU-da konfrans keçirilib
Mayın 5-də Bakı Dövlət Universitetində (BDU) Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri" mövzusunda konfrans keçirilmişdir.
Tanınmış ziyalıların, alimlərin, müəllim və tələbələrin iştirak
etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı,
akademik Abel Məhərrəmov ulu öndər, müasir müstəqil dövlətimizin
banisi və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı
misilsiz tarixi xidmətlərindən danışmışdır.
Akademik A.Məhərrəmov dahi rəhbər Heydər Əliyevin anadan olmasının
91-ci ildönümü münasibətilə respublikamızda və dünyanın ayrı-ayrı
ölkələrində geniş tədbirlər keçirildiyini xatırlatmışdır.
Bakı Dövlət Universitetində də ulu öndər Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr edilmiş müxtəlif tədbirlərin
keçirildiyini qeyd edən rektor, bu mərasimlərin əhəmiyyətini
vurğulamışdır.
Ümummilli lider Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran
A.Məhərrəmov respublikamızın sürətlə inkişaf etdiyini, dünya
ölkələri arasında özünə layiqli yer tutduğunu bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsillə bağlı
imzaladığı sənədlərin əhəmiyyətindən bəhs edən rektor, eyni
zamanda, BDU-da qazanılan nailiyyətləri xatırlatmışdır.
Akademik A.Məhərrəmov demişdir: Xalqımız xoşbəxtdir ki, onun Heydər
Əliyev kimi Ümummilli Lideri vardır. Biz xoşbəxtik ki, Ümummilli
Liderin siyasi kursu uğurla davam etdirilir.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov
"Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri"
mövzusunda geniş məruzə ilə çıxış edərək demişdir: "Müstəqillik
illərində Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda reallaşdırılan
transmilli enerji, nəqliyyat-kommunikasiya və dəhliz layihələrinin
işə düşməsi faktiki olaraq onu Xəzər-Qara dəniz hövzəsi və Cənubi
Qafqazın lider dövlətinə çevirdi. Bəzi nüfuzlu qərb
tədqiqatçılarının fikri ilə ifadə etsək: "Bu, Azərbaycana Cənubi
Qafqazda ətraf ölkələrin geosiyasi kursunu müəyyən edən" lider
dövlət mövqeyi qazandırdı. Əlbəttə, bütün bunlar ölkəyə regional və
beynəlxalq səviyyədə iqtisadi, siyasi, sosial-mənəvi üstünlüklər
qazandırmaqla yanaşı, həm də onun qarşısında həm ölkə daxilində,
yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda, həm də
bütün dünyada xüsusi düşünülmüş və davamlı geosiyasi fəaliyyət
tələbləri qoydu.
Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə
hazırda Azərbaycanın beynəlxalq aləm üçün müasir geosiyasi dəyər
ölçülərini artıran, milli inkişafını dönməz edən, regional və
beynəlxalq perspektivini yüksəldən, xarici aləmlə tərəfdaşlıq
münasibətlərinə müsbət təsir göstərən əsas amillər daha çox ölkənin
təbii-mineral ehtiyatları, Qərb ilə Şərq arasındakı mövcud siyasi,
hərbi, ticarət və s. əlaqələrdə tutduğu mövqe, malik olduğu
nəqliyyat-kommunikasiya və tranzit imkanları, yürütdüyü geoiqtisadi
siyasət və s. ilə bağlıdır.
Dövlətimizin qarşısında duran əsas geosiyasi, geoiqtisadi və
hərbi-geostrateji vəzifələri, ölkənin XXI əsrdəki uğurlarını və
geosiyasi gələcəyini təmin edəcək milli strateji kursu şərh edən
Əli Həsənov demişdir ki, Azərbaycan özünün "Cənubi Qafqaz
regionunun lider dövlətinə çevrilmək" kimi geosiyasi və geostrateji
iddialarını heç vaxt gizlətməmişdir. Bu gün Azərbaycan öz iqtisadi
inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq
regionun lider ölkəsinə çevrilmişdir. Cənubi Qafqazın insan
resurslarının təxminən 60 faizi, yanacaq-enerji və maliyyə
resurslarının 90 faizi, iqtisadi potensialının isə 75-80 faizi
Azərbaycanın payına düşür. Hazırda həm qonşu dövlətlər, həm də
dünyanın əksər geosiyasi aktorları bütün ölçülər üzrə regionun
"lider ölkəsi" statusunu daşımaq imkanını məhz Azərbaycana aid
edirlər. Mütəxəssislərin fikrinə görə, Azərbaycanın bölgədəki əksər
geosiyasi hadisələrə görə getdikcə artan məsuliyyəti fonunda, həm
də regional proseslərə təsir gücü gündən-günə yüksəlir. Beynəlxalq
aləm Xəzər hövzəsi və Cənubi Qafqazın regional problemlərinin, bu
məkanda reallaşdırılan əksər transmilli layihələrin və s. həllində,
ilk növbədə Azərbaycanın mövqeyini əsas götürür və onunla
hesablaşmaq məcburiyyəti ilə üzləşirlər.
Azərbaycanın qazandığı "regional lider dövlət" statusunu daha da
möhkəmləndirməsi üçün qarşıdan gələn illərdə bir çox vacib və
məsuliyyətli geosiyasi, geostrateji və geoiqtisadi vəzifələrin
reallaşdırılmasının tələb olunduğunu vurğulayan Prezident
Administrasiyasının şöbə müdiri demişdir ki, bu işin əsas
hərəkətverici qüvvəsi rolunda ilk növbədə ölkənin ictimai-siyasi
institutları, milli elitası və cəmiyyətin bütün orta təbəqəsi çıxış
etsə də, müvəffəqiyyətli həlli daha çox ölkə rəhbərliyindən,
hakimiyyət strukturlarından və həyata keçirilən rəsmi dövlət
siyasətindən asılı olacaqdır.
Əli Həsənov demişdir ki, Azərbaycanın regionda və dünyadakı
geosiyasi mövqeyini möhkəmləndirən əsas amil Xəzərin zəngin
karbohidrogen ehtiyatlarının istehsalı və alternativ yollarla dünya
bazarlarına daşınması sahəsində həyata keçirdiyi müstəqil və
Qərbyönümlü enerji siyasəti olmuşdur. Ölkənin həyata keçirdiyi yeni
neft strategiyası onu qısa müddətdə Avrasiyanın alternativ enerji
və tranzit qovşağına və təminatçısına çevirmişdir. Hazırda
Azərbaycan Avrasiyanın "elə bir geosiyasi məkanına çevrilmişdir ki,
orada "ABŞ, Avropa İttifaqı, Rusiya və başqa dünya güclərinin
geoiqtisadi maraqları, geosiyasi və hərbi-geostrateji mövqeləri
bir-birinə ən yüksək dərəcədə yaxındır. Avropanın enerji
təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı
kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərinin artması
üçün geniş perspektivlər yaradır.
Ölkənin dünya dövlətləri ilə geoiqtisadi münasibətlərinin
taktikasının düzgün müəyyənləşdirilməsi, neft-qaz ixracı
marşrutlarının şaxələndirilməsi və səmərəli istifadəsi, xarici
aləmlə mövcud nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi,
dünyada yeni-yeni satış bazarlarının axtarılması və mənimsənilməsi
2010-2020-ci illərdə Azərbaycanın əsas geosiyasi vəzifələri
sırasına daxildir. Xarici aləmlə Azərbaycanı birləşdirən transmilli
tranzit-nəqliyyat infrastrukturlarının, neft-qaz kəmərlərinin
yenidən qurulması, buraxılış gücünün artırılması xüsusi əhəmiyyət
kəsb edir.
Keçən illərdə 34 beynəlxalq transmilli şirkət və 16 nüfuzlu dövlət
Azərbaycan vasitəsilə Xəzər regionundakı nəqliyyat-kommunikasiya
dəhlizi və ixrac kəmərlərinin çəkilişi, yenidən qurulması və s.
layihələrində iştirak etmişdir.
Azərbaycanın əsas strateji mənafeləri və geosiyasi maraqları, ilk
növbədə, dövlət suverenliyinin qorunub saxlanılmasını, ərazi
bütövlüyünün bərpa edilməsini, əhalinin həyat şəraitinin
yaxşılaşdırılmasını və təhlükəsizliyinin təmin olunmasını tələb
edir deyən Əli Həsənov bildirmişdir ki, ölkə daxilində dayanıqlı
siyasi və liberal iqtisadi sistemin formalaşdırılması və inkişafı,
sosial-iqtisadi tərəqqinin davam etdirilməsi, xarici aləmlə ortaq
maraqların tapılması və uzlaşdırılması, ölkənin milli maraqlarının
təminatı ilə bağlı qazanılmış beynəlxalq dəstəyin getdikcə
artırılması və s. vəzifələrin reallaşması üçün ardıcıl tədbirlər
görülür. Bu məsələlər Azərbaycanın bir dövlət kimi mövcudluğunu,
Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı mövqelərinin
güclənməsini şərtləndirən əsas strateji vəzifələr hesab olunur.
Müstəqillik bərpa edildikdən sonra Azərbaycan diplomatiyasının
bütün səyləri planetin mürəkkəb siyasi münasibətlər sistemində
ölkənin müharibədən çıxarılmasına, pozulmuş ərazi bütövlüyünün
bərpa olunmasına, milli, regional və beynəlxalq maraqlarının təmin
edilməsinə, xarici aləmlə dinc əməkdaşlıq mühitinin yaradılmasına
yönəlmişdir. Prezident Heydər Əliyevin diplomatik məharəti,
Azərbaycanın mühüm coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, dünya
üçün kəsb etdiyi geosiyasi önəm və s. həmin vəzifələri həll etməyə
şərait yaratmışdır. Azərbaycanın Avrasiyadakı əhəmiyyətli strateji
mövqeyi və geosiyasi dəyəri məşhur dünya politoloqları, aparıcı
tədqiqat mərkəzləri tərəfindən də etiraf olunmuşdur.
BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev
və digər alimlər də konfransda çıxış edərək ümummilli lider Heydər
Əliyevin böyük xilaskarlıq rolundan danışmış, onun ideyalarının
əbədiyaşar olduğunu vurğulamışlar.Sonra BDU-nun Gənc Alimlər
Şurasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümü münasibətilə elan etdiyi müsabiqə qalibləri
mükafatlandırılmışlar.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi