• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan və Vyetnam prezidentləri bəyanatlarla çıxış ediblər

  • Digər
  • 19 May 2014 19:41
  • 430 Baxış
Azərbaycan və Vyetnam prezidentləri bəyanatlarla çıxış ediblər

Mayın 19-da Hanoyda sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident Truonq Tan Sanqın bəyanatı

- Hörmətli cənab Prezident İlham Əliyev.

Əziz dostlar.

İcazə verin, Vyetnamda dövlət səfərində olan cənab Prezidenti və Azərbaycan nümayəndə heyətinin üzvlərini hərarətlə salamlayım.

Mən çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsinə güclü təkan verən cənab Prezidentin səfərini yüksək qiymətləndirirəm. Cənab Prezident İlham Əliyevlə açıq, etimad və əməkdaşlıq mühitində faydalı və səmərəli danışıqlar apardıq. Biz bir daha bildirdik ki, ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələri daim möhkəmlənəcək və inkişaf edəcəkdir. Vyetnam Azərbaycanın bizim xalqımıza göstərdiyi dəstəyi və çox qiymətli köməyi xatırlayır və yüksək qiymətləndirir.

Ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirməsi üçün geniş imkanların olduğunu bildirən Vyetnam Prezidenti Truonq Tan Sanq dedi:

-Tərəflər bu müsbət meylli fəaliyyəti davam etdirməli, bütün sahələrdə, xüsusən də yüksək səviyyədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin sayını artırmalı, əvvəllər imzalanmış sazişləri, həmçinin bir qədər əvvəl əməkdaşlıq barədə imzalanmış vacib sənədləri səmərəli həyata keçirməlidirlər. Biz cənab Prezidentlə Vyetnam-Azərbaycan əlaqələrini, xüsusən də ticari-iqtisadi və investisiya sahələrində inkişaf üzrə tədbirləri müzakirə etdik və razılaşdırdıq. Belə qənaətə gəldik ki, tərəflər güclü istiqamətləri inkişaf etdirməli, eyni zamanda, əmtəə mübadiləsinin artırılması, o cümlədən neft-qaz sahəsini prioritet, strateji və uzunmüddətli istiqamət hesab edərək fəal addımlar atmalıdırlar. Azərbaycan və Vyetnam informasiya mübadiləsi, birbaşa əlaqələrin qurulması və səmərəli əməkdaşlıq formalarının axtarışı sahələrində hər iki ölkənin biznes dairələrinə kömək edəcəkdir. Vyetnam bank işi, daşınmaz əmlak, turizm, yüngül sənaye kimi perspektivli sahələrə investisiya qoymaq üçün azərbaycanlı sahibkarlara əlverişli şərait yaratmağa hazırdır.

Beynəlxalq tədbirlərdə, xüsusən də BMT-də ölkələrimiz arasında sıx və səmərəli əməkdaşlığın olduğunu vurğulayan Prezident Truonq Tan Sanq Azərbaycan-Vyetnam münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edərək bildirdi:

-Mən qəti əminəm ki, hər iki tərəfin iradəsi və ümumi səyləri nəticəsində Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri gələcəkdə daha da genişlənəcək, hər iki tərəfə fayda gətirəcəkdir.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

İlk növbədə mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Əminəm ki, mənim səfərim iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəkdir. Fürsətdən istifadə edərək Sizi, cənab Prezident, Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Bu gün biz Vyetnam-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Biz bu münasibətlərə xüsusi əhəmiyyət veririk. Keçən il Vyetnamda Azərbaycan səfirliyi açılmışdır. Bu, ikitərəfli münasibətlərimizin inkişafında öz müsbət rolunu oynayır. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bu gün söhbət əsnasında qərara gəldik ki, bundan sonra da üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik.

Mən cənab Prezidentə regionda baş verən hadisələr haqqında məlumat verdim. Xüsusilə regional təhlükəsizlik üçün ən böyük təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında mövqeyimi bildirdim. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı və ətraf 7 bölgəni işğal altında saxlayır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair bəyanat vardır. Ancaq buna baxmayaraq, Ermənistan buna məhəl qoymur və torpaqlarımızı işğal altında saxlamaqda davam edir. Bu münaqişə bölgə üçün ən böyük təhlükədir və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bu gün ikitərəfli iqtisadi əlaqələrimizə böyük diqqət göstərildi, vaxt ayrıldı. Ticarət dövriyyəsi iki ölkə arasında 400 milyon dollara çatmışdır. Bu gün biznes forum keçiriləcəkdir. Azərbaycandan 50-dən çox şirkət rəhbəri bu biznes forumda iştirak edəcəkdir. Əminəm ki, forum zamanı kontraktlar da müzakirə ediləcək və beləliklə, forumun nəticəsi ikitərəfli ticarət dövriyyəsinin artırılmasında özünü göstərəcəkdir.
Əlbəttə ki, bu gün neft-qaz sektorunda mümkün olan əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır. Azərbaycan nefti Vyetnama ixrac edilir. Biz bu ixracın artırılması ilə bağlı əlavə tədbirlər görəcəyik. Neft-qaz və digər sektorlara qarşılıqlı investisiyaların qoyuluşu ilə bağlı fikir mübadiləsi aparılmışdır. Əminəm ki, yaxşı nəticələr olacaqdır.

Humanitar sahədə əməkdaşlığımızı dərinləşdirmək üçün çox gözəl perspektivlər vardır. Xüsusilə təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın inkişafı üçün çox gözəl imkanlar vardır. Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir, müxtəlif sahələri əhatə edir. Şübhə etmirəm ki, səfərin nəticələri çox müsbət olacaq və bizim dostluğumuz və əməkdaşlığımız uğurla inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm.

X X X

Vyetnam Prezidenti Truonq Tan SANQ: Çox sağ olun cənab Prezident. Hörmətli dostlar, sizə bildirmək istəyirəm ki, cənab Prezident İlham Əliyevin məni Azərbaycana rəsmi səfərə dəvət təklifini qəbul etdim. Düşünürəm ki, bu səfər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, dostluğumuzun genişləndirilməsinə təkan verəcəkdir.

Əziz dostlar, mən Vyetnama dövlət səfərinə gələn Azərbaycan Prezidentini bir daha salamlamaq istəyirəm. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bildirmək istəyirəm ki, cənab İlham Əliyev 1993-2003-cü illərdə Azərbaycan Prezidenti və keçmiş Sovet İttifaqının rəhbərlərindən biri, bizim Vyetnamın yaxın dostu Heydər Əliyevin oğludur. Bu sözləri deməklə bir daha təsdiqləmək istəyirəm ki, cənab İlham Əliyev də Vyetnamın yaxın dostudur.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR